“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj

“Bu pulları necə yığacam?!” – Keşlə Bazarından reportaj
17 yanvar 2025
# 17:00

Kulis.az Rəhman Mirzəlizadənin Keşlə bazarında reportajını təqdim edir.

Hələ ötən ilin may ayından mətbuatda Keşlə Bazarının söküləcəyi ilə bağlı xəbərlər gəzirdi. Nəhayət, dekabrda bu xəbərlər öz rəsmi təsdiqini tapdı. Məkan fevralın 1-dən bağlanacaq və bazar "Eurohome" ticarət mərkəzinə köçürüləcək. Bazarın sökülməsi isə buradan keçəcək yeni yolun çəkilişi ilə əlaqədardır.

Saytımızın fotoqrafı ilə, necə deyərlər, adıçəkilən ünvana yollanırıq. Bazarın sökülmə “anonsunu” girişdəki “Keşlə Bazarı” yazılan plakatı yerindən çıxarmaqla veriblər.

İçəri daxil oluram. Həmişə insanlarla dolub-daşan bu bazarda tək-tük müştəri var. Boydan-boya piştaxtalarla sıralanmış məkanda hər cür meyvə-tərəvəz, ət və süd məhsulları, paltar, xırdavat dükanları, hətta pinəçi tapmaq mümkündür.

Satıcılar həm piştaxtalarını daha cəzbedici göstərmək, həm də bu soyuq məkanda qızınmaq üçün dayanmadan satdıqları məhsulları səliqəyə salır, yerlərini dəyişir, meyvələrin üstünü silib parıldadırlar. Kasıbın olanından, kimin qalın yun kurtkası, şalı, plaşı varsa bürünüb öz müştərisini gözləyir. Bəzilərinin belinə yun şal bağlamağından hiss edirəm ki, böyrəyi, qaraciyəri xəstədir. İllərlə bu soyuqda işləyib necə xəstə olmayasan axı?!

Nəfəsiylə əllərini isidən satıcıya yaxınlaşıram:

- Üşüməyəsiniz! - soyuqda burada işləyən adama "yorulmayasınız" yox, "üşüməyəsiniz" demək daha doğrudur.

Satıcı gülür:

- Çox sağ ol...

- Deyəsən, alver zəifdir?

- Hə, gördüyünüz kimi, bazarda heç kim yoxdur. Buranın söküləcəyini deyəndən elə bil, bazarın ruzisi göyə çəkilib. Gələn yoxdur. Mən 15 ildən çoxdur bu bazarda işləyirəm, hamı da tanıyır. Daimi müştərilərimiz var. İndi nə edəcəyik, bilmirəm...

- Heyva neçəyədir?

Bazar dili ilə desək, deyəsən, ayağım yüngül oldu, piştaxtaya müştəri yaxınlaşır. Satıcının başı ona qarışdı, mən isə piştaxtaların arası ilə yoluma davam edirəm.

- Göy yeyən göyçəy olar,

qollarında qüvvət olar...

Qapağını deşdiyi butulka ilə qarşısındakı göyərtiləri sulayan oğlanın müştəriləri göyərti almağa səsləyən marşı diqqətimi çəkir:

- Bazar olsun.

- Çox sağ ol. Buyur, təzə göyərtilərim var.

- Mən jurnalistəm, buradan reportaj hazırlamağa gəlmişəm. Bazarı bağlayacaqlar, sizi də başqa yerə köçürəcəklər, istəyirəm fikirlərinizi bilim...

- Əlbəttə, fikrim çox pisdir. Necə olmalıdır? Mən 20 ilə yaxındır burada işləyirəm. Bu bazarda işləyə-işləyə zülmlə iki uşaq oxutmuşam. İndi gəlib deyirlər ki, sizi başqa yerə köçürdürük.

- Əslində, bura çox bərbad vəziyyətdədir, niyə buradan çıxmaq istəmirsiz?

- Ona görə ki, burada daimi müştərilərimiz var. Hamı tanıyır bizi. Elə adam var ki, sırf bizdən mal almaq üçün yolunu belə uzadır. İndi ora get, özünə müştəri yığ, pul qazan... O vaxta qədər balalarım acından qırılsın?!...

Satıcı danışa-danışa göyərtilərin arasındakı saralmış yarpaqları qoparır. Bir neçə dəqiqədir buradayam, amma hiss edirəm ki, indidən ayaqlarım buz kimi olub.

Fotoaparatın qırpılan işığı yan tərəfdəki piştaxtaların üstünə düşür. Baxıram ki, fotoqrafımızın obyektivi qırmızı, parıldayan almalara tuşlanıb.

- Bazar olsun, bibi. Necəsiz?

- Allah köməyin olsun. Sən necəsən? - başına yun şal keçirmiş yanaqları qırmızı yaşlı satıcının danışığından və satdığı məhsullardan hiss edirəm ki, şimal bölgəmizdəndir. Ümumiyyətlə, burada hər kəsin satdığı məhsullardan hansı bölgədən olduğunu təxmin etmək olur. Məsələn, balıq satanların əksəriyyəti Sabirabad, Neftçala, qoz, fındıq satanların əksəriyyəti Qax, Balakən, Qəbələ, nar, heyva satanlar isə adətən, Ağdaş, Göçay bölgəsindən olur. Sırf bu detaldan belə onların evlərindən uzaq, bu soyuqda necə əziyyət çəkdiklərini görmək olur. Hələ yol xərclərini demirəm.

- Bazarın sökülməsi sizə necə təsir edəcək?

- Pis. Çünki bütün müştərilərimizi itirdik. Mən illərdir bu bazarda işləyirəm. O qədər keyfiyyətli məhsullar satmışam ki, çoxlu daimi müştərilərim var. İndi onlar bir də necə durub "Eurohom"a gələcəklər? Mən burada nisyə də mal satıram - Əlindəki nisyə dəftərini mənə göstərir - indi gərək bu pulları yığmaq üçün yollarda qalım. Malımın bir hissəsini nisyə satmaqla pul qazanıram. Orada kimi tanıyıram ki, kimə də nisyə verim? Hamımız müştərisiz qaldıq. - Satıcı qadın birdən sözünü yarımçıq qoyur - sənə soyuq deyil ki?

Soyuqdan əllərini ovuşdura-ovuşdura danışan qadının birdən üşüməyimi düşünməsi məni təsirləndirir, açığı. Lakin bunu ona bildirmədən "xeyr, narahat olmayın" deyib xudahafizləşirəm:

- Təki hər şey yaxşıya doğru olsun.

- Amin.

Müştərilərlə satıcıların münasibətinə baxanda hiss olunur ki, illərdir tanışdılar. Daimi bir satıcı-müştəri münasibətləri var. Bazarın daimi müştərisi bildirir ki, buradakı satıcılarla artıq dostluq münasibəti yaranıb:

"Bilirəm ki, mənə heç vaxt pis mal satmazlar. 20 ildir buradan alver edirəm. Hələ indiyə qədər köhnə, pis mal almamışam. Belə bazar bir də tapılmaz. Yeni tikilən isə bura uzaqdır. Yenə bu bazar əlimizin altında idi. Nəsə lazım olan kimi tez qaçıb gəlirdik. Həm də qiymətlər çox ucuz idi. Belə bazarı indi haradan tapacağıq?".

Satıcıların əksəriyyəti soyuqda əllərini ovuşdura-ovuşdura ayağının birini qoyub digərini götürür. Balıq piştaxtasının arxasında dayanan qadının ağzına örtdüyü yun şaldan buxar çıxır. Salamlaşıb özümü təqdim edirəm.

- Siz burada nə qədər "yer pulu" verirsiz?

- Baxır yerə. Elə yer var ki, 7-8 manat, eləsi var 10-15 manat və daha çox verir. Mən 12 manat verirəm.

- Bəs köçürüləcəyiniz yerdə nə qədər yerpulu verəcəksiniz? Bu haqda məlumat veriblər sizə?

- Xeyr, heç bir şey deməyiblər. Biz bilmirik orada vəziyyət necə olacaq. Bu bazarda 500-ə yaxın adam evinə çörəkpulu aparır. Hamının da öz müştərisi var. Balıq elə məhsuldur ki, müştəri onu hər adamdan almır. Burada hamı bilir ki, mən təzə, yaxşı balıq satıram. Gəlib alırlar. Amma orada məni heç kim tanımır. Müştərim olmayacaq. Necə alver edəcəm mən?

Gənc bir satıcı söhbətimizi kənardan eşidib bizə yaxınlaşır. Salam verib söhbətə qoşulur:

- Mən gedib yeni tikilən bazarı görmüşəm. Pis yer deyil, amma parkinqi yoxdur. Bəzi müştərilərimiz olur ki, maşınla gəlib xeyli alver edib gedirlər. Orada maşın saxlamağa normal yer belə yoxdur.

Get-gedə satıcılar ətrafımıza yığışır. Hamısının sifətindən narahatlıq hiss edilir.

- Bu qədər malı necə daşıyacaqsınız? Sizə kömək edəcəklər?

- Əlbəttə ki, yox. Bir tərəfdən də o gözümüzə durub. - Yenicə yaxınlaşan orta yaşlı kişi papağı başına sıxıb sualıma cavab verir - Mən şüşə bankalarda turşu, kompot, mürəbbə satıram. O qədər malı necə aparacam? Gərək böyük bir maşın tutum. Maşınlar da çox bahadır. Üstəlik, Allah bilir, hələ nə qədər bankam yolda qırılacaq, o qədər ziyana düşəcəm.

- Nədir, aylardır gəlib buranı çəkirsiz, bizi danışdırırsız, amma heç nə də olmur! Nə istəyirsiz bizdən? Guya sən gəlib buranı çəkdin, bizi danışdırdın deyə, bazarı sökməyəcəklər?! - qəfildən yaxınlaşan yaşlı qadın alov püskürür - Elə bil, biz oyuncağıq. Hərəsi əlinə bir mikrofon, kamera alıb gəlir ki, danış. Bilsəm ki, bir nəticə olacaq, səhərə qədər danışaram! Siz Allah, çıxın gedin, qoyun heç olmasa başımız dinc oturaq!

...Deməyə söz tapmayıb sakitcə bazardan çıxıram.

# 313 dəfə oxunub

Müəllifin son yazıları

# # #