Həyat yoldaşına yazılmış sevgi şeirləri

Həyat yoldaşına yazılmış sevgi şeirləri
20 dekabr 2017
# 11:41

Kulis.az həyat yoldaşına yazılmış sevgi şeirlərini təqdim edir.

Nüsrət Kəsəmənli

Etiraf
(birinci varinat)


Qapını döymüşəm gecəyarısı,
Saçımda bir əlin təması gəlib.
İsti dodağımda bir öpüş izi,
əlimdə bir saçın xınası gəlib.

Yuxulu gözündə qızartı görüb,
Qızara-qızara yalan demişəm.
Şübhənin bəhanə payını verib,
Hələ yatmayıb ki, balam demişəm.

Tez-tez oynayıram mən bu oyunu,
Neçə yad sifəti görüb gəlirəm.
Sənin bir ömürlük sevgi payının
Yarısını özgəyə verib gəlirəm.

Bu elə duyğu ki,
Bu elə qəm ki,
Min olsa yenə də əyməzdən səni.
Bəzən eləsinə dəyişmişəm ki,
Bəlkə dırnağına dəyməzdən sənin.

Pəncərə dalından yollara baxıb,
Yuxusuz gözünlə vaxtı sayırsan.
Körpə balaları köksünə sıxıb
Mürgülü-mürgülü gülümsəyirsən.

Nağıl danışırsan "Min bir gecə"dən,
Nağılın qorxulu, sehrli, qəmgin...
Mən isə sallanıb kəndir gecədən
Bir quyu dibinə enirəm hər gün.

Bilmirəm mələksən, allahsan, nəsən?
Mənə bağışladın neçə günahı.
Belə mehribanlıq eylədikcə sən
Özüm öz gözümdən düşürəm, axı...

Etiraf
(İkinci variant)


Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi…

Bəlkə min suçumu bilmisən mənim,
Birini üzümə vurmamısan heç.
Eyhamla üzümə gülmüsən mənim,
Bircə yol üzümə durmamısan heç.

Hər kəs taleyilə gəlir həyata,
Demirəm, ürəyi yumşaq olmuşam.
Dəcəl uşaqlara mülayim ata,
Səninçün ən dəcəl uşaq olmuşam.

Sənsən dağlar kimi səbrlə dözən
Bəlkə tərəddüdlə çox döyüşmüsən.
İsti bir sevgidən yazmışam bəzən,
Soyumuş çayımı sən dəyişmisən…

Üzümdə kədərdən bir iz görəndə,
Şirinim olmusan, acım olmusan.
Qohumdan, tanışdan pis üz görəndə
Sən anam olmusan, bacım olmusan.

Bir kövrək şeirimdən gözlərin dolub,
Nə deyim, özgədən çox yazıb qələm.
Nə qədər düyünlü günümüz olub,
Düyünlü qaşını görməmişəm mən…

Bir əlin mətbəxdə qabda-qaşıqda,
Bir gözün istidə, tüstüdə olub.
Bir əlin beşikdə oğul-uşaqda,
Bir gözün həmişə üstümdə olub.

Yollar çarpaz-çarpaz, yollar qarışıq…
Gecə yol gedirəm qulağı səsdə.
Bizim pəncərədən süzülən işıq –
Gözümün nurudur yolumun üstə.

Fikirli gəlirəm, dalğın gəlirəm,
Qayğılı gözlərin çəkir şəklimi.
Bəzən gec gəlirəm, yorğun gəlirəm
Bitirsən qapıda bənövşə kimi…

Ona

Yollar darlıq edir ayaqlarıma,
Ürəyim uşaqtək kövrələcəkdir,
Toxundur əlimi barmaqlarıma,
Əllərin çiçəyə çevriləcəkdir.

Məndən istəsəydin əgər eşqini,
Dünyamı bir həzin nəğmə edərdim.
Bir gün Puşkin kimi, Lermontov kimi.
Səninçün dueldə ölsəm nə dərdim.

Təsadüf qəribə işlər görürmüş,
Bir səhər bir eşqin əvvəli imiş,
Ürək sevməz dedim, demə sevirmiş,
Məhəbbət ağılda qüvvəli imiş.

Dənizəm səndədir sahilim mənim,
Bilirəm sahillər qayasız olmaz.
Çağır uşaq kimi yüyürüb gəlim
İstəsən həsrətdən nişanə qalmaz.

Od idim, gözümə sovruldu külüm,
Ömrüm niyə belə düşdü çətinə,
Keçmiş həyatımı bağışla, gülüm,
Sənə sonsuz olan məhəbbətimə.

Nəriman Həsənzadə

HƏYAT YOLDAŞI

Tək çəkə bilmirəm can əzabını,

Sənsiz ürəyimi əzir ayrılıq.

Mən zəngi basanda sən aç qapını,

Bəxtimə çıxıbsan, qarşıma sən çıx!

... Tək sənin səsinə həsrətəm evdə,

Susub dinləsəm də dostu, tanışı.

Oğul-qız yanında mən təkəm evdə,

-

Başqadır həyatda həyat yoldaşı.

Uşaqlıq yoldaşım, gözümün nuru,

Könlümün həyanı, ülfəti sənsən.

Qalxsam, ailədə ata qürurum

Yıxılsam, dizimin taqəti sənsən.

Həyat çox sınadı xeyirdə, şərdə,

Mən dara düşəndə ilk həyanımsan.

Sən "Nabat xalanın çörəyi" ndə də,

Mənim Fərəh adlı qəhrəmanımsan.

Yayın istisində - sərin günlüyüm,

Qışda od nəfəsin hərarət verir.

Mənim məğrurluğum,

ərköyünlüyüm,

Ancaq sənə görə, sənə görədir.

Qayıt, adamları təzədən tanıt,

Səhvimin üstündə danla xəlvəti.

"Mənsiz nə olacaq sənin axırın!" -

Bir də təkrar elə bu həqiqəti.

Evimin bəzəyi, qayıt evinə,

Pəncərə, döşəmə eləcə durur, -

Nə qədər silirəm, toz basır yenə,

Sənin sildiyin tək təmiz olmur.

Bəzən qohumların yanır ürəyi,

Deyirlər gəl çay iç, çörək ye

hərdən.

Sənin bişirdiyin dadlı xörəyi

Mən tapa bilmədim o süfrələrdən.

Ilhamım, qələmim danışan deyil,

Qayıt, öz gözümdə itirəm sənsiz.

Ünvan mənimkidir, ancaq elə bil, -

Özgənin evinə gedirəm sənsiz.

Qoşa hacıleylək yuvası olur,

Heç qaranquşu da tək qoymur

həyat.

Bütün canlıların dünyası olur -

Sən mənim dünyamsan, dünyama

qayıt.

Musa Yaqub

Sənin ad günün üçün

Bilmisən, sən bizdən qabaq gəlmisən,

Doğma ocağına qonaq gəlmisən.

Tale bir möcüzə baxt verib sənə,

O qədər yalvarıb-yaxarmısan ki,

Dünyada heç kəsə verilməyəcək

O dünya sahibi vaxt verib sənə –

Vallah ruhun deyil, özün olmusan,

Məni ev-eşikdən xəbər almısan –

Sənsiz əhvalımı pərişan bilib

Bir də tapşırmısan məni tanrıma,

Dəftər-kitabımın tozunu silib,

Nəzər yetirmisən pal-paltarıma.

Güzgüdə sənindi vallah bu nəfəs,

Bu ocaq başında sən durmusan, sən

Yəqin vaxt sahibi icazə verməz,

Bizi gözləyəsən, bizi görəsən…

Birdən tələsmisən, vaxtın daralıb,

Qapı dəstəyini sıxıb çıxmısan.

Qapı bir balaca aralı qalıb

Ətrafa həsrətlə baxıb çıxmısan.

Vallah, o gülü də özün dərmisən,

Bir nəzərin qalıb tut ağacında.

O güldən bir ləçək düşüb dəhlizə,

Bir gilas yarpağı gedib saçında.

Xiffətin cığırı payızlandırıb

Ahın bir topacıq otu yandırıb –

Yanır barmaqlarım,

əlimdə şam var,

Dolub şamdan olan ovcumdu, qalır –

Gəl bu göynərtini dilimdən apar

Bu sənə şirinlik borcumdu qalır.

Bir gözə dəymədən gözdən itənim,

Bir gizli baxt ilə əhdə yetənim!

Durub iki dünya üz-üzə, gəlmə

Bir daha göstərib möcüzə gəlmə.

Bir yol qovşağında bəlkə görüşdük –

Mən sizə gəlirəm, sən bizə gəlmə.

Bir payız tənhalığı

Lal sükut içində səssiz keçirəm,
İlk dəfə payızdan sənsiz keçirəm
Mən də əriyərəm, mən də itərəm,
Bir xəzən yelində otdan betərəm.
Söykənim hansı bir gücə bilmirəm,
Keçirəm deyirəm, keçə bilmirəm
Məni bu payızın içindən keçirt.

Xəzəl ayağımı ayaqlar mənim
Daşqalaq eləyir yarpaqlar məni,
Əvvəl payızlarım belə deyildi,
Bu nə tənhalıqdır bu nə qəm, kədər,
Sən Allah ruhunu dalımca göndər,
Məni bu payızın içindən keçirt.

Bir gül yarpağına-qanadı islaq-
Sığınıb durmuşam kəpənəksayaq,
Çiçəyim yarımcan, otum yarımcan,
Sən Allah bir qanad göndər dalımca
Məni bu payızın içindən keçirt.

Yarı alatoran, yarı işığam
İndi günbatana yol gedir idim.
Bu xəzan içində sarı işığam,
Qırmızı işığım yandı-gecikdim!
Məni bu payızın içindən keçirt.

Əbrüşüm belinə belim demişdim,
Çinar yarpağına əlim demişdim,
O da budağından üzüldü düşdü.
Qoyma üşüməyə çılpaq əlimi,
Tut götür torpaqdan yarpaq əlimi
Məni bu payızın içindən keçirt.

Səni səsləyirəm, gələrsən haçan?-
Bəlkə son körpümdür, sonuncu keçid,
Ağ atlı bir nağıl göndər dalımca
Məni bu payızın içindən keçirt.

# 32 dəfə oxunub

Müəllifin son yazıları

# # #