Göyçaya nara gəlin – Anar Məcidzadənin şeirləri

Göyçaya nara gəlin – <span style="color:red;">Anar Məcidzadənin şeirləri
7 noyabr 2016
# 16:32

Kulis.az Anar Məcidzadənin yeni şeirlərini təqdim edir.

Nar bayramı

Müstəqil dövlətimin,

Yurdumun var bayramı.

Dünyaya səs salıbdır,

Göyçayın nar bayramı.

Dostlarım, qonaq gəlin,

Göyçayımda dincəlin.

Bağlarının barından,

Dadın şirin narından.

Nar hər dərdin əlacı,

Başında vardır tacı.

Yayılıbdır şöhrəti,

Əvəzsizdir qiyməti.

Doyulmaz olur dadı,

Quranda keçir adı.

Can dərmanı şirəsi,

Xeyirli hər dənəsi.

Əzizim, vara gəlin,

Bağlara bara gəlin.

Anar deyir payızda,

Göyçaya nara gəlin.

Ürəyində bitir məni

Ayrılığın dəmi soyuq,

Şaxta kimi kəsir məni.

Sənsizlik də sənin kimi,

Götürübdür əsir məni.

Ötüb keçir belə yaşım,

Neçə yazım, neçə qışım.

Dərdindən ağardı başım,

Həsrətin də didir məni.

Unutmaq da olmur daha,

Ümid qalıb tək Allaha.

Sən olduğun xoş sabaha,

Apar məni, ötür məni.

Belə saymış yəqin fələk,

Əsir soyuq, qara külək.

Unutmazdır səni ürək,

Gəl, eşqində itir məni.

Ürəyində bitir məni.

İndi yoxluğunla tək

Ay sevgilim, ay ömrüm,

Kaş ürəyim daşlaşa,

İndi yoxluğunla tək,

Ürək qalıb baş-başa.

Duyğularım sən oldun,

Sonsuz məhəbbət payım.

Səni sandım çiçəyim,

Göydə ulduzum, ayım.

Gülüm, qismət olmadın,

Seni sevən məcnuna.

Mən necə tab gətirim,

Söylə gülüm, bəs buna?

Bizi kimsə görəndə,

Cüt bəxtəvər sayırdı.

Üzü dönsün fələyin,

Heyf bizi ayırdı.

Nə qədər ki, həyat var,

Ürəyimdə yaşarsan.

Nə qədər sevir Anar,

Demək ki, səndə varsan.

Yağan yağışlar

Gəl, yağan yağışı bir qarşılayaq,

Baxaq, baxaq gülüm, yağan yağışa.

Hər yağış damlası könül oxşayır,

Damlalar bənzəyir gözəl naxışa.

Usanmaq bilmərəm mən ki, yağışdan,

Şairə nə xoşdur yağan yağışlar.

Onun hər damlası gözəlim, mənə,

Məhəbbət qoxulu dünya bağışlar.

Torpağın nə gözəl qoxusu gəlir,

Yağış isladanda ana torpağı.

Mən eşqin dəlisi, yağış vurğunu,

İndi sevmək çağı, məhəbbət çağı.

Gəl, yağan yağışı bir qarşılayaq,

Baxaq, baxaq gülüm, yağan yağışa.

Hər yağış damlası könül oxşayır,

Damlalar bənzəyir gözəl naxışa.

Azərbaycanım mənim!

Adın aşdı zirvələr,

Uğur adınla gələr.

Sənə yaraşır hünər,

Azərbaycanım mənim!

Ürəyindir Qarabağ,

Yarı düzən, yarı dağ.

Döyüşlərdə üzün ağ,

Azərbaycanım mənim!

Günəşdən yaranmısan,

Yolun olmayıb asan.

Hər an min uğur qazan,

Azərbaycanım mənim!

Ey doğma, gözəl diyar,

Mən səninlə bəxtiyar.

Səni vəsf etdi Anar,

Azərbaycanım mənim!

# 1261 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #