Kulis.az Savalan Talıblının yazıçı Natəvan Dəmirçioğlu ilə müsahibəsini təqdim edir.
- Natəvan Dəmirçioğlunun yaradıcılığa başlaması və ilk hekayələrinin dərc olunması Azərbaycan gənc nəsrində hansı tendensiyalara işıq tutur?
- Bu həm çətin sualdır, həm də asan. Asandır ona görə ki, cavabı var. Çətindir ona görə ki, mətnlər deyilənləri doğrulamalıdır. Ümumiyyətlə, əvvəlcə onu deyim ki, yaradıcılıqda nüfuz, imtiyaz, zənginlik əsas rol oynamır. Bunlar müvəqqəti yüksəliş, mövqe, nəşr, satış, təltif, para qazandıra bilər. Zamanın sınağına, əbədiliyə isə mətnin özünün “amortizasiya”sı- müqavimət gücü olmalıdır. İlk hekayəm 1983-cü ildə çap olunub. 40 ildən bir az çox. “Bir ovuc torpaq ” adlanırdı. Mövzusu hərbi xidmətdə olan özbək gəncin azərbaycanlı qıza məhəbbətindən bəhs etsə də, psixoloji nəsr nümunəsidir və bir ovuc torpaq insanı öz məninə, öz varlığına çəkən əhənrübadır, özkeçmişdir hekayədə. Böyük ədəbiyyata “Üç nöqtə” ilə gəldim deyirlər. 1993-də “Azərbaycan” jurnalında nəşr olunub. Əsər belə başlayır: “Yandım, ay Tanrım! Oyy, yandım! Bu çağırış tutmuşdu boğazından. Boğurdu Onu. Əlini boğazına apardı. İstəyirdi boğazına sarılan, əhədini kəsən bu harayı açıb tullasın, ya qırıb töksün. Bir də əlini boğazına apardı… Onda gördü ki, boğazının dərisi əlində gəlib. Dərini qoydu qırağa. Nəfəsi tövşüyürdü. Əlləri isə öz işində idi. İndi də sinəsini didib dağıdırdı. Birdən gözləri bərələ qaldı. Bu haray öz içindən gəlirdi. Buğlana-buğlana, arasıkəsilmədən: “Yandım, ay Tanrım! Yandım, yandım!”. Başını əyib öz içinə boylandı. Ürəyini gördü. Ürək yerinə yumruq boyda tonqal vardı içində. Çathaçatla yanırdı”. 20 Yanvar hadisələri təsvir olunur əsərdə. Ölkənin alovlar içində yanması, HAQQIN tonqal alovuna bürünməsi, Azadlıq meydanında yandırılan həqiqi tonqallar və hər kəsin ürəyində bir tonqal...metafora, sinekdoxa, təkrir, metonimya ... ədəbi mətnin çox mətləbləri var burada. Üstəlik, süni zəka detalları. Belə məsələlər hələ indi var, sünii intellektlə edilir bu təsvirlər. Hərdən mən özüm də dəhşətə gəlirəm ki, illər öncə- doxsanlarda bu bilgilər mənə necə gəlib?!
- “Yetim” əsərinin Azərbaycan ədəbiyyatında və beynəlxalq mühitdəki yeri nədir və niyə bu əsər xüsusi əhəmiyyət kəsb edir?
- “Yetim” əsərindən bir dialoqu xatırlayaq:
“- Axırına çıxacam sənin!
- Allah sənə lənət eləsin. Özündən böyük danışma. Axıra çıxan sən deyilsən. «Əzrayıl» deyil onun adı?
- Əzrayıldan əvvəl mən gəlirəm, sonra O gəlir.
- Allah lənət eyləsin sənə!
- Onu demə! Bircə onu demə! Aman ver! Heç uymamısan mənə? İndi deyəcəksən ki, yox!? Budu deyirəm: Torpaqdan yaranıb, torpağa dönənin bircəsi də məndən ötəmməz. Tanımıram eləsini! ”
Bu İnsanla Şeytanın dialoqudur. Əsər iki magistral üzərindədir. İnsan-Şeytan, Xeyir-Şər, Doğum-Ölüm, Bu Dünya- O Dünya, Müsbət- Mənfi və bu kontrasda, eyni zamanda bu paralellikdə və harmoniyada Yetim olaraq iri olmaq, diri olmaq, sınmamaq, əyilməmək. Tanrı dediyimiz fövqəlgüclə rabitə, daxili bütövlüyü saxlamaq... Bir sözlə məhəlli deyil “Yetim” əsəri, dünyəvidir. Qarı obrazı var, ədəbiyyatşünasların dediyinə görə bənzəri yoxdur, nə Azərbaycan ədəbiyyatında, nə dünya ədəbiyyatında. Bir məsələni də deyək ki, Azərbaycan haqları var bu əsərdə, inkaredilməz şəkildə. O da əsərə xüsusi əhəmiyyət verir.
- Natəvan Dəmirçioğlunun əsərlərinin müxtəlif dillərə tərcümə olunması Azərbaycan ədəbiyyatının dünya miqyasında tanıdılması baxımından nə dərəcədə əhəmiyyətlidir?
- Bilirsiz tərcümə çox ciddi məsələdir. Nə qədər müəllifə aiddirsə, ondan daha çox dövləti məsələdir. Hətta dövlətin strategiyasıdır. Biz idmana niyə dəyər veririk? İdmançılarımız bizi dünyada təmsil etsin deyə. Beynəlxalq mahnı müsabiqələrinə niyə pul xərcləyirik? Bizim də səsimiz dünyada eşidilsin deyə. Bax o şəkildə, ondan daha artıq səviyyədə ədəbi nümunələr dünyaya çıxarılmalıdır. Müəllifin öz xətti, öz cəhdi ilə tərcümələr, nəşrlər elə də nəticələr vermir deyə, düşünürəm. Şükürlər olsun ki, 2010- cu ildə Moskvanın nüfuzlu “Flinta” nəşriyyatında iki aloqramla - müəllif hüquqları qorunmaqla və bütün Rusiya ərazisində bu müəllif müasir Azərbaycan ədəbiyyatının nümayəndəsi kimi qəbul edilir şərti ilə altı əsərimdən ibatət kitabım işıq üzü gördü. “Flinta” dövlət nəşriyyatıdır. Ondan əvvəl Əli Pəyam iki povestimi fars dilinə tərcümə etmişdi, İranda dərc edilmişdi. 2007- ci ildə İstanbulda “Hazar kıyısında yerlə gök” toplusunda Türkiyə türkcəsində hekayəm yayımlandı. 2014-də Kanadada "Modern Azerbaijani Women’s Prose" seriyasında "Basket" ("Səbət") povestim çap olundu. 2015- ci ildə isə “Yetim” povestim Ankarada kitab şəklində buraxıldı. Mətbuat bunu “İlk Azərbaycan müəllifinin əsəri “Ölmədən öncə okumanız gərəkən 1001 kitab seriyasında nəşr olunub” deyə təqdim etdi. “Yetim” həmçinin “Dünyanın ən iyi əlli romanından biri” nominasiyasını qazanmışdır. Sonra Özbəkistanda özbək dilində, Tatarıstanda tatar dilində əsərlərim çap edildi. Nə qədər psixoloji səpkidə, müasir dünyagörüşlə yazsam da bu bədii nümunələrdə Azərbaycan ruhu, oğuz etnoqrafiyası, türk mentallığı, müsəlman əxlaqı və Şərq mifologiyası var. Bunun dünyaya çıxması, əlbəttə, müsbət hadisədir. Amma yenə deyirəm, bu dövlət siyasəti səviyyədə olmalıdır. Yoxsa əksər hallarda olduğu kimi şəxsin biznes imkanları ilə tənzimlənirsə, heç nə.... Hətta şayiə şəklində bir deyim dolaşırdı ədəbi cameədə. Məşhur bir yazıçımız əsərlərini müxtəlif dillərə tərcümə etdirib, elə Bakıda çap etdirir deyə, danışırdılar.
- Onun radio və televiziya verilişlərindəki fəaliyyəti Azərbaycan mədəniyyətinin və folklorunun yayılmasına necə təsir göstərmişdir?
- Bu suala çox qısa və birbaşa cavab verəcəm. Müstəsna xidmət! Bu işə ömrümün 40 ilini həsr etmişəm. Fədakarcasına və təmənnasız. Bütün istədiklərimi və bacardıqlarımı etmişəm. Bu sahədə heç vaxt nə təltif olundum, nə mükafat, ad aldım. Bütün qiymətləndirmələr gözümün qabağında, yanımdan keçdi.
- Natəvan Dəmirçioğlunun “Birinci kitab”ının mütəxəssislər tərəfindən müasir Azərbaycan nəsrinin ədəbi hadisəsi hesab olunmasının səbəbləri hansılardır?
- Bu çox ciddi sualdır. Cavabı ədəbi düşüncəmizin, filoloji fikrimizin və dilçilik elmimizin ciddi imzalarından sitat gətirməklə cavablaya bilərəm. Məsələn: Akademik Nizami Cəfərov: “Türkün mifoloji düşüncə tərzi, türkün etnoqrafik yaddaşı, İslam dinindən əvvəlki ilkin türk dini – Tanrıçılıq görüşləri, aydın dil və yaddaşda qalan obrazlar: 90-cı illər ədəbi nəslinə mənsub olan Natəvan Dəmirçioğlunun yazılarında bunları gördüm. ... neçə min illik ədəbiyyatımızda çox sayda bütöv, tam və bənzərsiz obrazlar yaradılmışdır.... «Yetim» povestində Yetim obrazı”. Professorlar Buludxan Xəlilov: “Natəvan Dəmirçioğlu seçilənlərdəndir....ədəbiyyata gələndə yeni nəfəslə gəldi. Bu nəfəs hələ ədəbiyyatımızda daha yeni-yeni hadisələr yaradacaq”. Vaqif Yusifli: “N. Dəmirçioğlunun nəsr əsərləri ilk növbədə, təhkiyə tərzinin yeniliyi ilə seçilir və hətta deyərdim ki, orijinallığı ilə seçilir. Onun «Birinci kitab»ı belə bir təəssürat oyatdı ki, müasir nəsrimizdə yeni bir SƏS ucalır, bu SƏS özünəməxsusdur, fərqlidir...” Cahangir Məmmədli: “Natəvan xanımın aydın təhkiyəsi, oxucunu çəkib aparan nəsr üslubu var”. Nizaməddin Şəmsizadə: “O, yüksək səviyyəli, hazırlıqlı, elitar oxucu üçün yazır. ...“Yetim” mürəkkəb arxitektonaya, çoxşaxəli sujet xəttinə malik bir əsərdir. Sadə təsvir və təhkiyə ilə yox, gərgin psixoloji keçidləri olan mətn üzrə yazılıb. Əsərdə özünə məxsus xarakteri, psixoloji tutumu olan obrazlar var”. Leyla Gərayzadə: “В 90-х годов прошлого столетия появилась плеяда молодых и талантливых прозаиков, которые сразу же привлекли к себе внимание читателей. Особое место среди них занимает Натаван Демирчиоглу, которая выделяется среди них своим особым метафорическо - символическим мышлением, своеобразным творческим почерком. Н. Демирчиоглу вошла в литературный мир с произведениями, написанными оригинальным стилем, присущим одарённым личностям”. Rafiq Novruzov: “Natəvan Dəmirçioğlu milli nəsrimizin poetik ənənələrini, dil-üslub imkanlarını mənimsəsə də, özünəməxsus təhkiyə və süjetqurma ustalığına nail olmuşdur”. Filoloq-alim Leyla Fərhadqızı: “İlk yaradıcılıq nümunələrindən bu günkü yazılarına kimi Natəvan Dəmirçioğlunun yaradıcılığı öz təbiiliyini və yenilikçiliyini qoruyub saxlayır. Natəvan Dəmirçioğlunun yaradıcılığı müstəqillik dövrü Azərbaycan ədəbiyyatının uğurudur. Onun əsərləri fərqli ədəbi üslubda yazılmış, orijinal fakturalı, çox maraqlı obrazlar təqdim edən və dil-üslub xüsusiyyətləri ilə diqqəti çəkən, dəyərli proza nümunələridir”. Yenə professor N. Şəmsizadə: “Bizim bu gün nəhəng, bütün dünyanı, bəəriyyəti min illərdir təccüb qarısında qoyan, Nizamiinin, Füzulinin olduğu ədəbiyyatda Natəvan xanımın bir balaca-qaranquş caynağı altındakı qədər yeri var. Fəqət, bu onun öz yeridir”. “Birinci Kitab”ı oxuyan Xalq şairi mənə “525-ci qəzet”də açıq məktub yazmışdı: “Cəmisi 178 səhifəlik kitabından istənilən qədər misallar çəkərdim. O misallar ki, adamın ürəyindən tikan çıxardır, insanı ucaldır, böyüdür, təmizləyir. ...Budur sənət, budur əsər, budur yaradıcılıq. Budur xalqın mənəvi dəyərlərinə, əxlaqi sərvətlərinə sahib olmaq bacarığı! Sənə çətin və şərəfli yaradıcılıq yollarında uğurlar arzusuyla qardaşın Zəlimxan Yaqub”. Bu sözlər mənim yazdıqlarımı ifadə edən minlərlə fikirlərin qısa örnəyidir. Bu kitabı oxumaq lazımdır. Onun müasir Azərbaycan nəsrinin hadisəsi olduğunu onda bilmək olar. Orijinal üslub, yeni və fərqli obrazlar. Bunu çəkinmədən deyirəm.
- Prezident təqaüdləri və müxtəlif mükafatlarla təltif olunması Natəvan Dəmirçioğlunun yaradıcılıq fəaliyyətinin dövlət səviyyəsində qiymətləndirilməsi barədə nə deyir?
- İki dəfə Prezident təqaüdü almışam. Hərəsində bir il. 1999-da Ulu Öndər Heydər Əliyev, 2010-da Prezident Cənab İlham Əliyev bu sevinci və qüruru mənə yaşadıblar. 2023-də “Tərəqqi” medalı ilə təltif olundum. Bunların hər üçünü mənə yazıçı kimi veriblər. Peşəkar jurnalist olaraq isə mənim tələbələrim, ekspert kimi jurnalistikaya qəbul olunmasına imza atdığım gənclər artıq Əməkdar adını qazanırlar. Onların yüksəlişinə sevinirəm.
- Natəvan Dəmirçioğlunun “Açar” romanının akademik müzakirəyə çıxarılması onun ədəbiyyatımızdakı yerini və elmi dəyərini necə təsdiqləyir?
- Bəli, bu kitab təqdimatı deyildi, müzakirə deyildi, prezentasiya deyildi, “Açar” romanına həsr olunmuş elmi sesiya idi. Akademiyanın Ədəbiyyat İnstitutu, AMEA-nın Mərkəzi Elmi Kitabxanası və Kaşğari adına Fond birgə akademik elmi sesiya keçirtdi. Əlbəttə, mübaliğəsiz, bu “Açar” romanının ədəbiyyatımızdakı yerini və elmi dəyərini təsdiqləyə biləcək faktdır. Amma yenə deyirəm, ən böyük dəyər ədəbi mətnin özüdür. “Açar” simvolik- mistik, metaforik adı ilə ədəbiyyata uğurla gəldi. Ciddi ədəbiyyatşünas-alim Məti Osmanoğlu hətta əsərin adını yüksək qiymətləndirir: ”Müharibə ərəfəsində açar obrazının Natəvan Dəmirçioğlu tərəfindən ədəbiyyatımıza gətirilməsi isə bədii sözün riyazi hesablamalara sığmayan mistik təbiəti, ürəyədamma olduğu barədə mülahizələri təsdiq edən daha bir etibarlı fakt sayıla bilər” deyə yüksək qiymət verir. “Açar” həm də mənim arzularıma açar olsun deyə niyyət edirəm. Çox böyük kino imkanları var bu romanın. Dövlət sifarişi olsa bir ayın içərisində ssenariləşdirərəm. I Qarabağ və Vətən Müharibəsinin, Zəfərimizin haqq işi olduğunu dünyaya çıxararıq. Ali Baş Komandan obrazı keçən bu əsərdən Baş Komandan cənab İlham Əliyevin xəbəri olmasını arzu edirəm.
- Xarici ölkələrdə çap olunan Natəvan Dəmirçioğlunun əsərləri və layihələri Azərbaycan diasporunun mədəni və ədəbi nüfuzuna hansı töhfəni verir?
- Şübhəsiz ki,”Üç nöqtə”, “Yetim” povestləri, “Kəlağayı” hekayəsi, “Açar” romanı Azərbaycan, hətta ümumtürk diasporu (yeri gəlmişkən bu istilahın müəllifi və ideoloqu Azərbaycan prezidenti cənab İlham Əliyevdir) üçün çox gərəkli materialdır. Yaradıcılıq və sənətkarlıq baxımından daha çox, daşıdıqları ictimai, tarixi, hətta müəyyən məqamlarda siyasi motivlərinə görə diaspor nümayəndələri üçün qiymətli örnəklərdir. Lakin mən diasporla çox zəif işləyirəm, hətta heç işləmirəm. Onlar da məndən xəbərsizdilər və heç bir əməkdaşlığımız yoxdur. Sizin dediyiniz kimi bu əsərlər Azərbaycan diasporunun mədəni və ədəbi nüfuzuna ciddi töhfələr verə bilər. Türkiyənin çox nüfuzlu Universitetindən orada görüşlər keçirmək, “Açar” romanının təqdimatını etmək üçün təklif almışam.(hələlik ali məktəb ocağının adını açıqlamıram) Ancaq o xərclər mənim tərəfimdən həyata keçiriləcəyi təqdirdə,bu bəlkə də alınmadı. Necə ki, məsləhət olunsa da “Yetim” əsərinin Ankarada və “Kniqa Pervaya”nın təqdimatını Moskvada edə bilmədim.
- Natəvan Dəmirçioğlunun əsərlərində sosial mövzular və qadın talelərinin təsviri Azərbaycan nəsrində hansı yenilikləri ortaya qoyur?
- Buna dair də kifayət qədər fakt və mütəxəssis rəyi var. İcazənizlə bu suala cavab verməyim. Buna oxucularımız və ciddi ədəbiyyat mütəxəssislərimiz yeni, tutarlı, əhatəli yazılarla cavab versinlər.
- Təşəkkürlər.
- Natəvan: Mən təşəkkür edirəm və deyim ki, müsahibə formanız çox orjinal oldu. Əvvəl çaşdım ki, mən özüm haqqında nə deyə bilərəm?! Sonra gördüm ki, bu da fərqli bir forma kimi maraqlı oldu.