"Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər..."- Vaqnerin memuarından bir hissə

"Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər..."- Vaqnerin memuarından bir hissə
22 may 2026
# 12:40

Bu gün tanınmış alman bəstəkar, dirijor, teatr xadimi, publisist, musiqi nəzəriyyəçisi, esseist Rixard Vaqnerin doğum günüdür.

Kulis.az onun "Mənim həyatım" memuarından bir hissəni Rəbiqə Nazimqızının tərcüməsində təqdim edir.

Mən yenidən Türingiyadan Vartburq qəsrinin yanından keçməli oldum. Onu görmək və ziyarət etmək qəribə şəkildə Almaniyanı tərk etmək və ya ora qayıtmaqla əlaqəli idi. Gecə saat ikidə Veymara çatdım və növbəti gün List məni Altenburq qəsrində hazırlanmış otağa apardı. Dostum, şahzadə Mariyanın otağının mənim üçün ayrıldığını məxsusi vurğulayırdı. Onsuz da bu dəfə xanımlardan heç biri orada yox idi: knyaginya Karolina hazırda Romada idi, onun knyaz Konstantin Qogenloeyə ərə gedən qızı isə Vyanada yaşayırdı. Yalnız qonaqların qəbulunda Listə kömək göstərmək üçün Mariyanın tərbiyəçisi miss Anderson burada qalmışdı. Ümumiyyətlə, qəsri möhürləməyə hazırlaşırdılar. Bu məqsədlə, həmçinin

mülkiyyətin inventarını qəbul etmək üçün Vyanadan Listin gənc əmisi Eduard da gəlmişdi. Qəsrdə böyük canlılıq hökm sürürdü. Belə ki, gözlənilən bayrama bir çox musiqiçi axın etmişdi və List onların böyük hissəsini qonaq saxlayırdı. Bunların arasında Bülov və Korneliusu qeyd etmək lazımdır. Onların hamısının, hər şeydən əvvəl, Listin özünün sadə yol papağı geyinməsi məni təəccübləndirmişdi.

Bu, Veymara həsr olunan böyük musiqi bayramının sadəliyindən xəbər verirdi. Üst mərtəbədə bir qədər təntənəli surətdə Frans Brendellə həyat yoldaşı yerləşdirilmişdi. Ev musiqiçilərlə dolub-daşırdı. Onların arasında köhnə tanışım Drezekeni, Listin bir vaxtlar Sürixdə yanıma yönəltdiyi Veysgeymer adlı gənci də görmüşdüm. Tauziq də gəlmişdi. Lakin çox vaxt bizim mühitimizdən kənar gəzirdi. Başı gənc bir xanımla sevgi məsələsinə qarışmışdı. List qısa gəzintilər üçün Emiliya Genastı mənə yol yoldaşı təyin etmişdi və o, çox ağıllı xanım olduğndan şikayətlənməyə əsasım yox idi. Həmçinin skripkaçı və musiqiçi Damroşla tanış olmuşdum. Listlə yola getmədiyini öyrənsəm də, köhnə dostum Alvina Frommanla görüş də mənə hədsiz zövq verdi. Lakin Blandina ilə Ollivye Parisdən mənim yanımda yerləşmək üçün Altenburqa gələndə burada keçirdiyim bəxtiyar günlər qəribə, həyəcanlı bir sevinc xarakteri daşımağa başladı. Bülov hamıdan şən idi. O, Listin “Faust” simfoniyasının ifasına dirijorluq edəcəkdi. Bu gəncin fövqəladə həyat qüvvəsi və enerjisi vardı. O, əzbər bildiyi partituranı Almaniya musiqi dünyasının o qədər də güclü olmayan musiqiçilərindən ibarət orkestrlə heyrətamiz dəqiqlik, incəlik və ehtirasla ifa etmişdi. Bu simfoniyadan sonra ifa olunan əsərlərdən ən uğurlusu “Prometey” musiqisi idi. Lakin Emiliya Genastın ifasında Bülovun “Die Entsagende” nəğmələri mənə xüsusilə sarsıdıcı təsir göstərdi. Proqramın qalan hissəsi, həmçinin Veysgeymerin “Das grab im Busento”su bir o qədər də təsəlliverici deyildi. Drezekenin alman marşı isə hətta böyük problemlərə səbəb olmuşdu. List əslində çox istedadlı adamın tələskənliklə bəstələnmiş qəribə kompozisiyasına cəlbedici ehtirasla himayədarlıq edirdi. O, marşın Bülovun idarəsi altında keçməyində inad göstərirdi. Hans razılaşdı və marşı da əzbərdən idarə etdi. Lakin bu inanılmaz nümayişə bəhanə oldu. Drezekenin marşının ifası zamanı List liter lojada göründü: o, adətən əsərini heyranlıqla qarşılayan auditoriya qarşısına çıxmazdı. List əllərini irəli uzadıb, yüksək səslə “bravo” qışqıraraq himayə etdiyi şəxsin əsərini alqışlayırdı. Auditoriya isə əsəri çox laqeyd qəbul etmişdi. Əsl burulğan qopdu və List qəzəbdən qızarmış sifətlə hamıya qarşı tək qaldı. Yanaşı oturduğum Blandina da mənim kimi atasının cəlbedici davranışından məyus olmuşdu. Hər şey sakitləşənədək xeyli vaxt keçdi. Listdən izahat almaq mümkün deyildi. Yalnız bu marşa layiq olmayan auditoriyaya qəzəb və nifrət qarışıq qınaqlar səslənirdi. Digər tərəfdən, öyrənmişdim ki, hər şey Veymar tamaşaçılarından intiqam almaq üçün təşkil olunub. Lakin bu dəfə onlar teatra gəlməmişdilər.

Dostum bir müddət əvvəl şəxsi dirijorluğu ilə “Bağdad bərbəri” operasını nümayiş etdirdiyi Korneliusun qisasını alırdı: tamaşa zalda fitə basılmışdı. Bu günlərdə Listin başqa çətinliklərinin olduğunu da sezmişdim. Özü etiraf etmişdi ki, böyük Veymar hersoqunu mənə müəyyən diqqət göstərməsi üçün həvəsləndirməyə çalışaraq, ikimizi birlikdə nahar süfrəsində görmək istəyirdi. Lakin o, Saksoniya kralı tərəfindən əfv edilməmiş siyasi mühaciri qəbul etməkdə tərəddüd yaşayırdı, bu səbəbdən, List mənimçün, heç olmasa, “Bəyaz şahin” ordenini əldə etməyə ümid bəsləyirdi. Lakin bu istəyinə də rədd cavabı almışdı. Saraydakı səyləri uğursuzluğa düçar olduqdan sonra o düşünmüşdü ki, xalq mənim bayramda iştirakımı nə iləsə qeyd etməlidir. Şərəfimə məşəl yürüşü keçirmək qərarına gəlmişdilər. Bunu eşidib nəzərdə tutulan planı pozmaq üçün əlimdən gələni etdim və istədiyimə nail oldum. Lakin iş alqışsız ötüşmədi. Bir səhər iyenalı ədliyə məsləhətçisi Gille pəncərəmin altında altı tələbə ilə birgə ifaçılıq cəmiyyətinin gözəl nəğmələrindən birini ifa etmişdi. Onlara səmimi qəlbdən minnətdarlığımı bildirdim. Bundan başqa, bütün musiqiçilərin, həmçinin, Blandina ilə Ollivyenin arasında əyləşdiyim böyük təntənəli nahar da şərəfimə səslənən alqışlarla əlamətdar oldu. Məni sürgün dövründə Almaniyada “Tanhauzer” və “Loenqrin” sayəsində sevgi və məşhurluq qazanan bəstəkar kimi salamlayırdılar. List böyük enerji ilə dolu bir neçə söz dedi. Lakin özüm də xüsusi natiqə kifayət qədər müfəssəl nitqlə cavab verməli oldum.

Listin seçilmiş qonaqlar üçün təşkil etdiyi kiçik naharlar çox rahat keçirdi. Onların birində Altenburqda olmayan ev sahibəsini xatırladım. Bir dəfə isə süfrə bağda salınmışdı və mən Ollivye ilə Alvina Frommanı nahar vaxtı ağıllı söhbətlər edərkən görməyin məmnunluğunu yaşamışdım. Sonuncu, artıq Listlə barışmışdı.

***

Beləcə, bir həftə müxtəlif əyləncələrlə keçdi. Hamı üçün ayrılıq vaxtı çatdı. Xoşbəxtlikdən, çoxdan qərarlaşdırdığım Vyana səfərimin böyük hissəsini Blandina və Ollivye ilə başa vurmalı oldum. Onlar Reyhenqalledə müalicə kursu alan Kozimanı ziyarət etməyi düşünürdülər. Vağzalda Listlə sağollaşarkən Bülovu xatırladıq. O, ötən bayram günlərində, fərqli iz qoyaraq getmişdi. Mən yalnız zarafatla onun Kozima ilə evlənməyinə gərək olmadığını qeyd etmişdim. List isə yüngülcə baş əyərək cavab vermişdi: “Hə, bu, dəbdəbə idi”. Yol boyu bizi, əsasən də Blandina ilə məni tədricən artan qarşısıalınmaz şənlik bürüdü. Hər dəfə qəhqəhə qopanda Ollivye soruşurdu: “Bu nədir?“. O, ikimizin də zarafatlaşaraq almanca danışmağımıza səbirlə dözməli oldu. Lakin xanımın qidasının əsas elementlərini təşkil edən Tonika çiy vetçinaya qarşı haqqında davamlı suallarına fransız dilində cavab verirdik. Gecələməli olduğumuz Nünberqə gec çatdıq. Böyük çətinliklə, uzun müddət gözlədikdən sonra mehmanxananın qapılarını üzümüzə açdılar. Qoca və kök mehmanxana sahibi gec olsa da, otaqla bağlı xahişimizi yerə salmadı. Lakin onu yerinə yetirmək üçün uzunmüddətli tərəddüdlərdən sonra bizi dəhlizdə gözlədərək evin arxa dəhlizinə keçdi və qapıların birində yaltaqlanan ürəksiz səslə çağırdı: “Marqarita”. Bu adı bir neçə dəfə təkrarlayıb qonaqların gəldiyini əlavə etdi. Cavabında lənət yağdıran qadın səsi eşidildi. Uzun və israrlı xahişlərdən sonra Marqarita gəldi. Sahibkarla müəmmalı söhbətlərdən sonra müvafiq otaqlara işarə etdi. Lakin ən məzəlisi o idi ki, sahibkar və xidmətçi yaxşıca boğmağa çalışdığımız gülüşləri sezmirdilər. Növbəti gün şəhərin görməli yerlərinə baş çəkdik. Almaniya muzeyi o vaxtkı yoxsulluğu ilə fransız dostumun ikrahını qazanmışdı. Mismarlarla dolu qutunun seçildiyi böyük işgəncə alətləri kolleksiyası Blandinada nifrət qarışıq mərhəmət duyğusu oyatmışdı. Axşam Münhenə gəldik. Səhəri gün vetçina ilə “tonique”nin qeydinə qalıb şəhəri gəzməklə məşğul olduq. Gəzinti Ollivyeyə böyük zövq verdi. Onun fikrincə, kral I Lüdoviq tərəfindən ucaldılan tikililərin antik üsluba yaxın olması onları Lui Napoleonun Parisi doldurduğu binalardan fərqləndirirdi. Ollivye iddia edirdi ki, mütləq orada bu barədə fikir bildirəcək. Münhendə təsadüfən köhnə tanışım fon Qornşteynlə görüşdüm. Onu dostlarıma “baron” kimi təqdim etdim. Qornşteynin məzəli görünüşü və yöndəmsiz hərəkətləri dostlarımı çox əyləndirirdi.

Lakin Reyhenqalla getməmişdən əvvəl “le baron” bizi şəhərin ucqar hissəsindəki pivəxanalardan birinə aparanda şənliyimiz son həddə çatdı: o bizə Münhenin digər üzünü göstərmək istəyirdi. Məkanda “baron”un pivə gətirmək üçün zirzəmiyə düşərkən tutduğu kiçik şam qalığından başqa işıqlandırma yox idi. Lakin pivə çox dadlı idi və Qornşteyn zirzəmiyə səyahətini bir neçə dəfə təkrarlamalı oldu.

Qatara gecikməmək üçün tələskənliklə vağzala yollananda, əkin yerləri ilə addımlayanda, xəndəklərdən keçəndə alışmadığımız içkinin başımızı hərləndirdiyini hiss etməmək qeyri-mümkün idi. Blandina özünü vaqona çatdırıb dərin yuxuya getdi və yalnız günorta Reyhenqalla çatanda ayıldı. Orada bizi Kozima qarşıladı və əvvəlcədən hazırlanmış məkana apardı.

Kozimanın sağlamlığı bizi çox sevindirdi. O, bizim, xüsusilə mənim təsəvvür etdiyimdən daha yaxşı görünürdü. Qadına zərdablı müalicə yazılmışdı. Səhər onu müalicə müəssisəsinə ötürdük. Lakin Kozima yazılan müalicəvi vasitəyə gəzintilərdən və açıq, möhkəmləndirici dağ havasından daha az əhəmiyyət verirdi. Ollivye ilə mən iki bacı arasında hökm sürən şən əhval-ruhiyyəyə qoşula bilmirdik. Çünki onlar arada uzaqdan eşidilən qəhqəhələrlə kəsilən məhrəm söhbətlər üçün otaqlarına çəkilirdilər və mən əsasən siyasətə aludə dostumun

fransız söhbətləri ilə əylənməli olurdum. Əslində, bəzən onlara qoşula bilirdim. Bir dəfə bildirmişdim ki, doğma ataları qeydlərinə qalmadığından onları övladlığa götürə bilərəm. Bu sözlər inamsız qarşılandı və yalnız qəhqəhələrə səbəb oldu. Bir dəfə Blandinaya bacısı Kozimanın vəhşi təbiətindən şikayətləndim. Blandina uzun müddət məni anlaya bilmədi. Lakin başa düşdü ki, bacısının nümayiş etdirdiyi “timidite d`un sauvage”ı qınayıram. Bir neçə gün sonra bu cür xoş şəkildə kəsilən səyahətin davamı barədə düşünməli oldum. Dəhlizdə sağollaşarkən Kozimanın mənə zillənmiş sual dolu ürkək nəzərlərini sezdim.

Araba ilə Zalsburq vadisinə yola düşdüm. Avstriya sərhəddində gömrüklə bağlı xırda macəra yaşadım. List Veymarda mənə özünün baron Sindən aldığı bahalı siqar qutusunu hədiyyə etmişdi. Venetsiyada yaşadığım vaxtlardan Avstriyaya siqar gətirməyin necə çətinliklərlə dolu proses olduğunu bilirdim: onları paltar larımın arasında və ciblərimdə gizlətmək qərarına gəldim. Lakin görünür, gömrük xidmətçisi olan qoca əsgər belə fəndlərlə yaxşı tanış idi. O, corpora delictini kiçik yol çantamın büzmə qatları arasınan ustalıqla tapıb çıxardı. Çaypulu verib, onu ələ almağa çalışdım. Pulları götürsə də, məni çuğulladı – buna çox təəccübləndim. Böyük cərimə müqabilində siqarları geri almağa icazə verdilər. Lakin karıxdığımdan imtina etdim. Eyni zamanda, cərimənin ödənilməsi barədə qəbzi alarkən mənə verilən Prussiya talerini də gömrük işçisi sakitcə cibinə qoydu. Vaqona əyləşməyə hazırlaşanda həmin əsgəri bir daha gördüm. O, çörək və pendirlə pivə içirdi. Ona yenə taler təklif elədim, lakin bu dəfə imtina etdi. Sonralar həmin adamın adını öyrənməməyimə peşman olmuşdum. O, çox sadiq xidmətçi idi və bu adamı məmnuniyyətlə öz yanımda işə götürərdim...

# 77 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər