Kulis.az Əli Ucalın "Tanrını bağışladım" adlı hekayəsini təqdim edir.
Don vurmuş torpağın üstündə gözlərini açanda əvvəlcə harda olduğunu dərk edə bilmədi. Başını çətinliklə qaldırıb ətrafa baxanda hər yerin qeyri-təbii bir halda sakit olması canında qorxu dolu şübhə oyatdı. Əliylə ayaqlarını və bədəninin digər hissələrini yoxlayıb heç bir yarası olmadığına, dolayısıyla bu gün də sağ qaldığına sevindi. Ancaq dərhal sonra gördüyü, azca o yanda, üzüüstə uzanmış meyid bu sevincin kələyini elə o andaca kəsdi. Bir az dikəlib başını hansı tərəfə çevirir çevirsin, parçalara ayrılmış insan bədəni, məhv edilmiş texnika ilə birlikdə yanıb kül olmuş, tanınmaz hala düşmüş cəsədlər gördü.
Dünən gecə baş verən şiddətli döyüş səhərə yaxın bitmişdi, ancaq hələ döyüşdə hansı tərəfin qalib gəldiyi, yoldaşlarından kimlərin sağ, kimlərin ölü olması ona məlum deyildi. Bu müharibədə - Rusiya ilə Ukraynanı taqətdən salan bu amansız döyüşdə hansı tərəfin nə qazandığından daha çox bir adamı, ya da əsgəri insan yerinə qoymursuzsa, yaşayan bir canlı kimi onu maraqlandıran tək şey necə olur-olsun sağ qalmaq idi.
Tarix belə qanlı, amansız müharibələrlə dolub daşır. O müharibələr ki baş verdiyi dövrdə hamısı öz cəmiyyətlərinə müqəddəs müharibə adıyla sıranıb, bu müharibələr uğrunda milyonlarla insan həlak olub. Fəqət üstündən bir müddət keçəndən sonra dünən bir-birinə qənim kəsilmiş ölkələr sabah sanki heç nə yaşanmamış kimi yenidən əlaqələr qurur, uğrunda nə qədər insanın qanı axıdılmış sərhədlər yenidən dəyişir və hər şey unudulur. İkinci Dünya müharibəsi buna ən gözəl örnəkdir. Bu dəfə də bundan fərqli heç nə olmayacaqdı. Ona görə də vuruşduğu müddət boyunca burdakı əsas qayəsi evə diri halda qayıtmaqdan başqa bir şey deyildi.
Hələ 3 ay əvvəl, döyüşə aparıldıqdan bir müddət sonra arvadı Lenanın hamilə olduğu xəbərini almış, onu dəyişib tamam başqa birisinə çevirən bu xəbərdən sonra özünə söz vermişdi ki, necə olur-olsun bu cəhənnəmdən sağ çıxacaq, bircə qızının məsud, firəvan böyüməyi üçün hər şeyi edəcək. Budur, daha bir döyüş daha arxada qalmış və o, özünə verdiyi sözü bir daha tutmuşdu. Baş verən bütün fəlakətlərə, gördüyü ifadəolunmaz dəhşətlərə baxmayaraq ürəyinin ən dərin, hamıdan gizli yerində sağ qaldığına görə Tanrıya şükür etdi və elə bu andaca bütün qəlbi ilə istədi ki, dünən çəkməyib saxladığı döş cibindəki siqaret yerində olsun. Təşvişlə əlini ürəyinin üstünə apardı. Şükür, siqaret hara qoyubsa elə orada idi. Əlini cibinə salıb paketi çıxardı, içində qalan sonuncu siqareti də yerində tapanda az qala uşaq kimi sevindi. Xoşbəxtlikdən çaxmağı da həmişəki yerində - sağ cibində idi. İndi o əlindəki son siqareti yandıracaq, onu çəkə-çəkə gecə baş verən döyüşü xatırlamağa, nə baş verdiyini dərk etməyə çalışacaq və nəhayət, bundan sonra nə etməli olduğuna qərar verəcəkdi.
Havanın zəhrimara qalmış zəhmi azmış kimi küləyin də vıyhavıy əsməsi siqareti yandırmağına bir neçə saniyə maneə olsa da, üçüncü cəhddən sonra bunu bacardı. İlk qullabı ciyərlərinə çəkib bayaq yatdığı yerə yenidən uzandı. Soyuqdan titrəyə-titrəyə ikinci qullabı almaq istəyəndə başının üstündə nəsə olduğunu hiss etdi. Yuxarı baxanda bunun əsgər öldürmək üçün dizayn edilmiş dron olduğunu anladı.
Neçə saatdır soyuq torpaq üstündə yatmaqdan buz bağlamış bədənindən soyuq tər axmağa başladı. Bu lənətə gəlmiş dronlar barədə çox eşitmiş, bu cür hücuma məruz qalan əsgərin ölməkdən başqa yolu qalmadığını yaxşı bilirdi. Donmuş gözləri dronun üstündə qalmış, kameradan onu izləyən düşmən əsgərinin elə bu andaca bombanı onun üstünə atacağını böyük həyəcanla gözlədi. Ancaq bir neçə saniyə gözləsə də, heç nə baş vermədi. Dron yerində aşağı-yuxarı hərəkət etməyə davam edirdi.
Ağlına bir anda durub qaçmaq fikri gəldi, amma bilirdi ki, nə qədər sürətli qaçır-qaçsın, taleyindən qaça bilməyəcək. Nəhayət gözlərini ətrafa çevirib necəsə bir çıxış yolu aradı, amma ağlına heç nə gəlmədi. Çarəsiz qalıb yenidən başını qaldırıb drona baxdı. Bu lənətə gəlmiş nəyi gözləyirdi axı? Niyə elə bu andaca onu öldürüb hər şeyə son vermir?! Daha çox əzab çəkməyini istəyir? Psixoloji şiddət?! Tfu! Nanəcib, oğraş!
Birdən əlindəki siqareti xatırladı. Görünür monitordan onu izləyən düşmən əsgəri onu partlatmaq üçün son siqaretini bitirməyini gözləyirmiş. Bayaq paketdən çıxardığı bu siqareti yandıranda ağlına da gəlməzdi ki, bu təkcə paketindəki yox, ömründə çəkəcəyi sonuncu siqaret olacaq. Qorxa-qorxa siqaretdən bir qullab da aldı. İndi bu siqaretin onun qalan ömrünü təmsil etdiyini anlayıb acı bir təbəssümlə gülümsədi. Siqaretin kül olub yerə düşən hər hissəsi kimi onun ömrü də gözlərinin önündə kül olub, yox olurdu. Və bu yazıq, naçar əsgər bacardığı qədər çalışırdı ki, tüstünü mümkün qədər az sorsun, hətta heç sormasın, bu siqaret mümkün qədər gec bitsin. Ancaq çifayda. Belə edərək ömrünü maksimum bir neçə saniyə uzada bilərdi.
Elə bu andaca dərk etdi ki, heç nəyin faydası yoxdur. Bir azdan onu da yaxınlığında hərəkətsiz uzanmış, qolu qopub 20 metr o tərəfə düşmüş, kimliyini müəyyən etməyin yalnız DNT testi ilə mümkün olacağı meyidin taleyi gözləyir. Axı nə işi vardı onun bu xaraba qalmış torpaqlarda? Bu müharibə kimə, nəyə lazımıydı? Bu soyuq, kimsəsiz, buz kimi, Allahın da yadından çıxardığı torpaqlarda o, nə üçün, nə uğruna ölürdü?!
Siqaretindən növbəti qullabı alarkən tezliklə doğulacaq qızını xatırladı. Hələ qızının adının nə olacağına qərar verəcək vaxtı olmamışdı. Bütün varlığıyla istədi ki, bircə dəfə, yalnız bircə dəfə qızına toxunub onu öpə bilsin, körpəsinin qoxusu ilə tanış olanadək yaşasın. Sonra... Eybi yox, sonra nə baş verir, cəhənnəmə versin. Bu mümkünsüz arzusu həyata keçsə sorğusuz-sualsız lap cəhənnəmə atılmağa da razıydı.
Zavallı Lena! 2 ildir iflic qaynanasına qulluq etməyi azmış kimi qızını da təkbaşına böyütməli olacaq. Görəsən, onun ölüm xəbərini alan anası buna necə tab gətirəcək? O yazığın da bu dünyada heç üzü gülməmişdi. Min əziyyətlə böyütdüyü böyük oğlu narkotikə qurşanıb ailəsini müflisləşdirdikdən sonra özünü asmış, anası bu dərdə dözməyib iflic olmuşdu. Kiçik oğlunun talehi də böyüyünkündən daha az dramatik olmayacaqdı.
Atasını xatırlayarkən daha da kədərləndi. Heç vaxt atasının istədiyi kimi bir oğul ola bilmədiyinə görə bir daha məyus oldu. Ədəbiyyata dərin marağı olan atası çox istəmişdi ki, oğlu da Dostoyevski, Tolstoy, Çexov kimi qüdrətli bir yazıçı olsun. Ancaq o, nə qədər çalışsa da, həddən artıq səthi, heç kimi maraqlandırmayan, banal mövzulardakı mətnlər xaricində bir şey yazmağı bacarmamışdı. Lakin elə indi, məhz bu an buradan sağ çıxa bilsə, yaşadığı bu inanılmaz duyğuları böyük ustalıqla yazıya çevirər, var gücü ilə insanlığa səslənərdi ki, müharibə sizin təsəvvür etmədiyiniz qədər dəhşətli, ağlınızın ucundan keçməyəcək qədər qəddar, şərəfsiz və bir o qədər də vicdansız bir hadisədir. İnsanoğlu müharibədən Əzraildən qaçan kimi qaçmalıdır, çünki müharibə Əzraildən daha əzazil, daha qəddardır. Bəlkə elə bu yazı ona atasının arzusunda olduğu şöhrəti gətirəcək, bir oğul kimi nəhayət ki, atasını razı sala bildiyinə görə şad-xürrəm olacaqdı.
Yarısından çoxu tükənmiş siqaretindən ümidsizliklə bir qullab da alarkən Tanrının ona yazdığı bu taleyə ikrahla baxdı. Axı bu nə tale, bu nə qismətdir onun bəxtinə düşüb?! İndi isti evində bir stəkan çay içib, arvadıyla doğulacaq uşağının qayğılarından danışmaq var ikən o, niyə bu lənətə gəlmiş ucsuz-bucaqsız, bumbuz çöllərdə namərd bir dron tərəfindən ovlanmağı gözləyir? Taleyi yazan Tanrıdırsa, bu nə mərhəmətsiz, bu nə ədalətsiz yazı idi ona yazıb?!
Axı o, hər şeyi başqa cür planlamışdı. Lena ilə yeni tanış olanda söhbət nə vaxt evlilikdən düşsə qız hər dəfə deyərdi ki, bal ayını Kiyevdə keçirməyi, Kiyevdəki ukraynalı tələbə yoldaşları ilə onu tanış etməyi çox istəyir. Ancaq onlar hələ evlənməmiş başlayan bu müharibə nəinki onların xəyallarını puç etdi, hətta Kiyevdəki dostlarla onları düşmənə çevirirdi. Üstəlik bir vaxtlar səyahət etmək arzusuyla yaşadığı Kiyevi təslim etmək uğrunda onu döyüşməyə məcbur elədi. Həm Lena, həm özü mənsub olduqları dövlətin dost və qardaş ölkəni işğalına lənət yağdırsa da, bu müharibəyə məcbur göndərilməyinin qarşısını ala bilməmişdilər.
İndi o, dronun kamerasından onu müşahidə edən əsgərə necə başa salsın ki, bu müharibəni də, burda olmağı da o istəməyib, əslində, onun heç bir günahı yoxdur. Düzünə qalsa, o özü də bu müharibədə Ukraynanın qalib gəlməyini istəyir, amma müharibədə döyüşməyə məcbur edilmiş digərləri kimi xırdaca bir fiqur olmaq xaricində o, kimdir axı? Ümumiyyətlə, burada olmaq barədə ondan öz istəyini soruşan olubmu? Dövlətlərin öz varlıqlarını sürdürməsi üçün böyük planları olur və çox təəssüf ki, hər bir vətəndaş bu planı yerinə yetirmək üçün onların əlində bir oyuncaq, ya da vasitədir. Dövlətlər öz varlığını sürdürsün deyə vətəndaşlarının böyük hissəsini qurban verməkdən heç vaxt çəkinməyib və budur daha bir dövlət siyasəti qurbanı olma növbəsi ona çatmışdır. Az sonra o da milyonlarla müharibə qurbanı kimi hər kəsdən xəbərsiz, adı belə bilinməyən, heç kimin xatırlamayacağı, naməlum biri varlıq kimi tarix olacaq.
Birdən onun ağlına ölməyib ağır yaralanmaq ehtimalı gəldi. Belə olsun istəyərdimmi? Yox! Qətiyyən yox! Qoy bu südüxarab dronun bombası onu tikələrə ayırıb ətrafa səpələsin, lap heç tikəsi də tapılmasın, amma şikəst olub ömrünün geri qalanını kiməsə möhtac halda yaşamasın. Amma yox! Bəs qızını görmək arzusu? Seçim şansı varmış kimi dodaqlarını səyirtdi. “Yaxşı, qoy qızımın üzünü görəcək qədər ağır yaralanım, amma daha sonra mütləq ölmək lazımdır” deyə keçirdi içindən. Lənət olsun, belə taleyə də, belə alın yazısına da!
İçindəki üsyan bitib tükənmək bilməsə də, siqareti tükənmək üzrəydi. Ancaq elə bil kimsə qulağına keçmişdəki günahlarını pıçıldadı. Axı hər insan kimi onun da yüzlərlə günahı olmuş, bir çoxunu xatırlamadığı günahlara görə Tanrının onu bağışlayacağınına ümid edirdi. Ola bilərmi ki, Tanrı da bəzən öz yaratdıqlarına qarşı günah işləmiş olsun və bu dəfə Tanrını bağışlama sırası ona gəlsin? Bir an özünü Tanrının yerinə qoydu. Ah! Nə çətin şey imiş bağışlamaq?! Görəsən Tanrı da hər günah işləmiş bəndəsini bağışlayarkən eyni hissləri keçirir? Keçirirsə, deməli Tanrı olmaq özü də matah bir şey deyilmiş.
Siqaretin külü kötüyünün lap dibinə dirəndi. Hər şey ilə vidalaşmaq vaxtı gəlib çatmışdı. Ayağa qalxıb siqareti sonuncu dəfə dodaqları arasına alıb yerə atmamışdan əvvəl ona qismət olan gözəl şeyləri də xatırladı. Lenanı dərin məhəbbətlə sevmiş, bu sevgiyə qarşılıq alaraq bir neçə il də olsa xoşbəxt yaşamış, üstəlik ölməmişdən əvvəl özündən xatirə qalacaq bir insan balası qoyub getmək də ona nəsib olmuşdu. Hələ doğulmamış qızının varlığını xatırlamaq ürəyini dağa döndərdi, həyata baxışını kökündən dəyişdi. Bütün qəlbi ilə arzuladı ki, qızının taleyi onunkundan yaxşı olsun. Ayağa qalxıb əlindəki siqareti yerə atdı. Ona belə tale yazdığına görə ürəyində Tanrını bağışladı. Ümid etdi ki, Tanrı da onu hər şeyə görə bağışlayacaq. Az sonra başına gələcək müsibətdən sonra şikəst, ya da ölü olmağı da onun ixtiyarına buraxdı. Müharibəyə qoşulandan gördüyü ölümlər sayəsində ölüm onun üçün o qədər adiləşmiş, hər gün müxtəlif növ amansızlıqla, həyatın təbii axışıymış kimi ortaya çıxan hadisəyə çevrilmişdi ki içində ölümə dair qorxu hissi qalmamışdı. Ancaq yenə də qəlbində hər şeydən çox buradan sağ çıxmağı, yaşamağı, var olmağı, özünü gündəlik həyatın darıxdırıcı, monoton axışı arasında tapmağı o qədər çox istədi ki...
Dronun aşağı buraxdığı bomba düz ayağının yanına düşüb partlatdı. Onun hekayəsi buradaca bitdi.