Hakim məşhur aktyorun işinə baxmaqdan imtina etdi

Hakim məşhur aktyorun işinə baxmaqdan imtina etdi
4 mart 2019
# 15:54

Hakim aktyor Rza Rzayevin cinayət işinə baxmaqdan imtina edib.

ONA-nın məlumatına görə, bu gün Nizami Rayon Məhkəməsində aktyor Rza Rzayevin və 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyevin məhkəməsinin ilkin hazırlıq iclası olub.

İclas zamanı təqsirləndirilən şəxslər dövlət hesabına müdafiəçilərlə təmin olunub. Lakin hakim Ələddin Cəfərov işə baxmaqdan imtina edib. O bildirib ki, tərəflər arasında baş verən insidentin şahidi olub və obyektivlik təmin olunsun deyə öz-özünə etiraz qərarı verib.

Ələddin Cəfərov Nizami rayon Məhkəməsinin sədri olduğuna görə, öz etirazını baxılmaq üçün Bakı Apellyasiya məhkəməsinə göndərib.

Proses qeyri-müəyyən müddətədək təxirə salınıb.

Qeyd edək ki, aktyor Rza Rzayevlə 175 saylı orta məktəbin direktoru Tural Mirzəliyev arasında uzun müddətdir davam edən münaqişə dava ilə nəticələnib. Dava zamanı xəsarət alan Tural Mirzəliyev məhkəməyə müraciət edib.

Fakta bağlı Cinayət məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması) və 221.1-ci (xuliqanlıq, ictimai qaydanı kobud surətdə pozma, zor tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

# 2463 dəfə oxunub

Müəllifin son yazıları

# # #