Bu gün alman filosofu və mütəfəkkir, ədəbiyyat üzrə Nobel mükafatı laureatı Rudolf Eykenin doğum günüdür.
Kulis.az bu münasibətlə İlham Abbasın "Rudolf Eyken - Ədəbiyyata dəxli olmayan laureat" yazısını təqdim edir.
1908-ci ildə ədəbiyyat üzrə Nobel mükafatının alman filosofu Rudolf Kristof Eykenə verilməsi barədə Nobel Komutəsinin qərarı bu mükafatların tarixi ərzində, yəqin ki, ən gözlənilməz, bəlkə də anlaşılmaz seçim sayıla bilər.
Komitənin qərarında göstərilirdi ki, R.Eyken bu mükafata "ciddi həqiqət axtarışlarına, zəkasının nüfuzedici gücünə, görüş dairəsinin genişliyinə, idealist həyat fəlsəfəsinin canlı və inandırıcı şəkildə müdafiə və inkişaf etdirdiyinə görə" layiq görülür. Bu xüsusiyyətlər R.Eykeni humanist bir mütəfəkkir kimi kifayət qədər dolğun xarakterizə edir.
Lakin, məsələ burasındadır ki, onun axtarışlarının ədəbi yaradıcılığa, demək olar ki, heç bir bağlılığı yox idi. R. Eyken bədii əsərlər yazmamış, fəlsəfi yaradıcılğında da ədəbiyyat və ümumuiyyətlə estetika məsələləri ilə nadir hallarda məşğul olmuşdu. Maraqlıdır ki, Nobel mükafatı laureatları sırasında Almaniyanın R.Eykendən əvvəlki ilk təmsilçisi Teodor Mommzen də ədəbiyyat adamı deyildi.
Bununla belə, dünya şöhrətli böyük alim, antik dövr tarixinin öyrənilməsi üzrə ən nüfuzlu mütəxəssis sayılan T.Mommzen sonsuz sayda yüksək səviyyəli elmi araşdırmaların müəllifi olmaqla yanaşı, gəncliyində bir müddət bədii yaradıcılıqla da məşğul olmuşdu. Digər tərəfdən, onun əsərləri həm böyük elmi dəyərinə, həm də bədii üsluba çox yaxın olan ifadə tərzinə görə ümummədəniyyət hadisəsi idi. Buna görə də T. Mommzenin ədəbiyyat üzrə Nobel mükafatına layiq görülməsi təbii görünmüş, zamanında heç bir mübahisə və anlaşılmazlığa səbəb olmamışdı.
R.Eyken isə, qeyd etdiyimiz kimi, bədii yaradıcılıq və ədəbi tədqiqatlar sahəsindən uzaq bir adam idi. Eyni zamanda, birbaşa yaradıcılıq profili olan fəlsəfi araşdırmalar sahəsində də xüsusi nüfuz sahibi sayılmırdı və onun adı bu gün də görkəmli filosoflar sırasında çəkilmir. Dünya fəlsəfə tarixinə nəhəng simalar bəxş etmiş alman fəlsəfəsinin ümumi panoramında R.Eyken yalnız məşhur bir mütəxəssis, fəlsəfə tarixinin görkəmli tədqiqatçısı kimi dəyərləndirilə bilər. Fəlsəfə tarixinə dair kitablarda onun haqqında öz sistemini yaratmış filosof kimi yox, yalnız böyük alman filosofu İ.Q.Fixtenin ardıcıllarından biri, F. Nitsşe, O.Şpenqier kimi böyük nümayəndələri olan "həyat fəlsəfəsi" sistemini tədqiq və təbliğ etmiş bir fəlsəfəşünas olaraq bəhs edilir.
Və hətta bu baxımdan da onun adı yalnız məhdud dairədə − fəlsəfənin konkret bir sahəsi ilə məşğul olan mütəxəssislərə məlumdur. Buna görə də, onun laureat adına layiq görülməyinin məntiqi bu günəcən mübahisəli sayılır və Nobel Komutəsinin öz seçimində hansı arqumentlərə və mülahizələrə əsaslandığı anlaşılmaz qalır. Ancaq bu da danılmaz bir həqiqətdir ki, dünyanın ən nüfuzlu ədəbi mükafatına layiq görülməsi faktı R. Eykenin adını ədəbiyyat ( bəlkə həm də fəlsəfə) tarixinin hadisəsinə çevirmişdir. Əsərlərinin məziyyətləri baxımından olmasa da, Nobel mükafatı alması baxımından onun ömür və yaradıcılıq yolu maraq doğurur. R.Eyken 1846-cı ildə Almaniyanın Hollandiya ilə sərhədi yaxınlığındakı Aurix şəhərciyində, poçt xidmətçisinin ailəsində dünyaya gəlib. Gimnaziyada oxuyarkən riyaziyyat və musiqi ilə maraqlanıb.
Gettingen Universitetində tarix və fəlsəfə üzrə təhsil alıb. Universiteti bitirdikdən sonra bir müddət məktəbdə fəlsəfədən dərs deyib. 1874-cü ildə Yen Universitetinin professoru seçilən R. Eyken 1920-ci ilə qədər burada işləyib, 1926-cı ildə vəfat edib. 19-cu əsrin 80-ci illərindən idealist metafizikanın dirçəldilməsi cərəyanının nümayəndələri sırasına qoşulan R. Eyken həmin dövrün fəlsəfəsində aparıcı rol oynayan pozitivist − natural dünyagörüşünün əleyhdarı kimi məhsuldar yaradıcılıqla məşğul olub. Gənclik illərində Aristotel fəlsəfəsi ilə maraqlanan R. Eyken 1872-ci ildə “Aristotel tədqiqatlarının metodu” adlı ilk elmi əsərini yazmışdır. Klassik alman idealizminin ənənələrinə uyğun olaraq, R. Eyken aktivist fəlsəfə ilə dini-xristian mövqeyini, həyat fəlsəfəsinə daxil olan prinsipləri qovuşdurmağa çalışırdı.
Fəlsəfi sistemlərin tarixini araşdırarkən R. Eyken belə bir nəticəyə gəlir ki, materialist və idealist konsepsiyaların məhdudluğu varlığın maddi, yaxud psixi sahələrinin ideallaşdırılmasından irəli gəlir. Halbuki, hər iki sahə öz mahiyyəti etibarilə naqisdir, tam deyil, insan həyatı üçün həqiqi, tam əhatəli başlanğıc onun ruhani mövcudiyyətidir. 1878 - ci ildə nəşr etdirdiyi "Müasir fəlsəfənin əsas anlayışları " kitabı ona ilk dəfə məşhurluq gətirir. 1890 - cı ildə nəşr olunan " Böyük mütəfəkkirlərdə insan həyatı problemi" adlı kitabı isə R.Eykeni fəlsəfə tarixinin görkəmli tədqiqatçısı kimi bütün dünyada tanıdır.
R.Eykenin dünyagörüşünün başlıca prinsipi ruhani dünyanın müstəqilliyi, əbədiliyi və tamlığı; onun mütləq mənası və dəyəridir. Onun fikrincə, ruhun bu ali aləmi yalnız mənəvi (ruhani ) fəaliyyət vasitəsilə aşkar oluna bilər. Xristianlığın Allah - insan ideyasını özünəməxsus şəkildə inkişaf etdirən R. Eyken insanı ruhani təkamül, mənəvi ülviləşmə vasitəsilə həyatda yüksək harmoniya (nizam) yaratmağa çağırır və bu baxımdan panteistlərə yaxınlaşır . Bununla belə, dinin tarixi-ənənəvi formalarını, kilsə təsisatlarını, mənəvi dünyanı maddi aləmə tabe tutan naturaliz- mi və intellektual panteizmi tənqid edir. R Eyken hesab edir ki, mərkəzində insanın şəxsiyyəti və ruhani fəaliyyəti duran yeni dinihəyati sistem - “ şəxsiyyət sistemi" yaratmaq lazımdır. R.Eykenə populyarlıq gətirən və çox güman ki, onun Nobel mükafatına layiq görülməsində həlledici rol oynayan əsərləri sırasında "Ruhani həyat uğrunda mübarizə" (1896), “Dinin həqiqəti” (1901), “Yeni dünya anlamının əsas cəhətləri “ (1907), “Müasir düşüncənin əsas cərəyanları”(1908) kitablarını göstərmək olar. Bununla yanaşı o, fəlsəfi anlayış və terminlərin tarixi inkişafı məsələləri ilə də məşğul olmuş, bu əsasda fəlsəfə lüğəti yaratmışdır.
Onu məşhurlaşdıran fəaliyyət sahələrindən biri də insanı şəxsiyyətsizləşdirən modernist incəsənət cərəyanlarına qarşı mübarizə aparması olmuşdur. R.Eyken fəlsəfənin ali məqsədini müasir sivilizasiyanı mənəviyyatsızlıqdan qorumaqda görürdü. Onun əsərləri 20-ci əsrin ilk onilliklərində müxtəlif dillərə tərcümə olunaraq dünyanın bir çox ölkələrində çap edilmişdir.
Onun adı, təəssüf ki, bu günəcən Azərbaycan oxucusuna tanış deyil.