Bu gün yazıçı Zaman Piriyevin doğum günüdür.
Kulis.az müəllifi təbrik edir və "Atəşfəşanlıq" hekayəsini təqdim edir.
Məni kameraya üzüqoylu atanda artıq axşamdan xeyli keçmişdi. Başımdakı və bədənimdəki ağrılar məni elə hala qoymamışdı ki, hələ bir saat haqda da düşünüm. Bir xeyli kameranın ortasında uzanıqlı vəziyyətdə qaldım. Bu vaxt gözətçinin boğuq, vahiməli səsi eşidildi:
- Nə gözləyirsən, bəlkə gəlib səni yatızdıraq. Bura sənin üçün otel deyil, sənin kimilərini güllələmək lazımdır, hələ sevin ki, sağsan.
Güclə göz qapaqlarımı aralayıb bu murdar məxluqun üzünə baxmaq istədim. Lakin zəif elektrik lampalarının işığında onu yalnız kölgə kimi gördüm.
Səhər sağ böyrəyimdəki zoqquldayan güclü ağrı qapı döyürmüş kimi qarnımın içini taqqıldadaraq məni oyatdı. Ayağa durmaq istədim, lakin müvazinətimi itirərək döşəməyə yıxıldım. Olanları xatırlamağa çalışıram. Bir türlü əlaqə qura bilmirəm. Uzaq kənddə şəbəkə xidməti xaricinə çıxan telefon kimi qırıq-qırıq epizodlar gözümün qabağına gəlir. Tək bir kəlmə zoqquldayan ağrıların ritmi ilə ruhuma hopub təkrarlanır: Vətən xaini! O müdhiş, qaranlıq saatları bir neçə saniyənin içinə sığışdırıb xatırlamaq cəhənnəm əzabı verir. Hansı vətənə xəyanət! Hər gün yüz dəfə namusunu kirlətdiyiniz, şərəfinə tüpürdüyünüz, övladlarını bir tikə çörəklə imtahan etdiyiniz Vətənə?! Bəlkə Vətən sizin zülmlə yoğrulan, mayası haram, suyu məzlumların göz yaşları ilə qarışan namussuz həyatınızdan ibarətdir. Dəbdəbəli saraylarınızın çıraqları məzlumların ahı ilə yanır. İndi mənmi oldum Vətən xaini!?
Qapının ağzında səslər eşidilməyə başladı.
- 18-ci kameranı aç!
Ağır qapının açarı onun beyninin içində fırlanırdı. Təcridxana gözətçisi məni bu vəziyyətdə görəndə qəzəbli halda, söyə-söyə harama gəldi təpiklədi:
- Qalx, şərəfsiz, fahişə! Sənə deməyiblər ki, rəis gələndə necə durmaq lazımdır?! İt oğlu, qalx! Gözətçilər məni ayağa qaldırıb divara söykədilər.
- Bundan sonra sən burada istədiyin kimi yaşaya bilməzsən. Hər gün saat doqquza kimi bütün kamera təmiz, yatağın yığılmış vəziyyətdə hazır olsun. Qapı açıldığı vaxt əllərin arxanda divara tərəf dur. Yaxınlaşmağa cəhd eləmə. Adını, soyadını, hansı maddə ilə tutulmusan, hamısını bir-bir de. Aydındır?!
Mən sağ tərəfə əyilmiş halda, ağrıdan qovrularaq başımı yellədim. Elə bil gözətçinin anasına söydülər. Var gücü ilə qarnıma təpiklə necə vurdusa, ikiqat olub diz üstə çökdüm.
- Buna səhər yeməyi verilib?
- Səhər bayılmışdı, ona görə yemədi getdi. İstehzalı qəhqəhələr.
Qapını möhkəmcə çırpıb getdilər. Elə bil məni dərin bir quyuya atıb ağzını qaya parçası ilə bağladılar. Sürünüb birtəhər unitaza çatdım. Mədəmdə nə vardı, qaytardım. Ağzımdan acı zəhər kimi su axdı. Elə bildim ki, bütün içalatımı da qusdum.
Həmin gün bir neçə dəfə ağrıdan bayılmışam. Nəhayət, insafa gəlib həkim çağırıblar. Həkim ağrıkəsici dərman verəndə nəzarətçiyə dediyi sözləri eşitdim:
- Böyrəyi və mədəsi çox ciddi zədə alıb, deyəsən. Həkim nəzarətində olmalıdır bir müddət.
- Buna biz qərar vermirik. Hər halda yuxarıdan nə desələr o olacaq.
- Mən bu barədə yuxarıya məruzə edərəm. Heç olmasa yemək rejiminə nəzarət etmək lazımdır, yoxsa mədəsi qanaxma verə bilər. Böyrəyində yəqin daş olub, düşüb sidik kanalına. Piristup verən də yəqin odur.
- Heç nə olmaz buna. Gərək bu günü, vətənə xəyanət edəndə fikirləşəydi.
Axşam yatmazdan əvvəl bir ağrıkəsici iynə vurdular. Çünki artıq dərman təsir etmirdi. Beləcə yuxuya getdim. Yuxuda evimi, ailəmi gördüm. Kiçik oğlum mənə tərəf qaçırdı, amma heç cür ona qovuşa bilmirdim. Hər dəfə əlini uzadanda araya qatı bir duman çökürdü. Amma nədənsə, mənə elə gəlirdi ki, bu duman yağışdan sonra torpağın isti nəfəsindən buğlanır, yaxın vaxtlarda günəşli günlərin olacağı haqda siqnal verir. Bu müjdəni arvadım Əminənin parıldayan gözlərində də sezə bildim. Nəsə deyirdi, amma heç cür eşidə bilmirdim. Bircə gözləri ümidli idi.
Qapının səsinə ayıldım. Üst paltarımı geyinməyə macal tapmamış nəzarətçi və gözətçilər kameraya girdilər.
- Sənə deyilməyib ki, nəzarətçi içəri girəndə hazır vəziyyətdə olmalısan?!
Sinəmə möhkəm bir yumruq ilişdirdi.
- Əllər arxaya, özünü təqdim elə.
- Yavuz Dönməz. Soyadımı deyəndə bu balacaboy, göygöz əclaf hırıldayıb:
- Dönməz, Dönməz. Dönərsən, dönməzsən, zorla döndərərik.
- Türk cəza qanunu, 328-ci maddə. Siyasi və əsgəri casusluq ittihamı ilə həbs olunmuşam. Lakin mənim heç bir günahım yoxdur.
- Saxla! Bura məhkəmə zalı deyil. Onları məhkəmədə deyərsən. Hələ məhkəməyə qədər yaşasan. Hazırlaş, saat 10-da müstəntiqin yanına çıxacaqsan.
Bir anlıq mənə elə gəldi ki, bu kameradan çıxa bilsəm, hər şey bitəcək. Yuxuda gördüyüm qatı duman da, Əminənin gözlərindəki parıltı ilə yoxa çıxacaq. Əllərim kiçik oğlumun əllərinə qovuşacaq. Bu ümid işığı iki gündür zülmətə bürünmüş dünyamda ağ yol kimi göründü.
Müstəntiqin otağı beşinci mərtəbədə idi. Başıma torba keçirsələr də, bir mərtəbə aşağı düşdüyümüzü, ordan da sağa dönüb, ya üçüncü, ya da dördüncü otağa girdiyimizi fərq etdim.
- Vətəndaş Yavuz Dönməz, Türk cəza qanunu, 328-ci maddə ilə dövlət əleyhinə casusluq etmə ittihamı ilə həbs olunmusuz. İlkin ifadənizdə özünüzü təqsirkar saymadığınızı, bu ittihamın böhtan və yalan olduğunu yazmısınız. Lakin gizli şahid ifadələri və sizin qəzetlərdə çıxan yazılarınız əsasında belə aydın olub ki, siz bu dövlətin ədalətinə şübhə edirsiz. Ona görə də bu sistemin dəyişilməsinin vacib olduğunu, xarici dəstək olarsa, inqilab yolu ilə hakimiyyəti ələ keçirməyi düşünmüsüz. Bu məqsədlə bir neçə xarici ölkə səfirlikləri ilə əlaqələr qurmusuz. Hətta il ərzində iki dəfə Almaniyada olmusuz. Bunları necə izah edə bilərsiniz? Həmçinin Almaniya səfirliyi sizə xüsusi təşəkkürnamə verib. Bu hansı xidmətlərinizə görə verilib?
- Birincisi, mən bir qəzet işçisiyəm, köşə yazarıyam. Bu sistemdən razı qalmamaq haqqım var. Düşündüklərimi yazmaq və ictimaiyyətə çatdırmaq mənim vəzifəmdir. İkincisi, əgər məmləkətdə fəhlə, kəndli istismar edilirsə, kredit adı ilə bütün həyatı satın alınırsa, banklar insanları soyub soğana çevirirsə və dövlət işlərində xalqa xidmət etməli olan məmurlar onları əzirsə, polis hakimiyyəti xalqın qəzəbindən qoruyan bir sistemə çevrilibsə, mən necə ədalətə inana bilərəm. Bu məmləkətdə ədalət yoxdur.
Almaniyaya getməyimə gəlincə, ora müalicə üçün getdiyim açıqca sənədlərdə mövcuddur. Sağ olsun, uşaqlıq dostum bütün xərcləri öz boynuna götürdü. Almaniyada biznesmendir. Bir dəfə müayinə üçün getmişəm, üç ay sonra isə əməliyyat üçün yenidən getmişəm.
Xarici ölkə səfirlikləri ilə əlaqələrə gəlincə, bir qrup mətbuat işçisi ilə birlikdə bu görüşlər baş tutub. Azad Mediaya Dəstək İctimai Birliyi bu görüşləri tərtib edib. Təşəkkürnamə də məhz bu görüşlərdə fəallıq etdiyimə görə verilib. Bütün bunlar mətbuatda işıqlandırılıb. Bunlar nə zamandan cinayət olub.
- Yavuz Dönməz, siz deyirsiniz ki, bu boyda dövlət sizə böhtan atır?!
- Cənab müstəntiq, bu boyda dövlət sömurgəçi bir bankı tərəfdaş hesab edib, öz vətəndaşlarını soymasına şərait yaradırsa, demək, mənə böhtan da atar, lazım olsa, başımdan güllə ilə də atar. Öz xalqı ilə kölə kimi davranan bir rejim bir gün həmin xalqın ayaqları altında əzilib məhv olacaq.
- Bütün bu dediklərinizi yəqin ki, Fridrix Brauerlə söhbətlərinizdə də demisiz?
- Mən açıq fikirli adamam.
- O qədər açıq fikirli ki, hətta dövlətin sirlərini alman xüsusi xidmət orqanlarının əməkdaşına satmaqdan belə çəkinməmisiz?!
- Cənab müstəntiq, dövlətin sirrini əgər adi bir köşə yazarı bilirsə, bunun harası sirr oldu. Fridrix əgər xüsusi xidmət orqanlarının agentidirsə, niyə bu ölkədə rahat gəzir? O səfirliyin mətbuatla əlaqələndiricisidir. Gizli şahidləriniz hər halda mənim Fridrixlə hər kəsə açıq yerdə görüşdüyümü görüb. Mənim alnım Allah qarşısında da, vicdanım qarşısında da açıqdır. Bütün bu məzhəkələr bir gün sizlərin əleyhinə çevriləcək. Namuslu bir adamı şərləmək nə sizə, nə də dövlətə baş ucalığı gətirməz.
Bu söhbət çox uzandı. Müstəntiq özü də bu iddiaların əsassız olduğunu dəqiq bilirdi. Və bilirdi ki, günahsızam. Amma mənim mətbuatdakı kəskin yazılarım yuxarıları o qədər qəzəbləndirmişdi ki, həbs olunmam üçün bir başa göstəriş verilmiş və sözsüz bir şəkildə icra olunmuşdu. Həm də son dövrlərdə müxalifətin aktivləşməsi, ictimai fəalların bütün şəhərlərdə hakimiyyət əleyhinə təbliğatı əməlli-başlı zəlzələ yaratmışdı. İşlədiyim qəzet mənimlə yollarını ayıranda başa düşmüşdüm hər şeyi. Əslində Süleyman abi pis adam deyildi. O gün xəcalətindən az qalırdı yerə girsin. Özünü günahkar sayması dilinin topuq vurmasından bəlli idi. Neyləsin?! Bu qədər adam burdan məvacib alır, özünün də o boyda ailəsi. Hələ üstəlik qardaşının ailəsinə də kömək edirdi. Keçən il avtomobil qəzasında ölmüşdü. O da yaxşı bilirdi ki, qəzetin bu səviyyəyə çatmasında mənim yazılarımın da rolu olub. Yəqin ki, onu sıxma boğmaya salıb istədiklərini alıblar. Mən ona haqqımı halal edirəm.
Həbs olunduqdan sonra vəkilim vasitəsilə çöldə baş verənləri öyrənməyə çalışırdım, amma zalım balasının ağzını kəlbətinlə açırdım. Deyəsən, ona da tapşırmışdılar ki, mənimlə artıq heç nə danışmasın. Ailəm, uşaqlarım üçün darıxırdım. Hər dəfə ondan soruşanda hamı yaxşıdır, salamları var, deyib məni yola verirdi. Ondan imtina etmək istədim. Sonra ağlıma gəldi ki, əşşi, heç olmasa bu zavallı hərdən bir gəlir, onunla söhbət edəndə çölün havasını alıram. Onsuz da başqa işə yaramır. Məhkəmədə məni düz-əməlli müdafiə edəcəyinə də inanmıram. Eybi yox olsun. Ailəmi, dostlarımı məni görən tək bu adamdan da məhrum etməyim.
Artıq bir ay keçmişdi. Hər gün eyni suallar, eyni cavablar məni bezdirirdi. Təcridxana mənə yeni davranış və düşüncə parametrləri öyrətmişdi. Misal üçün, saatın neçə olduğunu, günəşin kiçik pəncərədən düşən şüalarının divardakı hərəkəti ilə müəyyən etməyi öyrənmişdim. Çünki neçə dəfə saatı soruşsam da, cavab vermirdilər. Səhər yeməyi, yeni növbətçinin kameranı yoxlamaq üçün gəlməsi, günorta yeməyinin vaxtı mənə bu işdə kömək olurdu. Divarda kiçik cızıqlar çəkərək saatı müəyyən edirdim. Heç vaxt işıqda yata bilmədiyim halda, kameranın işıqları daimi yandığından bu rejimə uyğunlaşmağa məcbur idim. Halbuki bu əsəblərimə çox pis təsir edirdi. Bir dəfə işıqlar anidən söndü. Uşaq kimi sevincimdən ağlamağa başladım. Qaranlığa olan ehtiyacımı onda hiss etdim. Demək qaranlıqlar, zülmətlər, işığın, nurun əsl həqiqətini görmək üçün çox vacibdir. Şəhərin uğultulu, rəngarəng həyatından birdən-birə ayrılıb belə səssiz, eyni rəngli həyata öyrəşmək sizə asan gəlməsin. Xüsusən informasiya qıtlığı içində idim. Görəsən, həbsimə etiraz edənlər oldumu? Dostlarım hər gün haqqımda qəzetlərdə yazırlarmı? Ailəmə, uşaqlarıma dəstək olurlarmı? Bütün bu suallara cavab tapa bilməmək çox əzirdi məni.
Həmin gecə yenə çarpayıda uzanıb bunları fikirləşirdim. Birdən atəş səsləri eşidilməyə başladı. Lap yaxında atırdılar. Fikirləşdim ki, yəqin ölkədə silahlı üsyan baş verib. Dərhal yerimdən durdum. Paltarlarımı tez-tələsik geyinib kamerada o tərəfə-bu tərəfə sürətlə hərəkət etməyə başladım.
Görəsən, mənim burda olduğumu bilirlərmi? Hər halda bütün kameraları açıb yoxlayacaqlar.
Ürəyim tez-tez döyünür.
Gözətçi kamera qapısının gözlüyündən təəccüblə baxıb dedi:
- Deyəsən, dəli olmusan. Niyə yatmırsan? Bu vaxt kamerada gəzmək olmaz. Yat!
Görəsən, bu niyə belə rahat danışır. Çöldəki vurhavurdan xəbəri yoxdur, görən?
Təxminən bir saat belə keçdi. Səslər kəsildi. Şirin xəyallarla yuxuya getdim. Yuxuda yenə də kiçik oğlumu gördüm. Çətirin altında dayanıb mənə əl edirdi. Bu dəfə duman yox idi. Qapqara yağış yağırdı. Amma yağış yerdən göyə doğru sovrulurdu. Göydə isə qəzəblə şimşək çaxırdı. Mənə elə gəldi ki, yağış damcıları qaynar su kimi istidi. Əlimi uzadıb oğlumu qucaqlamaq istəyirdim. Qorxdum ki, yağış əllərimi yandırar. Bu nədir, İlahi! Əminənin əksini yağış suları yuyub aparır. Uzaqlarda şimşək çaxdıqca onun əksi ağ-qara şəkil kimi buludların arasında görünür. Axı yağış tərsinə yağır. Sular əvvəllər yağdığı buludlara geri dönür.
Səhər yeməyini gətirmişdilər. İsti çay mənə dünənki yağışı xatırlatdı. Görəsən, dünyanın harasındasa belə yağış yağıb? Bəs niyə tərsinə yağırdı?! Əminə görəsən, hardadır indi. Onu gecə buludların arasında gördüm.
Saat 9-dur. İndi növbətçi gələcək. Bəlkə ondan soruşum. Yox deməz. Bilsə də deməz. Bəs dünənki silah səsləri...? Yəqin məndən gizlədərlər. Nəsə ciddi bir hadisə baş verib. Gözətçinin arxayın davranmasını da yəqin yuxarıdan tapşırıblar ki, mən heç nə hiss etməyim. Gördüyüm yuxu ilə nəsə əlaqə qurmağa çalışıram. Amma ipucu lazım idi. Başımı itirdiyim bu hücrədə hardan tapım bu ipi, qaldı ki, ipin ucu ola.
Qapı zəhmli kişinin ağzı kimi açılmaq bilmirdi. Susmağı xeyirdir, görən?! Amma ağzını boşuna açmaz. Ya Allah, deyəsən, qara üzlü, bu zəhmli kişinin dili açılmağa başladı.
- Yavuz Dönməz, Türk Cəza qanunu, 328-ci maddə. Ardını demədim. Çünki bu gün ciddi xəbər gözləyirdim. Vaxtı uzatmaq istəmirdim.
- Sən hələ dönməmisən? Görürsən, dövlətin ədalətini. Sənə havayı yemək verir, yatacaq verir. Öz aramızdı, kökəlmisən gələndən. - Acı-acı güldülər. - Al bu qəzetləri oxu. Bəlkə ağlın başına gələr, dönərsən.
Qəzetləri götürdüm. Hamısı hökumət yönümlü idi. İlk səhifədəki xəbər bütün ümidlərimi alt-üst etdi. Göy yerə endi sanki. Qapqara yağışlar tərsinə yağdı. Kiçik oğlumun əllərindən tuta bilmədim. Əminənin ağ-qara əksi buludların içində yox oldu. Ürəyimin içinə qaynar yağış damcıları düşdükcə cızz edirdi.
"Dünən şəhərimizdə TGSA Bankın (the great savior appeared - Böyük xilaskar zühur etdi) əsas ofisinin açılış mərasimi oldu. Hökumət və xarici ölkə səfirliklərinin nümayəndələrinin iştirakı ilə Bank ofisinin qırmızı lenti kəsildi. Sonda isə möhtəşəm atəşfəşanlıq oldu".