Mayın 26-da Azərbaycan Milli Xalça Muzeyində “Zamanın ilmələri” adlı layihənin təqdimatı keçiriləcək.
Kulis.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbirdə Xalq rəssamı, görkəmli qrafika ustası, professor Arif Hüseynovun yeni layihə çərçivəsində yaratdığı əsərlərdən ibarət sərgi açılacaq.
Burada sənətkarın 2024-2025-ci illərdə çəkdiyi, mövzu baxımından biri digərini ardıcıl şəkildə tamamlayan, xalçanın yaranma mərhələlərini əks etdirən əsərləri nümayiş olunacaq.
Sərgidə yer alan əsərlər süni intellektin köməyi ilə canlandırılaraq süjet xəttinə uyğun hazırlanmış videoçarx vasitəsilə də təqdim olunacaq.
İlk dəfə təşkil olunan “Xalça necə yaranır?” ustad dərsində uşaqlar qoyunun qırxılması, yunun daranması, əyrilməsi, xalçanın toxunması kimi proseslərin şahidi və iştirakçısı olacaqlar.
Qeyd edək ki, sərgi və ustad dərsləri iyunun 26-dək davam edəcək.