Düşmənimin qızını necə sevdim? - Bəhruz Tağızadə

Düşmənimin qızını necə sevdim? - Bəhruz Tağızadə
27 dekabr 2025
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının ikinci hissəsini təqdim edir.

Birinci hissə burada

Amma hələlik babam sağ idi və mən birinci sinfə getməyə hazırlaşırdım. 1990-cı il sentyabrın 1-i günü mənə Cəlilabad bazarından alınmış mokruşok şalvar və ağ köynək geyindirdilər, cibimə də şax bir üçlük qoydular. Sinəmə oktyabryat nişanı taxıb, ağır çantamı belimə aşırıb, qəzalı vəziyyətdə olan kənd məktəbinə yollandım. İstər babamgildə, istər öz evimizdə, istərsə də məktəbdə Bakıdan gələn o ağ qızı – Cincilimi düşündürdüm. Bütün yaşıdım qızları onunla müqayisə edirdim. Nə babamgilin kəndində, nə də öz kəndimizdə heç bir qız onun kimi deyildi. Cincilimi oyuncaq kimi oynatmaq, toppuş əlini sıxmaq, qolunu dişləyib ağlatmaq istəyirdim.

Məktəb evimizdən iyirmi-iyirmi beş dəqiqəlik məsafədə, bibimgilin evinin yanında yerləşirdi. Yaxşı yadımdadır, kiril əlifbasında “t” hərfini öyrəndiyim gün “Tutu, topu tut” cümləsini güclə oxumuşdum. Hamımız sinif yoldaşımız Tutuya baxıb gülümsəmişdik. Dərsdən çıxıb uşaqlarla bənövşə oynamış, bir az da veyillənmişdim. Bərk acmışdım. Ən xoşladığım xörək – kotlet yadıma düşmüşdü. Həmin gün heç ağlıma gəlməzdi ki, nə vaxtsa, evlənəcəyim xanıma: “Bu evdə kotlet bişməyəcək!” – deyəcəyəm.

Çantamı belimə atıb: “Kaş nənəm kotlet bişirəydi” – düşüncəsi ilə evə tərəf yol aldım. Həmin gün hamilə qadınlar nəyəsə yeriklədiyi kimi kotletə yerikləmişdim. Bibimgilin doqqazına çatanda, uşaq düşüncəm nə qərar verdisə, ayaqlarım məni onların həyətinə saldı. İnanılmaz bir sürprizlə qarşılaşdım: pəncərədən bibimin kotlet qızartdığını gördüm. Bişən ətin iyi həyəti bürümüşdü. Ağzım bolca sulandı. Bibim kotletləri çarthaçart qızardır, bişənləri başqa qaba qoyur, yenilərini tavaya döşəyirdi. Saya bilmədim, amma xeyli kotlet vardı. Uşaqlar sevinci də, kədəri də daha aydın ifadə edirlər. Xoşbəxtlikdən az qala oynamaq istəyirdim. Sevincək qaçaraq bibimgilin qapısını döydüm.– Kimdir?

– Mənəm, Ərəl.
– Gözlə.

Bir az gözlədim. Qapı açıldı. Çantamı yerə tolazlayıb mətbəxə cumdum. Kotletlərin yalnız qoxusu qalmışdı. Tava qarışıq hamısı yoxa çıxmışdı. Bibim onları gizlətmişdi.
– Uşaqlar evdə yoxdur.
– Acmışam.
– Get evinizdə ye.

Çantamı götürüb evdən çıxdım. Yola düzələndə dodağım öz-özünə büzüldü. Bibimdən küsmüşdüm.

Bu barədə heç vaxt heç kimə heç nə demədim.

Bibim qəribə adam idi. Atamı görəndə bacımı və məni duz kimi yalayırdı, adi vaxtlarda bizi görməyə gözü yox idi. Nə bacım, nə mən ona pislik etməmişdik, amma bizdən xoşu gəlmirdi.

Anam həddindən artıq pinti qadın idi. Onun pintiliyindən yazsam, azı on cildlik kitab çıxar. Nənəm isə əksinə, çox təmizkar idi. İsmayıl babamın qorxusundan anama irad tuta bilmir, “o mənim gəlinim yox, qızımdır” deyirdi. Babam da, nənəm də yaxşı dərk edirdilər ki, onların gəlinləri Termos Əhədin qızıdır. O Əhəd ki, rayon milis idarəsinin rəisinə sillə vurmuşdu. Sovetin milis rəisinə sillə vurmaq olardı?! Əhəd babam vurmuşdu. Nədir-nədir, qapısına milis maşını göndərmişdilər. Bu, babama ağır gəlmişdi.

Anamın pintiliyinə görə xörəyi həmişə nənəm bişirirdi. Nənəm nəslimizdə sonuncu qaysava bişirə bilən qadın idi. O öləndən sonra bizim evdə bir daha bu yemək bişmədi. Evimizdə çox şey nənəmlə birlikdə öldü.

Budur, nəvələrinin ən sevdiyi xörəyi bişirmişdi: kotlet. Süfrə başında şam yeməyinə isti kotlet gözləyirdik. Necə sevinirdim! Dayaz boşqabda iki kotlet, yanında da kartof qızartması... Həmişə kartofları əvvəl yeyib, kotletləri axıra saxlayırdım. Bu dəfə əksini elədim, kotletdən başladım. Çəngəllə bir az kəsib ağzıma qoydum, çeynəməyə başladım. Birdən bibimin kotletləri gizlətməsi yadıma düşdü. Çeynəməni dayandırdım. Təkrar çeynəməyə başladım. Çoxlu çeynədim. Həyatımda bu qədər loxma çeynəməmişdim. Udmaq istədim, uda bilmədim. Bibimin qeyri-müəyyən baxışları gözümün önündə durdu. Öyüyüb udmaq istədiyim kotleti qaytardım. Nənəm yüyürüb kürəyimə vurdu: “Hamısı sənin, hamısı sənin!”

Sonralar çox cəhd etsəm də, kotlet yeyə bilmədim. Hətta iyi də məni boğurdu.
Kotletlə bağlı məndə travma yarandığını hamı öyrəndi. Mənə görə evdəkilər də kotletə həsrət qaldı. Anam da, bacım da, Güleyşə nənəm də, Ağca nənəm də, xalalarım da… Mən olan yerdə bir daha kotlet bişirilmədi.

Dərs oxumaqdan zəhləm gedirdi. Yalnız Səməd Vurğunun “Azərbaycan” şeirini, bir də təzə himnimizin sözlərini əzbərləmişdim. Dərsimlə maraqlanan yox idi. Babam yuxarı sinifdə oxuyan qonşu qızına tapşırmışdı ki, dərslərimdə mənə köməklik etsin. Sevdiyim dərs bədən tərbiyəsi idi. Çünki “Bənövşə” oynayırdıq. Bir də kitablardakı şəkillərə baxmağı xoşlayırdım. İbtidai sinif dərsliklərindəki şəkillər cizgi filminə oxşayırdı. Qonşu qızının kitablarında isə adi adam şəkilləri diqqətimi cəlb edirdi.

– Bu kimdi?
– Mendeleyev.
– Üzün qırxmır?
– Mən nə bilim?

Bəzən kobud cavab versə də, işimə yarayırdı. Əvəzimə dərslərimi yazır, yaxşı oxuduğumu deyib, hamını aldadırdı. Mən də dərs işgəncəsindən mümkün qədər tez qurtulub uşaqlarla oynamağa tələsirdim.

Beləcə başına-gözünə döyə-döyə birinci sinfi bitirdim. Onsuz da müəllimlər oxuyana da, oxumayana da qiymət yazıb yola verirdilər. Yayda sevinirdim ki, üç ay dərs oxuma işgəncəsi olmayacaq.

Tətil başlananda ağ qız nənəsigilə, ordan da Könkagilə gəldi.

Məhləmizdəki balaca oğlanlar uşağın necə doğulduğunu bilməyə-bilməyə həmyaşıd qızları istəməyə başlamışdıq. Şərtə görə, bir-birimizin bacısını istəyə bilməzdik. Bəzi uşaqlar sünnət belə olmamışdı, amma qız istəyirdi. Bunu böyüklərdən gizlədirdik. Uşaqlar bilirdi ki, bu cür vacib sirri böyüklərə açmaq olmaz. Böyüklərdə də az yox idi. Kiməsə xoş getmək üçün nəsildəki kiçik qızları tuşlayıb “sənin qızını oğluma” və ya “nəvəmə alacam” deyir, bizi şirələndirirdilər. Nənəmdə də belə xasiyyət var idi. Kimi tuturdu, deyirdi, qızını Ərələ alacam. Biz bir yox, bir neçə qız istəyirdik. Bəzən dəyiş-düyüş edirdik: mən istədiyim filan qızı verim sən istə, sən də istədiyini mənə ver, mən istəyim; ya da bu yay filankəsi sən istə, gələn yay mən istəyərəm. Sinif yoldaşlarımızdan, yuxarı məhlədən, aşağı məhlədən çoxlu qız istəyirdik.

Çinar dayısı oğlu Mosuya güvənirdi, mən də Çinara. Mosu hansı lotunun hansı həbsxanada yatdığını, bu adı nə vaxt, harada və necə qazandığını dəqiqliklə bilirdi. O, lotuları araşdırmağa sərf etdiyi vaxtı xərçəng xəstəliyinə sərf etsəydi, müalicəsini tapardı. Mosuya görə kənddə bir köpəyoğlu bizim xətrimizə dəyə bilməzdi.

Çinarın dayısı Dıbışın xeyli evdə qalmış bacısı, xeyli də qızı vardı. Evlərinə girəndə elə bil “Memar Əcəmi” metrosuna girirdin, hər yer adamla dolu olurdu. Yeriyəndə mütləq kiminləsə toqquşurdun. Gecənin istənilən saatında onlarda oyaq adam tapılırdı. Külfətdə qadınlar çox olsa da, xəyanət edən yox idi. Ancaq bir şey var: gərək adamın əri ola ki, ona xəyanət də edə. Dıbışın bacıları ərə getməmişdi. Soruşan olanda deyirdilər, istəyən çoxdur, özümüz getmirik. Bəzən də xurafata yozurdular. Guya kimsə bunların bəxtin bağlatmışdı. Bir ciddi bəhanələri də vardı. Guya böyük bacılarına hörmət edirdilər, onu qoyub getmirdilər. Qızların hamısı bir-birinə bənzəyirdi. Cəmi biri onlara bənzəmirdi, onu da Çinarın atası almışdı.

Dıbışın qızları da pinti idi. Oğlanlardan heç kim onları istəmirdi. Həm də heç kim Mosunun qorxusundan bacılarını istəyə bilməzdi. Fikir vermişdim, onlar qazan qaynadıb yemək bişirmirdilər. Biri kartof közləmə edib təkcə yeyir, o biri yumurta tapıb qaynadır, başqa biri qonşuda yeyirdi. Uşaqlar ağaclara darışıb meyvənin kal-kal kökünü kəsirdilər. Onlar yemək yemirdilər, qidalanırdılar. Dıbışgilə heç qonaq gəlməzdi. Kimsə azıb-təzib gələrdisə, qonşulardan qənd-çay alıb birtəhər yola salardılar.

Cincilim axşamdan gəlmişdi.

Onun nənəsi evi Dıbışgilin evinin arxasında yerləşirdi. Gündüzdən bu qızı kimin istəyəcəyini müzakirə etmişdik. Belə qərara gəldik ki, onu bu yay Çinar istəsin, gələn yay Orxan adlı məhlə uşağı, üçüncü sinfi bitirəndə isə mən.

Yaya qədər qapı-bacamız toyuq-cücəylə dolu olurdu. Bu il azar qırmışdı çoxunu. Cücələrimiz azalmışdı. Nənəm cücələri kürt yatan toyuqların yanında yeşiyə yığıb nəlbəkidə su, ortasına da cücələr yıxılıb islanmasın deyə boş stəkan qoymuşdu. Cücələrin biri Cincilimi yadıma salırdı. Özü də dəcəl idi. Bir yerdə durmur, digər cücələrin belinə hoppanır, dimdiyi ilə qanadının altını qıdıqlayırdı. Onu Cincilimə oxşadırdım. Gedib-gəlib cücəyə baxırdım. Günümün bir hissəsi onu müşahidə etməklə keçirdi.

Cincilim də birinci sinfi əla qiymətlərlə başa vurmuşdu.

Çinarla gedib Könkagilin artırmasını müşahidə elədik, tünlük bitən kimi özümüzü verdik artırmaya. Qız bizə Şaxta Babadan, bayram tədbirindən, bulvardan, parkdakı attraksionlardan danışdı. Şaxta Baba bizim kəndə gəlib çıxa bilmirdi, amma çox evdə yolka qurulurdu. Biz də Cincilimə Novruz bayramında papaq atmaqdan, torba sallamaqdan danışdıq. Çinar Dıbış dayısından basıb-bağlayır, ona yapışqanlı şəkillər göstərirdi. Tampoyla Van Damm döyüşəndə dayısının da orda olduğunu bizə sübut edirdi. Çinar bunu elə ciddi deyirdi ki, mən özüm də inanırdım.

Böyüdükcə məndə Çinarın goplarına qarşı immunitet yaranırdı. Dediklərinin hansının yalan, hansının gerçək olduğunu bilən yeganə adam mən idim. İş o yerə çatırdı ki, Çinarın söhbətindən sonra adamlar nəyin düz, nəyin yalan olduğunu məndən soruşurdular. Mən də ikinci dəfə danışmalı olurdum. Böyüyənə qədər Çinarın bütün pis xasiyyətlərini dəyişməsinə nail olmuşdum, təkcə gopçuluqdan başqa.

Artırmaya raqatka, quşoklarımızla (çilədi – red.) gedirdik. Müəllim uşaqlarından aldığımız təbaşirlə düz yerdə xana çəkib oynayırdıq. Simdən düzəltdiyimiz arabaları sürürdük. Fürsət düşdü, Cincilimə ona oxşatdığım cücə barədə danışdım. Cücəni xeyli təriflədim. Cincilim onu görmək istədi. Balaca bir qutu ilə evə qayıtdım. Evdəkilərin başı qarışanda cücəni qutuya qoyub əkildim. Bu, mənim evdən etdiyim ilk və son oğurluq idi. Cincilim cücəni görüb sevincə düşdü: “Ay Allah! Ay Allah!” – deyib tumarladı. Ovcundan yerə qoymadı. Geri qaytaranda içimdə dedim ki, nənəm özünə gülür, bir cücəylə nə olacaq?! Onu Cincilimə bağışladım. Cücəni Bakıya aparıb eyvanda saxlayacağını desə də, həmin gün onu nə qədər yedizdirdisə, cücə köpüb öldü.

Axşam artırmamızda şam yeməyinə hazırlaşanda gördüm, nənəm döyükür. Cücənin ya ölüsünü, ya dirisini tapana qədər axtaracaqdı. Arvada yazığım gəldi, soruşdum:

– Ay nənə, nə axtarırsan?
– Cücəmizin biri itib.
– Ölmüşdü, aparıb atdım ki, xəstəliyi o birilərə keç- məsin.
– Düz eləmisən. Hara atdın?
– Kanala.
– Bir də öləni olanda məni çağır, baxım.

Cincilimə bir maraqlı şey də göstərmək ağlıma gəldi: dayımın əsgərlik albomu. Mən ilk dəfə özbək millətindən olan birini o albomda görmüşdüm. Dayımla yanaşı durub şəkil çəkdirmişdi. Digər millətlərdən də əsgərlər var idi. Dayım o şəkilləri dəfələrlə mənə göstərmişdi. Xeyli şəkil var idi. Rəssam əsgər yoldaşının çəkdiyi “Nu poqodi” cizgi filmindən rəsmlər nazik vərəqlərdə səliqə ilə albomun arasına tikilmişdi. Onu Cincilimə göstərmək üçün dayımdan mütləq oğurlamalıydım. İstəsəm, verəsi deyildi.

Elə oldu, Əhəd babam naxoşladı, anam, nənəm, mən və İsmayıl babam ona dəyməyə getdik. Albomun yerini bilirdim. Yekə parçaya büküb babamın “Niva”sının yük yerinə qoydum. Evimizə qayıdanda maşından götürüb taxtapuşda gizlətdim. Səhəri gün isə özümlə Könkagilə apardım. Çinar yox idi. Könka, Tosu, mən və Cincilim albomun başına yığışdıq. Cincilim dayımın şəkillərindən çox “Nu poqodi” rəsmlərinə baxırdı. Xoşuna gəlmişdi. Kəsib həmin rəsmləri ona vermək istədim. Etiraz etmədi. Ürəyimdə dedim: “Dayım qələt edir! Albomu bütövlükdə vermədiyimə sevinsin”. Bütöv istəsəydi, elə də verərdim. Bir də o boyda kişi “Nu poqodi”ni neynir?!

Lazım olan hissələri Cincilimlə birlikdə səliqəli kəsdik. Hamısını Cincilimə verdim. İstədim, izi tam itirmək üçün albomu kanala atım. Dayım onu belə görsəydi, mənə acığı tutardı. Amma atmadım. Aparıb taxtapuşda gizlətdim və uzun illər sonra ad günündə dayımın öz albomunu özünə hədiyyə etdim.
Cincilim dərs açılana yaxın getdi.

Biz ikinci sinifdə oxumağa başlayanda gördük ki, kitabda yazılanla televizorda danışılan bir-birinə uyğun gəlmir. Kitab yazırdı ki, Lenin bizim babamız, bolşeviklər qəhrəmanlarımızdır, televizor əksini deyirdi: Lenin və bolşeviklər bizim düşmənimizdir. Televizorda tez-tez qırmızı oturacaqlar qoyulmuş bir yer göstərirdilər, hamı orda qışqıra-qışqıra danışırdı. Hamı orda düz danışırdı, amma heç nə düz getmirdi. Həmin il rayonumuzun qazı kəsildi, telefonlar bağlandı, işıqlar fasiləylə verilməyə başladı. Səbəbini soruşanda dedilər ki, keçid dövrüdür, belə olmalıdır. İş yerləri ixtisara düşdü. Kəndin mədəniyyət evi və klubu fəaliyyətini dayandırdı. Adamlar isinmək üçün əvvəlcə qurumuş ağacları, sonra sağlam ağacları kəsdilər. Yamyaşıl kəndimiz get-gedə bozarmağa başladı. Mən ilk dəfə qaçqınları mədəniyyət evinin qarşısında gördüm. Qız uşaqları qoca qadınların bağladığı yaylıqdan bağlamışdı.

Dodağı uçuqlamış halda, nimdaş geyimdə evlərindən qovulmuşdular. Baxanda bu qızların çirkin və ya gözəl olduğunu ayırd etmək olmurdu. Bizə elə baxırdılar, yazığımız gəlirdi. Nəsə istəyirdilər. Nənəm onların qadın və uşaqlarını tez-tez çimmələri üçün evimizə dəvət edirdi. Həmin gün babam, atam və mən evdən gedirdik.

İranla ara açılmışdı. Oxuya bilmədiyimiz əlifbada yazısı olan saqqızlar, otuz saniyəyə yeyib qurtarmağa mərc gəldiyimiz “Bakuş”lar və biskvitlər dəbə düşdü. Qoxusundan dadlı şey olduğunu hiss edirdik. Bu cür şeylərlə yanaşı, İrandan narkotik də gəlməyə başladı. Buradan isə İrana gizli yollarla araq daşınmasının əsası qoyuldu. Türkiyədən geyim, musiqi kasetləri və porno-kasetlər ölkəmizə ayaq açdı. Rusiyadan ancaq pul gəlir, Gürcüstandan heç nə gəlmirdi. Ermənistan tərəfdən isə ancaq qaçqınlar və şəhid cəsədləri...

Evdən “Bakuş”, saqqız və bu kimi şeyləri almağım üçün az miqdarda pul verirdilər. Mən o pulları yığırdım ki, Cincilim gələndə xərcləyim. Çinara verilən pullardan xərcləyir, öz pulumu taxtapuşda gizlədirdim. Bu, dostuma qarşı etdiyim ilk əclaflıq idi. O qıza görə edirdim. Payızdan bəri xeyli pul yığmışdım. Kənddə ən varlı uşaq mən idim.

May ayı idi. Dərsin bağlanmasına sayılı günlər qalırdı. Evdə babamla ikimiz idik. Ondan pul almaq istəyirdim ki, diqqətini televizora yönəltdi. Nailə İslamzadə nə dedi, nə demədi, babam söyə-söyə qapını çırpıb evdən elə çıxdı, pul istəyə bilmədim. Bu qadından heç vaxt xeyir görmədim də! Nə dedisə, kişinin qanı it qanına döndü.

Sən demə, Şuşa adlı şəhərimizi düşmən işğal edibmiş. Yayın əvvəli Cincilim gəldi.
Bu dəfə qardaşı da onunla gəlmişdi.

Gündüz vaxtı Könkanın ata-anası işdə olurdu. Böyüklərimizin bir-birinə salam verməməsindən anlamışdım ki, mən onlarda “persona non-qrata”yam. Yəni arzuolunmaz adam. Buna görə çalışırdım ki, onlara böyüklər olmayan vaxt gedim. Böyüklər gəlməzdən əvvəl, yaxud gələn kimi əkilirdim. Nə qədər gizlənsəm də, onlar məni artırmada görürdülər. Nənələri məhlə uşağı olduğumu bilirdi, amma kimin uşağı olduğumu bilmirdi. Könkanın ata-anası isə məni yaxşı tanıyırdı. Artırmada bir neçə dəfə görsələr də, hələlik bir söz deməmişdilər. Mən onların baxışlarından “Bu burda nə gəzir?” sualını oxuyurdum və tez aradan çıxırdım. Yoxsa qovula bilər, Cincilimlə oynamaq şansını itirərdim. Bunu istəmirdim. Çox darıxa bilərdim. Mən yalnız Çinar və Cincilimlə oynamaq istəyirdim. Qız kənddə olanda isə heç Çinar da yadıma düşmürdü. Bircə onu istəyirdim. Şəhərə gedəndə çox darıxırdım. İstəmirdim yay bitsin. Bu qıza görə ən çox yay fəslini xoşlayırdım.

Taxtapuşdakı pulların xərclənmə vaxtı çatmışdı. İlk getdiyim gün lovğalanıb pulumu göstərdim. Tosuyla dükana gedib hərəyə bir “Bakuş” aldım. Birini də artıq aldım – bacım üçün... Artırmada bölüşdürdük. “Bakuş” Cincilimin də xoşuna gəlirdi. Ümumiyyətlə, onu xoşlamayan uşaq yox idi. Yeyib-bitirəndən sonra bacıma aldığım “Bakuş”u Cincilimə verdim, götürdü. Ürəyimdə dedim, bacıma sonra alaram. Bir az keçdi, biskvit də aldıq və otuza qədər sayana kimi yemək üçün mərcləşdik. Cincilim yeməyə başlayanda mən gec-gec saydım ki, uduzmasın. Uşaqlar dedi, cığallıq edirsən. Düz deyirdilər. O qıza görə edirdim bu cığallığı.

Üçüncü sinfin dərsləri başlayanda təzə əlifbaya keçdik. Halbuki köhnəni güclə öyrənmişdim. Müəllimlərimiz də bizimlə birlikdə təzə əlifbanı öyrənməyə başladılar. “Türk dili” adlı kitab çıxmışdı. Dedilər, hər kəs özünə kitab alsın, daha pulsuz kitab verilməyəcək, keçid dövrüdür.

Növbəti il dedilər, kitab “Türk dili” yox, “Azərbaycan dili” adlanmalıdır. Mübahisə düşdü. Adamlar bir-birini ifşa edir, vətən xaini çıxarır, üstəlik, bununla qürrələnirdilər. “Yoldaş” sözü ümumişləkliyini itirib yerini “bəy” sözünə verdi. Qırmızı oturacaqlı zalda daha bərkdən danışmağa başladılar. Mən ilk dəfə televizorda siqaret çəkən rəhbər görürdüm. Adətən belə şeylər olanda operator kameranın yönünü dəyişirdi. Efirdə siqaret çəkmək ayıb sayılırdı. Qırmızı zaldakı kameralar ayıb şeyləri xalqa iri planda göstərirdi. Çünki demokratiya idi. Heç kim operatora irad tuta bilməzdi. Camaat qıcıqlanırdı, cəhənnəmə qıcıqlansın, demokratiya belə olmalıdır.

Hamı özünə və uşağına müharibənin hədiyyə etdiyi “mondoloşka” deyilən biti və qotur xəstəliyini gizlətməyə çalışırdı. Yoxsa qarşısındakı ondan iyrənərdi. Gözləyirdilər hamıya yayılsın, heç kim bir-birindən utanmasın. Səhiyyə naziri onda ayıldı ki, ölkədə onun özündən başqa hamı qoturluq xəstəliyinə tutulub. Dıbış deyirdi, bitin xeyri də var, laxta qanı sorur.

Yay təzə girmişdi. Havalar sərin keçirdi. Ona görə də hələ kanalda çimmək olmazdı. Uşaqlarla hərəmiz bir bıçaq götürüb qanqal, yemlik yeməyə getdik. Qız istəmə və qızları bölüşdürmə vaxtı çatmışdı. Bu il Cincilimi Orxan istəyəcəkdi. Mən öz qızımı onunla dəyişdirmək istəyirdim. Orxanın başını aldatmalıydım. “Tetris” oyuncağımı qızırqalanmadan ona verdim. Hətta istədiyim qızlardan ikisini güzəştə getdim. O da öz Cincilim növbəsini mənə verdi. Digər istədiyim qızları da dostlar arasında bölüşdürdüm. Bir şərtlə: bundan sonra heç biri Cincilimi istəməyəcəkdi. Uşaqlar məni qınadılar. Dedilər, o, ildə bir dəfə gəlir, nəyi-ni istəyirsən? Mən isə çox sevincli idim. Bundan sonra bu kənddə məndən başqa bir köpəyoğlu Cincilimin adını tuta bilməzdi.

O vaxt on yaşın içində idim.

Cincilim gələn kimi taxtapuşda gizlətdiyim su fısqırdan tapançanı götürüb Könkagilin artırmasına qaçdım. Elə edirdim, ora getdiyimi evdəkilər bilmirdi. Anam Çinargildə oynadığımı düşünürdü.
Çinar da həmişəki kimi mənimlə birlikdə ora gedirdi. Biz böyüdükcə həm oynayır, həm də çoxlu söhbətlər edirdik. Çinarın gopları da bizimlə bir yerdə böyüyürdü. Deyirdi, Dıbış dayım uçan boşqablarla əlaqəyə girir. Əgər dünyanın ən məşhur gopçuları arasında yarış keçirilsəydi, Baron Münhauzer Çinarın yanında qələt eləyərdi. Münhauzer yalnız goplayırdı, Çinar isə gopladığını başqa bir gopla isbat edirdi. Məsələn, deyirdi, Dıbış dayım yüzlük lampanın başını kəsib, içinə termometrin civəsini töküb, antenanın başına qoşub, uçan boşqabların danışıqlarına qulaq asıb, yadplanetlilər bunu bilib, içlərində bizim dili bilən biri televizor vasitəsilə dayımla danışığa girib. Sonra gecə vaxtı “Aldrom” adlı yerdə Dıbış dayımı uçan boşqaba mindirib Amerikanı gəzdiriblər, səhərə yaxın gətirib kəndin “Qonaq evi”nin yanında düşürüblər. Dıbış dayım özüylə çoxlu aparat gətirib, amma gizli olduğuna görə heç kimə göstərmir.

Çinar dayısını dünya əhəmiyyətli adam kimi təqdim edirdi. Cincilim çox təəccüblənib bütün diqqətini ona yönəldirdi. Çinarı elə dinləyirdi, elə bil radio indicə kəşf olunub və qız həmin radioya qulaq asır. Belə səhnələri həzm edə bilmirdim. Deyirdim, kaş Dıbış mənim dayım olaydı. Ya da heç olmasa yadplanetlilər mənim də dayımı boşqaba mindirib aparaydı. Lap dayımı döyüb şil-küt etmələrinə də razı idim, təki Cincilimə bir maraqlı əhvalat danışaydım, o da Çinar kimi mənə də təəccüblənəydi. Çinarın söhbətlərinə görə dayımdan zəhləm gedirdi.

Nahara yaxın artırmada oynayır, söhbətləşirdik. Bu vaxtlar Könkanın anası işdən gəlir, uşaqlara nəsə bişirib geri qayıdırdı. Nahar vaxtı hamı öz evinə getməli idi. Dıbışın uşaqlarından başqa heç kim başqa birinin evində nahar etmirdi. Mən Könkanın anası gəlməmiş getməyi, nahardan sonra təkrar qayıtmağı təklif etsəm də, Çinar maraqlı oyunlardan ayrıla bilməyib yubandı. Könkanın anası məni artırmada görüb əsəbi halda dedi:

– Sən nə gəzirsən ə burda?! Dur, ya allah, evinizə! Bir də səni bu həndəvərdə görməyim!

Artırmaya sükut çökdü. Utandım. Qızardım. Dodağım büzülən kimi oldu. Uşaqlar da mənə görə dilxor oldular. Sakitcə oyuncaqlarımı yığıb, ayaqqabılarımı geyinəndə, qadın mənim eşidəcəyim səslə oğlu Tosuya irad tutdu:

– Sənə deməmişəm, onu evə gətirmə?!
– Mən neyləyim, özü gəldi.
– Gələndə buraxma evə. Sən imkan verməsən, o burda sümsünməz.

Çinara isə heç nə deyilmədi.

Mən çıxdım və bir daha o evə getmədim.

Çınar beş dəqiqə sonra dalımca çıxdı. O da uzun müddət onlara getmədi. Adətən oğru uşaqları evə buraxmırdılar. Mən oğru deyildim.

Hələ əsil səbəbi bilmirdim.

Ertəsi gün Könkagil tərəfə getmədik. Çox darıxırdım. Həm də qadının dedikləri təkrar-təkrar yadıma düşürdü. Qovulmağıma görə utanırdım. Cincilimə görə darıxırdım. Sevinib-gülə bilmirdim.

Növbəti gün onların qonşuluğunda, Dəllək Qəzənfərin həyətində xana-xana oyunu üçün cızıq çəkdik. Qəzənfərin oğlu Şıpı sinif yoldaşım idi. Bir yaş balaca bacısı Fatoş isə bacımla oxuyurdu. Biz nahara qədər onlarla birlikdə oynadıq. Könkagil bizi görürdü, biz də onları, amma yanımıza gəlmirdilər.

Nahardan sonra bacıma və Çinarın bacısına bizimlə oynamaları üçün “Bakuş” vəd etdim. Məqsədim Cincilimi Qəzənfərgilin həyətinə gətirmək idi. Çoxlu “Bakuş”, İran saqqızı və biskvit aldım. Qəzənfərin həyəti şurlanmışdı. Bacımla Çinarın bacısı Könkagilə getmək istədilər, qoymadıq. Biz onları axşama yaxın öz yanımıza gətirə bildik. “Bakuş” paylarını verəndən sonra oyun lap qızışdı. “Bənövşə” oynamaq üçün komandalar düzəlmişdi. Mən yaxşı bənövşə oynayırdım. Əl-ələ tutan uşaqları yaxşı ayıra bilirdim. Bu tərəfdən deyirdik: “Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə?” O yandan cavab verirdik: “Adı gözəl, özü gözəl Cincilim!” Hər dəfə ağ qıza görə cığallıq edirdim. Onun qalib gəlib sevinməsi üçün özüm məğlub olurdum. Onu sevinərkən görmək xoşuma gəlirdi. Əlini tutan komanda yoldaşından ayırıb onu öz komandamıza gətirirdim. Mən Cincilimin əlini ilk dəfə bənövşə oynayanda tutmuşdum.

Qızlar Könkanın anasının mənə etdiyindən utanırdılar.

Cincilim mənə dedi:

– Xalamın sözündən incimə. Tosuya acıqlanmışdı.

Tosu xalamı çox incidir.

– Bildim.

Cincilimin qardaşı Kənanla dostlaşdım. Onu ona görə çox istəyirdim ki, Cincilimin qardaşı idi. Birlikdə “Seqa” adlanan oyun zallarına gedirdik. Qızlar ora getmirdi. Ya- zılmayan qanun idi bu. Qızlara qadağa qoyulmamışdı, amma heç biri getməzdi. Kənan o oyunları xoşlayırdı. Bir dəfə mənə dedi:

– Mənim “Dendi” kompüterim var. “Super Mario”nun bütün səviyyələrini keçmişəm. Bakıda olsaydın, səni öyrədərdim.
– Xalamgil Bakıda olur. “Neftçilər”də. Bu qış gedəcəm onlara. Sizin eviniz hardadı?

– Biz “Əhmədli”də oluruq. “Qarmoşka” binada. “Ukraynski kuruq”a yaxın.
– Bəlkə, xalamgil yaxındır sizə. Məktəbinizin nömrəsi neçədir?
– 171. Hovuzu da var məktəbimizin.
– Sizin məhlədə kömpüter zalı var?
– Var. İki zal var.
– Bakıda “Bakuş” satırlar?
– Bizim blokun qabağında köşk var. Limonad da satırlar. Göy rəngli köşkdür. Bütün blokun uşaqları da ordan alır “Bakuş”u.

Bu söhbəti beynimə həkk elədim. “Əhmədli” metrosu, “Ukrayna dairəsi”, “Qarmoşka” bina, 171 saylı məktəb və göy köşk.

Beləcə həmin yayı Qəzənfərin həyətində başa vurduq. Cincilim və qardaşı dərs açılana yaxın getdilər. Özləriylə paytaxta bit də aparmışdılar.

O vaxtlar 4-cü sinif olmurdu. 3-dən birbaşa 5-ə “hoppanırdıq”. Bəs niyə 4-cü sinif olmurdu? Gec qavrayan uşaqlar sinifdə qalanda başqa uşaqlardan utanmasınlar deyə 4-cü sinifdə saxlayırdılar. Bu məsələ məktəblərə əlavə problem yaratdığından, heç bir məktəb gec qavrayan şagirdi olduğunu boynuna almırdı. Təhsil Nazirliyi gördü ki, ölkədə bir nəfər də zəif şagird qeydə alınmır, “hoppanma”nı ləğv etdi. Yeni islahat biz “hoppanandan” sonra baş vermişdi.

Dərs açıldı.

Sinfin ən savadsız uşağı mən idim. Oxumurdum. Böyüklərim də maraqlanmırdı. Müəllimlər isə yola verirdi. Yenə də bildiyim tək şey himnimizin sözləri və “Azərbaycan” şeiri idi. Birini Əhməd Cavad, digərini Səməd Vurğunun yazdığını da bilirdim.

Qış tətili başlayana yaxın Müjgan xalam anama sifariş yolladı ki, Ərəldən ötrü darıxıram, onu Bakıya yolla. Sevinirdim. Cincilim yaşayan şəhərə gedəcəkdim.



***

İlk dəfə “Ətağa” kəlməsini xalamgilin məhləsində eşitdim. Sən demə Ətağa da bakılıların Seyid Mircabbarı imiş. Bizim kəndin sakinləri Mircabbara and içdiyi kimi, bakılılar da Ətağaya and içirdilər. Biz “niyə” deyirdik, onlar “nöşün” deyirdilər. Biz Məhərrəmi qısaldıb Mosu deyirdik, onlar Maqa deyirdilər. Bizim böyük uşaqlar qəşəng qıza “matı” deyirdi, bunlar “maska” deyirdilər. Biz “nəongüz?” deyirdik, onlar “nə əcəb?” deyirdilər. Bir də onların uşaqları raqatka atmır, quşok, dirədöymə oynamırdılar. Bunun yerinə banka qapağına “zamaska” doldurub oyuncaq düzəldirdilər. Amma “Bənövşə” Bakıda da vardı. Üstəlik, “samakat” düzəldib sürürdülər. “Samakat”ı yoxuş aşağı sürəndə adam özünü xoşbəxt hiss edirdi.

Kirvəm mənə “samakat” düzəltdirmişdi.

Tarakan adlı iyrənc həşəratla da xalamgilin mətbəxində tanış oldum.

Məhlə uşaqlarına yad adam kimi görünməyim bir gün çəkdi. Tez dostlaşdıq. Kirvəmlə xalam məni metroya mindirib şəhər gəzintisinə aparanda ilk dəfə görüb möhtəşəmlik hiss etdiyim yeraltı dünyada kirvəmdən soruşdum:

– Fəzail əmi, Bakıda bir “Neftçilər” metrosu var?
– Hə. Var.
– Bəs Əhmədli?
– Əhmədli də var. Hardan tanıyırsan?
– Dostum var, kənddə deyirdi ki, Əhmədlidə qalırıq.
– Aramızda bir stansiya var: Xalqlar dostluğu. Sonra Əhmədlidir. Sonuncu stansiya...

Həmin axşam xalamgilin dəqiq ünvanını öyrənib kağıza yazdım və cibimə qoydum. Evdən gizlin Cincilimgilin məhləsinə getməyi düşünürdüm. Ünvanı azmaqdan qorxurdum deyə yazdım. Bəd ayaqda ya polisə, ya taksiyə göstərib gələrdim.

Gəzintidən qayıdanda metro ilə xalamgilin binası arasındakı məsafəni ölçdüm. Səhəri gün bir neçə dəfə xəlvət “Neftçilər” metrosuna gedib evə qayıtdım. Artıq metronun hansı başından çıxsam, evi tapa bilərdim. Bakıda da bir “Neftçilər” metrosu var idi, aza bilməzdim.

Ertəsi gün oynamaq adıyla həyətə düşüb birbaşa “Neftçilər”ə getdim. Polislər uşaq olduğuma görə saxlaya bilərdilər. Buna görə yaşlı bir qadının yanında onun nəvəsi görüntüsünü yaradıb platformaya qədər endim. “Əhmədli”yə gedən qatarı tapmaq çətin olmadı. Oradan çıxanda da başqa nənə tapdım. Qəzet köşkündə ləngidiyi üçün nənəni dəyişib yerin üstünə çıxdım. Həyəcanlı idim. İlk dəfəydi evdən qaçırdım. Söz soruşmaq üçün başqa bir kök nənə axtardım. Kök nənəni ona görə seçirdim ki, məni sorğu-suala tutsa, əlindən qaça bilim.


– “Ukrayna dairəsi” ha tərəfdədi?
– Bax oğlum, bu küçənin axırındadı.

“Sağ ol” demədim. Hələ ağlım o dərəcədə kəsmirdi. Küçəni qaçaraq axıra çatanda “Ukrayna dairəsi”ni gördüm. Təngnəfəsliyim keçənə qədər gözlədim. Belə vəziyyətdə kimdən söz soruşsam, məni sorğu-suala tutardı. Burda da kök nənə axtardım. Birincisi bilmədi. İkincisinə yaxınlaşdım:

– “Qarmoşka bina” hardadı? Əlini yoxuşa tərəf uzadıb dedi:
– Ordadı.

Sonra təəccüblə mənə baxıb soruşdu:
– Səni kim tək buraxıb?

– Nənəm orda məni gözləyir, – deyib göstərdiyi yerə tərəf tələsdim.

Bura niyə “Qarmoşka” deyildiyini görən kimi başa düşdüm. Binalar bir-birinin tinində tikildiyindən qarmonu xatırladırdı. Məhləyə girib blokların önündə göy köşkü axtarmağa başladım. Orta bir yerdəydi. Dəqiqləşdirmək üçün binaları axıra qədər yoxladım. Bircə göy köşk var idi. Həyətdəki uşaqların birindən Kənangilin mənzilini soruşdum. Göstərdi. Dördüncü mərtəbədə idi. Pəncərəyə dibçəkdə arxideya gülü qoymuşdular. Yaşıl pərdə evin içini gizlədirdi. Hər tərəfə qısa baxış keçirdim. Qorxurdum. İlk dəfəydi özbaşına belə iş tuturdum.

Ətrafa baxa-baxa geri qayıtdım. Metronun girişində özümə təzə nənə tapıb yerin altına girdim. “Neftçilər”dən çıxıb rahatlıqla xalamgilə getdim. Heç kim duyuq düşməmişdi. Fikirləşdim ki, hələ bir az da qala bilərmişəm.

Səhəri gün eyni qayda ilə Cincilimgilin bloklarının önünə qədər getdim. Bu dəfə dünənkindən daha təcrübəliydim. İçimdə xeyli rahatlıq var idi. Pəncərənin pərdəsi çəkilmişdi. Evdə idilər. İstədim evlərinə gedib Kənanı çağıram. Bəlkə, Cincilimi görmə şansı qazanardım. Amma bunu etsəm, səsi kəndə qədər gedib çıxardı və evdən qaçdığım məlum olardı. Bir az gözlədim. Nə Cincilimi, nə qardaşını görə bildim.

Xalamgilə qayıtdım. Yenə heç kim xəbər tutmamışdı. Növbəti gün nahardan sonra getdim. Köşkün yanında gözlərimi pərdəyə zillədim. Kimsə pəncərədən də olsa gözümə dəymədi. Bu dəfə əvvəlki günlərdəkindən daha çox qaldım. Heç kimi görməyib məyus-məyus geri qayıdanda sürprizlə qarşılaşdım: Cincilim anası və qardaşı ilə hardansa gəlirdi. Çox gözəl geyinmişdi. Çəhrayı palto, eyni rəngdə papaq, ağ şərf… Çiçək kimi görsənirdi. O elə bir uşaq idi ki, nə geyindirsən, yaraşırdı. Saçını daramasa, üzünü yumasa, yenə gözəl görünürdü. Anasına bənzəsə də, ondan daha gözəl idi.

Məni ilk Cincilim gördü. Sevincək gülümsünüb əl yellədi. Qardaşı da əl eləyib anasına nəsə dedi. Anası əvvəl mənə baxıb, gülümsünüb salam versə də, uşaqları kim olduğumu deyəndə siması dəyişdi. Məni diqqətlə süzdü. Yəqin halal əri olmuş atam Murtuzaya oxşatmağa çalışırdı. Mən də Cincilimlə onun oxşarlığını müşahidə edirdim. Atamın zövqü əla imiş. Qadın gözəl idi. Hündürə yaxın boyu, qabarıq sinəsi, ağ bənizi, ipək kimi saçı, dik qaməti… Bir sözlə cazibədar idi. Elə bil onu Xortdan Xuraman yox, Merlin Monro doğmuşdu. Deyəsən, o məni atama bənzətmirdi. Anamı heç vaxt görmədiyi üçün kimə bənzədiyimi ayırd edə bilmirdi. Amma qarşısında uşaq yox, Xocalı qatili dayanmışdı sanki. Mənə nifrətlə baxdı və uşaqlarının əlindən tutub bloka tərəf addımladı. Uşaqların hər ikisi çevrilib mənə baxdı.

Artırmadan qovulmağım və analarının indiki hal dəyişikliyi həm Cincilimdə, həm Kənanda, həm də məndə sual yaratmışdı. Axı niyə? Heç birimiz həqiqəti bilmirdik. Qadının qəzəbli baxışlarına baxmayaraq, sevincli idim – Cincilimi görmüşdüm!

Xalamgilə qayıdanda məhlədə hamı məni axtarırdı. Sən demə evdən çıxar-çıxmaz xalam arxamca düşüb ki, axşama nə xörəyi istədiyimi soruşsun, tapa bilməyib. Məhləni axtarıb, qonşulara hay salıb. Möhkəm qorxub. Hamını axtarışa cəlb eləsə də, hələlik polisə deməmişdi. Bütün məhlə məni axtarırdı. Arada xalamın ürəyi qısılıbmış. Təcili yardım gəlib. Məni görəndə dünyanın ən xoşbəxt insanına çevrildi. Qucaqlayıb öpsə də, evdə bərk danladı. Yalandan dedim, qonşu məhlədəydim. Oranı axtarıbmışlar.

Yox imişəm orda. Mən də qorxdum. Xalamdan üzr istəyib, bir daha özbaşına heç yerə getmədim.

Xalama o gərginliyi Cincilimə görə yaşatmışdım. Cincilimi görmək istəyi içimi alt-üst edirdi.

Beləcə maraqlı uşaqlığımı yaşamağa davam etdim.

9-cu sinfə gedirdik. Hələ də sinfin ən savadsız uşağı mən idim. Cincilimə qovuşmağın yolu ali məktəbdən keçirdi. Bunu dərk etdiyim üçün bu ildən oxumağa başladım. Heç kim mənə müxtəsər vurma düsturunu əzbərlədə bilməzdi. Cincilimə görə əzbərlədim. Nənəmə müəllim yanına hazırlığa getmək istədiyimi bildirdim. O pensiyasından pul ayırıb məni hazırlığa qoydu.

Məkdəbdə yuxarı sinif şagirdlərinin küyünə düşüb, qalın cildli “Xatirə dəftəri” tutmuşdum. Yaxın dostlara verirdim, özləri haqda yazır, sualları cavablandırırdılar. Məsələn, “Ən çox dinlədiyiniz müğənni kimdir?” sualının qarşısına Aygün Kazımovanın və ya başqa bir müğənninin adını yazırdılar. Çox vaxt şablon cavablar olurdu: “Yaşamaq istədiyiniz şəhər? – Şuşa. Dünyaya ikinci dəfə gəlsəydiniz, kimin ailəsində yaşamaq istərdiniz? – Öz ailəmdə. Böyüyəndə kim olmaq istərdiniz? – Hüquqşünas”. Qızlar isə ya həkim olmaq istəyirdi, ya da müəllim. Bütün oğlanlarin ən böyük arzusu isə hüquq fakültəsinə qəbul olmaq idi.

Bir gün Könka xatirə dəftərimi yazmaq üçün istədi. Biz artıq həqiqəti – düşmən olduğumuzu bilirdik. Böyüklərimizin yanında bir-birimizə salam vermirdik. Ancaq onlar olmayan yerdə Tosu və Könkayla başqaları kimi hal-xoş edirdik. Biz Tosuyla dost olmasaq da, düşmən də deyildik. Xatirə dəftərimi Könkaya verdim. Bir gün sonra yazıb özümə qaytardı. Qaytaranda öz xatirə dəftərini mənə verib dedi:

– Ərəl, diqqətlə oxu. Oxuyandan sonra mənimkini yaz.

– Oxuyacam.
– Əvvəl mən yazanı oxu, sonra mənim xatirə dəftərimi yaz.
– Yaxşı.

Evə gəlib nahar elədim.

Sonra başım elə qarışdı ki, xatirə dəftərini oxumaq yadımdan çıxdı. Səhər Könka məktəbdə məni tapıb soruşdu:

– Oxudun?
– Könka, Mircabbar ağanın cəddinə and olsun, dünən atam məni ora-bura yolladı, oxuya bilmədim.

Məyus halda dedi:

– Canın sağ olsun, Ərəl, amma bu gün mütləq oxu. Mənimkini də yaz. – paltarıma düşən ağ sapı laklı dırnaqlarıyla götürəndə əlavə etdi, – deyəsən, arxanca ağ qız düşüb… Belə bir inanc vardı: oğlanların üstündə hansı rəngdə sap vardı, ardınca o rəngə uyğun qız düşürdü.

Mən zarafata yozdum:
– Ağ qız neynir məni?
– Niyə? Məktəbdə səndən yaraşıqlı oğlan var?
– Aaaz, çox tərifləmə, gözə gələrəm.
– Düz deyirəm. Sən yaraşıqlısan. Bu gün dəftəri oxu.

Mənim xatirə dəftərimi də yaz.

– Yaxşı.

Könkanın xatirə dəftərimə yazdıqlarını oxuyanda təəccüb məni bürüdü. O “kimi istəyirsiniz?” sualına şeirlə cavab vermişdi. Şeirin son sətrində “baş hərfləri oxuyanda bilərsən” yazılmışdı. Baş hərflərdə isə “SƏNİ” sözü alınırdı. Xatirə dəftərlərində bu suala heç kim birbaşa cavab yazmırdı. Kimisi “yoxdur” yazır, kimisi istədiyinin baş hərfini qeyd edirdi. Nadir hallarda oğlanlar ad çəkirdi. Qızlar isə heç vaxt açıq mesaj vermirdi. Könka risk etmişdi. Bu dəftəri başqası da oxuya bilərdi. Lap qardaşı Tosunun əlinə keçərdi. Qıza problem yaranardı.

Digər iki cavabla da açıq mesaj vermişdi. “Ən çox xəyalınızda olan adam? – Ərəl, Xoşunuza gələn kişi adı? – Ərəl”.

Düşüncəmdə iki şey vardı. Könka ya məni ələ salır, ya da həqiqətən istəyir. Bundan sonra dəftərimi heç kimə verə bilməzdim. Oxunsa, mənim özümə də problem yaranardı.

Könkanın xatirə dəftərini yazmağa başladım. “Qəlbinizdəki kimdir?” sualında tərəddüd etdim. Axırda belə bir şey yazdım: “Qəlbimdə biri var, adını demək çətindir, baş hərfi C-dir”. “Qəlbim” boşdur yaza bilməzdim. Orada Könkanın xalası qızı vardı. Oxuya bilərdi nə vaxtsa. Adını birbaşa çəkməzdim. Dəftər əl-əl gəzəcəkdi. Həm də hələ Cincilim məsələni bilmirdi. Ən pisi, Könka bunu bilsə, məni Cincilimin gözündən salardı.

Xatirə dəftərində başqa bir bənd də diqqətimi çəkdi: “Bir azərbaycanlı qadınının adını yazın və niyə yazdığınızın səbəbini yazın”. Çox uşaq bu yerə aktrisa və ya müğənni adı yazırdı. Mən fərqli yazdım: “Nailə İslamzadə. Çünki o mənə birini xatırladır”.

Həqiqətən də Nailə xanımı görəndə Cincilimi xatırlayırdım. Onsuz da xəyalımdan çıxmırdı. Səhər-axşam mənimlə idi. Özüm istəmədən Cincilimi düşünürdüm. Nailə İslamzadəni görəndə isə onu daha dərindən hiss edirdim. Hamı Nailə xanımın anonsunun bitməsini gözləyirdi ki, verilişə baxsın, mən ona baxmaq üçün verilişin bitməsini gözləyirdim.

Könka göyçək qız idi. Lap Bakı qızları kimi... Cincilim olmasaydı, bəlkə də Könkanı istəyərdim. Bir şərtlə ki, Çinar Könkanı istəməyəydi. Çinar mənim qardaşağam – ən yaxın dostum idi. Qardaşağalığın belə bir yazılmamış qanunu vardı ki, qız birinci istəyənindir. Özü ikincini istəsə belə. Qızistəmədə, idmanda, qumarda güzəşt yoxdur, deyilsə də, qardaşağalıqda belədir. Ya qardaşağanla düşmən olmalısan, ya istəyindən vaz keçməlisən. Həm də Cincilim elə qəşəng qız idi ki, yüz Könkaya dəyişməzdim.

Bəli, Çinar Könkanı istəyirdi və dəftər onun əlinə keçə bilərdi. Həmin vərəqləri cırıb yandırmaq istədim. Yandırmadım. Özümə başqa xatirə dəftəri tutdum. Beləliklə, mənim iki xatirə dəftərim oldu.

9-cu sinfi bitirib yay tətilinə başlayanda, Cincilim kəndə gəlmədi. Xeyli darıxırdım. İyun ayı bitdi, görünmədi. Çinarla bacımı ayrı-ayrılıqda təlimatlandırıb kəşfiyyata göndərdim. Axı o nə vaxt gələcək? Ümumiyyətlə, gələcəkmi? Hər iki mənbə Cincilimin Könkanın ad gününə – iyulun 10-na kimi gələcəyini bildirdi. Ali məktəbə hazırlaşdığına görə kənddə az qalacaqdı.

İyulun 5-i Çinarla birlikdə bizim dənimizi üyütmək üçün dəyirmana getmişdik. Səhər növbəsindəydik. Tosu bizə dedi:


– Qaqa, imkan varsa, növbəmizi dəyişək. Qonağımız gələcək, ayın-oyun almalıyam.
– Dəyişək. Nə olar ki. Qonağınız kimdir, ay qaqa? Kə- nangil gəlir?
– Hə, qaqa.

Çinar necə sevindiyimi gördü.

Növbəmi dəyişən kimi Çinar dəni özü üyüdüb gətirməyə söz verdi. Şıpıyla kəndə qayıdıb hazırlaşmağa başladım. Qəzənfərə saçımı kəsdirib evə getdim. Çimib Şıpıgilə gəldim.

Çinar Qəzənfərin yanında bərbərlik öyrənirdi. Qəzənfər oğlu Şıpını da öyrədirdi. Çinar və Şıpı dəlləkliyi mənim başımda öyrənmişdilər. Çinar daha yaxşı işləyirdi.

Axşama yaxın Cincilim sarı Bakı taksisindən düşüb qohumları ilə görüşəndə Kənanla Tosu əşyaları artırmaya daşıyırdı.

Mən Şıpıgilin əncir ağaclarının yarpaqları arasından çəpərin o tərəfindəki dünyanın ən gözəl mənzərəsinə – artırmada görünən Cincilimə baxmağa başladım. O nə uşaq idi, nə böyük. Ağ şalvar, qısaqol ağ köynək geyinmişdi. Boynuna bənövşəyi yaylıq bağlamışdı. Mən nə bu günə qədər, nə bu gündən sonra belə gözəl qız görməmişdim. Görməyəcəkdim də! Qovulduğum artırmada dayanmışdı və qələm barmaqlarıyla sürahıdan tutub həyətə baxırdı. “Bənövşə” oynayanda tutduğum o əllər toppuşluğunu itirmiş, yerini incə, uzun barmaqlara vermişdi. Bütün diqqətim bu ilahi gözəllikdə idi. Qalan hər şey mənasızlaşmışdı. O məni dünyadan ayırmadı, dünyanı gözümdə dəyişdi. Mənə daha da doğmalaşdı. Ona ömrümün sonuna kimi beləcə baxardım, doymazdım. Cincilim cəhənnəmə də getsəydi, oranı gözəlləşdirərdi. Saçları gecə qarası, üzü su parıltısı, duruşu mələk heykəli kimiydi. Elə bil Puşkinin şeirlərinin içindən çıxıb gəlmişdi. Gülürdü. Birdən məni gördü. Bir-birimizə baxdıq. Gülüşü azca dəyişdi. Mənalandı. Bu gülüşü ancaq Nailə İslamzadədə görmüşdüm. Nailə xanım Cincilimi qəlbimə əzbərlədirdi. Şair kimi içim dolub-daşırdı.

Ağ biləkli qollarında can verərəm, Cincilim, tünd qəhvəyi gözlərinə baxa-baxa əzab çəkərəm.

Mum kimi əriyib ayaqların altına döşənərəm, Cincilim, yeridiyin yollarda dizin-dizin sürünərəm.

Huyundan-suyundan, möcüzəli yaranışından doymaram!

Kəndimizin qızlarından gözəlsən, Cincilim, Ukrayna qızlarından gözəlsən.

Biskvitdən, “Bakuş”dan, saqqızdan şirinsən. İçdiyin sularda həzz ala-ala boğularam.

Baxdığın hər yer vətənimdi, Cincilim. Boynundakı yaylığa dönərəm.

Bu dünya nə gözəl yer imiş, sən varsan deyə onu cənnətə dəyişmərəm.

Yeriyən Kəbəmsən, Cincilim, Quranımsan, Tövratım-san, İncilimsən, Cincilim.

Qarşında hər zaman günahkaram.

Bundan sonra Tanrıdan istədiyim tək arzusan.

Yox, yox, arzunu istəməyəcəm, tələb edəcəm, Cincilim. Mən Allahın başqa bəndələri kimi üzlü deyiləm ki, hər gün bir şey istəyəm. Cəmi bir arzum var, o da sənsən.

Doğrudan da Allahdan başqa şey istəməyə qorxurdum. Acığı tutar birdən, məni Cincilimdən ayırar, deyirdim. Razıyam, hər şeyimi alsın, onu mənə versin. Soğan-çörək və Cincilim. Heç soğan-çörək də istəmirəm. Ancaq Cincilim. Od, su, hava, torpaq və Cincilim. Bəlkə, heç bu, “düşmən” qızını düşünməyim? Yox, yox, mən istəsəm də, istəməsəm də, onu düşünürəm. Onu düşünə-düşünə yaşayıram. Ancaq yatanda – özüm özümdən ayrılanda ayrılıram ondan. Hamı bilməlidir ki, hər kəsdə bacara bilmədiyi istək ola bilir. Hamı hörmət etməlidir o istəyə...

Çinar, Şıpı və mən Şıpıgildə özümüz üçün iş tapıb guya işləməyə başladıq. Məqsədimiz mənim qızı tək tutmağım idi. Çinarla Şıpı bu işdə mənə kömək edəcəkdilər. Cincilim artırmada görünəndə dedim:

– Haydı, Şıpı, durun, əkilin burdan. Haydı-haydı! Bibi- min başını qatın.

Onlar yavaşca əkildilər. Mən artırmada duran Cincilimə baxdım. Dünənki kimi baxışmasaq da, bir neçə saniyə göz-gözə gəldik. Növbəti dəfə baxışanda gözümlə Şıpıgilin əl evinin yanını göstərdim. Belə tikililər kəndin çox evlərində vardı. Artıq əşyaları yığırdılar. Qız mənə əhəmiyyət vermədi. İçəri keçdi. Uşaqlar yanıma qayıtdı. Çinar dedi:

– Əlindən-götündən bir iş gəlmir, yalandan bizi günün altında qırırsan.

Şıpı dedi:

– Qaqa, məktub yaz. Mən dedim:
– Bu qız məktubluq deyil, özünü tək tutmalıyam. Siz heç kimə heç nə deməyin.

Bir az keçdi. Qız Könkayla birlikdə artırmada göründü. Onlar söhbət edir, hərdən də bizə baxırdılar. Bu söhbətdə Könka mənə həyatının ən böyük yaxşılığını, özünə isə ən böyük pisliyini etdi. Söhbətləri belə olmuşdu.

– Cincilim, bu oğlanlar yadındadır?
– Hə. O gopçunun dostu bizə “Bakuş” alırdı.
– Hə. Elə içlərində ən mərifətlisi odur. Yaxşı oğlandır.
– Dünən mənə baxırdı.
– İstədiyi var.
– Kimdir?
– Bilmirəm. Xatirə dəftərimə yazıb ki, baş hərfi “C”- dir. Ya siniflərində Ceyran var, odur, ya da anasıgilin kəndindən kimsə... Anası buralı deyil, başqa kənddəndir. Hələ yazmışdı ki, o diktor var eee... Nailə İslamzadə, qız ona oxşayır. “O mənə birini xatırladır”, – yazmışdı. Neçə qız ölür bundan ötrü, heç birinə baxmır.

– “Kaçok”du bu?
– “Kaçok” nədi?
– İdmançı.
– Hə, turnikə-zada gedir.
– Xalam onu qovmuşdu evdən. Bir dəfə də Bakıda məhləmizdə gördüm.
– Xalası Bakıda olur. Yaraşıqlıdır?
– O birilərə baxanda bir az...
– Həm yaraşıqlıdır, həm də mədəni, sakit, ağıllı. Amma bizimkilərin bunlardan xoşu gəlmir. Salam-sağ ol yoxdur. Deyəsən, babalarımız düşmən olub. Mamamın zəhləsi ge- dir bunlardan. Elə atamın da.

Könka uzaqdan mənə əl elədi. Əlimlə cavab verdim.

Şıpıyla, Çinar bunu görmədi.

Cincilim utanaraq Könkaya irad bildirdi:

– Dəlisən sən, Könka? Əl eləmə. Ayıbdır.
– Yaxşı oğlandır, gedib qoşulub zırramalara. Tək olsaydı söhbət edərdik. Yanındakılar süləkdir. O gopçu sinif yoldaşımdı. Məni istəyir. Söz göndərib zəhləmi tökür. O birini tanıyırsan da. Qonşunun oğlu. Sulağın biridir. Məktəbdə pilləkənin altında durub qızların yubkasının altına baxır.

Onlar səsli güldülər.
– Sənə baxıb heç?
– Cıraram onu. İt kimi qorxur məndən.
– Bayaq tək idi.
– Hansı?
– Ərəl. “Bakuş” alan oğlan.
– Cincilim, Ərəli görəndə birtəhər oluram. Elə yaxşı oğlandır.
– De də özünə.
– Xatirə dəftərinə yazdım. Əclaf cavabında “C” hərfi yazdı.
– İstədiyi var yəqin.
– Qələt eləyir. Mənə yüz oğlan söz göndərib, ona görə hamısına yox demişəm. Bu da göndərəcək. Vaxtı var. O gün bir qız anasını öpürdü. Yasda anasının əlindən qab-qaşığı alıb yuyurdu. Amma baş hərfi “C” deyildi.
– Anasını niyə öpürdü?
– Burda belə düşük bir adət var, hansı oğlandan xoşun gəlirsə, anasını öpürsən, anası bilir ki, oğlu onu öpən qızın qəlbindədir. Yəni öpən qız onun oğlunu istəyir. Xeyirdə-şərdə marçamarçdır.
– Sən də get öp.
– Bircə o qalıb. Anasına heç salam verməyə qoymurlar.

Xəlvət salam verirəm.

Doğrudan da biz uşaqlar böyüklərimiz olmayanda salamlaşıb görüşürdük, böyüklərimiz olanda isə yox. Bacımla məndən fərqli olaraq Tosuyla Könka bizimkilərə salam verirdi.

– Nə olub belə? Məhlədə mamam da onu görəndə üzü döndü.

– Babalarımız düşmən olub. Dəqiq bilmirəm. Amma öyrənəcəm.

Onlar artırmada söhbət edirdilər. Çinarla Şıpı yanımdaydı. Cincilimi tək tuta bilmirdim. Onun baxışıma reaksiya verməməsi, çəpərin yanına gəlməməsi məni narahat etmişdi. Həmin gün şam yeməyinə iştaham olmadı. Qanadı yolunmuş qaz kimi gəzdim. Gecə yatmazdan əvvəl çox götür–qoy elədim. Gəldiyi gün baxışmamız əla idi. Sonradan əhəmiyyət verməməsi məndə elə təəssürat yaratdı ki, artıq Könka məni istədiyini bildirib və o bu səbəbdən xalası qızına jest edərək məni güzəştə gedib. Hər şey başlamadan bitib. Nə olur-olsun, onu tək tutub istəyimi bildirməli idim. Amma necə? Bunu düşünüb hazırlaşırdım. Tək tutanda deyəcəyim sözləri götür-qoy edirdim. Ən böyük qorxum “yox” cavabı idi. Buna görə hələ istəyimi dilə gətirməməyə qərar verdim. Daha doğrusu, “yox” cavabı alma qorxum istəyimi deməyə mane oldu. Riskə gedə bilməzdim.

Bazar günü yenə Şıpıgildə bərqərar idim. Çinar nobata getmişdi. Şıpı isə mənimlə idi. Könkanın ata-anası evdə idi. Tosu da haradasa veyillənirdi. Belə vaxtda onların gözünə görünməyim yaxşı hal deyildi. Könkanın atası Şaiq Harami tülküsüydü, o saat şübhələnərdi məndən. Cincilimə görə çəpər dibində bitdiyimi bilərdi. Düzdür, Qəzənfər və Məlahətdən başqa heç kim mənim burda durmağıma qadağa qoya bilməzdi. Amma hər ehtimala qarşı ehtiyatlı davranmaq istəyirdim.

Günortadan az keçmiş Şıpını kəşfiyyata göndərdim. İlk dəfə məni yarıtdı – xoş xəbərlə qayıtdı:

– Qaqa, Şaiqlə Gülər rayona getdilər. Tosu da yoxdu.

Qızlar ikisi qalıb evdə.

Tez çəpərdə göründüm. Qızlar artırmaya çıxdılar. Şıpını həyətdən yollayıb tək qaldım. Qızlara baxıb gülümsədim. Az keçmiş onlar həyətə endilər. Bir az ağacların arasında gəzişdikdən sonra çəpərin dibində onları haqladım. Əlimdə bel guya iş görürdüm. İlk salam verən Könka oldu:

– Ərəl, nə təhərsən?
– Çox sağ ol, Könka, sən nə təhərsən? – üzümü Cinci- limə tutub başımla salam verdim. O ciddi sima ilə salamımı aldı.
– Dostun hanı?
– Nobata gedib.
– Bunlarda xeyir ola?
– Şıpıya həyət işlərində kömək edirəm. Sonra da bizim həyətdə işləyəcəyik. Şıpı lobyalıqda ac-susuz qırır bizi.
– Acsansa, bir şey gətirim...
– Yox. Narahat olma. Zarafatla dedim.

Cincilim mənə dedi:

– İstəyirsiz, sizə buterbrod gətirim?

Şəhər qızı olduğuna görə mənə “siz” deyə müraciət edirdi. Sanki əl-ələ tutub “Bənövşə” oynadığım qız deyildi. Böyümüşdü. Amma yenə şirin idi.
– Yox, aclığım yoxdur.

Mənə qulaq asmayıb buterbrod gətirməyə tələsdi, Könkayla ikilikdə qaldıq.

– Ərəl, neçə gündür xalam qızına səndən danışıram.
– Nə danışırsan?
– Deyirəm, yaxşı oğlandı, amma açığını deyim, o tər- biyəsiz gədələr sənə yaraşmır.
– Onlar dostlarımdır axı.
– Nə olsun? Bir xahiş etmək istəyirəm səndən.
– Buyur.
– Mamanı öpmək istəyirəm, icazə verirsən?

Nə deyəcəyimi bilmədim. Bir az da özümü itirən kimi oldum. Könkayla münasibətimi korlaya bilməzdim. Cincilimi itirə bilərdim. “Öp” də deyə bilməzdim. Onda da Cincilimi itirirdim.

– Könka, Tosu hardadı?
– Ceyhunun ciyəraxşamına kömək etməyə gedib... Hə, nə deyirsən, Gülüş xalanı öpüm?
– Könka, anamla salamlaş hələ, sonra öpərsən.
– Mən salam verirəm. Çox istəyirəm Gülüş xalanı. Bi- lirsən, niyə çox istəyirəm onu?
– Niyə?
– Anan sənə oxşayır.
– Mən ona oxşayıram. O məni doğub, mən onu yox.
– Maman gözəldi. Çox gözəldi.
– Çox sağol, Könka, sənin maman da yaxşı adamdı. Cincilim bizə yaxınlaşıb, arasına kolbasa və göyərti qoyulmuş çörəyi mənə uzatdı.
– Bəs buterbrot hanı? – mən dedim. Cincilim:
– Buterbrod budur da.
– Siz buna buterbrod deyirsiz?
– Aha.
– Bizdə buna kolbasa-çörək deyirlər. Könka güldü:
– Mamam çörəkarası deyir.

Buterbrodu alıb dişlədim. Onu mənə düşmənimizin qızı Cincilim vermişdi. Şüurlu həyatımda ilk dəfə idi düşmənimin əlindən çörək alıb yeyirdim. Cincilimin barmaqları dəymişdi çörəyə. O qızı çox istəyirdim. İstəmədən onu düşünürdüm. Nailə İslamzadəyə bu qıza görə baxırdım. Nailə İslamzadənin məzuniyyətdə olduğu vaxtı bilən tək kənd sakini mən idim.

Cincilim - Qanun.Az | Kitablar | Ədəbiyyat

# 433 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər