“Xəzər” jurnalının yeni sayı çap olundu

“Xəzər”  jurnalının yeni sayı çap olundu
22 dekabr 2025
# 17:30

Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə Araşdırmaları Mərkəzinin mətbu orqanı olan ixtisaslaşmış “Xəzər” tərcümə və mədəniyyət jurnalının 2025-ci ilin son, birləşdirilmiş 3-4-cü sayı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalın “İlin nobelçisi” bölməsində bu ilin Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, macar yazıçı Laslo Krasnokorhayi ilə müsahibə, müəllifin “Uzaqbaşı Turində” essesi və “Akropolun zirvəsində” hekayəsi, “Şərq mədəniyyəti” bölməsində görkəmli türk yazıçı Əhməd Həmdi Tanpınarın “Beş şəhər” əsərinin Ərzurumla bağlı hissəsi (tərcümələr - Nəriman Əbdülrəhmanlı) yazıları yer alıb.

Oxucular “Avropa ədəbiyyatı” bölməsində Ədəbiyyat üzrə Nobel mükafatı laureatları, fransız yazıçı Andre Jidin “Pastoral simfoniya” romanı (tərcümə - Etimad Başkeçid), alman yazıçı Haynrix Bölün “Elza Baskolaytın ölümü”, eyni zamanda rus yazıçı Vasili Şukşinin Arsızlar hekayələri (tərcümələr – Muxtar Kazımoğlu), “Şimali Amerika ədəbiyyatı” bölməsində Amerika ədibləri Çarlz Bukovskinin şeirləri (tərcümə - Cavanşir Yusifli), Ursula Le Quinin “Professorun evləri” hekayəsi (tərcümə - Ofeliya Məmmədova), Tennesi Uilyamsın “Süfrədə qalan səhər yeməyi” pyesi (tərcümə - Yaşar), “Latın Amerikası ədəbiyyatı” bölməsində Kolumbiya yazıçısı Xuan Qabriel Vaskesin “Düşən əşyaların səsi” romanıbın davamı (tərcümə - Saday Budaqlı), Venesuela şairi Xorxe Rodriges Qomesin şeirləri (tərcümə - Mahir N. Qarayev) ilə tanış olacaqlar.

Jurnalın fəlsəfə, ədəbiyyat və tərcümə sənətinin tarixi və nəzəriyyəsi ilə bağlı bölmələrində də rəngarəng materiallar yer alıb. Oxuculara təqdim edilən “Karl Qustav Yanqın fikir dünyası”, “Terri İqltonun strukturizmi”, “Müqəddəs kitabların tərcümələri”, “İngilis və Azərbaycan siskurslarının tərcümədə adekvatlığı” məqalələri predmetlərə bir-birindən fərqli münasibəti əks etdirir.

Bu nömrədə görkəmli alim, nasir, dramaturq, dilçi və təşklatçı, Xalq yazıçısı Kamal Abdullanın anadan olmasının 75 illiyi Millət vəkili Fazil Mustafanın və akademik Muxtar Kazımoğlunun məqalələri ilə qeyd edilib. Eyni zamanda yazıçı “Redaksiyanın qonağı” rubrikasında əməkdaşların suallarını cavablandırıb.

Jurnalın bu sayı “Tələbə auditoriyası” (Nil Geymanın məzun nitqi), “Beynəlxalq tədbir” (Dil və tərcüməşünaslıq konfransı), “Müsahibə” (tərcüməçi Anar Rəhimovla söhbət), “Yaddaş” (İsmixan Rəhimovun 100 illiyi) və “Yeni nəşrlər” rubrikaları ilə də diqqət çəkir.

Xatırladaq ki, “Xəzər” tərcümə və mədəniyyət jurnalının məsləhətçisi Xalq yazıçısı, akademik Kamal Abdulla, redaktoru yazıçı-tərcüməçi Etimad Başkeçiddir. Dərginin yaradıcı heyətinə Saday Budaqlı, Mahir N. Qarayev, Nəriman Əbülrəhmanlı, Yaşar Əliyev, Salam Sarvan və Cavid Zeynallı daxildir, Beynəlxalq Şurasında isə Burak Eke (Türkiyə), Elizbar Cavelidze (Gürcüstan), Rolan Seysenbayev (Qazaxıstan), İsgəndər Pala (Türkiyə), Daniele Franzoni (İtaliya), Takayuki Murakami (Yaponiya), Ales Karlyukoviç (Belarus), Anna Maria Palomares (Venesuela), Afanasi Mamedov (Rusiya), Supiyanat Mamayeva (Dağıstan), Orxan Aras (Almaniya) təmsil olunur.

# 134 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər