Pikassonun oğurlanmış nadir əsəri tapıldı

Pikassonun oğurlanmış nadir əsəri tapıldı
19 avqust 2026
# 11:40

ABŞ-nin Miluoki şəhərində 2018-ci ildə incəsənət qalereyasından gündüz vaxtı oğurlanan Pablo Pikassoya aid nadir "Torero" qravürası 8 il sonra təsadüfən tapılaraq polisə təhvil verilib.

Kulis.az xəbər verir ki, dünyada Pikassonun imzası olan cəmi 30 nüsxədən biri sayılan və 2018-ci ildə dəyəri 50 min dollardan çox qiymətləndirilən bu nadir əsər incəsənət dileri Bill DeLindsə məxsus qalereyadan oğurlanmışdı.

Nadir tablonu Tim Derts adlı yerli mənzil sahibi tapıb. O, mənzildən çıxarılan kirayənişinin qoyub getdiyi əşyaları təmizləyərkən divarda toz basmış çərçivəli qravüranı fərq edib.

Mənzil sahibi əsəri antikvarçı dostuna göstərdikdən sonra onun oğurlanmış Pikasso əsəri olduğunu öyrənib və dərhal polisə xəbər verib.

İncəsənət dileri Bill DeLinds tapılan qravüranın məhz ona aid olduğunu təsdiqləyib və hadisəni möcüzə kimi qiymətləndirib.

Miluoki polisində saxlanılan əsərin sığorta prosedurları tamamlandıqdan sonra sahibinə qaytarılacağı gözlənilir.




# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər