Mollasan, səndən elm adamı, filosof çıxmaz! - Filosof dindən, mənəviyyatdan danışa bilərmi?

Mollasan, səndən elm adamı, filosof çıxmaz! - Filosof dindən, mənəviyyatdan danışa bilərmi?
19 mart 2025
# 15:00

Kulis.az fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədovun "Filosof dindən, mənəviyyatdan danışa bilərmi?" yazısını təqdim edir.

Fəlsəfə mühakiməyə əsaslanır, əqli təftişə söykənir, intəhasız sahələrdə var-gəl edən düşüncələrdən ilham alır. Bu baxımdan, istənilən şey haqqında mühakimə yürütmək fəlsəfədir. Fəlsəfə “...Şanı Uca Yaradan və düşüncə aləmi haqqında sual vermək (Kindi), həqiqəti və ona dair bilikləri öyrənmək (Farabi), varlıqların mahiyyətini araşdırmaq (İbn Sina), varlıqlar haqqında mühakimə yürütmək (İbn Rüşd), “varlıq, bilik və hər şeyin ilk səbəbi və prinsiplərini öyrənmək (Aristotel), həqiqi biliklər axtarışına çıxmaq (Platon), özünü tanımaq və həqiqəti axtarmaq (Sokrat) “Nəyi, nəyə, nə və nədir?” suallarına cavab axtarmaqdır (Kant). Bir sözlə, filosof istənilən şey haqqında danışa, mühakimə yürüdə bilər. Tarixən, filosoflar hər şey haqqında danışmış, yeknəsəq yaradıcılıqdan uzaq olmuşlar. Filosofu çərçivəyə salmaq, trafaret düşünməyə, məhdud dairədə mühakimə yürütməyə məcbur etmək fəlsəfənin naturata naturasına ziddir.

Fəlsəfə tarix boyu mənşə, məna və mahiyyət problemlərini öyrənmiş, şeylərin ontoloji mahiyyətini fiziki olanla deyil, mənəvi, spiritual, ruhi, metafizik olanla əlaqələndirmişdir. Bu baxımdan metafizika materialist fəlsəfənin ideoloji müdaxilə ilə Qərbdə, o cümlədən Rusiyada dominant istiqamət, conditio sine qua non seçilməsinə qədər fələsəfənin əsas mövzusunu təşkil etmişdir. Qədim yunan, xristian, müsəlman fəlsəfə ənənəsini (təxminən 2200 illik nəhəng fəlsəfi irsdən söhbət gedir!) metafizikasız təsəvvür etmək mümkün deyildir! Bu gün filosoflara Allahdan, yaradıcıdan, yoxluqdan (ex nihilo) yaranmadan danışmağı eyib tutmaq fəlsəfədən bixəbərlikdir, korafəhm iddiaçı olmaqdır, elmi korluqdur!

Qədim yunan fəlsəfəsi, xüsusən sokrataqədər fəlsəfə (Yunan müdrikləri), Sokrat, Aristotel, Platon, Xristian sxolastikası, müsəlman fəlsəfəsi əxlaq, mənəviyyat, həyatın mənası kimi mövzuları nəinki araşdırmış, hətta fəlsəfənin mövzusu hesab etmişdir. VIII əsrdə süryani mənbələri əsasında Sokrat, Platon, Aristotelin yaradıcılığı ilə tanışlıq onunla nəticələndi ki, müsəlman dünyasında didaktik-əxlaqi fikirlərinə görə Sokratı peyğəmbər, Platon və Aristoteli ilahiyyatçı hesab edən nöqteyi-nəzər meydana çıxdı. Fəlsəfəni insan nəfsinin kamilləşməsi hesab edən İbn Sina fəlsəfəyə belə bir tərif vermişdi:

“... nəfsin şərəflənib kamilləşməsi, dərk olunan aləmə çevrilməsi, axirətdəki uzaq xoşbəxtliyə hazırlaşması üçün insanın hər bir varlıq haqqında düşünməsidir”.

Bəli, qədim yunan fəlsəfəsində başlanğıc problemi öyrənilmiş özü də əksər filosofların yaradıcılığında idealistcəsinə öyrənilmişdir. Ex nihilo başlanğıcdan söz açılmasa da, arxeni əsas tutan, Demurqdan, İlk Hərəkətvericidən söz açan idealist istiqamət bu fəlsəfədə dominantlıq etmişdir. Həyatın mənası, insan adlanan varlığın dünya və kainatdakı statusu kimi fundamental mövzular qədim yunan, xristian və müsəlman, habelə Yeni dövr fəlsəfi fikri və ənənəsinin “olmalı olanı” (ought-to-be) sayılırdı. Bu gün hansısa filosofa, fəlsəfə mütəxəssisinə “Fəlsəfə məna axtarışı ilə məşğul olmaq deyildir” iradını bildirmək necə də tutarsız, naqolay iraddır!

Antik dövrdə də, Orta əsrlər də fəlsəfənin öyrəndiyi mövzular dinin öyrəndiyi mövzularla eyniyyət təşkil edirdi. Bu iki istiqamət mövzuları öyrənmə üsullarına görə fərqlənir, bir-birindən seçilirdi. Məsələn, qədim Yunanıstanda tanrıların, varlıq və ruhun substansiyası, dünyanın əbədi olub-olmaması, tanrı-insan münasibətləri, ruhun ölməzliyi kimi problemlər dini və fəlsəfi diskursda eyni dərəcədə nəzərə çarpırdı. Həmçinin, ənənəvi fəlsəfənin əsas məqsədi (həqiqətə çatmaq, dünyanın nə üçün mövcud olmağı barədə insanları maarifləndirmək, onlara biliyi kəsb yollarını öyrətmək, fərdlərin və ya cəmiyyətin dünyaya baxışını formalaşdırmaq, xoşbəxtliyə aparan yolları müəyyənləşdirmək, “həqiqət, xeyir və şər, xoşbəxtlik nədir” suallarına cavab tapmaq) Xristian və Müsəlman dünyasında fəlsəfi-dini müzakirələrin obyektini təşkil etmişdir.

Bir sözlə, öyrənilən mövzu, qarşıya qoyulan məqsəd baxımından fəlsəfə ilə din sandhi yaradır. Onları bir-birindən ayırmaq “eyni məmədən süd əmən iki bacı”nı (fəlsəfə və dini – ifadə İbn Rüşdə aiddir) bir-birindən ayırmaqdır.

Sokrat yaradıcılığından “özünüdərk və əxlaq dəyərləri”ni, Aristotel fəlsəfəsindən “Metafizika”nı, Platondan “ideyalar aləmi”ni, Patristik-sxolastik fəlsəfədən “xristianlığ”ı, Müsəlman fəlsəfəsindən “Allah, ruh, peyğəmbərlik institutu, əxlaq və fəzilət, xeyir və şər” mövzularını çıxarsaq, yerdə nə qalacaqdır?! Yaxud , bərahimilərin peyğəmbərliyi inkar edən iddialarını puça çıxaran “rəddiyyə”lər yazdığı üçün kimsə İbn Sinanın filosofluğuna şübhə edə bilərmi?! Və ya din-fəlsəfə problemini öyrənərkən Quranı istinad nöqtəsi seçdiyi üçün İbn Rüşdün fəlsəfi dühasına kölgə salmağa kimin cəsarəti çata bilər?! İdealist fikirlərinə görə Platonu, Plotini, Avqustini, Fomanı, Anselmi, Berklini, Kantı, Şellinqi, Hegeli, Kroçeni fəlsəfə ağacından silkələyib atmaq kiminsə ağlına gəlmişdirmi?!

Fəlsəfə tarixi son 200-300 ili çıxmaqla materialist istiqamətin fəlsəfədə normativ olmadığı tarixdir. Materializm bugün özünü kanonik-ortodoksal xətt kimi təqdim etsə də, tarixilik, fəlsəfənin materiyası olmaq baxımından qısırdır; ideoloji-siyasi müdaxilə sayəsində özünü Qərb, habelə Rusiya rasional fikrinə qəbul etdirə bilmişdir. Qərbdə kilsəyə nifrət dinə yerin ayrılmadığı, din və Allah əleyhinə elm və fəlsəfə adına söz söyləməyin ziyalılıq sayıldığı dövrün – Maarifçiliyin başlanmasına səbəb olmuşdu. Bəli, kilsə istibdadının travmalı insanları Maarifçilik dövrünü başlatmışdılar. Maarifçilik heç də sözün həqiqi mənasında maarifçilik deyildi. Həmin dövrdə Kilsə əleyhinə danışmaq, teist nöqteyi-nəzəri tənqid etmək aydınlıq, ziyalılıq sayılırdı. “Maarifçilik” kifayət qədər ideoloji və qərəzli məfhumdur. Həmin dövrdən etibarən, Qərbdə, XX əsrin 20-ci illərində Rusiyada, hətta bugün bizdə Allahdan, ruhdan, peyğəmbərdən danışmaq ziyalı işi hesab olunmur. Bu arealda elm adamları, filosoflar belə bir seçim qarşısındadırlar: Ya dini kənara qoy, elm və fəlsəfə ilə məşğul ol, ya da inan, – bu təqdirdə fanatiksən, mollasan, “neomollasan”, səndən elm adamı, filosof çıxmaz!

Son günlərdə qərəzli qaragüruh tərəfindən respublikanın dəyərli ziyalısı, filosof Müşfiq Ötgünə qarşı başladılan hikkəli, həm də paxıllıq və həsəd qoxusu verən kampaniyanın şahidi olduqda bu sətirləri yazmaq qərarına gəldim. Müşfiq Ötgün dəyərdir, ziyalıdır, - belə insanların qədrini bilmək lazımdır!

Görünür, tutarlı cavabları, sanballı müddəaları, əsaslandırılmış mülahizələri ilə bu dəyərli düşüncə adamının qazandığı uğur, əldə etdiyi nailiyyət, xalq kütlələrində ona qarşı yaranan rəğbət hər şeyə, hətta sərhədləri olmayan idrak prosesinə, intəhasız təfəkkürə - fəlsəfi təfəkkürə nəzarət etmək istəyənləri bərk narahat etmiş, yuxularını ərşə çəkmişdir.

Bu yerdə dahi Sədinin bir beyti ilə sözümü bitirirəm:

Yarasa sevməsə də, nurlu Günəşi,
Günəşin bundan əskilməz atəşi!

# 1373 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #