Özünü əzdirən qadınlar - Bayram, yoxsa tələ?

Özünü əzdirən qadınlar - Bayram, yoxsa tələ?
8 mart 2022
# 11:00

Kulis.az Aydan Dənizin "8 Martbayram kimi qeyd edilməyən bayram" yazısını təqdim edir.

Yəqin ki, haradasa “yuxututan”, “yuxu ovçusu” ("dreamcatcher") adlı bəzək əşyasını görmüsünüz. Bu əşyanı ilk dəfə hindular hazırlayıblar. Onlar bunu suvenir kimi deyil, pis yuxulardan qorunmaq üçün hazırlayıb istifadə ediblər. Zaman keçdikcə onların bu mədəniyyət nümunəsi ölkələr arasında yayılaraq populyarlaşmış, bir çox insan yuxututan hazırlayıb satmış, bunun vasitəsilə özlərinə biznes qurmuşdur. Lakin onlar üçün mənəvi dəyərə malik olan bu əşyanın digərləri tərəfindən gəlir mənbəyinə çevrilməsi hinduların hiddətinə səbəb olmuşdur.


Gələk “8 Mart”ın bu hadisə ilə əlaqələnməsinə.
Hər il bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da “8 Mart Beynəlxalq Qadınlar Günü” xüsusi coşqu ilə qeyd olunur. Lakin həqiqəti araşdırsaq, görərik ki, “8 Mart” anlayışı ölkəmizdə əsl mahiyyətini itirərək biznes, gəlir, saxta, süni sevgi gününə çevrilmişdir. (Həmçinin ən çox da təqvimdə qeyd olunmamağına baxmayaraq 14 fevral “Sevgililər Günü”. Bu siyahıya “Müəllimlər Günü”nü, “Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nü və s. də daxil etmək olar)

Hər il bu bayram günlərində böyük ticarət obyektləri, kafe-restoranlar, gül mağazaları və s. obyektlər: "fürsətdir" – deyib yaxşıca qazanc əldə edirlər. Alicənab (bəzən də özünü elə göstərən) kişilər bu günlərdə əhatəsində olan qadınlar üçün müxtəlif cür hədiyyələr alırlar. Bu hədiyyələr də çatacaq adama görə dəyişir: bəzilərinə qab-qacaq, bəzilərinə bahalı zinət əşyaları, avtomobil, bəzilərinə isə sadəcə gül-çiçək və s. Hədiyyə alan kişilərin də bəzisi öz büdcəsindən, bəzisi “qonşudan qalma dala” məsəli ilə ayaqlaşıb ya borca, kreditə pul götürüb bahalı hədiyyə alır, bəzisi isə bircə gül almağa belə imkan edə bilməyib başqalarının hədiyyələrinə baxıb köks ötürən xanımı qarşısında “başıaşağı” qalır.


Bayram günlərində kafe-restoranlar ağzına qədər tıxanır, nəinki oturmağa, heç ayaq üstə durmağa da yer tapılmır. Sanki restorana gələnlərin sevdikləri, ailəsi ilə gəzməyə, yeməyə, xoş gün keçirməyə, sevgisini izhar etməyə başqa gün yoxdur. Mağaza sahibləri də bu günün fürsətindən yararlanaraq satdıqlarının mütləq şəkildə alınacaqlarından əmin olduqları üçün bayram günləri ərəfəsində qiymətləri pik nöqtəyə çatdırırlar. Hələ özəl günlərdə guya endirim edərək insanları “düşünən” iri mağaza şəbəkələrini, günlərə özəl olaraq kredit verən bankları demirəm.
Kapitalizmin oyunu, qəliblərə preslənmiş “sevgi göstəriciləri” bu günlərin əsl mahiyyətini gizlədir, bahalı əşyalarla, az qala üst-üstə qoyulan restoran masalarında cana yatmayan yemək süfrəsi ilə insanların gözünü boyayır, həqiqətdən uzaq salaraq insanların hisslərə yox, əşyalara bağlılığını möhkəmləndirir.
“8 Mart”ın yaranma tarixini bilməyənlər vikipediyanı oxuyanda görəcəklər ki, bu gün “boyunbağı”, “avtomobil”, “yeyib-içmək”, “mişka” və s. günü deyil, işçi qadınların öz haqlarının tələb etmək üçün nümayiş keçirdikləri gündür. Həmin nümayiş gününün nəticəsi olaraq hazırda qadınlar analıq məzuniyyətinə çıxa bilir, 16 saatlıq iş saatlarından azad olublar və s. Nə yaxşı ki Klara Setkin öldü, bu günləri görmədi. O görsəydi ki, nümayişkar qadınların canı, qanı bahasına əldə edilmiş, qadınlar haqları günü kimi qeyd olunmağına icazə aldığı gün kapitalizmin oyuncağına dönüb, hindular kimi mənəviyyatın maddiyyata çevrildiyini görüb qəzəblənər, yəqin ki, bir nümayiş də bunun əleyhinə keçirərdi.
Sevdiyin, hörmət etdiyin qadına (ana, bacı, həyat yoldaşı, övlad və s.) sevgini bildirməyin günü süni şəkildə 365 gündən bircəciyinə sığışdırılmış gün deyil. Başqa günlərdə ananı saymayan, həyat yoldaşını qısqanclıqdan işləməyə qoymayan, övladının qız olacağını öyrənərkən əsəbiləşən (çox şeyi yumşaldıb yazdım) kişilər “8 Mart”da bir hədiyyə ilə qadınlara bayram yaşatdıqlarını düşünürlərsə, yanılırlar. Onu da qeyd edim ki, bu günün əsas mahiyyətindən uzaqlaşmağında kişilər qədər qadınların da rolu var. Hüquqlarının pozulmasına göz yumub mübarizə aparmayan, övladının qız olacağını biləndə qorxusundan abort elətdirən, həyatda ən böyük uğuru “ər çörəyi” yeməkdə görən, aldığı hədiyyənin “böyüklüyünə” görə qonşuya dağ çəkən qadınlar bu günü belə şəkildə qeyd etməklə əslində özlərinə bayram yox, haqsızlıq yaşadır, hüquqlarının əzilməyinə zəmin yaradırlar.


Nə vaxt ki heç bir qadının hüququ tapdanmayacaq, döyülüb təhqir olunmayacaq, hansısa səbəbdən uşaqlarının gözü qabağında başı kəsilməyəcək, qısqanclığın qurbanına çevrilməyəcək, qız uşaqları ana bətnində məhv olunmayacaqlar, məhv edilməyənlər 13-14 yaşlarında ərə verilib “başdan olunmayacaqlar”, onların təhsilinə, karyerasına diqqət ayrılacaq, qadınlar “kişi kimi qadın” yox, elə “qadın kimi qadın” olacaqlar, onda nəinki martın 8-i, ilin bütün günləri qadınlar üçün əsl “bayram dadında” olacaq.

# 1982 dəfə oxunub

Müəllifin son yazıları

# # #