Müşfiqin cəzalanmasını tələb edən Xalq şairi – Maraqlı faktlar

Müşfiqin cəzalanmasını tələb edən Xalq şairi – Maraqlı faktlar
6 may 2023
# 21:00

Bu gün Xalq şairi Məmməd Rahimin anım günüdür. Kulis.az bu münasibətlə onun haqqında maraqlı faktları təqdim edir.

Məmməd Rahim (Hüseynov Məmməd Abbas oğlu) 1907-ci il aprelin 20-də Bakıda anadan olub. Şairin atası Abbas kişi kiçik sahibkar olub, ailəsini yaxşı dolandırıb. Elə buna görə də Məmməd Rahim yaşıdlarının çoxuna görə yaxşı təhsil almışdı. O, əvvəlcə rus-tatar məktəbində, sonra isə sovet məktəbində oxuyaraq orta təhsilini tamamlamışdı. 1917-ci ildə onun on yaşı olanda atası dünyasını dəyişir. Məmməd atasından sonra böyük qardaşının himayəsində yaşayır.

Gallery

1946-cı ildən sonra dövlət işindən uzaqlaşmış və ancaq bədii yaradıcılıqla məşğul olub. Şair əsasən Yazıçılar İttifaqının poeziya bölməsinin rəhbəri kimi çalışıb.

***

Məmməd Rahimi həmkarları əsasən istedadsız bir şair hesab edib. Lakin onun məşhur “Saldı qara gözlərin neçə aşiqi bəndə” şeiri dövrünün ən yaxşı şeirlərinin siyahısındadır.

Gallery

Məmməd Rahim repressiya dövründə yaşayan yeganə şairdir ki, onun haqqında müsbət heç bir xatirə yoxdur. O, əsasən tanınmış yazıçılar haqqında gizli və açıq donoslar yazan qələm adamı kimi xarakterizə olunur. Bu donosların bir çoxu həmin dövrün mətbuatında qalmaqdadır.

***

Rahimin ən yaxşı əsəri olan “Leninqrad göylərində” poeması Sovet İttifaqı Qəhrəmanı Hüseynbala Əliyevin obrazını yaradılıb. Əfsanəvi təyyarəçinin döyüş yolunu əhatəli şəkildə təsvir edən bu əsər qəhrəmanın ölümü ilə bitir. Şair bu faciəni hüzn, ağrı dolu sətirlərlə təsvir edir.

Gallery

Şairin bacısı Xeyransa Hüseynova xatirələrində deyir: “Məmməd Rahimdən savayı mənim beş qardaşım vardı. Ancaq evimizin əziz-xələf oğlu məhz Rahim idi. Onu çox sevirdik. Babamın adını daşıyırdı. Rahim özü nə qədər desən xeyirxah idi. Bacıların arasında məni çox istərdi, mən də onu çox sevər, başına pərvanə kimi dolanardım. Rayondan gələn bir çox şair, yazıçı bizim evdə qalardılar. Yazıçı Əbülhəsən ailəsi ilə evi olmadığına görə bizim həyətimizdəki evdə qalırdı. “Dünya qopur” romanını Əbülhəsən məhz bu evdə yazıb. Şair Süleyman Rüstəm həmişə bizə gələndə Əbülhəsənə sataşardı ki, ay Əbülhəsən, dünya nə zaman qopacaq? Romanı nə vaxt bitirəcəksən?.. Gəncədən Mikayıl Rəfili də öz ailəsi ilə bizim evə pənah gətirmişdi. Həyətimizdə bir-iki otağı Rahim onların istifadəsinə vermişdi. Onlar bir müddət özlərinə ev alana kimi orada qaldılar. Mikayıl Müşfiq də tez-tez bizə gələrdi. Rahimlə bir yerdə institutda təhsil alırdılar.”

Gallery

Lakin, Məmməd Rahim Hüseyn Cavidin, Mikayıl Müşfiqin, Əhməd Cavadın, repressiya olunmasında ciddi rol oynayıb. O, öz çıxışlarında Müşfiq haqqında deyir: “Zahirən Sovet, lakin bütün daxili quruluşu etibarilə qəddar kontrrevolüsioner ruh ilə dolu olan bir sıra əsərləri vardır. İkiüzlü Mikayıl Müşfiq uzun zaman öz-özünü sədaqət nümayəndəsi kimi tanıtdırmağa can atmışdı. Halbuki, gördüyü işin mahiyyəti etibarilə o, fəlakət carçısından başqa bir şey deyil. O, Azərbaycanın döyüşkən əməkçi xalqını aciz, üzü qara vermişdir. Tarix qabağında isə bu xalq heç də üzüqara olmamışdır. O, əsrlərcə döyüşmüş, üsyan etmiş və nəhayət şanlı Aprel revolüsiasını yaradaraq öz həqiqi azadlığını əldə etmişdir. Müşfiq bunu görməyə kordur. Mikayıl Müşfiq maskalanmaq üçün bəzən çox gurultulu məsələdən yapışıb revolüsion temalar arasında gizlənməyə çalışırdı. Xalq səadətinə düşmən olan bu əclaf, "İnqilab” şeirində proletar revolüsiasını yandırıb yaxan lava, bir vulkan stixiyası kimi təsvir edir. Mikayıl Müşfiq kimi satqınlar sinifsiz dünya qurmaq uğrunda mübarizə aparan sovet ədəbiyyatına az əngəl olmamışlar. Artıq onlar ifşa olunmuş, maskaları tamamilə yırtılmışdır. Düşməni amansızcasına ifşa etməkdə prinsipial tənqid hələ çox işlər görməlidir”.

Gallery

Rahim Əhməd Cavad haqqında Sergey Kirova müraciətində isə deyir: “Neft yurdunda ən erkən yox etməyə başladın imansız müsavatı…” Maraqlıdır ki, “mülayimləşmə” dövrü başlayanda şəhid-şair Əhməd Cavadın şeirlərini ilk dəfə toplayıb kitab halında çap etdirən də Məmməd Rahim olur…

***

Deyilənə görə, Məmməd Rahim maddi cəhətdən çox imkanlı olduğuna görə adamlara pul verib özünü təriflədərmiş. Eyni zamanda ondan çoxlu pul borc alan həmkarları üzə düşüb Məmməd Rahim haqqında xoş sözlər söyləməyə məcbur olurmuşlar.

Gallery

Məmməd Rahimin “Azərbaycan” jurnalında “Xəzər sularında” adlı poeması çıxır. Əsəri Qabil də oxuyur. Amma nədənsə Məmməd Rahimlə görüşüb fikrini söyləməkdən qaçır.

Bir gün “Azərnəşr”in foyesində uşaqlar Rahimin başına toplaşırlar. Kişiyə xoş sözlər deyirlər. Birdən hardansa Qabil peyda olur. O, Məmməd Rahimdən yan keçmək istəsə də Məmməd Rahimin gözü onu alır.

- Qabil, niyə yan ötürsən, salam-kalamın hanı?

Qabil diksinir. Bir neçə saniyə yerində qalır. Birdən uşaqları yararaq şairlə üz-üzə dayanır.

- Rahim müəllim, sizə iyirmi min manat borcum var. Maşın alanda mənə əl tutmusunuz, çox sağ olun. Özü də, bu pulu iki-üç ilə, bəlkə də beş ilə ancaq qaytararam. Amma bunların mətləbə dəxli yoxdur. Poemanızı oxumuşam. Xoşuma gəlməyib, çox zəif yazmısınız.

Gallery

Repressiya illərində Mircəfər Bağırova ədəbi mühitdə baş verənləri çatdıran imzalardan biri də Məmməd Rahim olub. Süleyman Rüstəm söhbətlərinin birində belə nəql edir: O illər qardaş-qardaşa etibar etmirdi. Hətta ata oğulun yanında ehtiyatla danışırdı. Elə bil, otuz yeddinci ildə divar da qulaqlı idi. Lap asqıranda belə Mərkəzi Komitədə eşidirdilər. Bir gün Yazıçılar İttifaqında Səməd Vurğuna dedim ki, ay Səməd, bu xəbərçi kimdir, nə danışırıq gedib Bağırova xəbər verir. Gəl bunu tapaq. Səməd dedi ki, axı necə tapaq? Lap pıçıltı ilə danışırıq, onu da aparıb Bağırova çatdırırlar. Səmədə dedim ki, mən məclisdə türk ədibi Tofiq Fikrətin bir neçə şeirini qəsdən oxuyacağam. Özüm də deyəcəyəm ki, bundan sonra mən türk ləhcəsində, türk şivəsində şeir yazacağam... Başladım türk şeirlərindən birini, əlbəttə, qəsdlə Azərbaycan və türk ləhcələri ilə qarışdırdım. Elə etdim, inansınlar ki, bu şeiri mən yazmışam. Həmin şeiri ilk dəfə Səməd Vurğunun və Məmməd Rahimin yanında oxumuşam.

Axşamı məni Mərkəzi Komitəyə çağırdılar. Dedilər, Mircəfər Bağırov sənin əlindən yaman qəzəblənib. Fikirləşdim ki, yəqin türk dilində şeir "yazdığım" üçündür.

İcazə alıb Bağırovun kabinetinə girdim. O, kabinetdə gəzişə-gəzişə karandaşları oynada-oynada kinayə ilə məni süzdü:

- Dəmirçi oğlu, deyəsən sən də pantürkist olmusan! Türkcə şeirlər yazırsan! Belə getsə, gənclərimizin hamısının beynini korlayacaqsan!

Mən tez zarafata salıb dedim:

- Yoldaş Bağırov, allah eləməsin ki, pantürkist olam. Biz xəbərçi axtarırdıq. Onu da tapdıq. Mən həmin türk şeirini ancaq Səməd Vurğunun, bir də Məmməd Rahimin yanında oxumuşam. Demək, yalançı xəbərçini tapmışıq.

***

Məmməd Rahim 1977-ci il mayın 6-da Bakıda vəfat edir. Fəxri Xiyabanda dəfn olunur.

# 24132 dəfə oxunub

Müəllifin son yazıları

# # #