Bu gün tanınmış tənqidçi, ədəbiyyatşünas Əli Nazimin anım günüdür.
Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.
1930-cu illərin sovet gerçəkliyi ideoloji təmizləmələrin, amansız ittihamların və qorxu mühitinin hökm sürdüyü qaranlıq bir dövr idi. Bu amansız mühit təkcə siyasi rəqibləri deyil, milli təfəkkürün və elmi intellektin ən parlaq simalarını da bir-bir sıradan çıxarırdı. Həmin faciəvi dalğanın qurbanlarından biri də Təbrizin qədim torpağında dünyaya göz açıb ömrünü Azərbaycan ədəbi fikrinin inkişafına həsr edən Mahmudzadə Ələkbər Mahmud oğlu - ədəbi mühitdə tanınan adı ilə Əli Nazim oldu.
Əli Nazimin həyat yolu Təbrizdəki "Mədrəseyi-Nicat" məktəbindən, fars dilinin incəliklərini öyrənməklə başlamışdı. 1916-cı ildə ailəsinin ardınca Batumiyə köçməsi onun dünyagörüşünə yeni üfüqlər açdı; burada rus dilinə dərindən yiyələndi, 1922-ci ildə Səməd Ağaoğlunun rəhbərliyi ilə təşkil olunan yeni əlifba komitəsində fəal gənc kimi ilk ictimai təcrübəsini qazandı. Elə həmin il Bakıya gələrək pedaqoji texnikuma daxil olması və mətbuatda ilk yazılarını dərc etdirməsi onun parlaq qələm sahibi olacağından xəbər verirdi.
Onun elmi yetkinliyi Leninqrad Şərqşünaslıq İnstitutunda məşhur şərqşünaslar - akademik A. N. Samoyloviç və professor Y. Bertelsin mühazirələri ilə formalaşdı. 1927-ci ildə institutu bitirmək ərəfəsində Türkiyəyə elmi ezamiyyətə göndərilən Əli Nazim, orada çağdaş Azərbaycan ədəbiyyatına dair geniş tədqiqatını "Türk yurdu" jurnalında çap etdirdi. Moskva Kommunist Akademiyasının aspiranturasında professor V. F. Pereverzevin rəhbərliyi ilə təhsilini davam etdirib SSRİ xalqları ədəbiyyatı və incəsənəti bölməsinin elmi katibi vəzifəsinədək yüksəldi. Bakıya qayıtdıqdan sonra isə Elmi-Tədqiqat İnstitutunda, Ali Pedaqoji İnstitutun kafedrasında və Yazıçılar İttifaqında gərgin elmi-pedaqoji fəaliyyətə başladı.
Əli Nazim cəmi on beş ilə sığan yaradıcılıq yolunda dövrün ən aktual estetik problemlərini qaldıran tənqidçilərdən idi. O, inqilab və ədəbiyyat münasibətlərini "Ədəbi ehtiyaclarımız", "Yeni həyat və yeni ədəbiyyat", "Şeirimizin və şüurumuzun xəstəlikləri haqqında" kimi konseptual məqalələrində araşdırırdı. Pleksanov təliminin təsirlərini açıq şəkildə etiraf edən tənqidçi, eyni zamanda Cəfər Cabbarlı dramaturgiyasının dərin təhlilçisinə çevrildi, "Almaz", "Yaşar" pyeslərinin estetik qayəsini açdı. O, klassik Şərq dühaları Firdovsi, Nəvai, Xəyyamdan tutmuş Höte, Mayakovski və Şoloxova qədər dünya ədəbiyyatının nəhənglərini marksist estetika süzgəcindən keçirərək təhlil edirdi.
Lakin 1936-cı ilin payızında toplanan qara buludlar bu parlaq zəkanı hədəfə aldı. Zaqafqaziya bolşeviklərinin rəhbəri L. Beriyanın "Sosializm düşmənlərinin külünü göyə sovurmalı" məqaləsi ədəbi mühitdə kütləvi ifşa kampaniyasının fitilini alovlandırdı. "Kommunist" qəzetinin 12 sentyabr 1936-cı il sayında Ş. Abasovun qələmindən çıxan "Yazıçıların sıralarını saflaşdıralım" adlı məqalədə Əli Nazimə qarşı ən ağır ideoloji damğalar vuruldu: o, "pantürkist", "sinfi düşmən", "ikiüzlü", "ədəbiyyat ziyançısı" və "pereverzevçi" elan edildi. Türkiyədə çıxan elmi məqaləsi belə əleyhinə kontrrevolusion fəaliyyət kimi qoyuldu.
Sovet yazıçılarının 1936-cı ilin avqust və sentyabr iclaslarında dünən onunla eyni sıralarda oturan həmkarları partiya xəttinə sadiqlik nümayiş etdirərək Əli Nazimin "maskasını yırtmaq" yarışına girdilər. Nəticədə o, partiyadan və Yazıçılar İttifaqından qovuldu. 1937-ci ildə "vulqar sosiologizm" və əksinqilabi fəaliyyət ittihamları ilə həbsə atılan tənqidçi 10 il azadlıqdan məhrum edildi və 1941-ci il avqustun 23-də, cəmi 35 yaşında həbsxana divarları arasında dünyasını dəyişdi.
1957-ci ildə gələn bəraət kağızı repressiya maşınının saxtakarlığını təsdiqləsə də, Azərbaycan elminin ən parlaq sütunlarından birini geri qaytara bilmədi. Əli Nazimin qısa, lakin zəngin ömrü sovet ideoloji terrorunun qurbanı olmuş bütöv bir nəslin intellektual faciəsini və eyni zamanda həqiqi elm fədaisinin sönməz izini özündə yaşadır.