Kulis.az Qarabağın ən məşhur 10 tarixi abidəsini təqdim edir.

Azıx mağarası
Azıx mağarası Qarabağın Xocavənd rayonunun Azıx və Salakətin kəndləri arasında, Füzuli şəhərindən 14 km şimal-qərbdə, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşir.
Azərbaycanın və bütövlükdə Qafqazın ən qədim insan məskənlərindən biridir.
Burada tapılan “Azıxantrop” çənə sümüyü 350–400 min il əvvələ aiddir.
Bu tapıntı Qarabağı insanlığın qədim məskənlərindən biri kimi dünyaya tanıdıb.

Şuşa qalası
Şəhərin adını bildirən "Şuşa" sözü bu diyarın saf, qeyri-adi dərəcədə şəffaf dağ havasının rəmzi olan "şüşə" sözündəndir.
Şuşa qalası XVIII əsrin ortalarında Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən inşa edilib. Qarabağ xanlığı 1747-ci ildə Nadir şahın ölümündən sonra müstəqillik qazandıb və xan öz dövlətinin mərkəzini təhlükəsiz bir yerdə qurmaq istəyib.
Əvvəlcə Bayat (1748) və Şahbulaq (1751) qalalarını tikdirsə də, onların düzənlikdə yerləşməsi hərbi cəhətdən əlverişli deyildi. Buna görə də Pənahəli xan Şuşa dağında, sıldırım qayalar üzərində yeni bir qala salmağa qərar verib.
Qarabağ xanı Pənahəli xan Cavanşir 1750–1757-ci illərdə bu qalanın əsasını qoyarkən onu öz adı ilə “Pənahabad” adlandırıb. Sonralar "Şuşa qalası" adlandırılmağa başlanıb.
Şuşa həm də öz tarixi memarlığı ilə məşhurdur. Burada işğala qədər 129 memarlıq abidəsi yerləşirdi.
2020-ci il noyabr ayının 8-də şanlı ordumuz tərəfindən azad edilən Şuşada dağıdılmış bir çox abidələr yenidən bərpa edilir.
Yuxarı Gövhər ağa məscidi
Yuxarı Gövhər ağa məscidi və ya Şuşa Cümə məscidi Şuşa şəhərinin mərkəzi meydanında yerləşən və şəhər ərazisində tikilmiş ən qədim məsciddir.
Məscid Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkə əhəmiyyətli tarix-mədəniyyət abidəsi kimi qeydiyyata alınıb.
Yuxarı Gövhər ağa məscidinin inşası dörd mərhələdə həyata keçirilib.
Ərazidə ilk məscid Qarabağ xanlığının və Şuşa qalasının banisi Pənahəli xanın göstərişi ilə Qarabağ xan sarayı ilə paralel, təxminən, 1750-ci illərdə qamışdan inşa edilib.
İbrahimxəlil xan hakimiyyətə gəldikdən sonra 1768–1769-cu illərdə qamış məscidin yerində daşdan yeni məscid tikilib.

Xudafərin körpüsü
Xüdafərin körpüsü o taylı - bu taylı Azərbaycanı birləşdirən, Cəbrayıl rayonu ilə İranın Xudafərin şəhəri arasında yerləşən, Araz çayı üzərində salınmış iki körpüdən ibarətdir.
Xudafərin körpüsü 1027-ci ildə Şəddadi hökmdarı Fəzl ibn Məhəmməd tərəfindən Rəvvadilərlə mübarizə aparmaq üçün inşa olunub.
Unikal memarlıq abidəsi olan körpünün bir hissəsi Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilib.
Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb.
Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır.
İkinci körpü 15 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilib. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır.
Hər iki körpü İpək yolunun üzərində yerləşir.

Laləzar körpüsü
Laləzar körpüsünün tikilmə tarixi 1867-ci ilə aiddir. Lakin bəzi mənbələr körpünün daha əvvəl, XVIII əsrdə tikildiyini bildirir.
Bərgüşad çayı üzərində salınmış abidə bir tağlı olub alt hissəsi oval, yuxarı hissəsi düz formalıdır. Azərbaycanda olan bir çox tarixi körpülər kimi dayaq üçün təbii qayalardan istifadə edilib.
Laləzar körpüsünün eni 2,8 metr, su səthindən hündürlüyü 4,5 metrdir.
XX əsrin birinci yarısında yaşayan yaşlı ağsaqqalların danışdıqlarına görə, Laləzar adlı şəxsin atası Xoca Simon əsrin əvvəllərində Əliquluuşağı kəndindən olan bəydən baha qiymətə bağ sahəsi alır.
Kəndin 2000 metrliyində olan bağ sahəsi satılandan sonra həmin bağla birlikdə 1000 hektardan artıq böyük ərazi ermənilərin əlinə keçir.
Xoca Simonun (Əhliman Axundovun "Qaçaq Nəbi" kitabında Nəbinin "Yazı düzü"ndə Xocanın varidatını alıb yoxsullara paylaması səhnəsinə rast gəlinir) oğlu Laləzar XIX əsrdə körpünü tikdirir.

Əsgəran qalası
Əsgəran qalası Şuşanın, təxminən 24, Xocalının 5 km-liyində və Ağdam şəhərinin 12 km cənubunda Qarqarçayın sağ və sol sahillərində dağ döşündə yerləşir.
Azərbaycanda "Əsgəran qalası" adı ilə tanınan bu səddi XVIII əsrdə Pənahəli xan öz xanlığının şərq sərhədində tikdirib.
Dərbənd səddi Şirvanın şimal qapısı idisə, Əsgəran səddi də Qarabağ xanlığının şərq qapısı idi.
Qalanın salınması Qarabağ xanlığının yüksəliş dövrü ilə əlaqəli olub, Qarqarçay vadisini qapayaraq yalnız çay tərəfdən kiçik keçid yaratmaq məqsədi daşıyıb.

Ağoğlan məbədi
Ağoğlan məbədi Laçın rayonu ərazisində, Ağoğlançayın sahilində, Azərbaycan-Ermənistan sərhəd xətti yaxınlığında yerləşən, V-VI əsrlərə aid Qafqaz Albaniyasına aid bazilikadır.
Monastır Sünik vilayəti ilə sərhəd tarixi Xaçın ərazisində yerləşir.
Əfsanəyə görə, monastır kompleksi daha qədim politeist məbədinin yerində inşa edilib.
Xristian inancına görə isə monastırda Müqəddəs Georginin relikviyası saxlanılıb.

Xudavəng məbəd kompleksi
Xudavəng monastırı Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən Qafqaz Albaniyasına məxsus tarixi-memarlıq abidəsidir.
Mədəniyyət Nazirliyi tərəfindən dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.
Məbədin memarlıq xüsusiyyətlərini tədqiqi ilə məşğul olan professor G. Məmmədova Xudavəng monastırının Azərbaycan ərazisindəki ən böyük monastır kompleksi olduğunu qeyd edir.

Qarğabazar karvansarası
Qarğabazar karvansarası XVII əsrdə yonulmamış daşdan hazırlanmış tarixi abidədir.
Füzuli rayonundan 8 kilometr cənubda yerləşən Qarğabazar kəndi qədim yaşayış məskənlərindən biridir.
Qədim zamanlarda ölkələrarası ticarət vasitələrini qaydaya salan karvansaralardan həm də poçt-rabitə məqsədi üçün geniş istifadə olunub.
Bir sözlə, yaxın və uzaq məmləkətlərin təbiət və cəmiyyətində baş vermiş dəyişiklikləri ilk növbədə karvansaralardan öyrənərlərmiş.
Göründüyü kimi, dünya xalqlarının siyasi-iqtisadi və sosial-mədəni həyatının inkişafında karvansaraların rolu əvəzolunmaz olub.

Qutlu Musa türbəsi
Ağdam rayonunun Xaçın Türbətli kəndində Elxanilər dövrünün xatirə memarlığının dəyərli bir abidəsi qalmaqdadır.
Xalq arasında "Sarı Musa türbəsi" adlanan bu abidənin interyerində, giriş qapısının üstündəki inşaat kitabəsində bildirilir:
"Ulu Allahın rəhminə möhtac, mərhum Qutlu Xacə Musa oğlunun bu imarəti ustad Şahbənzərin əməlidir".
Abidənin giriş qapısı üzərindəki kitabə onun 1314-cü ildə ustad Şahbənzər tərəfindən Musa oğlu Qutlunun məzarı üzərində tikildiyini göstərir.