Kulis.az Loğmanın "Əlahəzrət söz" adlı yeni yazısını təqdim edir.
Söz – insanın ağrı-acıları, fikir və düşüncələri, hiss və duyğularının, sevinc və kədərinin ifadəsi, izharıdır.
Söz – insanın kimliyi, insanın özüdür. Çünki kamil, dürüst insan sözünə bərabərdir.
Biz kitaba yazılana – sözə inananlar dövründə doğulmuşuq. İndiki gənclərin fikrincə, sadəlövh olmuşuq. Sözün gözəlliyinə vurulmuşuq. Belə tərbiyə almışıq, belə böyümüşük. Sözə olan sevgimizin hesabına başımıza müsibətlər gəlsə də, inadkar uşaqlar kimi bu sevdadan əl çəkməmişik. Köhnə kişilərin bir “sən öl”nən qan bağladıqları qızıl əsrdən də az-çox xəbərimiz var.
Bir sözlə, sözün urvatlı vaxtı sözə muştaq olmuşuq, sözə bağlanmışıq. Belə baxanda, bizi də qınamalı deyil, o zırpı-zırpı addımlarla irəliləyən, maşınları qara tüstü buraxıb zarıya-zarıya yeriyən, bir beşillikdə iki beşilliyin planını dolduran, bomboz sifətli sovetdə sözdən (kitabdan) başqa bir şey görmədik.
Amma necə deyərlər, hər şey axır, hər şey dəyişir və o dəyişiklik də həmişə yaxşı yerə axıb getmir. Bu baxımdan sözün ağzı çoxdan qayaya dirənib.
Biz sovet sahilləri ilə “bir az döz...” sahilləri arasında “şpaqat” kimi açılmışıq – nə geri qayıda, nə də yeni sahilə keçə bilirik. Bir növ körpü kimi qalmışıq. Bizi ayaqlayıb rahatlıqla üstümüzdən keçirlər. Amma bu “şpaqat” dövrü çox ağrılıdır, uzun müddət tab eləmək olmur. Hərdən mənə belə gəlir ki, bu “keçid dövrü” dedikləri şey elə bizik – ölüb qurtarınca hər şey keçib gedəcək, xalqımız xoşbəxt və firavan günlərə çıxacaq. Yəni bu keçid dövrü köhnələrin köçüb getmək dövrüdür.
Sözə də bağlandınsa, ömür-gün sözə həsr olundusa, gərək dolanışığı da sözdən çıxardasan. Söz yazıq da neyləsin, başına o qədər it oyunu açıblar ki, indi ona “şpaqat” dövrünün adamlarından başqa heç kim inanmır. Bazar iqtidara (“bazar iqtisadiyyatı” demirəm, çünki insanlar deyil, hər şeyi bazar həll etdiyindən iqtidar rolunu oynayır) keçəndən sonra bu nəslin bu bazarda nə alası, nə də satası bir şeyi qaldı. Sözə qısılıb nəyəsə inanmaqdan başqa seçimi olmayanlar üçün sözün müqəddəsliyi çoxdan xəzəl olub.
... Bir dəfə Şah Abbas yalançı məmurlarının sözünə baxmır, vəziri Allahverdi xanla təğyiri-libas olub bazarı gəzir, xalqın güzəranı ilə maraqlanır. O vaxtlar padşahların belə “sadəlövh” işləri çox olurmuş (indi olmasın). Vəzir də çox ayıq adam idi, gözündən tük də yayınmazdı. Görür ki, bir kişi qabağına üç kül topası yığıb ucadan çağırır: “Ay söz alan... Ay söz alan... Söz satıram...” Vəzir yaxınlaşıb soruşur:
- Neçəyə satırsan?
- On qızıla.
Vəzir təəccüblənir. “On qızıla da söz olar?.. Bu pulla az qala bazarın yarısını almaq olar. O necə sözdür elə...”
Vəzir aqil adam idi. Bildi ki, on qızıla elə-belə söz satmazlar. Kisəsindən on qızıl çıxarıb sözün birini alır. Söz satan əlinin arxası ilə kül topasının birini dağıdıb: “Bu kül o kişinin başına ki, arvad sözünə baxa...” – deyir.
Vəzir bazarı gəzə-gəzə fikirləşir ki, görəsən, o biri söz nədir? Çox götür-qoy edəndən sonra geri dönüb ikinci sözü də alır. Söz satan eyni qayda ilə kül topasının ikincisini də dağıdaraq deyir: “Bu kül o kişinin başına ki, yengi kisədən borc ala...”
Bir az aralanır kimi söz satanın səsi yenə onu özünə çəkir: “Ay söz alan...” Vəziri maraq əldən salır, qayıdıb üçüncü sözü də alır: “Bu kül də o kişinin başına ki, özgədən özünə qardaş tuta...”
Möhtərəm oxucu, bu, bir rəvayət olsa da, inanıram ki, bu və ya digər şəkildə baş verib. Məqsədim sizə bu nağılı danışmaq deyil. Doğrudur, elə həmin rəvayətə görə, vəzir bu sözləri həyatda sınaqdan keçirir və əmin olur ki, on qızıla aldığı sözün dəyəri qiymətindən qat-qat üstündür.
Ustad Nizami də deyirdi ki, qızıldan qiymətli söz deyə bilmirsənsə, sussan yaxşıdır. Yəqin ki, haçansa sözün qızıldan qiymətli vaxtı olub. Amma, bəlkə də, sözün undiki qədər urvatsız vaxtı olmayıb.
Sözün bazarda dəyərli əşya, məhsul kimi satıldığı vaxtdan çox keçib. Bütün başqa məhsullar kimi sözün də qəlpi, “kitayski”si bazarı – həyatımızı götürüb ağzına. İndi xalis sözün alıcısı yoxdur, düz sözə qəpik-quruş da vermirlər. Sözün içi düşüb – qarpız kimi laxdır. Söz indi vasitəyə çevrilib. Söz indi aldatmaq “sənətinə” xidmət göstərir. Dürüst adamlar - aldatmaq istəməyənlər üçün söz göz dağıdır. O sözlə bazarlıq eləmək olmur. O sözlə uşağı kiritmək olmur. O sözlə yarasını sağaltmaq, o sözlə arvadı sevindirmək olmur. O sözlə nəinki Antalyaya, heç Nabrana da getmək olmur...
Müstəqillik əldə edəndən bəri ömürünü-gününü sözə həsr edib ailə saxlamaq istəyənləri düşünəndə yadıma vəzir Allahverdi xan və söz satan düşür. İnanıram ki, o söz satan bu gün də əvvəlki biznesi ilə məşğul olsaydı (şübhəsiz, onun əlindən bundan başqa bir iş gəlməzdi), mütləq kül topalarının sayını ən azı dördə çıxarar və o dördüncü topanı mənsiz də yaxşı bilirsiniz ki, hansı kişilərin başından ötrü nəzərdə tutardı...