Lalənin ləçəyində dodağının rəngi var - Günün şeiri

Lalənin ləçəyində dodağının rəngi var - Günün şeiri
7 may 2024
# 16:00

Bu gün tanınmış şair Ənvər Əlibəylinin anım günüdür.

Kulis.az "Günün şeiri" layihəsində onun "Bu bağçadan keçmisən" şeirini təqdim edir.

Yəqin bu gün səhər səhər,
Bu bağçadan keçmisən.
Soruşursan, nədən bildim bunu mən?

Çiçəklərin nəfəsində
Saçlarının qoxusu,
Nərgizlərin xumarında
Gözlərinin yuxusu,
Quşların nəğməsində
Səsinin ahəngi var.

Çinarların duruşunda
Bədəninin qaməti,
Günəşin zərrəsində
Qəlbinin hərarəti,
Lalənin ləçəyində
Dodağının rəngi var.

Səhər-səhər
Sənin burdan keçdiyini
Onlar mənə verdi xəbər.

# 375 dəfə oxunub

Müəllifin son yazıları

# # #