Özbəkistanda Azərbaycan ədəbiyyatına dair seminar keçirildi

Özbəkistanda Azərbaycan ədəbiyyatına dair seminar keçirildi
9 fevral 2024
# 13:30

Özbəkistanın Nukus Dövlət Pedaqoji Universitetindəki Hüseyn Cavid adına Azərbaycan Mədəniyyəti və Ədəbiyyatı Mərkəzində seminar keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə Nizami Gəncəvi, Əlişir Nəvai və Məhəmməd Füzuli arasındakı mədəni-ədəbi əlaqələr və onların təsiri ilə Türk dünyasında əsərlər yaradan şairlər, Azərbaycan ədəbiyyatında türkçülük məfkurəsi məsələləri haqqında fikir mübadiləsi aparılıb.

Mərkəzin direktoru Feruza Salamova seminarda tələbələrə son zamanlar Özbəkistan-Azərbaycan mədəni-ədəbi əlaqələri istiqamətində həyata keçirilmiş layihələrdən danışıb. O, Azərbaycan ədəbiyyatı ilə bağlı mərkəzdə olan nəşrlər haqqında məlumat verib, kitabları tələbələrə təqdim edib.

Qeyd olunub ki, mərkəzdə daim Azərbaycan-Özbəkistan ədəbi əlaqələrinə dair mühazirələr, seminarlar təşkil olunur, iki xalqın ortaq dəyərlərinə həsr olunmuş açıq dərslər keçirilir. Mərkəzdə Azərbaycanla bağlı yaradılan mini kitabxanada Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi, siyasi, mədəni nailiyyətləri, Azərbaycanın tarixi, mədəniyyəti və ədəbiyyatına dair nəşrlər özbək dilinə tərcümə olunaraq oxuculara təqdim edilir.

# 605 dəfə oxunub

Müəllifin son yazıları

# # #