“Əli və Nino”ya niyə yalan dedim?

“Əli və Nino”ya niyə yalan dedim?
1 iyun 2015
# 11:20

- Alo...

- Salam. Sizi “Əli və Nino”dan narahat edirəm. Zəhmət olmasa gəlin kitablarınızı götürün.

- Başa düşmədim... Niyə?

- Anbarda yer yoxdu.

- Mən o kitabları anbarda saxlamaq üçün verməmişəm axı. Kitab qarpızdı bəyəm, anbarda saxlayırsınız?

- Satılmır. Mağazalarda da yer yoxdu. Gəlin götürün.

- Necə satılsın ki, siz onları mağazalara göndərmirsiniz. Mən neçə mağazanızda olmuşam. Öz kitabımı soruşmuşam satıcılar “Yoxdur” deyir.

- Xahiş edirəm, gəlin kitablarınızı götürün. Anbarı boşaldırıq. Nigar xanım tapşırıb. Mənlik deyil.

- Yaxşı. – Siz heç qırılmış, çiliklənib yerə tökülmüş adamın əlacsız qalıb “yaxşı” deməyini eşitmisiniz?- İndi rayondayam, şəhərə gələndə gəlib götürərəm.

Təbii ki, yalan deyirdim. Mən utandığımdan, xəcalətimdən yerin dibinə girmişdim. Ürəyi, ruhu kəpənək kimi sözün toruna düşmüş adama, bütün sinir sistemləri, əzələləri sözlə gərilən, dünyası ədəbiyyat olan, kitabı balası bilən bir yazıçıya deyilmiş belə zəhər-zəqqum söz ölümdən betərdi. Yalan danışmayım neyləyim? Müxtəsər, iki ay “rayonda” oldum. Dedim bəlkə bezib əl çəkərlər. Lap götürüb yandırsınlar, amma qoltuğuma verməsinlər. O kitabların mələşməsini eşitmək istəmirəm, onların gözlərinə baxmağa cəsarətim çatmırdı. Nigar Köçərli gözümdə yəhudiləri sürgün edib ölkədən çıxardan Hitlerə bənzəyirdi.

Hər həftənin seçilmiş bir günündə yenə zəng edir, yenə məni yerin altına-Aidin yanına göndərirdilər. Nəvazişli Persefonam başımı anam kimi tumarlayır, könlümü alıb geri qaytarırdı. Bu böyük təhqir idi. Bir yazıçının kitabına kitab mağazasında yer yoxdursa, onun kitabları oxucuya təqdim olunmursa onda o adam niyə ədəbiyyatla özünü aldadır? Niyə ölüb itmir? Ölkənin ədəbiyyatı üçün yazasan, gecə gündüz araşdırasan, oxucuya yeni, maraqlı bir əsər təqdim etmək üçün kasıblığa, pulsuzluğa dözəsən, amalın ancaq böyük ədəbiyyat ola, hansısa bir monopolist bir qadın səninlə oxucu arasında Çin səddinə çevrilə. Ağır məsələdi. Bu suallar, fikirlər beynimi xərçəng kimi yeyirdi. Bir dəfə bir “Əli və Nino” kitab mağazasına girdim satıcı qızdan soruşdum:

- Xanım, sizdən Azərbaycan fantastik ədəbiyyatı soruşan olur?

- Olur. Hərdən.

- Kimin kitabları var?

- Bizdə fantastik ədəbiyyata aid kitab yoxdur.

Bu sözü alnımın ortasına erməni snayperçi qadının atdığı güllə kimi vurdu.

- Necə yəni yoxdu. Sizdə “Eybəcərlər adası”, “999” yoxdu?

- “Eybəcərlər adası”nın tirajı çoxdan bitib- kompüterin arxivinə baxıb cavab verdi. – “999” yoxdu. Bizə gəlməyib.

Əli ətəyindən uzun çıxdım. Onu da qeyd edim ki, “Eybəcərlər adası” “Qanun” nəşriyyatında çap olunmuşdu. Qiymətini 7 manat qoymuşdular. Təbii ki, mən 7 qəpik də görmədim.

Əlqərəz, mənə növbəti dəfə zəng vuranda tələbə yoldaşımın yanımda olmasından istifadə elədim. Yoldaşa dedim ki, bir nəfər kitablarımı istəyib, nağdı pulun verir, evdə də yoxdu. Mənimlə gedək “Əli və Nino”nun anbarından götürək. Mənim anbara girmək fikrim yox idi.

Həm o qadınla rastlaşmaq istəmirdim, həm də üstümə qayıdan balamı o vəziyyətdə görmək ürəyimi parçalayırdı. Elə bil həkim palatadan çıxıb deyirdi ki, xəstə balanı götür apar, qoy evində ölsün, pulsuz xəstəyə palatamızda yer yoxdu.

Yoldaşım getdi anbara və kitabları gətirib maşının yüklüyünə yığdı. Sükanın arxasında elə qurumuşdum ki, düşüb sayına da baxmadım.

Həmin kitabları başqa mağazalara payladım. Bunu ən yaxşı şahidi də Fazil Kərimovdu. Çünki onun tanışının əliylə kitab paylandı və üstündən bir ay keçməmiş bütün kitab – yəni əlimdə qalanların hamısı satıldı. Onlar da qazandı, mən də. “Qanun” nəşriyyatının səkkiz yüz dediyi kitabı, “999” –u mən dört yüz manata çap etdirmişdim. Çap pulundan əlavə altı yüz manat qazançım oldu.

“Kitaba dəstək olaq” dedik, dar günündə Şahbaz bəyin yanında olduq. Qaranquşlar deyil boz sərçələr. Yazdıq, müraciət elədik. Qara buludlar çəkiləndə yerli müəlliflər yenə çoban oldular. Yaza bilməyən, kəmsavad qələmtutanlar, klaviatura döyəcləyənlər oldular. Bir xarici yazıçı çıxıb, “ƏDV”yə yox deyib, səs çıxartmadı.

“Əli və Nino” yer verməsə də ümidlərimi, qürurumu qırmağa çalışsa da mən yenə də bütün enerjimlə yazıram və Azərbaycan fantastik, mistik ədəbiyyatının boy göstərməsi üçün son nəfəsimə qədər çalışıram. Xoruz yox idi səhər açılmırdı? O mağazadan dərdimə dərman da almıram və almaram da. Azərbaycan ədəbiyyatına dəyər verməyən, öz yazıçısına hörmət qoymayan bir sahibkar, naşir, nazir, fəhlə, müəllim, oxucu bu millətin düşmənidi.

# 1108 dəfə oxunub

Müəllifin son yazıları

# # #