“Arvadını qumara qoy!” – "Tavan" borcunun dəhşətli sonu

“Arvadını qumara qoy!” – "Tavan" borcunun dəhşətli sonu
14 fevral 2026
# 10:00

Kulis.az Bəhruz Tağızadənin "Cincilim" romanının səkkizinci hissəsini təqdim edir.

Yeddinci hissə burada

Açılışda uşaqlar yaxşı iştirak etdilər. Əhatəm varlı adamlardan ibarət idi. Ətrafında hamı zəngindirsə və sən kasıbsansa, demək, ən aciz adamsan. Zənginlərdən yaxşı mənada istifadə etmək lazımdır. Nazir oğlu tələbə yoldaşım “üç paçka şirvan” hesab ödəmişdi. Yazığın yediyi “şirvan yarımlıq” ərzaq olardı, ya olmazdı. “Çox sağ ol” əvəzinə, “Verməlisən də, cındır oğlu, cındır, dədən ölkəni çapıbtalayır”, – demişdim. Düzdür, uşaqlar da mənim atama söydülər, amma onların sayəsində açılış günü xeyli gəlirim oldu və mən təntimədən başqa işçilər də götürə bildim. Açılışda iki ofisiantım vardısa, dərhal üçünü də əlavə götürdüm. Əmək haqqından əlavə “çayavoy” da onlara qalırdı. Bir neçə ay sonra sifariş xidməti də yaradıb kuryerlər götürdüm.

Türk mətbəxinə üstünlük verirdim. Müştəri xörəklərə baxıb seçim edirdi. Pizza da verirdik. Restoran universal formada tikilmişdi. Zirzəmisini sulu qəlyan, çaypivə üçün nəzərdə tutdum. Orta mərtəbədə kiçik tədbirlər üçün banket zalı, üst mərtəbədə kafeyeməkxana... Arxa tərəfdən həyəti yay çayxanası edəcəkdim. Ağıllı aşpazım səhərlər xaş da verməyimizi təklif etmişdi.

Mən bu işi quranda hələ 16 yaşımın tamam olmasına bir ay qalırdı. Şah İsmayıl Xətainin 16 yaşında imperiya qurmasına inanardım, 13 yaşında əsla. Onun mütləq mənim aşpazım kimi ağıllı köməkçisi varmış.

Bütün xərclərimi çıxmaqla aylıq qazancım 5 min dolları ötürdü. Qısa müddətdə gəlirim bir az da artdı. Asifə hər ay 2 min dollar icarə haqqı ödəyirdim. Xalamın əri ixtisara düşüb işini itirmişdi. Vəziyyətləri ağırlaşmışdı. Evlərinə ərzağı mən alırdım. Xeyli borca düşmüşdülər. Kirvəmi administrator, xalamı salat ustası kimi işə götürdüm. Aşpazla gündəlik 30 “şirvan”a razılaşsaq da, həmişə artıq pul ödəyirdim. Bütün işçilərlə Yusifin adına əmək müqaviləsi bağlayıb, vergi işlərini də qaydaya saldım. Tam qanuni işləsəm də, gələn işıq, qaz və su idarəsi əməkdaşlarının, vergi işçilərinin, sahə müvəkkilinin və digər qurumların nümayəndələrinin “hörmət”lərini edirdim. Məsələn, asayişimi qoruduğuna görə sahə müvəkkilindən nahar pulu almırdım. Aşpaz işçilərin yanında mənə müəllim deyə müraciət etdiyindən o biri işçilər də elə deyirdi. Xalam və ərindən başqa hamı... O vaxtlar hələ mənim səs vermək hüququm yox idi.

İlk semestr başa çatdı. Yeni il və Cincilimlə mənim ad günüm yaxınlaşırdı. “Stellaria”da özümüzə ad günü keçirməyi planlasam da, Cincilim ailəvi harasa gedəcəklərini söylədi. Yeni il ərəfəsində orta zalda növbə yarandı. Dekabrın 25dən yanvarın 10a qədər sifarişlər mənə xeyli pul qazandırdı. İşi kirvəmə və aşpaza tapşırıb bir neçə günlük kəndə getdim.

Kəndə girəndə adamlar və malqara gözümə az dəydi. Yas yerlərinin izdihamı azalmışdı. Naxırı kəndi toza basan inəklər elə bil küsüb getmişdi. İnsanlar sürətlə hər şeylərini satıb şəhərə üz tuturdular. Əvvəllər kimsə Bakıya gedəndə bütün kənd bilirdi, indi ailələr biribirindən xəbərsiz köçüb gedirdi. Şəhərə gedibgəlmək isə rayon bazarına dəyibqayıtmağa bənzəyirdi. Paytaxt əlçatmazlığını itirib qapılarını müxtəlif insanların üzünə səxavətlə açmışdı. Kənddə kimi soruşdumsa, dedilər Bakıdadır. Bərbər Qəzənfər deyirdi, saçını düzəltməyə adam qalmayıb. Qalan da nisyə iş gördürür, yaxud pul əvəzinə toyuq, yumurta verir.

Bələdiyyələr torpaqları satıbsovmuş, bir qrup adam varlanmışdı. Camaatın çoxu qaloş almağa pul tapmırdı. Ən pis dolanan ailə yenə Dıbışgil idi. Artıq kiminsə əvəzinə pul alıb naxıra getmirdilər, çünki nobat kəlməsi arxaik sözə çevrilmişdi, hərə öz başını birtəhər girələyirdi. Mosu əsgərliyə getmişdi, yanına getməyə pul tapmırdılar. Elə bil monqoltatar ordusu kəndə hücum etmiş, adamlarını qılıncdan keçirib getmişdi. Kənddə taun pandemiyasından sonrakı bir dəhşət hökm sürürdü. Adamlar birbiri ilə zarafat da etmirdilər. Hamı başını aşağı salıb yalnız qidalanmaq haqqında düşünürdü. İkinci dünya müharibəsində vuruşmuş döşü nişanlı üç papaq qoyan kişi qalmışdı. Onların da hökmü keçmirdi. Bələdiyyə üzvlərinə irad tutanda cavabları bu olurdu: “Biriki il ömrünüz qalıb, demaqoqluq eləməyin!”
Ən pisi, növbəti bələdiyyə özündən əvvəlkinin atasına rəhmət oxutdururdu.

Evimizdə isə tam bir xarabazar gördüm. İsmayıl kişinin topdağıtmaz yurdunu kolkos necə basmışdısa, insan ayağı dəyməyən yerləri xatırladırdı. Mən gedəndən həyətdə bir şitil də əkilməmişdi. Nənəm günbəgün qocalıb hökmünü itirmiş, sayılmayan fəhmsiz, taqətsiz ahıla dönmüşdü. Eveşiklə yox, öz canı ilə əlləşirdi. Atam ona yalnız ağrıkəsici dərmanlar alırdı.

Mən atamı tanıdıqca ona nifrət etməyə başlamışdım. O öz doğma anasını müalicəyə aparmırdı. Cəmi bir sağmal yanında əkiz buzovları ilə gözümə dəydi. Qalanları ilə heç maraqlanmadım. Babamın qardaşının fermasındakı qoyunquzu da satılmışdı. Bəhanəsi də vardı: otlaq yoxdur. Əkin də suya görə əkilmirdi. Kanal gəlmirdi. Biçinə isə texnika çatmırdı. Nəyi soruşurdun, yanında əsaslı səbəbi və ya bəhanəsi vardı. Kimin evində pensiya alan vardısa, çulunu birtəhər sudan çıxarırdı. Halbuki əvvəllər həmişə cavanlar yaşlıları saxlayırdı.

Hamı kənddən getməyə bəhanə axtarırdı. Qızlar kəndimizdə təzə yerləşmiş hərbi hissənin əsgər, gizir və zabitlərinə istəmədən qoşulub qaçır, əslində baş götürüb gedirdilər. Anamın əynibaşı çirkli və nimdaş idi, dişləri bir az da mırıqlamışdı. Bacım xalam qızlarının köhnə paltarlarını geyinirdi. İkilikdə qalanda ona dedim:

– Bu nə gün-güzərandır? Niyə ev-eşik bu abırdadır?
– Acından ölürük. İtə də bir əppək borcumuz var. Artıq dükanlar bizə nisyə heç nə vermir.
– Niyə?
– Atam sağmalları da, anamın qır-qızılını da satdı ki, iş quracaq, o da alınmadı, pul da xərcləndi getdi.
– Nə iş?
– Kooperativ açacaqdı guya.

Əslində, pullar xərclənməmişdi, naməlum yerdə yoxa çıxmışdı. Sən demə, hələ İsmayıl babamın sağlığında atam qumara dadanıbmış. Bunu kənd camaatından və evdən ustalıqla gizlədib. Hər dəfə uduzanda sağmallar birbir yoxa çıxırmış. Qumar borcu “tavan” qumarbazlar arasında namus borcu sayılırdı. Dövlətə borcunu səbəb gətirib gecikdirə bilərdin, “tavan”ı əsla. Yoxsa səni sındırardılar. Qumar borcu bir halda bağışlana bilərdi: uduzan ölsəydi və ya intihar etsəydi. Tavanı çökmüş birinə arvadını qumara qoyma təklif olunurdu. Kişi öz anasını, bacısını və ya qızını deyil, ancaq arvadını qumara qoya bilərdi. Lakin bu məcburi deyildi. Başqa variant tapmaq imkanı vardı. İçkili halda atılan addımı ayılandan sonra geri götürə bilməzdin. Uduzduğunu verməlisən.

Kim olur, olsun! Nə olur, olsun!

Atam əvvəl kiçik çevrələrdə oynayırmış. Gah udurmuş, gah uduzurmuş, ona görə çox bilinmirmiş. İndi maddi imkanına uyğun gəlməyən varlıların çevrəsinə düşmüşdü. Güleyşə nənəm sağkən Əhəd babamı qınayırdı: “Qızları fərsiz oğlanlara verib bədbəxt elədi, bircə Müjgan ağıllı çıxdı, qoşuldu qaçdı”.

Danışadanışa fikrini bir az da konkretləşdirirdi:

“Gül kimi qızım işsizgücsüz Murtuzanın tayı deyildi. Cinni Cəlil ölürdü Gülüşdən ötrü. Vermədi, dedi, demaqoq Əlövsətin oğlu ilə bizimki tutmaz. Qapıdan qovdu elçilərini. İndi Cinni Cəlil kəndin yarsını alıb. Dubaydan vurur, Türkiyədən çıxır”.

Bəli, anamı qız vaxtı Cinni Cəlil də istəyirmiş və atam bunu biləbilə onunla qumar oynayır. Cəlil də atamı ustalıqla kəməndə salır. Əvvələvvəl ona uduzur. Şirnikləndirir. Yeyibiçməyə aparır. Gənc vaxtında istədiyi, hələ də ürəyindən çıxartmadığı Gülüşə yaxın olmaq üçün onun əri ilə dostluq edir. Nifrət etdiyi insanı evinə aparır ki, atam da onu aparsın. Ancaq atam bunu etmir. Cəlil isə məqsədinin ardınca səbir və ustalıqla addımlayır.

Kənd bərbərxanasında azmaz vaxt keçirib, həyətbacanı təmizləmək üçün fəhlə axtardım. Dedilər, hərbi hissə komandirinin “hörmət”ini elə, sənə əsgər versin, ikiüç saata həyəti sahmana salsınlar.
Əvvəlcə nənəmi Şıpının maşını ilə həkimə aparıb dadərmanını aldım. Evdə dişə vurmağa ərzaq yox idi. Rayon mərkəzindən xeyli bazarlıq edib evə qayıtdım. Səhəri babamın qəbrinin üstünə gedib yasin borcunu qaytarmalı idim. Molla danışmağa getdim. Nənəm qəbir üstünə onu da aparmağımı istədi. Nəhayət mən, nənəm, Şıpı və molla qəbiristanlığa yollandıq. Molla deyirdi, yasin oxunanda mərhumun cənnətdəki məqamı yüksəlir. Şübhəsiz, əgər cənnətdədirsə. Yox, əgər cəhənnəmdədirsə, yasin müddətində əzab görməyib cəhənnəmdə dincəlir, üstünə su səpilir. Mən babamın cənnətdəki məqamını yüksəltməyə gedirdim.

Molladan bir hədis də eşitmişdim: guya ölülər hələ cənnətcəhənnəmə getmir, qəbirdə İsrafil adlı mələyin tütək çalmasını gözləyir. Tütək çalınanda dirilib haqqhesaba gedirlər. Mollanın birinci dediyi ilə ikinci dediyi birbirini tutmurdu. İkinci hədisə inansaq, mən yasin oxuduram, babam isə hələ İsrafili gözləyir, bəs cənnətdə olmayan məqamı necə yüksəlir? Amma molla ilə mübahisə etmədim.
Babamın qəbri quş zibili və otalaqla örtülmüşdü. Adam baxanda ağlamağı gəlirdi. Nə oğlu, nə qızı gəlib buranı təmizləməmişdi.

Şəhidlərə də yasin oxutdurub mollanı Şıpı ilə yola saldım. Dedim, qayıdanda vedrə, bel, silgəc və qab şampunu gətirsin. Nənəm, mən və babam başbaşa qalmışdıq. Nənəm ağı deyədeyə ağlamağa başladı: “Öz evimdə qərib olmuşam, ay İsmayıl. Mənə tikdiyin imarət xaraba qalıb, ay İsmayıl. Yiyəsiz qalmışam, ay İsmayıl. Hardasan, ay İsmayıl?! Məni kimə tapşırıb getdin, ay İsmayıl?! Oğlum – qızım saymır məni, ay İsmayıl. Gəlinim kaftar deyir mənə, ay İsmayıl...”

Nənəm hər şeyi düz deyirdi. Mən də onun ağısına qoşulub ağlamağa başladım.

Şıpı sürprizlə qayıtdı. Könka ilə Matdılını da özü ilə gətirmişdi. Ürəyimdə dedim, qanımın qara vaxtı bu ipləmə hardan çıxdı. Könka hələ Bakıdaykən xəbər tutub ki, kənddəyəm, özünü yetirib. Tək tutmaq üçün başlayıb məni soraqlayıbizlətməyə. Şıpı mağazadan qab şampunu alanda məni soruşub, yerimi öyrənib, maşına tək minməmək üçün Matdılını da götürüb, guya şəhid əmisinin ziyarətinə gəlib. Könkanın mənə məktub yazdığından Şıpının da xəbəri varmış. Xalam məktubu anama oxuyub mənə verəndən sonra anam mövzunu atama danışıbmış. Atam bibimə, bibim isə yaxşıca redaktə və əlavələrlə camaata çatdırıb. Kənd əhlinin son sözü bu olub: “Xortdan Xuramanın nəvələri Murtuzanın gədəsindən ötrü birbirini qırır”.

Könka heç kimə aman vermədən babamın qəbrini yuyubsilməyə başladı. Biz Şıpıyla otalağı təmizlədik. Könka elə canidildən işlədi, təmizkar nənəmin də ürəyinə yatdı.

O, güclə qalxıb babamın baş daşındakı şəkli öpəndə hamımız qımışdıq. Şıpı lap pıqqıldadı. O halal ərinin, qoynuna girdiyi tək kişinin şəklini öpürdü. Bu bizə gülməli gəlirdi. Nənəm babam üçün mütləq bir iş görməli idi, gördü də.

Qəbrin dib tərəfini dəsmalıyla sildi. Matdılı Könkanın öyrətməsi ilə Şıpıdan Mircabbar ağanın qəbrinin yerini soruşdu. Onlar gedəndə nənəm Könkaya dedi:

– Əziyyət çəkdin, qızım. Təmizkar qızsan. Səni xoşbəxt ol.
– Al nəvənə, xoşbəxt olum! Nənəm çaşbaş qaldı:
– Hansı nəvəmə?
Könka əliylə məni göstərdi:
– Bu de ha, bu vurğunvurmuşa!
– İstəyir səni?
Mən müdaxilə etdim:
– Ay nənə, zarafat eləyir.
– Zarafatzad eləmirəm. Al məni. Hər gün nənənin qulluğunda durum.

Nənəmi öpdü. Nənəm bizdən dörd dəfə çox yaşasa da, vəziyyətdən ağlı bir şey kəsmədi. Könka isə məni yenə təkliyə çəkə bildi; şəhidlərin dəfn olunduğu yerə gedib məzarlarını təmizləməyi xahiş etdi. Bu xahişə heç kim yox deyə bilməzdi.

Vedrəni krantdan doldurub canını mənim uğrumda qurban vermiş gənc məzarların hüzuruna getdim. Burda ikilikdə qaldıq. Sükutu mən pozdum:
– Allah rəhmət eləsin. Könka, Nahidlə Aydın yadına gəlir?
– Hə. Vüqarı lap yaxşı xatırlayıram. Mənə “Cücə” deyirdi. Bir də əmim. Mənə ən çox “Bakuş” alan o olub. Yuxuma girmişdi gecə. Ölməmişdən bir ay əvvəl məni qarnının üstündə oturdub qıdıqlayırdı, mən də şaqqanaq çəkib gülürdüm. Onu hamıdan çox istəyirdim. Kimi belə çox istəyirəmsə Allah əlimdən alır. Birini düşmən aldı, birini xalam qızı.
– Yenə o söhbət? Könka, qanım qaradır, bu mövzunu bağlayaq.
– Bəs nə vaxt açaq? Uşağam, deyirdin, böyüdün. – fasilə verib öpüşməyə hazırlaşan qadınlar kimi üzümə baxdı, – Eşitdim, eyni korpusda oxuyursunuz... Bilirsən, nəyə yanıram? Pozğunun bəxti necə gətirir!
– Cəmi iki dəfə təsadüfən görmüşəm. Xalan qızı özünü qoyub dağın başına. Heç adama salam da vermir. Sən Çinara nifrət etdiyin kimi, o da mənə nifrət edir. Kənddə çıxan sözsöhbətdən sonra lap zəhləsi gedir.
– Hə, guya danışmırsız da.
– Danışsam, deyərəm, danışıram.
– O qız abırsız qızdır. Bakıda yüz oğlanla sürtüşüb. Elələri yarıyır həmişə. Bir də gördün, hansısa nazirin oğlunu qapazladı. Sənnən də beləcə azarını öldürür. Sən ayılanda gec olacaq. Ona bacı deyirdim eee. Hər şeyimi aldı eee, o mənim. Onu bağışlamaram! O gün az qaldım, boğub öldürəm ifritəni. Söz soxur mənə ləçər.
Söz məni güldürdü.
– Nə sözü?
– Deyir, heyif deyil, oğlan istəklisinə görə yağışın altında islana, “uni”yə girə, hər addımını ona deyə... Guya sən “uni”yə bu zibilə görə girmisən.
– Bəs niyə salam vermir mənə?
Gözünü süzdürüb baxdı, heç nə demədi. – Bakıda onlara gedirsən heç?
– Hə. Mən xalamdan inciməmişəm ki. Onsuz da gectez qarmağa keçəcək. Elə xalam özü onu yolub yerə qoyacaq. Elədiyi qələti anlamır. Belə şeylər uzağı qırx gün çəkir. Sirrimi ona dediyim üçün özümü bağışlaya bilmirəm. Ərəl, nə edim ki, mənim olasan?
Mən susdum.
– Ə, vicdanın olsun, səni hamıdan əvvəl mən istəmişəm, – qəflətən hönkürdü, – səni məhlənin başında görəndə əriyirdim e, mən. Ərəl, bu şəhidlərin ruhuna and içib deyirəm, ayaqlarının altına döşənib qulunkölən olaram. İstəyirsən, hələ telefonda danışaq, birbirimizə öyrəşək. Hə? – susduğumu görüb ürəkləndi, – Bütün “uni” sürünür arxamca, amma mən and içmişəm, səndən başqa heç kimin qoynuna girmərəm. Heç olmasa, bu gecə xoşbəxt elə məni. Gecə saat birdə kanalın qırağına gəl. Astafın evinin arxasına...
– Yox, Könka, görən olar, adımıza söz çıxar.
– Çıxırçıxsın da. Mənim vecimə deyil.

Elə ağlayırdı, ona yazığım gəlirdi. Durmadan ağlayıbdanışdırdı. Sonra pozitiv notlara köklənib zarafata keçdi. Üstümdən sap götürmək bəhanəsi ilə qılığıma girib məni yenə gecə kanalın qırağına çağırdı.

Evə çatarçatmaz Cincilim ona aldığım gizli telefondan zəng etdi. Mən Könkayla bağlı baş verənlərin hamısını ona bildirdim. Qanı qaraldı və təkidlə dərhal Bakıya qayıtmağımı istədi.

Mən kənddən çıxana qədər dörd dəfə zəng vurdu. Əvvəlki vaxtlardan fərqli olaraq, anam xalama paypüş hazırlaya bilməmişdi. Daha doğrusu, buna imkan çatmamışdı. Mən öz pulumla xalamgilə anamın adından sovqat hazırlatdım. Buna görə kənddən bir az gec çıxdım.

Evi tərk edəndə bütün ailə üzvlərimin gözlərindən oxudum: “Daha işingücün var, pensiya kartını qaytar”. Kartı stolun üstünə qoyub, pin kodunu dedim. Sonra prezident təqaüdü kartımı anama verdim, dişlərini düzəltdirməyi və əyinbaş almağı tapşırdım. Adi tələbə təqaüdü kartımı da bacıma verib çıxdım.

Cincilimim əmri ilə gecə saat bir tamamda onların bloklarının önündən pəncərələrinə baxdım. Ani baxışıb birbirə gülümsədik. Mesaj yazdı: “Get dincəl. Gecən xeyrə qalsın. Eləcə səni görmək istəyirdim”.
Restorana gedib hər şəraiti olan otağımda dərin yuxuya getdim.

# 429 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər