Mən kiməm, ana? – Yeni hekayə

Mən kiməm, ana? – Yeni hekayə
11 oktyabr 2021
# 16:11

Kulis.az Sara İbrahimin “Mən kiməm, ana?” hekayəsini təqdim edir.

Mənim adım... Adımı bilməsəniz də olar. Mən də əvvəl uşaq idim, hamı kimi... Yox, hamı kimi deyildim. Doğulduğum gündən, bəlkə də hələ doğulmamışdan öz yaşıdlarımdan seçilirdim.

Dünyaya gələcəyimi öyrənəndə atamla anam çox sevindilər. Bir dəfə anam həkim müayinəsindən qayıdanda atama doğulacaq uşağın, yəni mənim oğlan olduğunu dedi. Bax, onda atam sevindi, hətta o qədər sevindi ki, tez qaçıb bazardan yekə bir qoyun alıb qurban kəsdi.

Mən doğulana qədər atamla anam boyumu sevdilər, mənə ad fikirləşdilər, mənimçün ayrıca bir otaq hazırladılar. Bu otaqda hər şey mavi rəngdəydi. Anamla atam həmin otağın qapısından girəcəyim günü səbirsizliklə gözləyirdi.

Mən anamın bətnində sakit dayanmırdım; elə hey ora-bura vurnuxub o dar, qaranlıq dünyadan işıqlı dünyaya çıxmaq istəyirdim.

Amma hər şeyin öz vaxt, vədəsi var; mənim doğulmağımın da vaxtı çatmalıydı.

Doqquz aydan sonra öz qaranlıq, yumru şarımdan işıqlı dünyaya qədəm qoydum. Daha doğrusu, məni dartıb ordan çıxardılar. Anam mənim üzümü görmək üçün çox səbirsizlik edirdi. Həkim onu intizarda saxladı: üç gün məni ona göstərmədi. Doğulanda zəif olduğum üçün məni anamdan ayırıb şüşə kameraya qoydular.

Anam özünə gələndə məni görmək istədi. Həkimlərdən xəlvət saxlandığım otağa girdi. O vaxt həkimlər məni kameradan çıxarıb stolun üstünə qoymuşdular. Anam təsadüfən onların söhbətinə qulaq asmalı oldu. Doğulmağıma kömək edən həkim zəif qollarımı, qıçlarımı əliylə qaldırıb buraxdı. Sonra çiynimin üstündə saxlaya bilmədiyim başımı yanında duran həkimlərə göstərib dedi:

- Belə də uşaq olar? Qol-qıçını tərpədə bilmir, o qədər zəifdir ki, boynunu düz saxlaya bilmir. Başı da çox böyükdür, bundan normal uşaq olmayacaq; anasının günü xəstəxanalarda keçəcək.

Anam bu sözləri eşidəndə hələ üzümü görməmişdi, haqqımda ilk dəfə eşitdiyi bu sözlər oldu. Amma ilk görüşümüzdə anam mənim nə zəif qollarımı, nə də çiynimin üstündə əsən başımı gördü. O, gözlərimə baxıb gülümsədi, məni qucağına götürüb sinəsinə sıxdı. Qulağıma pıçıldadı:

“İlahi, mənim oğlum! Dünyanın ən gözəl körpəsi!”

Bu, üç günlük həyatımda eşitdiyim ilk xoş sözlər idi.

Bir həftədən sonra xəstəxanadan çıxıb evə gəldik. Bizi aparmağa atam gəlmişdi. Atam anamdan alıb mənə diqqətlə baxdı, üzünə xoşbəxt təbəssüm yayıldı.

“Həyatıma xoş gəldin,oğlum” deyib məni bağrına basdı.

Otağım, çarpayım çox xoşuma gəlirdi. Hər tərəfdə oyuncaqlarımı görürdüm: tez böyüyüb onlarla oynamaq istəyirdim.

Amma mavi dünyamda çox yaşaya bilmədim: hərarətim yüksəlib halım pisləşdiyinə görə atamın evimizə çağırdığı həkim müalicəmin yalnız xəstəxanada mümkün olduğunu dedi.

Anamla yenidən xəstəxanaya qayıtdıq. Burdakı həkimlər başıma yığılıb məni elə hey o üz-bu üzə çevirdilər; əllərimin üstünə, hələ çox zəif olan qollarıma iynələr sancdılar.

Xəstəxanadan çıxanda anama verdikləri kağızda mənə belə diaqnoz, mənim başa düşdüyüm dildə ad qoymuşdular: “İnkişafdan geri qalan”.

Mən geri qalırdım, çox geri qalırdım. Mənimlə yaşıd olan qonşumuzun uşağı əllərini havada oynadıb onu öpənlərə “sağ ol” deyəndə, ayaqlarını yerə bərk dirəyib yeriməyə hazırlaşanda, əlindəki peçenyeni özü ağzına doğru aparanda mən hələ də qolumu, ayaqlarımı tərpədə bilmirdim.

Məktəbə də gec getdim. Qonşumuzdakı yaşıdım üçüncü sinifdə oxuyanda mən birinci sinfə getdim. Sinfimizdəki uşaqların hamısından yaşda böyük olsam da, boy-buxunda onlardan çox balacaydım.

Oxuyub-yazmaqda da onlardan geri qalırdım, çox geri qalırdım. Sinfimizdəki uşaqlar çətin riyaziyyat məsələlərini həll edib, şeirləri əzbər deyə biləndə, mən adımı yazmağı hələ indi öyrənirdim. Ona görə məni növbəti sinfə keçirmirdilər.

Yeni sinif yoldaşlarım məni öz adımla çağırmırdılar: məni bir- birinə göstərib “ gerizəkalı” deyirdilər. Amma mən onları çox istəyirdim. Cırıb yerə atdıqları kağızları yığıb zibil qabına atırdım, anamın çantama qoyduğu yeməyi onlara verirdim. Onda da onlar gülüb mənə başqa ad deyirdilər: “Axmaq”.

Müəlliməmizin oturduğu stulun üstünə yapışqanlı kağız qoyurdular, o, oturmaq istəyəndə cəld qaçıb kağızı götürürdüm. Tənəffüsdə uşaqlar məni itələyib yıxırdılar. Yeni adım “gicbəsər” olurdu.

Məhəlləmizdə uşaqlar futbol oynayanda onlarla oynamaq istəsəm də, heç kim mənimlə oynamaq istəmirdi. Kənarda dayanıb onların topu necə qovmalarına baxırdım. Top uzağa düşəndə məni onun dalınca göndərirdilər. Topu məndən alıb gülürdülər və növbəti adımı eşidirdim:

“Sağ ol, əfəl”.

On iki yaşıma kimi anam məni xəstəxanalara, eşidib-bildiyi neçə- neçə məşhur həkimlərə apardı. O, hərdən mənə baxıb ah çəkəndə atam ona deyirdi:

“Görərsən, qoy bir az da böyüsün, yeniyetməlik yaşına çatsın; birdən-birə inkişaf gedəcək, geri qaldığı yoldaşlarına çatacaq, hələ onları ötüb keçəcək də”.

On beş yaşım olanda anam məni şəhərimizə hardansa gələn məşhur bir həkimin yanına apardı. Onun yanından çıxanda anamın halı pisləşdi; o, huşunu itirib yerə yıxıldı. Həkim ona iynə vurandan sonra özünə güclə gəldi.

Məşhur həkimin anama verdiyi kağızda mənim yeni adım yazılmışdı: “Davranış çatışmazlığı”.

Heç nə başa düşmürəm: bütün uşaqların bir adı var; hamını öz adıyla çağırırlar. Niyə mənim bu qədər adım var? Məni ata- anamdan başqa heç kim öz adımla çağırmır.

Bir dəfə bunu anamdan soruşdum:

- Mən kiməm, ana? Niyə adım bu qədər çoxdur? Niyə məni öz adımla çağırmırlar?

Anam məni qucaqlayıb bağrına basdı, əliylə səmanı göstərib:

- Sən mələksən, oğlum, bax səni ordan göndəriblər, mələklərinsə adını heç kim dəqiq bilmir - dedi.

# 11032 dəfə oxunub

Müəllifin son yazıları

# # #