Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?

Nəşriyyatlar süni intellekt təhlükəsi ilə üz-üzə - Yazıçılar əsərlərinin müəllifliyini sübut etməli olacaqlar?
2 noyabr 2026
# 18:40

Süni intellektin kitab bazarına təsiri artıq yalnız gələcəyin ehtimalı deyil, nəşriyyatların gündəlik problemi kimi müzakirə olunur.

Kulis.az xəbər verir ki, Avstraliyada nəşriyyatlar süni intellekt vasitəsilə hazırlanmış mətnlərin və əlyazmaların çoxalmasından narahatdırlar.

Bəzi nəşriyyatların süni intellekt ilə yazıldığı düşünülən çoxsaylı mətnlərlə üzləşdiyi, müəlliflərin isə ədəbi müsabiqələrdə belə əsərlərinin süni intellektə aid edilməsi ilə qarşılaşdığı bildirilir.

Məsələnin ən mübahisəli tərəfi süni intellektin yazını aşkarlayan proqramlarının etibarlılığıdır. 2026-cı il “Commonwealth Short Story Prize” müsabiqəsinin qalibi də əsərində süni intellektdən istifadə etməkdə ittiham olunub. Lakin münsiflər heyətinin apardığı yoxlama nəticəsində mətnin insan tərəfindən yazıldığı qənaətinə gəlinib. Münsiflərdən biri bu cür proqramların yanlış nəticə verə biləcəyini və əsassız ittihamların gənc müəlliflərin karyerasına zərər vurduğunu vurğulayıb.

Nəşriyyat sektoru süni intellektin müəllif hüquqlarına təsirindən də narahatdır. Müəlliflərin əsərlərindən icazəsiz istifadə olunması, həmin mətnlərin yeni məhsul kimi təqdim edilməsi və gəlirlərin azalması gündəmdədir. Bu səbəbdən Avstraliyada kitab və digər yazılı mətnlərdə süni intellektdən istifadə olunduğunun açıqlanmasını tələb edən qaydaların tətbiqi təklif edilir. Belə görünür ki, yaxın gələcəkdə yazıçının yalnız əsərini deyil, onun necə yazıldığını da sübut etməsi tələb oluna bilər.

# 187 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər