Kulis.az Rahid Uluselin “XXI əsrin aforizmləri”ni təqdim edir.
Üçüncü minillik zaman kimi başlayıb, epoxa kimi yox.
***
Həqiqət körpə uşaq kimidir – yıxıla-yıxıla böyüyür.
***
Transendental dünyanın zamanı – əbədiyyət, empirik dünyanın zamanı – indidir.
***
Yeni Çağ onda başlayacaq: İnsan dağıtmadan qurmaq sənətinə yiyələnəndə.
***
Dünya – sonuna çatmaq üçün deyil, yolu ilə getmək üçündür.
***
Gələcək – gəlmir, gətirilir.
***
Vətən yoxdur: vətəndaşlıq vətənpərvərlikdən aşağıdırsa.
***
Azadlığın anatomiyası: İnsanlar öz həyatını dəyərləndirdikləri dərəcədə onun uğrunda mübarizə aparırlar.
***
Sivilizasiya onu tapdayanları daha çox yadında saxlayıb.
***
Siyasət yalnız alternativləri olanda yaşayır.
***
Aforizm – mütəfəkkirin strategiyasıdır.
***
Ən yüksək səviyyəsinə aforizmdə çatır elitar mədəniyyət.
***
Aforizm – dərin fikrin geniş ərazilərini fəth etsə də, orada öz İmperiyasını yox, Respublikasını qurur.
***
Alim dünya ilə danışır. Şair dünyanı danışdırır.
***
Yarpağın yarpağa toxunuşundan da peyğəmbər yarana bilər.
***
Pillələrlə kimi hündürlüyə qalxır, kimi yüksəkliyə.
***
Özün ol. Özün olmayanda yerinə başqası dolur.
***
Bir çox xalqlar yumruq olmaqdan şəhadət barmağı olmağa keçə bilməyib.
***
Qafa, adətən, ölkəsinin ölçülərini alır.
***
İnsanların əhliləşdirilməsi: bunu tarix boyu heyvanlar həyata keçirib.
***
Arxandan Şər səni qovduqca, qarşında Onu daha amansız görəcəksən.
***
Dərinlərin boğulduğu yer – dayazlıq.
***
Kainat özünün ən kiçik zərrəsindən belə böyük deyil.
***
Mədəniyyətlər öz dilində danışanda, bir-birini daha yaxşı başa düşür.
***
Miloslu Veneranın qırılmış qolları iki min ildir ki, sənətə və gözəlliyə məbəd tikir.
***
Aralarındakı körpüləri yandıranlar eyni uçuruma yuvarlanırlar.
***
İnsanlarla məsafə saxlamasan, onlarla doğmalaşa bilməzsən.
***
Dünyanın maddi nemətləri nə qədər çox olsa da, həmişə onun qıtlığını çəkənlər və içində üzənlər var.
***
Atılan, lakin dəyməyən güllələr sonrakı müharibələrə saxlanılır.
***
İnsan yalnız sındırılandan sonra məlum olur ki, o, şüşədən imiş.
***
Düz qırmızı xəttə çatanda, arxada da, öndə də uçurum olduğunu görürsən.
***
Vicdanını itirənlər həmişə onu başqalarının ayaqları altında tapırlar.
***
Allaha məbədlər ucaldan dinlər çox zaman Onu elə bu məbədlərdə dəfn edirlər.
***
Papa İsanın özünü kütləyə, kölgəsini siyasətə xərcləyir.
***
Ən böyük Demokrat elə – Tanrıdır. İlk müxalifəti də özünə qarşı O yaradıb – Şeytanı.
***
Deyəsən, nə Qərb Şərqi, nə də Şərq Qərbi başa düşəcək. Ortalıqda qalanlar isə heç birini.
***
Kal ölkələrdə insan – yalnız Silah olur: ya özünə, ya başqalarına qarşı.
***
Adamlar kiçildikcə, hündürləşir aralarındakı divarlar.
***
Başın boşluğu həm də o deməkdir ki, o yalnız zibillə doldurula bilər.
***
Əsas funksiyadır: onu icra edən həmişə tapılır.
***
Paleolit çağında atılan bumeranq hədəfinə çatmasa, bəşəriyyəti də özü ilə birlikdə arxaik zamanlara qaytaracaq.
***
Bir yerdə öldürülən həqiqət min yerdən daha böyük qüvvətlə fışqırır.
***
Əl-ayağına dolaşanları qırdıqca, daha çıxılmaz tələyə düşəcəksən.
***
Həyat, gələcəyi keçmişindən böyük olanda irəliləyə bilir.
***
Dünyaya öldüyün günün səhərinin gözü ilə bax! Nə görürsən, dostum?!
***
Çoxu diqqətlə qulaq asır – elə başa düşmədiyindən.
***
Dünyada o qədər absurd var ki, o olmayan yerə ayağını basanda boşluğa düşüb yıxılırsan.
***
Ölənin nəyinə ağlayırıq... Bəlkə, həm də ölüncəyədək onda doğulmayana?!.
***
İnsan var ki, aldanmağı və özünü məharətlə aldadılmış kimi göstərməyi ona aldatmağı və aldatmağa məharətlə səy göstərməyi qədər ləzzət verir.
***
Ağac: ondan kamança da düzəltmək olar, dəyənək də.
***
Haram – qudurdur, Halal – doyurur.
***
Taxtlar saraylarda deyil, qəbiristanlıqlarda qurulsaydı, daha əzəmətli görünərdi.
***
Yəqin dünyanın ən mənasız dili – diplomatiyadır. Çünki burada insan yox, tərəf iştirak edir.
***
Kosmosdan açıq şəkildə görünür: ikiüzlülük – iki üzün ortasında yerləşir.
***
Srağagün – Meymun, dünən – Qul, bu gün – Darvin olan bəşəriyyət sabah – İnsan olmaq üçün gərək öz Mənəviyyat dəyərlərinin panteonu üzərində yüksəlməyi bacarsın.
***
Dünyanın ən dəqiq snayperi – həqiqət.
***
Aforizmlər mədəniyyət cəbhəsində 300 spartalı tək döyüşür.
***
Yuxudakı yox, gerçəkdəki uyqu – yalan.
***
Qaranlıq – işıq sürətini yalnız beyinləri fəth edəndə alır.
***
Özünü tapmayanı Tanrı da axtarmır.
***
Üfüqlər ona görə hamının dostudur ki, heç kimi sıxmır, hər kəsi özündən daha artıq olduğunun dalınca yürüdür.
***
İndinin sol qolu – Keçmiş, sağ qolu – Gələcəkdir.
***
Çağı görmək üçün gərək onun içindən piyada keçib, sərhədlərini adlayıb kənarında dayanasan.
***
Pəncələrinə təkan verib yuxarı sıçra: görəcəksən ki, əsl yüksəklikdə hamı bərabərdir.
***
Həqiqətlər sərt şəkildə üz-üzə gələndə də toqquşub bir-birini sıradan çıxarmır, ustalıqla çevrilib yanaşı dayanır və birgə irəli baxırlar.
***
Vicdanın ekoloji böhranı mənəviyyat quraqlığı yaradır.
***
Çoxları uzun illər ölü ruhunun meyitini sürüyür diri canında.
***
Sadəlik – insanın öz təbii keyfiyyətlərini heç bir rəng qatılmadan tam dolğunluğunda təzahür etdirmək mədəniyyəti, qarşısındakını yetərincə dəyərləndirmək bacarığı, əxlaqın istedadıdır.
***
Onlara layiq olan heç bir cəza tapa bilmirlər – Azadlıq uğrunda vuruşanlara.
***
Zamanı idarə etməyin yolu yalnız o halda tapılır ki, əbədiyyətin yaradıcı anlardan ibarət olduğu dərk edilir.
***
Sən mənə şübhə ver, mən ondan inam yaradım.
***
Qənaət – qazancın yarısı, bədxərclik – iflasın hamısıdır.
***
Nə qədər əhəmiyyətli söz desələr də, dünya təsadüfi adamlara inanmır.
***
Dilucu salamlaşmalar – səthi münasibətlərin status-kvosudur.
***
Böyük pullar qazanmaq üçün çox şeyi xərcləməlisən.
***
Qibtə, həsəd, paxıllıq: dərin psixoloji əsaslara malik olmayan toplumlar bunları fərqləndirə bilmir.
***
Süzgəc-yaddaş – şüur axınında xilaskar: o, insan xarakterini dəyər münasibətləri və keyfiyyət meyarları təməlində möhkəmləndirir.
***
Doğru sözü dolama deyən kəs təkcə manevr etmir, həm də psixoloji naturalizmin yeni modusunu təqdim edir.
***
İnsanın qarşısına divarlar, o – daş olmadığından çəkilir.
***
Azadlıq hissini itirənlər – sürü instinkti qazananlardır.
***
Kəndir iki qulu birləşdirir, iki bəyi yox.
***
Sənə sürünürlərsə, – sənə dırmanacaqlar.
***
Biganəliyimiz begemot tək əsnəyir.
***
Öz qəlbinin yolu ilə getməyənlər bu dünyanın çalın-çarpaz yollarında azırlar.
***
İnsan başından doğulur ki, yəni sən ayaqlarınla yox, başınla yeriyəcəksən.
***
Qəfil parlayan şöhrət ikisindən birini kor edir: ya baxanları, ya baxılanı.
***
Toz həqiqət dənəciklərini yerüzündən süpürəndən sonra qalxır.
***
Cəmiyyət həyatında onun ədalətsizliyə öyrəşməyindən də acınacaqlı vəziyyəti yoxdur.
***
Hisslərin tərbiyəsi insanın öz hüceyrələri ilə danışmağından başlayır.
***
Bütün artıqlarını atandan sonra nə qədər zəngin olduğunu görəcəksən.
***
Birinciliyin eybəcərləşmiş forması – əvəzolunmazlıq.
***
Ordenlər bəzi ürəkləri qürurla, bəzi ürəkləri zirehlə örtür.
***
Əsgərlər əks cəbhələrdə döyüşsələr də, ortada ölürlər.
***
Hökmdarın tacı – başından, dilənçinin çarığı – ayağından böyük olur.
***
Nəyəsə sahib olmaq – onu başqasının əlindən almaq demək deyil.
***
Balıq üzgəcləri ilə üzür, üzgəclərindən də tora düşür.
***
Düz yolla gedəndə də dörd yol ayrıcındasan.
***
İnsanın susması ilə ölməsi arasındakı fərqi bəzən heç nəfəs də bilmir.
***
Hansı qidaya qarışırsa-qarışsın – zəhər qalib gələcək. Hansı rəngə qarışırsa-qarışsın – qara qalib gələcək.
***
Sözün doğrusunu bütün kəskinliyi ilə birbaşa deyənləri ağıllı və tədbirli adam saymamaqla cəmiyyət nə qədər aldanır və uduzur.
***
Sərvət – işlədiləndə yox, sümürüləndə tükənir.
***
Həqiqət – insanın əzəl mahiyyəti, Ədalət – onun sosial mahiyyətidir. Həqiqət və Ədalətin nigahından doğulur – Əxlaq.
***
Bir şeyi əldə etməyin onu çırpışdırmaqdan başqa yolunu tapmayan şəxsə – oğru deyilir.
***
Heyvan – canını, İnsan – həyatını itirməkdən qorxur.
***
Bacarırsan – külü yandır.
***
Şərəf – insanı daxildən, şöhrət – insanı zahirdən parladır.
***
Mövqelər bir-birini əzəndə də, həqiqətlər bir-birini tapdamır.
***
Əl yumruğa çevriləndə gözləri tutulur.
***
Dostlar: bir çörəyin iki üzü.
***
Boşluqdan ağır yük yox.
***
Vicdan – ədalətsizliyə dözməyi alçaqlıq saymaqla yüksəlir.
***
Didaktika yalnız qocaları tərbiyə edə bilər.
***
Yol – həm ona birləşən, həm də ondan ayrılan cığırlarla böyüyür.
***
Budaq tumurcuqlanmayınca, yarpağını tökməz.
***
Hənirti – gərəkən anında həyat deməkdir!
***
Ürəyini Vətən kimi qoru.
***
Milli özünüdərketmə – bu dünya içində bir dünya olmaq düşüncəsi.