Əməkdar artist Elnarə Abdullayevanın ailəsində ağır itki üz verib.
Kulis.az xəbər verir ki, sənətçinin qardaşı Yaqub vəfat edib. Bu barədə Elnarə Abdullayeva sosial şəbəkə hesabında yazıb. O, qardaşının ölümü ilə bağlı kədərini bu sözlərlə ifadə edib:
“Bəzən insan elə bir itki yaşayır ki, onu heç bir söz ifadə edə bilmir. Bu gün mən də həyatımın ən ağır acılarından birini yaşayıram. Gözümün nuru, canım qardaşım Yaqub bu dünyadan köçdü.
Sənin yoxluğunu qəbul etmək çox ağırdır. Gülüşün, səsin, varlığın hər zaman qəlbimdə yaşayacaq. Kaş ki, zaman geri dönəydi, səni bir dəfə də olsun qucaqlaya, səsini eşidə biləydim. Amma bilirəm ki, Allahın hökmü qarşısında hər birimiz acizik. Əziz qardaşım, Allah sənə sonsuz rəhmət eləsin. Günahlarını bağışlasın, qəbrini nurla doldursun, məkanını cənnətin ən gözəl guşələrindən etsin. Rəbbim səni Öz mərhəməti ilə əhatə etsin”.
