Kitab sərgisi

Fərid Hüseyn: "Şərqdə insanlar bir-birini yaxşı tanıyandan sonra..." - MÜSAHİBƏ

Fərid Hüseyn:  "Şərqdə insanlar bir-birini yaxşı tanıyandan sonra..." - MÜSAHİBƏ
29 sentyabr 2025
# 17:39

Kulis.az şair Fərid Hüseynin Şimali Makedoniyada şairə Juliana Veliçkovskayaya verdiyi müsahibəni təqdim edir.

- Əziz Fərid, şeirlərinizi makedon dilinə tərcümə edərkən məndə belə bir təəssürat yarandı ki, poetik əsərlərinizdə əsasən şəxsi taleyinizlə yaşadığınız tarixin kəsişməsində mövcud olan bir obrazın düşüncələrini canlandırırsınız. Yazarkən daha çox şəxsi dünyagörüşünüzü, yoxsa kollektiv şüurun qənaətlərini ifadə edirsiniz?

- Şüurlu həyatında Makedoniyalı İsgəndər savaşsız keçinirdimi, Xorxe Luis Borxesin kitablarsız, mütaliəsiz ömür-günü var idimi, Nikola Teslanın güzəranını kəşflərsiz təsəvvür edə bilərikmi? Məncə, xeyr. Zamanla onların işləri - yaradıcılıqları ilə həyatları bir-birinə o qədər qaynayıb-qarışıb ki, onları bir-birindən ayırd etmək, fərqləndirmək müşkülə çevrilib. Özümü qətiyyən o dahilərlə müqayisə etmək fikrində deyiləm, amma bu da həqiqətdir ki, daha mənim də ədəbi həyatım real yaşamımla sahil və dəniz kimi iç-içədir. Dəniz çəkiləndə sahil yeni mənzil qazanır, həmçinin dəniz suları aşıb-daşanda da sahilin məkanı dəyişir. Bu proses dəniz quruyub yox olana qədər davam edir.

Keçək sualın ikinci hissəsinə: Taleyimdə sevdiyim insanlar öz gözəllikləri ilə, yaxud səhvləri ilə birgə özəl tarixə çevriliblər, yaşadığım hadisələrin ruhumdakı, beynimdəki təsirləri mənim özünəməxsus dünyagörüşümü formalaşdırıblar. İndi mən bu vaxta qədər mənəvi dünyamda cəmlədiklərimdən kənarda özümü ifadə edə bilmirəm, ona görə də kollektiv şüuru kənara qoyaraq şəxsi şüurumla, mənə məxsus düşüncələrimi özümdən uzaqlaşdıraraq kollektiv dərketməylə, demək olar, heç nəyə münasibət bildirə bilmirəm. İstər-istəməz yaşadıqlarıma, oxuduqlarımla birgəyəm. Düşüncələrim, yaşantılarım az qala irsiyyətim qədər dəyişməzdir.

- Şimali Makedoniyada çap olunan poetik toplunuzun adı olan "Yuxu kimi" şeirinizdə "Dünya bir pəncərə imiş, / Baxdım, səni gördüm, /Hansı evə köçdümsə, sənə baxan pəncərəni də / özümlə götürdüm" yazırsınız. Bu poetik nümunənin ruhundan hiss etdim ki, şeirlərinizin əksəriyyətində dünyada mövcud olan, eyni zamanda iştirakçı və müşahidəçi kimi əsasən lirik bir mövzudan bəhs edirsiniz. Bəzən dünyaya sanki eynəklə baxırıq, - bir şüşə arxasından, yaxud başqa bir yerdən. Sanki dünyada daha çox görmək istədiklərimizi görürük. Və ya həyatımızda az sayda əhəmiyyətli insanlarımız, şəxsi dəyərlərimiz var ki, onlar bizə mənəvən rəhbərlik edir, yaxud dünyaya baxış istiqamətimizi dəyişir. Əgər baxdığımız həyat pəncərələri başqalarının düşüncələri ilə formalaşırsa, bu məntiqlə şair yazdığı şeirdə nə qədər özü ola bilər?

- Şopenhauer yolla gedəndə gözəl bir baxçada zərif güllər görür. Əyilib güllərdən birini iyləyərkən onu kənardan görən bağban elə bilir ki, o qoxladığı gülü dərəcək. Ona görə də bağban qəfildən qışqırır: "Sən kimsən?" Şopenhauer bu sualdan yerindəcə quruyub qalır, sonra özünə gəlib həmin bağbana deyir ki, mən bütün ömrü boyu bu sualın cavabını düşünmüşəm: "Mən kiməm?" Yəni həyatda adi sual olan "sən kimsən?" sualı fəlsəfədə cavabı çox ağır, qətiyyətlə fikir yürüdülməsi çətin sualdır. Mən "mən kiməm" sualını həm həyat nöqteyi-nəzərindən, həm fəlsəfi cəhətdən özümə verirəm, ayrı-ayrı cavablar alınır, ancaq o cavablar kənardan baxanda bir-birinə zidd, əslində isə, bir-birinə uyğun, bir-birini tamamalayan cavablardır. Adətlərimiz, düşüncələrimiz, biz bilmədən, təftiş etmədən, araşdırmadan özümüzə cavab verməli olduğumuz məqamlar bizi əsl həqiqətlərdən uzaqlaşdırır, amma özümüzü, kimliyimizi, fərdiyyətimizi xüsusi bir həqiqətə çevirir. İnsanlar o həqiqəti qəbul da edə bilərlər, inkar da.

Özümüzə, mənəvi aləmimizə sadiqlik bizi çox zaman obyektivlikdən məhrum edir, amma şairlər bir çox hallarda xoşbəxtlikdən şeirlərində öz subyektivzmini obyektivizm kimi qəbul etdirə bilirlər.

- Daim dəyişən dünyamızda nəyəsə, yaxud kiməsə aid olmaq sizin üçün hansı mənanı daşıyır?

- Dəyişən dünyada nələrəsə aid olmaq çox çətin məsələdir. Belə bir sufi pritçası var: Bir gün bir nəfər cavan gəlib qocaman sufiyə deyir ki, mən də sənin kimi hər şeydən uzaqlaşıb dərvişlik etmək istəyirəm. Onlar yola düzəlirlər, bir qədər gedəndən sonra, cavan deyir ki, heybəm evdə qalıb, məni gözlə, gedib onu gətirim. Müdrik sufi söyləyir ki, get, ancaq geri qayıtma, çünki əgər bir heybə səni tutduğun yoldan geri göndərəcəksə, sən bu uzun yolu mənimlə bərabər gedə bilməzsən. İndiki dünyada insanın azadlığını onun heç kəsə və heç nəyə aid olmaması kimi təqdim edirlər, bu, həddən artıq insafsız yanaşmadır və bu sayaq rəhmsiz münasibət həyatımızın çox məqamında özünü büruzə verməkdədir. Fəqət unutmayaq ki, aid olduğumuz gözəl dəyərlər də çoxdur. İndi ədəbiyyatla məşğul olmaq, taleyini sözə bağlamaq çoxlarına absurd görünür. Bəs yeni dünyanın bizə daşıdığımız dəyərlərin əvəzində təntənəylə təqdim etdiyi alternativ nədir? Qoyun deyim: Alternativ tam mənasız, kökündən puç, daha məyusedici.

- Sizin poeziyanızda məhəbbət çoxqatlıdır - Vətənə, qadına, həm də tarixi və ədəbi şəxsiyyətlərə. Bu müxtəlif sevgilər misralarınızda necə birləşə bilirlər?

- Təəssüf ki, indiki dünyada sanki iki insanın bir-birinə aid olması dövrü, deyəsən, başa çatır. Kimlərsə buna daha çox daxili məcburiyyət, adət-ənənə və könülsüz sadiqliklə nail olurlar. Ürəyi sanki özündən kənarda yaşayan çox saxta, süni insanlar görmüşəm, onlara görə daim Allaha üsyan etməyim gəlib. Bəzən çox doğma insanların sevgisiz ailə həyatlarına, birgə yaşamalarına baxaraq dözə bilmədiyim anlar da olub. Dünyada sevdiyi insanı tapmaq çox böyük şansdır: Təsəvvür edin ki, milyardlarla seçim imkanı arasında doğrunu tapırsan və o seçim bir ömür özünü hər nəfəsdə təsdiqləyir. Səhv seçim də bir ömür özünü hər məqamda göstərir. Yevgeni Yevtuşenkonun məşhur bir misrası var: "Məhəbbət həmişə təhlükəlidir". Şərqlə Qərbin çağdaş sevgisi arasında belə bir ziddiyyət var. Şərqdə insanlar bir-birini yaxşı tanıyandan sonra boşanırlar, Qərbdə isə evlənirlər.

Mənim Vətənə, insana, dünyaya, tarixi şəxsiyyətlərə sevgim, doğrudan da, bir-birinə qarışaraq birləşiblər. Vətənə, dünyana, insanlara sevgim tükənməzdir. Özümü daim ruhumdakı sevgilərin qoynunda hiss edirəm. Ona görə də onlar çox təbii surətdə birləşə bilirlər.

- Yazmaq sizin üçün mənəvi boşluğu aradan qaldırmağın yollarından biridirmi?

- Bəzən fikir verirəm ki, insanlar dəhşət ağır hadisələr yaşayırlar, yaxud gözəl duyğular dadırlar, ancaq onların çoxu ədəbiyyatdan kənar insanlardılar deyə taleləri "hamı kimi olmaq" bəxtsizliyinin içində sanki itib-batır. Şair isə daim həyatı mənalandıran, onu ruhuyla müşayiət edən biridir. Bu mənada mən xoşbəxtəm ki, öz taleyimi, yaşadıqlarımı orta əsrlərdə şahların yanında baş verənlərin hər anını salnaməyə çevirən katiblər kimi qələmə ala bilirəm. Yazmaq isə boşluqları doldurmaqdan daha çox onları mənalandırmaqdır deyərdim.

- Şeirləriniz ifadəlilik baxımından sadə olsa da, obrazlılıq sarıdan güclüdür. Bir şeirinizdə "Mən sənə şeirlər yazmıram, tənhalığımı kağıza köçürürəm" - deyirsiniz. Bu cür sadəlik şeirilərinizdə təbii olaraq öz ifadəsini tapır, yoxsa bu düşünülmüş poetik intizamın nəticəsidir?

- Mən şeir yazmağa başlayanda tamam başqalaşıram: həmin anlarda adamlar arasında olanda istəyirəm qəfil - onlarla sağollaşmadan sürətlə tənha qala biləcəyim bir yerə qaçıb könlümdən keçənləri yazım. O anda insanlara baxıram, amma sanki onları görmürəm, eşidirəm, lakin dinləmirəm. Bu rəmzi korluq və karlıq, əslində, mənim dünya duyumumu daha da qüvvətləndirir. Və onda heç zaman yanaşı işlətmədiyim sözlər gəlib bir-birinin yanında sıralanırlar. Görkəmli Azərbaycan şairi Vaqif Bayatlı Odər deyir ki, "insanlar bir-birinin yanında durmaq istəyib-istəmədikləri kimi, gərək sözlər də bir-birinin yanında dayanmaq istəsinlər".

Mən bir-birinin yanında dayanmaq istəyən sözləri seçimində daxili demokratiyamı heç zaman pozmuram. Ona görə də təvazökralıqdan uzaq olsa da, deyim ki, şeirlərimdə fərqli düşüncələr, münasibətlər, fikirlər ortaya çıxır.

- Şimali Makedoniyada şeirlər kitabınızın çap olunması sizin üçün nə deməkdir? Velestovo Poeziya Festivalını, Velestovonun özünü və Ohrid şəhərini necə qiymətləndirirsiniz və özünüzlə Bakıya hansı hissləri, xatirələri aparacaqsınız?

- Mən Şimali Makedoniyanı Avropadakı mənəviyyat adalarından biri kimi qiymətləndirirəm. Nəşr olunan kitabımla artıq şeirlərim burada makedonca yaşamaq haqqı qazandılar. Poetik düşüncələrim daha Şimali Makedoniya peotik saat qurşağına daxil oldular. Bu festivalda iştirak etmək mənim üçün çox böyük şərəf idi. Mən buradan şeirlərimi maraqla dinləyən insanların gözlərindəki parıltını, ürəklərindəki hərarəti, makedoncaya çevrilmiş duyğularımın xoş təəssüratlarını özümlə aparıram və onlar mənim üçün bir ömür əziz və doğma olaraq qalacaq. Velestova poeziya festivalı, eləcə də gözəl Ohrid şəhəri yaddaşıma əbədilik həkk olundu.

Azərbaycan qədim tarixə malik gözəl, bəşəri dəyərlərə yüksək qiymət verən bir ölkədir. Şərqin qədim ənənələrini yaşadan, müasirliyə açıq, dünyəvi mədəniyyətə sahib bir yurddur. Bildiyiniz kimi, biz haqq savaşında qələbə qazanıb öz ərazi bütövlüyümüz təmin etmişik və bugünsə dünyada sülhün yüksəlişinə töhfələr veririk. Mədəniyyətimiz və ədəbiyyatımız da öz növbəsində cahanın çağdaş ədəbi nizamına uyğun şəkildə inkişaf edir, xüsusən poeziyamız dünyanın ən bənzərsiz və seçkin poeziyalarından biridir.

Azərbaycan ədəbiyyatının Şimali Makedoniyada tanıdılmasına ciddi ehtiyac var, eyni zamanda əksinə. Mən Ohrid şəhərində keçirilən bu festivalda iştirak etməyimlə, eyni zamanda şeirlərimi makedonca təqdim edilməsi timsalında Azərbaycan ədəbiyyatının Şimali Makedoniya ədəbiyyatına doğru uzanan əliyəm, siz - Juliana Veliçkovskaya isə şeirlərimi öz ana dilinə çevirməklə Şimali Makedoniya ədəbiyyatının Azərbaycan ədəbiyyatına uzanan əlisiniz. Əminəm ki, bir-birinə uzanan bu iki əl heç zaman havadan asılı qalmayacaq, biz möhtəşəm ədəbiyyatlarımızın qarşılıqlı şəkildə tanıdılmasına bundan sonra da nail olacağıq, eləcə də bizdən sonrakı ədəbi nəsillər...

Tərcümə edən: Elcan Salmanqızı

# 179 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər