Kulis.az Qorxmaz Şıxalıoğlunun "Televizor" hekayəsini təqdim edir.
Qulançar təzə-təzə torpaqdan baş qaldırırdı. Anamın səsi hələ qulağımdadır:
- A bala, bu ilki qış sərt keçib, mart ayı olmağına baxma, torpağın canı təzə-təzə qızır, getməyin, hələ qulançar çıxmaz “ .
Eyni sinifdə oxuduğum Tapdıqla qulançar həvəsinə yol elədiyimiz Yuxarı Meşə tərəfdən gəlirdik. Arpalı dərəsindən Keçəl təpəyə qədər uzanan yal-yamacı ayaqdan çıxarsaq da, bir şey yığa bilməmişdik. Anam düz deyirmiş. Hardasa, bir həftədən,on gündən sonra gəlsəydik, çantalarımız dolu olardı.
Elə ki, qulançarın bol olduğu talaya düşdük, səsimizi çıxartmazdıq. Hətta,uşaqlardan kimsə çağırsaydı belə, cavab verməzdik, özümüzü karlığa qoyardıq. Yalnız taladakı qulançarı yığıb qurtarandan sonra yerimizi nişan verərdik.Və bundan heç kim də inciməzdi.Ancaq indi gəl boş çanta ilə evə qayıt.
Kəndin başında,Yuxarı meşəyə gedən yolun solundakı futbol meydançasında qızğın oyun gedirdi. Böyüklü-kiçikli azərkeşlərin hay-küyü, oyunçuların qışqırığı bir-birinə qarışmışdı. Bu,meydançadakı qaynarlığı bir az da artırırdı. Adama elə gəlirdi ki, oyunçuların tək köynəkləri yox, kölgələri də tərləyi. Oyunun Pelesi də,Qarrinçası da bizimlə bir sinifdə oxuyan Kənan idi. Hamı deyirdi ki, onu Bakıya aparsalar, Banişevskini vurub keçər.
Kənan meydançanın sağında sürətlə rəqibin 16 metrliyinə tərəf şığıyırdı. Cərimə xəttinə çatmağına az qalmışdı ki, uzaqdan gözü bizə sataşdı. Top qaldı bir yanda və Kənan bizə sarı qaçmağa başladı.
Mən donub qalmışdım. Tapdıq da karıxmışdı, gah ona baxırdı, gah mənə. Kənan qaça-qaça qışqırırdı, ancaq nə dediyini ayırd edə bilmirdik, daha doğrusu, qışqırıq və fit səsi buna imkan vermirdi.
Axır ki, qulağım “televizor” sözünü aldı.Bizə çatmağına 10-15 addım qalmış, Kənan üzünü mənə tutub qışqırdı:
- Maqsud müəllim rayondan televizor alıb gətirib, bayaq qapının ağzında düşürdəndə gördüm. - nəfəsi kəsilmiş Kənan son sözləri güclə dedi və geri - üzü futbol meydançasına tərəf götürüldü.
Bu xəbər yayın qızmarında qəfil çaxan şimşəyə bənzədi. Bilmirəm nə oldu, bir anlığa mənə elə gəldi ki, daha kəndimiz əvvəlki olmayacaq; o qaratikan çəpərlərin rəngi dəyişəcək, sərçələrin, arıların, cırcıramaların səsi başqalaşacaq.
Ürəyim bərk-bərk döyünürdü.
Başımızın üstündən bir dəstə alabaxta uçub keçdi. Onlar sanki içimdəki sevincin titrəyişi idi.
-Tapdıq, atam televizor alıb, bilirsən? -bunu qeyri-ixtiyari dedim.
-Bilirəm, mənim də atam deyir ki, uzağı iki aya bizim evdə də televizor olacaq. – üzünə xoş ifadə vermək istəyən Tapdığın gözlərində və səsində televizordan əsər-əlamət yox idi...
Evə necə gəlib çatmağımdan xəbərim olmadı. Bilmirəm yerlə gəldim, yoxsa göylə.
Həyətə girən kimi, bacı-qardaşlarım üstümə yüyürüb, az qala bir ağızdan qışqırdılar:
- Babay televizor alıb! (Atamızı belə çağırırıq)
- Bilirəm,mənə deyiblər.
Cavabımdan elə bil onların üstünə soyuq su çiləndi. Uşaqlar bu xəbərin əsl müjdəçisinin bir başqası olduğunu qəbul etmək istəmirdilər -belədə onların mənə bəxş etmək istədikləri sevinc göyə sovrulurdu, heç-puç olurdu. Yəni, “toydan sonra nağara” məsəli.
Ani olaraq pis oldum. Fikirləşdim ki, gərək uşaqlara qoşulub mən də qışqıraydım, guya atamın televizor almağından xəbərim yoxdur.
Bacım Pərzad elə bil nəsə duydu:
-Sən niyə sevinmirsən?
-Yox, yoox, sevinirəm, -deyə onun fikrini azdırmağa çalışdım.
- Televizor eyvandadır, atam tapşırıb ki, heç kim ona yaxın getməsin, amma sürahının üstündən baxa bilərik, -deyə Pərzad qolumdan tutub çəkdi.
Televizorun karton qutusunu görəndə sehrli bir sevinc hakim kəsildi mənə. Elə bil həyətimiz də, evimiz də böyümüşdü, gözlərimə sığmırdı. Lampa şüşəsinin his-pasını siləndə parıltısı necə göz qamaşdırırsa, uşaqların sir-sifəti də eləcə işıqlanmışdı. Sevinirdim ki, daha kinoya evdə baxacağıq. Kefdir də. İstəyəndə dur çörək ye, çay iç. Sonra da otur televizorun qabağında.
Anam ocaqlıq tərəfdə təzə kəsilmiş xoruzun tükünü yolurdu. Kolxozun radio qovşağını işlədən Alxas dayı gəlib televizoru quraşdırmalıydı. Xoruz da elə bu səbəbə kəsilmişdi. Uşaqların kefi ala-buludda idi. Quru şax gətirən kim, eyvanı süpürən, əlüzyuyana su dolduran kim... Həyət-baca qaynayırdı. Üst evdən təzə palaz düşürtmüşdülər, oturduğumuz alt evə sərəcəkdilər. Əgər indi anam mənə: “ Get, o həyətdəki bir maşın odunu doğra” desəydi, sakitcə baltanı götürüb işə girişərdim.
Elə bu əsnada bulaqdan qayıdan balaca bacım Pərzadın səsi həyəti başına götürdü:
- Axşam doqquzun yarısı televizorda “Böyük dayaq” olacaq.
- Can Pərzad,doğru deyirsən? -Uşaqların hamısı, az qala bir ağızdan səs-səsə verdi və həyətin yuxarı qapısına, Pərzada doğru yüyürdülər.
Pərzad sevincək cavab verdi:
- Bulaq başında qızlar danışırdılar.
Mən bu filmi görmüşdüm. Amma yenə baxmaq istəyirdim. Axı,evdə bunun ləzzəti bambaşqa idi.
Günəşin üfüq xəttini keçməyinə lap az qalmışdı. Qızılı şəfəqlər evimizin damına sehrli bir görünüş vermişdi. Kirəmitlərin rənginə qarışan qürubun işığı həyət-bacamıza anlaşılmaz bir şirinlik qatırdı.
Atam üst eyvandan pilləkənləri düşə-düşə, -Alxas gəlib çıxmadı? – deyə üzünü mənə tutdu.Səsində bir narahatlıq vardı.
-Yox,-dedim.
Artıq toranlığın nəfəsi qatılaşırdı. Atamın narahatlığı da elə buna görə idi. Qorxurduq ki, Alxas dayı gec gələr,televizorun quraşdırılması uzun çəkər, kino əldən gedər. Bu fikir ürəyimizi üzürdü.
Vaxt da elə bil uzaqdakı qaranlıqları da qovub bizim həyətə doldururdu. Bayaqdan deyib-gülən uşaqlar çox pəjmürdə görünürdü. Hamının gözü həyətimizin yuxarı qapısında idi.
Bir az gec gəlsə də ,axır ki, Alxas dayı özünü bizə çatdırdı. Atam ona çay təklif etdi, amma o, razılaşmadı, “ - Onsuz da gec gəlmişəm” -dedi. Alxas dayı eyvandakı karton qutunu açmağa başladı. Uşaqlar tez onun başına yığıldılar. Hamı özünü qabağa verirdi, təzə televizoru görmək istəyirdi.
Atam üstümüzə acıqlandı:
- Əl-ayağa dolaşmayın, gedin burdan !
Həyətə çıxsaq da, gözümüz yenə eyvanda idi. Alxas dayı istəməsə də atam eyvandan səsləndi :
- Ordan bir çay gətirin.
Vaxt elə bil getmirdi. Tərslikdən sərçələrin də səsi gəlmirdi. Qaratikan çəpərlər də sanki gedən vaxtı dartıb saxlayırdı. Birdən rus dilində mahnı eşidildi. Elə bil bayaqdan donan vaxt diksinib hərəkətə gəldi, hamımız evə götürüldük. Uşaqlar: - Urra ! Televizor işlədi, - deyə hay-küy qopardılar.
Elə eyvana təzəcə çatırdıq ki, çəpərin üstündən qonşumuz Bənövşənin səsi gəldi:
- Ay Pərzad, Eldar evdədirsə, qoy bir dəqiqə bəri çıxsın.
Bənövşə məndən iki yaş böyük idi. Aşağı siniflərdə oxuyanda birlikdə dərs keçərdik. Onlar 9, bizim sinif isə 15 nəfər idi. Müəllim 45 dəqiqənin yarısını onlara, yarısını da bizim sinfə həsr edərdi.
Bənövşəgil ata-analarını çox erkən itirmişdilər. Onun özündən sonra iki balaca qardaşı və bir bacısı vardı. Hərdən bu ailədən söz düşəndə, anam deyərdi: “Gözlərinə şiş sox, xeyri yoxdur, yenə sözün düzünü deyəcəklər”. Bənövşənin ipək kimi xasiyyəti vardı. Onun xətrini çox istəyirdim.
-Can Eldar, camışımız acından ölür,elə balası da böyürə-böyürə qalıb. Nə ot var, nə küləş, nə yarma, nə də jmıx. Kazım dayıgildən bir az saman gətirmişdik, o da bu gün qurtarıb. Yuxarı quzeydə kolxozun bir küləş tayası var. Ora getmək istəyirəm, ancaq tək qorxuram. Mənimlə gedərsənmi? – Son sözləri deyəndə, hiss etdim ki, səsi titrədi.
Elə bil içimdə bir sim qırıldı. Bəs kino necə olsun? Düzü, mən “Böyük dayaq” üçün lap o qədər də sinov getmirdim. Daha çox, gecə kinoya baxan balaca bacı-qardaşlarımın üzündəki sevinci, bir də atamın bu televizor məsələsini, guya çox xırda bir iş bildiyini, əslində isə ürəyinin dərinliyində bundan dünyalar qədər bir məmnunluq duyduğunu görmək istəyirdim. Bütün bu fikirlər ani olaraq keçdi beynimdən.
- Əlbəttə, gedərəm-dedim.
Bənövşə əlinin içi kimi bilirdi ona “Yox” deməyəcəm. Çünki, qızlı-oğlanlı,bir-iki yaş aşağı-yuxarı olmaqla, o qədər kolxozun üzüm bağına, bostana, qarğıdalı oğurluğuna getmişdik ki. Hələ nar, sumax yığmağa, quzular üçün qazayağı, sarmaşıq, südlü ot gətirməyə getməyimizi demirəm. İndi onu yarı yolda qoyan deyildim ki.
- Sən də iri xaralla nazik kəndir götür. Ancaq, qoy bir az da qaranlıq düşsün, sonra çıxarıq. Allaha qurban olum, hava da buludludur. Yarım saata küçədə ol. -o,, sonra da sözünə xoş bir ovqat qatmaq istədi:
-Beş-üç günün çətinliyidir, artıq hər yan göyərməyə başlayıb, uzağı, bir həftəyə çöl-çəmənin hamısı mal ağzına gələn ot olacaq.
Bənövşənin məni niyə çağırdığını biləndə anam canıyananlıqla:
-Get, can bala, -dedi, -yazıqdılar. – Bir az susub, sonra da vacib bir işin qəfil yadına düşdüyünə sevinən adamlar kimi dilləndi:
-Bu, lap yaxşı oldu. Elə bizim də üç-dörd xarallıq samanımız qalıb, -deyə məni həvəsləndirmək istədi. Anam bu sözləri hər ehtimala qarşı deyirdi. Bəlkə də, qorxurdu ki, birdən axşamkı kinoya görə, Bənövşənin sözünü yerə salaram.
Qışda həmişə ot-ələf qıtlığı olardı kənddə. Nə qədər ot, saman yığsaq da, yenə çatmırdı.
Qış gecələri uzun olduğu üçün yatmazdan əvvəl mal-qaraya, qoyun-quzuya ot qoyardıq. Bu işi anam könüllü öz boynuna götürmüşdü. Həmişə də onun tövlədən qayıtmağı gec çəkərdi. İzahı da belə olardı: “Can bala, otun, samanın qoxusundan, bir də ki, malın,qoyunun kövşəməyindən çox xoşum gəlir. Ordakı sakitlikdə beynim dincəlir, xeyli rahat oluram. Qınayan olmasa, səhərə kimi oturaram orda. Hərdən bu tövlə söhbətini zarafata çevirmək istəyəndə anamın səsi ciddiləşərdi: “Vallah, düz sözümdür, bir gecəlik də olsa, sizin televizor dığ-dığınızdan canım qurtarır”.
Kəndimizə ilk televizoru üç il əvvəl kombaynçı Ağalı kişi - o, qızğın futbol azarkeşi idi-alıb gətirmişdi. Həmin gündən evimizin rahatlığı pozulmuşdu.Televizor söhbətini atama açıq deməsələr də, uşaqlar ara-sıra axşam yeməyindən sonra bir-birini dümsükləyib pıçıldaşardılar:
- Sən soruş görək nə vaxt televizor alacaqlar?”. Atam özünü elə aparırdı ki, guya bu pıçıldaşmaların ona heç bir dəxli yoxdur.
Belə də anam amiranə səslə:
-A bala, hələ televizorluq gücümüz yoxdur, çay-çörəyinizi güclə çatdırırıq.
Qapının kandarında dayanıb televizora baxırdım. Amma orda nə göstərirdilər, fərqində deyildim. Diqqətim bircə onun üstündəki ”Qranit”yazısında da idi. Düşünürdüm ki, axşam kinonun yarısına da olsa çataram...
Qəbirstanlığın yanından keçib “Hüseyn dayının bağı”na doğru üz tutmuşduq...
Küləş tayası bu üzüm bağının üst tərəfində, əkin sahəsinin qırağında idi. Gözümüzü açandan bu yerlərə Hüseyn dayı qoruqçuluq edirdi. Onun evi də elə bu üzüm bağının 100 addımlığında idi.
Nəfəsimizi qısıb gedirdik. Qorxurduq ki, Hüseyn dayıgilin itləri hənirimizi alar.
Ötən ilin yayında qoyulan, bəzən də bir ay, ayyarım qar altında qalan küləş bu uzun müddətdə sıxılıb kipləşir, ona görə də ələ çətin gəlir. Küləşi zor-xoş hər çəngələyib dartdıqca içimdəki kinoya baxmaq işartısı öləziyib sönürdü.Tayanın dibindən “baca” açmışdıq.
Çürüntü iyi gəlirdi. Belə küləşi mal-qara acından ölsə belə,yeyən deyildi. Ona görə “baca”nı dərinləşdirmək, təmiz küləşə çıxmaq lazım idi. Qaranlıqda əl havasına işləyirdik. Daha içəridə ilan, siçan olar... yoox, bu, vecimizə deyildi, təki xaralları tez doldurub, burdan uzaqlaşaq. Qorxurduq ki, birdən Hüseyn dayı gəlib çıxar. Ara-sıra yaxın evlərin həyətindən gələn itlərin səsi bu qorxunu bir az da artırırdı.
İşin çətini mənim boynumda idi.Bənövşə hazır küləşi çölə daşıyırdı.Və hərdən çox mehribanlıqla:
-Can Eldar, əlinə tikan batmır ki? -deyə soruşurdu.
-Yox, yoox, - Sözünü ağzında yarımçıq qoyurdum. Küləşin içində gövdəsi, yarpaqlarının qırağı sarı tikanla dolu bir alaq otu olur.
İynənin ucundan da nazik tikanları adamın əlinə batan kimi dibindən qırılır, daha onları çıxartmaq zülmlü bir işə çevrilir. Qaratikan kolu bunun yanında toya getməlidir, çünki,tikanları iri olur, iynəyə,sancağa asan gəlir. Amma bu biriləri...
Gərək, iki-üç gün ətin içində qalsın, irinləsin, gecə zoqqultusu yuxunu ərşə çəksin, yalnız ondan sonra quyruq ələ verər. Anam yarım qaşıq un götürüb,o na qənd əzib qatar və hazırladığı xəmiri irinləmiş yerə qoyub bir əsgi parçası ilə sarıyardı.
Xəmir bir günə tikanı sovurub çıxarardı. Daha bunun başqa yolu yox idi. Neçə dəfə olub-gecəyarı ufultumdan oyanıb gələn anam soruşardı:
-Çox ağrıyır?
-Yox,yoox”-deyirdim. O, uşaqlar oyanmasın deyə, bir tikə çörəyi qəndlə bir yerdə ağzında çeynəyib sonra da onunla barmağımı bağlayardı. Biz uşaqların bu tikanla bağlı zülmü daha çox arpa, buğda başağına getdiyimiz günlərdən başlayardı...
Nəhayət ki, xaralları ayaqla basa-basa doldurduq. Bənövşə çox narahat idi. Tez-tez Allaha, pirlərə yalvarırdı:
-Ay Allah, sənə qurban olum, yolda heç kim rast gəlməyəydi bizə. Ay Evsiz baba, üstünə nəzir gətirərəm, qoy bu xaralları salamat aparıb çıxardaq evə...
Tövlənin şirəli divarının dibinə çöküb kürəyimə bağladığım küləşdolu xaralın kəndirini çətinliklə də olsa, açdım.
Barmaqlarım, əllərimin içi tikanların ağrısından sızıldayırdı. Başım,boynum küləşin qabığı və tozla dolu idi. Ağzım palçıq dadırdı.
Hamı yatmışdı.
Üç-dörd saat əvvəlki televizor sevincindən içimdə heç nə qalmamışdı.
Elə bu vaxt Bənövşəgilin köhnə tövlə qapısının cırıltısı eşidildi.