Müğənnilərin efir hegomonluğu - Onlara nə vaxt qadağa qoyulacaq?

Müğənnilərin efir hegomonluğu - Onlara nə vaxt qadağa qoyulacaq?
23 fevral 2026
# 17:30

Kulis.az Lent.az-a istinadən Barış Harunun yeni yazısını təqdim edir.

Son günlər media və sosial mediada yenə də müğənnilərin hegomonluğu müzakirə mövzusudur. Bu dəfə şou proqramların aparıcıları da onlara qoşulub.

Qalmaqallar, əsasən, harda olur?

Müzakirələrdə iştirak edən xalq və əməkdar artistlər, tanınmış aparıcılar özəl televiziyalardakı şou verilişlərin bəziləri ilə bağlı düşünməyə çağırıblar. Onlar veriliş iştirakçılarının seçilməsi zamanı daha diqqətli olmağın vacibliyini vurğulayıblar. Bəzi “müğənnilərə” efir qadağasının qoyulmasını təklif ediblər. Bu təklifi efirdən aparıcı Tarix Əliyev də səsləndirib.

Çünki bu “müğənnilər” efir etikasını pozur, süni yaradılan bəsit qalmaqallarla, məişət söhbətləri ilə gündəmə gəlirlər, heç bir istedadı və savadı olmadıqları üçün şəxsi həyatları, apardıqları ər davaları, qeyri-etik davranışları, efirdə yıxılıb alt paltarlarını göstərmələri, həmkarlarına efir vasitəsilə hədə-qorxu gəlmələri ilə gündəmdə olurlar.

Bu cür qalmaqallara isə “Space” TV də yayımlanan Tarix (Tolik) Əliyevin “Tarixin bir günü”, ARB -də Yalçın Uğurun “Bir gün”, ATV-də Zaur Nəbioğlunun “Rəngarəng”, Kanal S- də Mikayıl Güləddinoğlunun “5 gün Mikayıl ilə” verilişlərində rast gəlmək mümkündür.

Bu verilişlərdə müğənnilər məişət söhbətləri, efirə, musiqiyə və mədəniyyətə heç bir aidiyyatı olmayan müzakirələr aparırlar. Maraqlıdır ki, əksərində süni qalmaqallar yaradılır. Əvvəlcədən ssenariləşdirilmiş səhnəciklər oynanılır. Məsələn, bir müddət əvvəl efirlərə bütün ailə üzvləri ilə qatılmağa adət eləmiş müğənni Təranə Qumral 18 yaşılı qızının efirdə yalandan nişanlanması səhnəsinin qurulduğunu, hətta veriliş üçün ona “yalançı nişanlı” tapıldığını etiraf etmişdi. Bir valideynin bu rəzalətə necə razı olması bir başqa mənəvi məsələdir. Amma verilişin bu cür saxta ssenarini özünə necə yaraşdırması da müzakirə edilməlidir. Yaxud da başqa bir xanım müğənni efirlərə “özü özünə gül göndərdiyini” etiraf etmişdi.

Həqiqət naminə demək lazımdır ki, ritorikası sərt olsa da müğənnilərin bu cür yalanlarını efirdə ifşa edən aparıcı Tarix Əliyevdir. O, bəzən hədə tonunda və emosional danışsa da, bu cür yalançı ssenariləri ifşa edir.

Digər aparıcılar isə bu cür saxta ssenarilərin qurulmasına və efirdə oynanılmasına şərait yaradır.

Şou verilişdə “ailə məclisi”

Şou verilişlərində müxtəlif ssenari və elementlərdən istifadə edilməsi yolveriləndir. Bu, adından da göründüyü kimi, şoudur. Müğəninin, elə verilişin aparıcısının da efirdə performans göstərməsində heç bir problem yoxdur. Lakin bu, heç bir halda efirdə özünə “pullu kişi tapmaq” üçün elanlar verilməsinə, dələduzluğun təbliğinə, nikahdankənar uşaq dünyaya gətirilməsinin təbliğinə, digərlərinin şərəf və ləyaqətinin alçaldılmasıına, başqalarının şəxsi ailə sirlərinin efirə daşınmasına, efirin bəzi müğənnilərin ailə yığıncağına çevrilməsinə şərait yaratmamalıdır.

Şou verilişlərdə son vaxtlar dəb halını alan məsələlərdən biri “ailəvi iştirakdır”. Məsələn, uzun illərdir ki, ailə məsələləri və qalmaqalları ilə gündəmdə olan Təranə Qumral və Musa Musayev cütlüyü hər dəfə yeni müğənni etdikləri qızları Qumralı, evdar qadın olan o biri qızları, hansı sənət sahibi olduğu bilinməyən kürəkənləri, hətta evdar qadın olan qudalarını belə efirə daşıyırlar. İş o yerə çatıb ki, Təranə Qumral efirdə ağlaşma məclisləri qurur, onu-bunu hədələyir, ailə tanışlarına “efirə çıxartmaq” sözü verir. Yaxşı, Təranə Qumralı başa düşdük, deyək ki, özü, əri və qızı müğənnidi. Bəs bunun evdar qızının, şəkilçəkən kürəkəninin, nə bilim evdar qadın olan qudasının efirdə nə işi var? Efir bu qədər əlçatan, bu qədər adi olmamalıdı axı.

Ya da dələduzluqla həbsdə olmuş, hələ də üzərində qətimkan tədbiri olan Rəqsənə və dəstəsi. Rəqsanəni qızları, oğlu (halbuki o uşaqdı, heç nə başa düşmür) anası, qardaşı, köhnə, təzə həyat yoldaşları, dayısı, əmisi efirdə nə gəzir? Mənə görə mesaj budur: “Vecinizə də almadan dələduzluq edə bilərsiniz, əgər dələduzluqla belə pul əldə etmisinizsə, nəsil-kökünüz sizi dəstəkləyəcək”. Rəqsanənin bütün ailəsini efirdə göstərməkdən başqa nə nəticə çıxaraq? Kimdir bu adamlar, hansı mədəniyyəti təmsil edirlər, hansı sənət yaradıblar, hansı əxlaq və etika nümayiş etdirirlər?

Bu müğənnilər qalmaqal yaradır

Məsələ ondadır ki, efirdə belə verilişlərin sayı cəmi bir neçədir. Onların efirə çıxartdıqları və qalmaqalla, biabirçı mövzularla gündəmdə qalan “müğənnilərin” də sayı elə bir neçə nəfərdir.

Məsələn, Vəfa Şərifova, Şəbnəm Tovuzlu, Şəbnəm Qəhrəmanova, Nəfəs, Nüşabə Musayeva, Ofelya Şabanova, Kəmalə Günəşli, Canana, Mənzurə Musayeva, Mətanət Əsədova, Arzuxanım, Mehriban Qənbərova, Kəmalə Nəsibova, Samirə Yusifova və dəstəsi, Təranə Qumral və dəstəsi, Rəqsanə və dəstəsi... Daha bir neçəsi isə hələ yeni başladığı üçün adlarını bilmədim. “Dırnaq ustası”, “Həci axtaran” kimi ayamalarla yadımızda qalıblar.

Azərbaycanda yüzlərlə sənət adamı var. Qalmaqal edən, məişət söhbətləri ilə bezdirən, ər davası aparan, efirdən pullu kişi axtarmaq üçün istifadə edən, özünü səsi ilə yox, bədən əzalarını nümayiş etdirməklə tanıdanlar isə göründüyü kimi, cəmi 10-15 nəfərdir. Bu adamlara konkret olaraq efir qadağası qoyulması artıq cəmiyyətdən səslənən çağırışdır. Çünki onlar heç bir halda mərkəzi efirlərə əli çatacaq statusa, savada, ən başlıcası isə mədəniyyətə malik deyillər. Bunu hər gün o efirlərdə özləri nümayiş etdirirlər. Axı onlar olmasa mədəniyyətimiz də, efirimiz də heç nə itirməyəcək. Əksinə, biz qazanacağıq, cəmiyyət qazanacaq.

Şou, yoxsa cinayət?

Şou verilişlər, klip saatları, mədəniyyət və polemik müzakirələr, hətta şou biznesin kluarlarındakı dedi-qodular maraqlıdır. Şou, mədəniyyət və incəsənət sahəsində həmişə qalmaqal və intriqalar mövcud olub, həmişə də olacaq. Rəqabət bəzən əndazəni aşan mübarizəyə də çevrilir. Bunun efirə daşınması da normaldır. Amma bizim adını çəkdiyimiz “müğənnilərin” efirdə və sosial şəbəkələrdə etdikləri qalmaqal, biznes rəqabəti, sənət mübarizəsi deyil. Bu, şəxsi intriqanın küçə səviyyəsində, bütün mənəvi və əxlaqi xətləri aşmaqla efirdə və sosial mediada aparılmasıdır. Söyüş, təhqir, şəxsi həyata müdaxilə, hədə, müəllif hüquqlarına hörmətsizlik-bunlar artıq şou deyil. Bunlar, cinayətdir!

Bizə cinayətdən uzaq şou-biznes lazımdır!

# 133 dəfə oxunub

Oxşar xəbərlər

“Cəlil İşığı”  monotamaşasının premyerası baş tutdu

“Cəlil İşığı” monotamaşasının premyerası baş tutdu

18:10 23 fevral 2026
Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur, araşdırma aparılır

Ramiz Əzizbəylinin kürəkəni dələduzluqda ittiham olunur, araşdırma aparılır

15:55 23 fevral 2026
Hitleri qəzəbləndirən dahi - Nasistlərin qadağan etdiyi yazıçı onlara necə ssenari yazdı?

Hitleri qəzəbləndirən dahi - Nasistlərin qadağan etdiyi yazıçı onlara necə ssenari yazdı?

15:00 23 fevral 2026
İncəsənət əsərlərinə görə əlavə dəyər vergisi alınmayacaq

İncəsənət əsərlərinə görə əlavə dəyər vergisi alınmayacaq

14:56 23 fevral 2026
Saleh Bağırov:  "Əxlaqsızlığı təbliğ etməkdə məqsədiniz nədir?"

Saleh Bağırov: "Əxlaqsızlığı təbliğ etməkdə məqsədiniz nədir?"

14:32 23 fevral 2026
“Simurq quşu”  tamaşası nümayiş olunacaq

“Simurq quşu” tamaşası nümayiş olunacaq

13:54 23 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər