Kulis.az Günel Natiqin "Kişilərə dur deyin!" romanının birinci hissəsini təqdim edir.
Qaradivar şəhərinin adi günlərindən biriydi. Ta bu xəbərə kimi.
– Cənab kapitan Lələyev, 15 noyabr 2023-cü il tarixində Hürriyyət küçəsindəki mənzildə kişi meyiti tapılıb. Meyit Dilavər adlı sahibkara məxsusdur.
Ürəyindən bıçaqlanıb. Bir müddətdi həmin mənzildə kirayədə qalırmış.
– Yaxınlıqdakı kameralar nəsə qeydə alıb?
– Ərazidəki “Olimp” şirkətinin kamerası həmin vaxt sönülü olub. Əlimizdə, demək olar, heç nə yoxdur.
– Belə çıxır, qətl öncədən planlaşdırılib. Bu adam haqqında bir az ətraflı danışa bilərsən?
– İnşaat sektorunda çalışıb, mesenantlığı ilə də tanınıb, bir müddət feminist təşkilatı QUS-a himayədarlıq edib.
– Demək, feminist təşkilatına himayədarlıq edib. Maraqlıdır.
– Bəli, cənab kapitan. Əgər feministlər bilsə, qiyamət qoparacaqlar.
– Deyirsən, o ağızdanyava pozğun arvadlardan qorxub-çəkinək?
– Cənab kapitan, üzr istəyirəm, amma onlardan bir-ikisini şəxsən tanıyıram, namuslu qadınlardır. Sadəcə, aqressivdilər.
– Namuslu? Qoy oturmuşuq. Yaxşı, bu sahibkarın arvadı da feminist olub?
– Qətiyyən. Sakit, mülayim, dilsiz-ağızsız bir qadındır.
– Hmm... Sən əvvəl bu qadını araşdır, sonra isə... Pullu kişi bir arvadla kifayətlənməz. Bu işdən qadın qoxusu gəlir.
– Cənab kapitan, bıçaqda aşkar olunan barmaq izlərində manikür izləri var...
– Bayaqdan bunu niyə demirsən, ay axmaq! Yaxşı, get, dediklərimi elə. Bircə- bircə qadınları araşdır, bu kişi hara gedib, hardan gəlib, kiminlə oturub durub, kiminlə yeyib içib – hamısını. Hesabatını gözləyəcəm.
Nihal
18-20 il əvvəl alagöz, dolu bədənli gözəl bir qızdı. Hə, o vaxt dolu bədənli qızlar dəbdəydi. Amma normadan artıq kilolar zamanın xəyanətinə uğrayır. Zaman ötüb-keçir və dönüb onun necə dəyişdiyinə istehza, bəzən də ikrah hissilə baxır. Gözəllik ölçüləri çox dəyişkəndir... Zaman heç bir şans buraxmır...
Ala gözlü gözəlin dərdindən ölənlər çoxuydu. Elçilər bir-birinə aman vermir, aşiqlər duelə çıxırdılar. Xəyallarında savaşan, onun eşqinə yeddibaşlı devləri məğlub edən də varıydı. Ta döyüş meydanında O görünənə qədər.
O da çarəsiz aşiqlər dəstəsinə qoşuldu. Hərçənd, göründüyü qədər çarəsiz deyildi, ala gözlü gözəli özünə məftun etməyin yollarını bilirdi.
Dilavər gənc qızların xəyalını qurduğu qəhrəman deyildi. Nə uca boyu, nə enli kürəyi, nə də mavi gözləri vardı. Orta boyu, bir az dolu bədəni, qalın qaşlarının altında zeytun kimi yumru gözləri olan adi bir oğlandı. Elə adi oğlan olduğu üçün də ala gözlü gözəlin eşqinə göydən ulduz dərmədi. Modabaz cavanların arasında trend olan köynək-şalvar aldı, brend çəkmə sifariş verdi. Hətta sevdiyinə qovuşmaq üçün kreditə maşın götürməkdən belə çəkinmədi.
Kim deyir, xəyaldakı obrazlara reallıqda varmaq olmaz? Bəs bilirsinizmi ki, reallıqdakı qəhrəman görüntüsünün altında neçə əzilmiş, yenilmiş xəyalların qəhrəmanı yatır? Onu da tanıyan olmadı. Ala gözlü gözəl onun geyim-geciminə, avtomobilinə vuruldu, daha doğrusu, bər-bəzəkli mənzərə onu şaşırtdı, gözünü-könlünü dumanlandırdı, elə bir bayram təntənəsi yaşatdı ki, bu rəngarəngliyi sevgi adına yozdu.
Adi günləri bayrama çevirmək – bunu O bacarırdı. Avtomobilini teleqüllənin lap sonuncu mərtəbəsinə kimi sürür, sevgilisini onlar üçün bəzənmiş masanın şahzadəsinə çevirir, skripkaçının sifarişlə çaldığı ən həzin musiqiləri ona ərməğan edirdi.
Axır ki, bu adidən adi oğlan Nihalın saqqızını oğurlaya bildi. Ala gözlü gözəlin doğru seçim etdiyini aləmə göstərmək üçün elə bir toy vurdurdu ki, hamı “əhsən” dedi.
İki il sevgi-sayğı içində keçdi. Sevgi olduğu üçün hörmət də vardı. Adətən, tərəflərdən biri sevməkdən vaz keçəndə, qarşı tərəfdə bu dəyişiklik qıcıq doğurur, aradan pərdəni götürür. Onlarda da belə oldu.
Günlər bayram libasını soyunduqca, yataqdakı istilik də soyuyub getdi.
Nihal nə vaxt ilk dəfə yalqızlığının fərqinə vardı? O vaxt ki, Dilavər ilk dəfə onu oxşamadan çevrilib üzü divara yatdı. Bəlkə də, "yorğundur, bəlkə də, dönər" dedi öz-özünə. Ümidlə gözlədi. Qürbətdən doğmasının geri dönməsini gözləyən kimi. Amma o dönmədi. Təbii ki, yenə onu sevib oxşadığı gecələr oldu, amma ilk istiliyi bir də duymadı Nihal. Hərdən ona elə gəlirdi ki, Dilavər sevişməyi bir ər kimi öz öhdəliyi sayır. Ürəyinə xof düşməsin deyə: "Yəqin, bütün kişilər əvvəl-axır belə olur", – fikri ilə özünü ovutdu.
Mehrini oğluna saldı. Onun qayğılarıyla başını qatdı. Əslində, oğlundan başqa bir sığınacağı da yox idi. Əri onu ev qadınlığına məhkum etmiş, “Qadının qazancı yaxşı uşaq yetişdirməkdir”, – demişdi. “Mənim qadınım kişilərlə yan-yana işləyə bilməz, o ancaq bir kişini – ərini görməlidir”.
Əri artıq onun geyimlərinə də qarışanda, Nihal havasının çatmadığını hiss elədi, amma artıq gec idi, külli-ixtiyar sahibi bu adam idi.
– Geyiminə, yerişinə, duruşuna fikir ver. Xalxın içinə çıxanda “filankəsin arvadı gəlir” deyəcəklər. Məni dilə-dişə salma. Haqqında bircə xoşagəlməz söz qulağıma çatsa, sənə görə adıma söz gəlsə, bağışlamaram.
Nəinki qışın qış çağında, yayın cırhacırında da onu bağlı, uzunqol geyməyə məcbur edirdi, ancaq qadın daha çox içindəki havasızlıqdan boğulurdu.
Bəzən yol gedərkən çaşıb-qalır, hardan gəldiyini, hara getdiyini unudan kimi olurdu. Öz- özünə deyirdi ki, bəlkə də, o haqlıdır, yəqin, doğrudan da, mənim huşum-başım yoxdur. Yol getdiyim yerdə yolumu itirirəm, söz dediyim yerdə sözümü.
İçindən, böyür-başından müxtəlif adamlar, səslər baş qaldırır, hərə öz tələbini edir, biri yumruq silkələyir, biri barmağıyla hədələyirdi. Küçənin ortasında durub əlləriylə başını tutur, bütün səsləri gəldiyi yerə geri göndərmək istəyirdi. Ona elə gəlirdi ki, indi ürəyi gedəcək, ya nəfəsi tutulacaq və gücü gəldikcə evə doğru qaçırdı.
Psixoloqa getmək istədiyini deyəndə, Dilavər əsəbiləşdi:
– Məni el içində biabır edəcəksən. Bircə o qalmışdı desinlər ki, arvadı dəlidi.
– Dilavər, psixoloqa dəlilər getmir axı. Ruhən sağlam, amma psixoloji məsləhətə gərək duyan adamlar gedir.
– Onu mən də bilirəm, amma camaat anlamayacaq. Evdə başını bir şeylə qat. Təzə yemək reseptləri fikirləş, nəsə toxu. Əvvəllər nənələrimiz psixoloqa gedirdi? Başlarını tikməylə, toxumaqla qatırdılar.
– Amma kiminləsə danışmağa ehtiyacım var...
– Anamla danış!
– Məni anlayan, duyan, qınamayan adamla danışmağa ehtiyacım var. Sənin anan mənə əzizdir, amma məndən elə uzaqdır ki...
– Anaların yaxını-uzağı yoxdur, bir də ki, şəhərdə yaxşı psixoloqu barmaqla saymaq olar, nə bilək, qarşımıza kim çıxacaq? Ən yaxşısı anamdır, ağbirçək arvaddı, onun təcrübəsi psixoloqun təcrübəsindən çoxdur.
– Anan dediyini tutub durur. Deyir, cadu ediblər sənə, mollaya gedək, dua yazsın. 21-ci əsrdə psixoloji rahatlığı mollada, duada axtarmaq gülməli deyil?
– Palaza bürün, el ilə sürün. Bir sən ağıllı çıxmamısan ki? Hər halda, ağbirçəklər bilir nə edir. Nə isə, xudahafiz, uşağı məktəbdən gətirməyə gedəndə əyin-başına fikir ver, dar-düddək geyinmə, arvadlarla ağız-ağıza vermə, bərkdən gülmə, qıraqdan min göz baxır. Yolu düz get, düz gəl.
O da düz gedib düz gəlirdi. Əslində, o deməsəydi də yolunu sapmayacaqdı. Bəlkə də... Kim bilir. Tanıdığı evli qadınlar vardı – yad kişilərə laqeyd olmayan, bəzən sərhədi də keçən.
“Heç vaxt ərimi aldatmamışam, amma kaş ki, aldatsaydım, bəlkə, onda ərimə maraqlı olardım”, – təcrübəli bir qadın belə demişdi.
O da fikrə getmişdi. Bununla ərin diqqətini cəlb etmək mümkün olsaydı, bəlkə də, çox qadın bu yola gedərdi. Bəlkə...
Begüm
Begüm bu adamla ərinin ölümündən sonra tanış olmuşdu. Birinci əriylə də vətəndaş nikahında yaşamışdı. Kübar ailənin əziz-xələf qızıydı, bir neçə dildən əlavə, kişilərin dilini də yaxşı bilirdi. Bəlkə də, buna görə kişilər onun ətrafında pərvanə kimi fırlanırdı. O da heç birini rədd eləmirdi, paltarlarını şkafın gözlərinə səliqəylə yığırmış kimi, hər kişinin də öz yeri varıydı, birindən özəl günlərdə, birindən adi günlərdə istifadə edirdi. Çünki kişiləri sevirdi, hər birində yaxşı cəhətləri görüb üzə çıxara bilirdi. Əsas üstünlük pul kisəsi qalın olan kişilərə verilirdi. Bu sarıdan bəxti gətirməyənləri də təsnifatlandırmağı bacarırdı. Kimi boy-buxununa, kimi əzəmətli duruşuna, kimi isə zarafatcıl olduğuna görə Begümün könlünü qazanırdı.
Anadangəlmə səhnə adamıydı, səhnədə özünü suda balıq kimi hiss eləyirdi. Nə vaxtsa mükəmməl musiqi təhsili almaq istəmişdi. Bənd selin qarşısını aldığıtək atası da qızının arzularının önünü kəsmişdi. Begümün də ailə peşəsi olan həkimliyə meyl etməkdən başqa əlacı qalmamışdı. Amma atası ölən gün, – onda 25 yaşındaydı, – hansısa bir musiqi notu uçub könlünə qonmuşdu və göz yaşları süzüldükcə melodiya onu qara izdihamdan həmin ağ işığa doğru çəkib aparmışdı. Nicat yolunun həmin o ağ işıqda olduğunu onda anlamışdı.
Caz dərsləri almışdı, caz onun xarakterinə elə uymuşdu ki, elə bil bu musiqi də çoxdan özünə belə uyumlu ruh gəzirdi. Sonra açıq caz konsertlərinə dəvət olunmuşdu. Pərəstişkarlarının sayı isə durmadan artırdı. Onun qəlbini qazanmaq üçün cazı həyat tərzinə çevirənlər də vardı.
Uca boyu, zərif qaməti onu istənilən kişinin yanında eleqant göstərirdi. Nə barədə danışırsa danışsın, təbəssüm üzündən əskik olmurdu. Bir də şirin danışıq tərzi vardı ki, nəinki kişini, şeytanı da yoldan çıxarardı.
Uzunsov üzünü çevrələyən qara qıvrım telləri sonralar ütülü uzun sarı saçlara çevriləndə də ona eyni dərəcədə yaraşdı. Bu qadına nə yaraşmırdı ki! Amma kişilərə onu sevməyə izn verən yumşaq xarakteri olmasaydı, nə şıltaq telləri, nə də zərif qaməti gözə görünəcəkdi. Elə qadınlar var ki, aşkar gözəlliyi illərlə gizli qalır.
Begüm vətəndaş nikahı bağladıqdan sonra, ona gizli-aşkar sevgi hissləri bəsləyən bütün pərəstişkarları çəkilib getdi. Əslində, bu vizual gediş idi, kişilər əvvəlkitək onun böyür-başında idilər, o da ya onları görür, ya da görməməzliyə vurur, amma yenə də onlara müəyyən yaxınlıqda olmağa izin verirdi.
Vətəndaş nikahı bağladığı adam istefaya çıxmış hərbçi idi, sərvətini Begümün ayaqları altına sərmişdi, yalnız bir şərtlə ki, o, səhnəyə qayıtmayacaqdı. Qadın da razılaşmışdı. Hələ ki, bu vəziyyət onu təmin edirdi. Ana olmaq barədə fikirləşməyə başlamışdı. Kişi də onu evinin xanımı, uşaqlarının anası kimi görmək istəyirdi.
Adam xaraktercə zabitəli olsa da, zənən tayfasına qarşı incədən incəydi. Ürəyinə birdəfəyə çox qadın sığışdıra bilirdi. Hər birinə də özünü tək və yeganə hiss etdirmək bacarığı varıydı.
Begüm bunu hiss etsə də, özünü görməzliyə, bilməzliyə qoyurdu. Öz üstünlüyünə eyham vurmaq – ərini başqa qadınlar haqqında sorğu-suala tutmaqdan daha qazanclı çıxarırdı onu. Qısqanclıq özgüvənin olmadığına işarədir. O isə öz qadınlığna çox güvənirdi. Niyə də güvənməsin, hələ də kişilərin diqqətini çəkir, onlarda qarşısalınmaz maraq oyadırdı. Əriylə baş-başa qalanda guya sözgəlişi yad kişilərin sözünü, baxışını xatırladır, onu qısqandırıb dəli etməkdən həzz alırdı.
Hadisə baş verən gün əri evə gec gələcəyini demişdi. Amma Begüm özünü o yerə qoymadı. Bəlkə də, onun yerində başqa bir qadın olsaydı, ərinin özgə bir qadının qoynunda olduğunu hiss etdiyi vaxt özünə qapılıb ağlayardı, amma o, Begüm olmaqdan vaz keçmədi. Köpüklü şampunun bədəninə hopmuş ətrini içinə çəkərək vanna qəbul etdi, sonra qırmızı ipək xələtinə bürünüb sampan badəsi ilə televizorun qarşısına keçdi. Caz konsertinin ehtizazlı sədasına daldı. Gözlərini yumub şərabdan qurtum aldı.
Necə olsa keçər hər şey
Bütün ağrılar unudular,
Günəş yenə doğar.
Amma bu gecə
Son nidası çalınmalı
Bütün eşqlərin…
Telefon zəng çalanda hələ də öz aləmindəydi. Zəng edən ərinin “sağ əli” idi, çox vaxt maşını o sürürdü.
– Yoldaşınız gülləylə vurulub. Getdiyi məhəllədə...
Şərabın təsiri rəngbərəng təsvirlər yaradırdı. Sarı, qırmızı, yaşıl... Ən gözəlini, ən cazibədarını o götürdü...
– Necə deyəcəyimi bilmirəm... Əslində, öyrənəcəksiz özünüz... Orda qadınla görüşürdü... Əri tutub onları...
Dəstəyi asdı. Daha heç nə eşitmək istəmirdi. Heç olmasa, bu an. Bu an hüzur istəyirdi, dinclik istəyirdi. Onsuz da, bundan qaça bilməz, bu gün də olmasa, sabah bu xəbər qarabaqara gəzib tapacaq onu, vay-şivən salacaq, camaatı üstünə tökəcək, tanıyan-tanımayan ondan danışıb vaysılanacaq, qulaqlarını çəkib "iraq olsun" deyəcək.
Şərabı son damlasına kimi içdi, hələ oxuyurdu, yuxuya gedərkən qulaqlarında şərqinin son sözləri səslənirdi:
Amma bu gecə
Son nidası çalınmalı
Bütün sevgilərin...
Dəfndən sonra bir müddət sakitliyə çəkildi. Bu zaman kəsimi fikirlərini sahmana salmaq üçün kifayət etdi.
Bir aydan sonra qəzetdə cəlbedici reklam yazısı göründü: “Begüm səhnəyə qayıdır”.
Ərə getdikdən sonra dinləyicilərini pərişan qoyub səhnədən çəkilən caz müğənnisinin sorağıyla konsertə gələnlərin arasında onun xiffətini edən bir pərəstişkarı da vardı. Bir vaxtlar onu böyük həzzlə dinləyərdi, bu səs məhrəm dünyanın qapılarını onun üzünə açardı... Budur, Begüm kürəyi açıq uzun mavi libasda səhnədə öz yerini tutur. Üzü yenə gözəl və təravətlidir. Bəlli olur ki, dünyada heç bir qüvvə onunla özü arasına nifaq sala bilməz. Özünə olan sayğısı onu həmişə yüksəkdə saxlayır.
Konsertdən sonra köhnə-təzə pərəstişkar prodüserə yaxınlaşıb Begüm xanımla görüşmək istədiyini dedi. Onu həm də mesenant kimi tanıyırdılar, odur ki, dərhal razılıq aldı.
Begüm həyatda səhnədəki kimi gənc görünmürdü, amma üzündəki narın qırışlar da onun cazibədar obrazına yaraşır və onu daha dəyərli edirdi; sanki qadın zamana meydan oxuyur, “mənim daxili və zahiri gözəlliyim hər cür qüsurdan daha yüksəkdədir” deyə vurğulayırdı. Bu məqam kişini daha da coşdurmuşdu.
Onun konsertlərinə sponsorluq təklifinə Begum çox da düşünmədən “hə” demişdi. Adamın baxışları başqa niyyətindən də xəbər verirdi, amma Begümü bu narahat etmirdi. Kişilərlə davranmağı bilirdi, əslində, heç bir kişi onun üçün problem deyildi. Hərəsinin onun həyatında yenə öz yeri vardı, bir kişi digərinə mane olmurdu. Xeyriyyəçilik etmək istəyir? Buyursun, eləsin! İnsanlara istədikləri kimi davranmaq şansı vermək lazımdır.
Amma çox yaxına buraxmayacaqdı adamı.
Görüşüb restorana getdilər. Şampan şərabı başını dumanlandıranda kişinin əllərini öz boynunda, bədənində hiss etdi. Hissiyyatlı bədəni güclü əllərə, az qala, tabe olacaqdı, amma özünü toplayıb adamı yüngülcə itələdi. Ayağa durub məkanı tərk etmək istəyəndə, kişi həddini aşdığını anladı, onu bağışlaması üçün Begümə yalvardı.
Qadın, qarşısında diz çökən adamın saçlarını oxşadı. Bu toxunuşun ipisti ülfəti adamı toxdatdı. Restorandan birlikdə çıxdılar. Maşının maqnitafonundan yayılan romantik musiqi gecənin səssizliyinə qovuşarkən aradakı buzlar əridi.
Adam sabahısı gün yenə zəng etdi, bu dəfə ürəyini tamam açdı. Dedi ki, onu həmişə xoşlayıb, onun incəliyini, qamətini, saçlarını... Əlbəttə, inkar etmir ki, həyatında həmişə qadın olub – evliliyi hesabdan deyildi, – amma Begüm onun düşüncələrində xüsusi rol oynayıb.
Adamı əməlli-başlı eşq havası vurmuşdu. Tez -tez zəng edir, Begümün ən kiçik qayğılarına qədər maraqlanırdı. Nahara nə yediyini, nəyə ehtiyacı olub- olmadığını, özünü necə hiss etdiyini və başqa incəlikləri israrla sorurdu.
Adam sevginin çoxluğundan xəstə düşmüşdü, Begüm isə aradakı pərdəni götürməyə tələsmirdi.
Aprelin şıltaq havası Begümün boğazından yapışdı. Qadın soyuqlayıb yatağa düşdü. Adamın qayğısı birə iki artmışdı. Dərdli aşiq pəncərənin qabağında gecələyirdi. Telefon zəngləri belə ətrafa qayğı saçırdı.
– Səndən yaman nigaranam. Evdə otura bilmədim, sənə gəldim. Bil ki, burdayam, sənin keşiyini çəkirəm.
Yağışda, çiskinli havada adamın pəncərənin qabağında bitməsi Begümü havalara qaldırmırdı, – romantik jestlər onu az duyğulandırırdı, olsa-olsa, bir az qürurunu oxşayırdı, vəssəlam.
Şiddətli qızdırmadan huşunu itirdiyi gün adam xoşbəxtlikdən yaxınlıqdaydı. Heç özü də bilmir, onu necə içəri buraxdı. Adamın “təcili yardım” çağırdığını, ona qayğı göstərdiyini, onun yatağı başında keşik çəkdiyini də xatırlamır. Onu bilir ki, həmin günlər bir az qanı qaynadı adama. Adam da bunu hiss etdi, bundan faydalandı, Begümün evində sərbəst gəzib-dolaşmağa başladı. Begüm onun bu sərbəstliyindən narahat olmadı – fikrincə, heç nəyi şişirtməyə dəyməzdi.
Begüm tamam sağalandan sonra da adam onun başına pərvanə kimi dolandı. Və bir gün... Begüm özü də bilmədi, adam necə onun qoynuna girdi, necə yaxın oldu... Əslində, hissiyyatlı bədəni onu çoxdan arzulamağa başlamışdı, ondan gələn istilik bədəninə çoxdan od salmışdı...
Ayla
O nə vaxt feminist olmağa qərar verdi? Yəqin ki, uzun illərin “mübarizəsindən” sonra anası da, atası da haqsız olduğunu etiraf etməyəndə. Despot ərinə güzəştə getməməsi anasına baha başa gəlmişdi, ərindən xeyli təpik, şillə yemiş, üç gün xəstəxanada yatdıqdan sonra yenidən evə – müharibə meydanına dönmüşdü. Mübarizə isə öz axarında davam etmişdi. O zaman Ayla söz vermişdi: o, feminist olacaq, gender bərabərliyi uğrunda mübarizəyə qoşulacaq.
"Kişi və qadın bərabərdir" dediyi zaman ilk reaksiyanı atası vermişdi:
– Bəs niyə kişiləri əsgər aparmırlar? İki il Kamçatkada təpik döymüşəm, burnu, qulağı donub düşən adamlar görmüşəm, acından qar yemişəm, bəs anan həmin vaxt neynirdi? Babanın çərdəymiş bağçasında gül-çiçək qoxlayırdı!
– Əgər qadın və kişi bərabərliyinə yalnız əsgəri xidmət maneçilik törədirsə, onda günü bu gün əsgər getməyə hazıram! – Ayla demişdi. Təsadüfdən həmin ərəfədə 18 yaşı olurdu. – İsraildə qadınları da əsgər aparırlar, deməli, biz də gedə bilərik.
Atası əlini yelləyib dinməmişdi, ağlına da gəlməmişdi ki, feministliyin lehinə, kişilərin əleyhinə olan dəlillərin çoxunu qızı onun sayəsində toplayıb. Ayla feministliyi özünə peşə edəndən bəri atasının hərəkətlərinə göz qoyur, anasına qarşı rəftarında xoşagəlməz bir şey sezən kimi tezcə dəftərçəsinə yazırdı.
Saat 13.10. Anama kartof qızartmağı tapşırdı, o da halı olmadığını dedikdə, atam "səni alan günə daş düşəydi" deyə bağırıb, qapını çırparaq getdi.
Saat 22.00. Atam: "Corabım süzülüb, onu tik". Anam: "Əlimdə işim var, bir az səbr elə". Atamın nifrət dolu baxışlarını ömrüm boyu unutmayacam.
23.00. Bu gün atam anama əl qaldırdı. Anamın günahı olduğunu düşünmürəm. O, pəncərədən baxırmış, həmin vaxt təsadüfən pəncərənin qabağından bir cavan oğlan keçib, onların baxışları toqquşub, atam qəzəblənib və anama şillə vurub. Qadınların insanlara baxmağa haqqı yoxdur? Qadınlar insan deyil?
Ayla məktəbi qurtaran il qadınlar təşkilatı QUS -a (“Qadınlar Uğrunda Savaş”) işə girdi. Təşkilata üz tutan qadınların sayı-hesabı yox idi. Ayla təşkilatın ən fəal üzvlərindən idi.
"Mən kişilərə nifrət etmirəm, sadəcə, istəyirəm cinsi ayrı-seçkilik aradan qaldırılsın, gender bərabərliyi cəmiyyətin başlıca prioritetinə çevrilsin, – Ayla deyirdi. – Kişilər vacib qərarların həllində qadınları iqnor etməməlidir. Heç bir kişinin qadını döyməyə ixtiyarı yoxdur, onda belə çıxır ki, cəmiyyət bir meşədir, çünki meşədə də güclü olan heyvan zəiflərə üstün gəlir".
– Kişilər öküzdür, – bir dəfə anası dedi. – İstəyirlər ki, hər şey onların dediyi kimi olsun. Əgər qadın ona uymasa, həyatı zindan olar. Heyif ki, mən bunu gec anladım.
– Səninlə razı deyiləm, ailənin bütün üzvləri bir-birinə uymağa çalışmalıdır. Mən belə həyata “yox” deyirəm, – Ayla etiraz etdi. – Qaradivar şəhərinin qadınları da avropalı qadınlar kimi öz hüquqlarını tələb etməlidir.
–Yalnız Qaradivar qadınlarına elə gəlir ki, Avropada məişət köləliyi geridə qalıb. Guya avropalı qadinlar feminizm baxımından qalib gəlib və öz hüquqlarına nail olub. O gün saytda oxudum ki, onlar hələ də kişilərdən üç dəfə çox ev işləri görürlər. İndi bizdəki feministlər Avropadakı feministlərin şüarlarını “kopyalayıb” burada səsləndirirlər. Bu, kənardan çox eybəcər görünür.
– Ana, bu sənə elə gəlir. Orta və yaşlı nəslin insanlarına gənc nəslin etdikləri xoş gəlmir. Siz yeniləşən dünyaya öz gözlərinizlə baxırsınız, bu isə sizin obyektiv olmağınıza mane olur. Biz sənin köhnəlmiş üsullarınla mübarizə edə bilmərik. Sənin üsulların öz dövrün üçün keçərli idi. Biz daha azad, daha müstəqil olmaq istəyirik.
– Onda sən evdə qalacaqsan, – anası təəssüflə dedi. – Kişilər azad qadınları sevmirlər. Ya da mənim kimi günün-güzəranın davada keçəcək.
– Onda, deməli, ailə qurmayacam, – Ayla əminliklə söylədi. Anasının hirsli baxışlarını görüb, bir daha özünü və onu inandırırmış kimi əlavə etdi: – Qurmayacağam. Öz fikirlərim, azadlığım mənim üçün hər şeydən vacibdir.
Divlə (bu adın öz hekayəti vardı) zorlanıb öldürülən qadının məhkəməsində tanış olmuşdu.
Sonra hansısa detalları dəqiqləşdirmək üçün adam onunla əlaqə saxladı. Başqa deyəcəkləri olduğunu bildirdi. Ayla sevincək razılaşdı, belə detalları göydə axtarırdı. Baiskarın cəzalandırılması və hamıya görk olması üçün əlindən gələni etməyə hazırdı.
Parkda görüşdülər.
Əsasən öldürülən qadından danışsalar da, Ayla bütün bunların özüylə də bir əlaqəsi olduğunu hiss eləyirdi.
Adam obyektiv olmaq, birtərəfli danışmamaq istəsə də, ara-sıra qadın azadlığının sərhədləri aşmasına işarə vururdu.
– Qadın azadlığının sərhədləri yoxdur, bu sərhədləri qadınları buxovlamaq istəyən kişilər uydurub, – Ayla dedi, – qadının açıq-saçıq, yaxud qapalı olması yalnız onun özüylə bağlı məsələdir və heç kimin ona qarışmağa haqqı yoxdur.
Adam:
– Sizin gözəl gözlərinizin xətrinə susuram, – deyəndə Ayla daha da hirsləndi.
– Gözlərin nə dəxli var? Siz açıq-aydın seksizmə yol verirsiz.
Adam seksizm haqqında məlumatsız deyildi, amma yenə də dəqiqləşdirmək istəmişdi. Məlum oldu ki, o, qadının gözlərilə bağlı kompliment edərkən seksizmə yol verib, bu isə xarici ölkələrdə hətta həbs cəzasıyla belə nəticələnə bilir.
– Hər halda, məni tutdurmazsınız, – adam gülməyini zorla saxlamışdı.
– Nə bilmək olar, bəlkə, mənim də qurbanım sizsiniz? – onun belə ciddi söhbətə barmaqarası baxmağı Aylanı lap əsəbiləşdirdi.
– Belə gözəl xanımın qurbanı olmağa razıyam, – adam yenə özünü saxlaya bilməmişdi.
Ayla hirslənsə də, fikirləri öldürülən qadından yayınıb özünə yönəlmişdi. İstər-istəməz adama bu dəfə düşmən kimi deyil, bir kişi kimi baxmışdı. Adama da elə bu lazım idi.
Sonrakı telefon söhbətləri adamın yağış kimi komplimentlər yağdırması və qızın bu təriflərə müqavimət göstərməsilə keçmişdi.
Adam onu növbəti görüşə razı salmağa müvəffəq olandan sonra bu qələbəsilə kifayətlənməyib, növbəti hədsizliyi eləmişdi. Onu qəfil öpmüşdü.
İnsafən, dərhal da üzr istəyib, hisslərinə sahib çıxa bilmədiyi üçün yazıqcasına başını yana əyib, üzr istəmişdi:
– İstədiyinizi eləyə bilərsiniz, vurun, öldürün, haqqınız var, heç uf da demərəm.
Ayla bir az əvvəlki hisslərin təsirindən çıxa bilməmişdi:
– Feministlərin yürüşündə sizin şəkliniz olan plakatı həvəslə daşıyardım, qadınlara bu adamdan uzaq durmağı tövsiyə edərdim. – Bir anlığa susandan sonra demişdi: – Amma etməyəcəyəm, çünki sizdən uzaq durmaq istəmirəm.
Təsadüfən parkdan keçənlər bir-birinə uzun illərin həsrətlisi kimi sarılmış qadınla kişiyə maraq və həsədlə baxmışdılar.
Sonralar Ayla ona dəfələrlə müstəqil insan olduğunu və heç kimin həyatına qarışa bilməyəcəyini demişdi.
– Bəs evlilik? – bir dəfə adam soruşmuşdu, həmin vaxt üzündə sevgilisindən cavab almaq istəyən aşiqdən çox, alıcısını müəyyən etməyə çalışan tacir ifadəsi vardı.
– Evlilik mənə görə deyil. Ya da mən evliliyə görə deyiləm, – Ayla demişdi. – Lənət şeytana, ikisi də eyni şeydi. Ərə qulluq et, onun heysiyyatını qoru, özünü ona həsr et. Yox, yox, bu mənlik deyil. O halda ərə gedərəm ki, hər şey yarı-yarıya olsun.
– Necə yarı-yarıya?
– Yəni evi yığışdırmaq, silib-süpürmək, uşağa baxmaq yarı-yarıya bölüşdürülsün.
Adam bərkdən gülmüş və bir lətifə danışmışdı:
– Molla Nəsrəddinin uşağı doğulur. Arvadı deyir ki, biz bu uşağa şərikik, gərək ona yarıbayarı baxaq. Molla da razılaşır. Gecə uşaq ağlayır. Arvad Mollanı yuxudan oyadır ki, molla, axı bu uşağın yarısı sənindir, yarısı mənim. Dur uşağı ovut. Molla yorğanı başına çəkib deyir, sən öz payını ovut, işin yoxdur, qoy mənim payımı ağlasın.
– Demək, feministlər hələ o zamandan varmış, – Ayla bu lətifədən də özünə pay çıxarmışdı. – Uzun sözün qısası, yarıbayarı həm kişi, həm qadın olmalıyıq.
– İnanmıram, yarı arvad olmağa razılaşan kişi olsun, – adam gülmüşdü. – Hətta sənin kimi gözəl xanıma görə də.
– Elə danışırsan, guya bütün bunların sənə aidiyyatı yoxdur, – Ayla ilk dəfə onun bu vəziyyətdən özünü kənar tutduğunu hiss eləmişdi.
– Mən? Yox, təşəkkür edirəm, mən yarı arvad olmağa hazırlaşmıram, – adam gülərək işin içindən çıxmağa çalışmışdı.
– Yəni arvad olmaq pisdir? Bu sözünlə bütün qadınları təhqir etmiş olursan. Niyə biz “kişi kimi qadın” olmaqla fəxr edirik, amma siz qadın olmağı təhqir kimi qəbul edirsiniz?
– Yox, əzizim, yanlış anladın, – adam məsələni yumşaltmağa çalışmışdı, –qadın böyük varlıqdır, bəşəriyyəti yaşadan, ona can verəndi. Kişi isə qoruyucudu, xilaskardır, himayəedəndir. Bu kimi şeylər kişini kişi kimi saxlayır. Əgər himayəedici, idarəedici özəllikləri olmasa, kişi özünü kişi kimi hiss edə bilməz və bir impotentdən fərqi olmaz.
– Mən diktator kişidən impotent kişini üstün tuturam, – Ayla demişdi.
– Doğrudan? – Adam yaxın gələrək onu qucaqlamışdı. – Amma elə düşündüyünə inanmıram.
– Öz işindir, istəyirsən – inan, istəmirsən – inanma, – Ayla onun qolları arasından çıxmağa cəhd göstərmişdi.
Amma adamın güclü qolları onu ram etmiş və bir neçə dəqiqədən sonra yalnız ikisinə bəlli bir aləmə düşmüşdülər.
– Mən səndən yalnız sədaqət istəyirəm, – Ayla bir dəfə demişdi. – Möhür heç nəyi həll etmir. Əslində, ailəli kişilər xəyanətə meyllidilər. Çünki onlar özlərini zəncirlənmiş hiss edir və azadlığa can atırlar.
– Səni görəndən sonra gözlərim heç kimi görmür, – adam demişdi. – İstəsəm də, əllərim heç kimi oxşamağa qalxmaz.
– Demək, gəldim, gördüm, sevdim, hə? – Ayla şıltaqcasına demişdi.
– Hə, gəldim, gördüm, sevdim. Mən bilən, bununla hər şey deyilib.
– Yalnız bir şey deyilməyib. Adın çox uzundur, sənə eləcə Div deyəcəyəm, incimirsən?
– Div olmaqdan kim inciyər?! Həm də belə gözəl xanımın şəxsi divi!
Div Aylanın həyatına belə daxil olmuşdu.