Kulis.az Sabir Əhmədlinin "Paris hekayələri" silsiləsindən sonuncu - "Apatri" hekayəsini təqdim edir.
Bukinist əmi Sankt-Peterburqda "Müqəddəs qızlar" məktəbindən, Nərimanovla görüşdüyündən, o illərin adlı-sanlı adamları ilə tanışlığından söz açır, keçmişi həzin və kövrək duyğularla anırdı. Fağır adamdı. Onun köhnə kitablar satılan dükanı Senanın bir körpüsünün üstündə, ağacdan qayrılmış evcikdi. Oranı görməyənədək həmvətənlərinin Məhəmməd kişinin dükanı barədə təsəvvürləri ayrı cürdü.
Bukinist əminin mağazasını Parisin yar-yaraşıqlı, gözəl binalarında arayır, alışıb yanan reklamlarda soraqlayırdılar.
Yaşca Məhəmməd əmidən az kiçik olan ikinci şəxs Starsburq kollecinin professoru idi. Qıvraq, zirək, iti və cəsur baxışlı kişiyə qoca deməzdin. Əlli-altmış il bundan əvvəlki əqidəsi elə bil qurğuşundan tökülüb beyninə həkk olmuşdu.
İkinci gün Məhəmməd əmigil özləri ilə bir nəfər gətirdilər. Çənəsini bürümüş top, qısa, xurmayı saqqalı vardı. Qalın xurmayı bığları enib saqqalına qovuşmuşdu. Üzü tutqun, görünüşü qəmli idi. Göy gözləri quraqsımışdı. Boynu dərili, isti paltosunu və həmin dəridən tikilmiş moğol papağını çıxarıb dizinin üstünə atmışdı. Qəhvəyi məxmərdən pencək geymişdi. Enlikürək, möhkəm vücudlu adamdı. Bu, eşqlə, həvəslə qaynayan sağlamlığa az bənzəyirdi. Azərbaycandan gəlmiş adamların üz-gözünə baxır, danışıqlarını nisgillə, istiqanlılıqla dinləyirdi. Qonaqlar onun adını eşidib üzünü görmədiyi ölkədəndilər. Daha doğrusu, Vətəndən. Vətən - bu sözün arxasında nə dururdu? Bir kəlmə - dünyadakı bütün sirlərin sirri idi. Uşaq, böyüklərin dilindən eşitdiyi sözü necə təkrar edib höccələyirsə, onunçün də vətən beləcə anlaşılmaz, sehrli idi. Ara-sıra soruşulana cavab verir, qüssəli halda kürsüdə əyləşib dalğınlaşırdı. Xudahafizləşib gedərkən rəssam duruxur, tanış olduğu adamlardan ayrılmaq istəmirdi. Şəhərə çıxmaqdansa, buradaca "Rezidens de Mareşo"nun dəhlizindəki küncdə, yastı-yapalaq kürsüdə susub qalmağı üstün sanırdı.
Bir axşam rəssam Məmmədsəlim Turan xanımını da gətirmişdi. Hər ikisi türk dilində asta, az qala pıçıltı ilə danışırdı. Xasiyyətcə, təbiətcə bir-birinə uyandılar. Xanımı kuzəçi idi. Parisdə onların ayrıca sərgisi açılırdı.
Məmmədsəlim bir qədər əzgin, yorğun görünürdü. Səbəbini söylədi. Onlar Mon Parnas səmtdə kirayədə yaşayırdılar. Onun bir mənzilini tutduğu ev sökülürdü. Həmin evi o, bütünlüklə almalı, ya da mənzildən çıxmalı idi. Hara? Bir neçə ilə ödəmək şərti ilə evi bütöv almaq barədə ağır müqavilə bağlamağa məcbur olmuşdu.
Onların övladı yoxdu. Diyar-diyar gəzərkən bir-birinə ömür yoldaşı, ata-ana, bacı-qardaş olmalıymışlar.
O, hədiyyələrə, siqaret qutularına və şirniyyata doymadan nəzər salır və bəxşişi ehtiyatla, həyəcanla ciblərinə yığırdı. Guya siqaretlər çəkilib qurtarmayacaqdı. Uzaq vətəndə bişirilmiş şirniyyat - paxlava da yeyilib tükənməyəcəkdi.
Onun qəlbində vətən yeri boşdu. O, boşluğu ömrü boyu doldurmağa səy göstərmiş, lakin səmərə verməmişdi.
Rəssam, anasının bətnindəykən Azərbaycandan çıxmışdı. Valideynlərinin özlərini bir parçası sandıqları torpağı görə bilməmişdi.
O, vətəndən gəlmiş insanlarla ömründə ilk dəfə görüşürdü.
Turistlər sabah Parisi tərk edəcəkdilər. Sonuncu axşam onlar mehmanxananın yaxınlığında Sanlazar vağzalı, Leninqrad küçəsi səmtdə xeyli gəzindilər. Konkord meydanında dolandılar. Bastiliyaya yanaşdılar. Heyf ki, Qavroşun və onun balaca sevgilisinin içində gizləndikləri fili görə bilmədilər. Onu kim görmüşdü?
Sarı çiçəklər təki sayrışan, çıraqban olmuş "Yelisey çöllərinə" çıxdılar. Parisin həlim, mülayim axşam nəfəsini dərib "Rezidens Mareşo"ya qayıtdılar. Astanaya ayaq basan təki şüşə qapılar öz-özünə yanlara çəkildi. Dəhlizdə yalnız küncdəki ayaqüstü torşer közərirdi. Döşəməni örtən fərşə boğuq şölə düşmüşdü. Burula-burula qalxan dəmir pilləkəndən o tərəf, adətən nahardan sonra, gəzintidən qayıdarkən toxtadıqları mizin ətrafı, kürsülər bomboşdu.
"Qırxayaq" asqıdan bəridə, masaya dirsəklənmiş adamı professor hamıdan əvvəl gördü.
O, xeyli vaxt beləcə əyləşib onları gözləyirmiş.
Ayağa qalxdı, əl verib görüşdü. Onun qısa, qonur saqqalından, göy gözlərindən, qəlbindən, canından buxar təki havalanan hərarət qalxdı, gülümsədi. Birinci görüşdən bu yana professorun könlündən nə qədər keçsə də, Turanla təklikdə əyləşib doyunca söhbətləşə bilməmişdi.
Alaqaranlıq guşədə gecədən keçənədək üz-üzə əyləşdilər. Turan bacılarından söhbət saldı. Onlardan soraq verdi. Ataları Türkiyədə, sonra Fransada işləmiş, qürbətdə vəfat etmişdi. Bacılarının biri Londonda, o biri Amerikada yaşayırdı.
Yumşaq pəyandazla örtülmüş pillələrdə ayaq səsləri yığışandan sonra qalxdılar. Şəffaf qapılar itaətlə aralandı. Onlar mehmanxananın qarşısından ötən Çili küçəsinə çıxdılar. Sağ tərəfdə Yelisey çöllərinin atəşfəşanlığı parlayır, qırmızı, yaşıl, göy, sarı işıq reklamları qatmaqarışıq rəqslər oynayırdı.
Çisələyirdi. Göydən enən sısqa çisək "Yelisey"i bürümüş işıq füsunkarlığına düşərək əlvan ilğım təki səyriyir, guya göydən rəngli yağış yağırdı.
Rəssam, professordan ayrılırdı. Professorun da köksü sözlə dolu olduğundan, qabarmışdı.
O, dedi:
- Əsərlərinizi hədiyyə kimi vətənə aparacayıq. Qismət olsa, özünüz də gələrsiniz, danışdığımız kimi. Biz bunun üçün necə lazımdı çalışacağıq.
Turanın don vurmuş almatək qızaran yanaqları nəmləmişdi. Bilmək olmurdu çiskindəndi, ya ağlayır.
O, danışmadan, dinmədən əl verib çəkildi.
- Sabah mən də Marselə uçuram - dedi. - Arkaşonda universitetin sifarişini yerinə yetirməliyəm.
O, Yelisey xiyabanının işıqları parlayan səmtə deyil, sönük küçəyə yeridi. Çiyinləri titrəyirdi. Sarsıntıdan qurtarmaq, bunu üzə verməmək üçün qaranlığa can atırdı.
Professor onu çağırdı. Məmmədsəlim dayandı, ağır-ağır çevrildi. Hər ikisi bir də yaxınlaşdılar. Qocaman professor özündən bir qarış hündür Turana çatıb durdu. Qalın paltoda, qalın geyimdə çətinliklə qalxan qollarını qovzadı və barmaqları ilə gözlərini sildi. Rica etdi:
- Sabah buraya gəl. Bizi yola salarsan.
- Vaxt olsa,gələrəm.
- Gəl. Bizimlə də aeroporta gedərsən.
Ertəsi gəldi. Turistlər iki həftədən bəri doğmaca ev təki alışdıqları kiçik və rahat mehmanxananı tərk edirdilər. Yaxınlaşanda iltifatla yol verən şüşə qapılar açılır, mehmanxananın xidmətçisi sarışın, qıvrım saçlı oğlan restoranda qulluq etdiyi təki burada da onları dostyana yola salır, çamadanları, çantaları bayıra çıxarırdı. Qonaqlar onların ixtiyarına verilmiş "Mersedes" avtobusuna qalxır, otaqlarda, fərş döşənmiş dəhlizdə "qırxayaq"da nəyi isə unutduqlarını düşünərək maşına əyləşirdilər.
Rəssam, professor və onun iki gənc dostu hamıdan sonra mindilər. Arxada əyləşib Turanın səliqə ilə kağıza büküb bağladığı şəkilləri böyürlərinə qoydular.
Professor rəssamla bir də görüşəcəyinə deyəsən inanmırdı. Ümidi, təsəllisi oturacaqlara söykədikləri şəkillərdi. Rəssamı üzünü görmədiyi Vətənlə bu əmanətlər, şəkillər görüşdürəcəkdi. Cod saqqallı, qalın bığlı, ala-göyümsov gözlü, yalman saçı boynuna, qulaqlarının üstünə tökülmüş, pəjmürdə bir adamın surəti gözünün qabağına gələndə və professor onunla görüşmək istəyi ilə alovlananda başçılıq etdiyi muzeyin bir otağına gedəcək, şəkillərin önündə dayanacaq və apatri rəssamla görüşəcəkdi. O, heç bir yeri vətən seçməmişdi.
"Pari lö Burje" limanının salonlarında hava yollarına qalxacaq və yer kürəsinin haralarına üz tutacaq, müxtəlif geyimli, cürbəcür görünüşlü çoxlu insan dolanırdı.
Uçanları qeydə almağa başlamışdılar. Bir də onda ayıldılar ki, rəssamın onlara bağışladığı şəkillər yoxdur. Professorun bənizi qaçdı, dodaqları təpidi. Dostların, yadların yan-yana, üst-üstə yığılmış şeylərini, çamadanları alt-üst eləmək, hərəsini bir yana tullamaq və şəkilləri tapmaq üçün vurnuxurdu. Hərəsi bir tərəfdən düşüb salonu axtarmağa başladılar.
Nəhayət, əvvəlcə dayandıqları yerdə, oturacağın yanında necə qoyub unutmuşdularsa, orada da tapdılar. İş onda deyildi ki, onlar nə isə itirmişdilər. Rəssamdan xəcalət çəkmişdilər. Buradaca, hələ ayrılmazdan onun ən əziz əmanət təki həmvətənlərinə göndərdiyi şəkillər unudulub gözdən yayınırsa, bəs sonrası, aqibəti necə olacaqdı?!
Sərnişinlər keçiddən o yana, yalnız uçanların buraxıldığı salona adladılar.
Rəssam bu yanda qaldı. Keçidin ağac sürahisinə dirsəklənib baxır, salonda axışan kütlənin içərisində tanış insanları itirməməyə çalışırdı.
Bir azdan səmaya qalxacaqdılar. Bir-birini çətinliklə tapır, baxışları üzülürdü.
- Adyö, Pari!
Muzey direktoru professor Parisi yaxşı görə bilməmişdi. Amma bu şəhər ona vətənsiz rəssamın nəmli gözlərində parlayan kədər işığı ilə çox yaxın, bəlkə, doğma idi.