Ona mütləq büst qoyulmalıdır! - Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər

Ona mütləq büst qoyulmalıdır! - Dövrümüzün Mirzə Cəlili Elgiz Əkbər
7 aprel 2025
# 12:00

Kulis.az Eminquey Akifin "Elgiz Əkbərin yeganəliyi" adlı yazısını təqdim edir.

Elgiz bəy, sizin elə bir adınız var ki, bu adda şəxs televiziyamızda yeganədir. Televiziyamızın üç Zauru var, amma Elgizi bir dənədir. Bir dənədir! Bir də nədir? Odur ki, sizin rəqabətə ehtiyacınız yoxdur. Meyvələrdən, tfu, aparıcılardan adaş olan üç Zaur var, onlar bir-birindən fərqlənmək məcburiyyətindədirlər, amma sizin belə bir məcburiyyətiniz yoxdur. Siz Elgizsiniz. Soyadınızmı deyim, təxəllüsünüzmü deyim, o da Əkbərdir – yəni, Uca! Böyük! Siz həm də televiziyada Əkbərsiniz! Şükür sizi Yaradana!

Uzun müddətdir sizin hər sözünüz, hər hərəkətiniz sosial şəbəkələrdə memə çevrilib. İnsanlar dost-tanışına “gif”lərinizi göndərir, bir-birilərini sizin stikerlərlə güldürür. Deyim ki, siz Azərbaycan komediya janrının ən uğurlu simalarından birisiniz. Bu sözləri qələmə almaqda zərrə qədər də ironiya, sarkazm niyyətim yoxdur.

Elə uzun müddətdir ki, mən də sizi izləyib fanatınıza çevrilmişəm. Verilişinizə gələn insanlarla, ekspertlərlə davranışınıza heyran qalmışam. Bir həqiqətə varmışam ki, əslində, çox müdrik adamsınız. Sizə insan sərrafı da demək olar. Ona görə ki, kimə necə lazımdır, o cür də cavab verib davranırsınız.

Bir dəfə verilişinizə bir oğlan gəlib arvadı haqqında gic-gic danışmışdı. Arvadı da zəng vurub demişdi ki, onun kişi boyunu yerə soxum, çıxıb efirdə arvadı haqqında ağzına gələni danışır, məni biabır edir. Siz isə bu məqamda həmin oğlanın başına bir qapaz ilişdirmişdiniz. Bu qapaz çox məşhurlaşdı, paylaşmayan qalmadı. Sizin o qapazınız bizim milli-mənəvi dəyərlərin üstünə çəkilən sığal idi. O evində, nəslində sözü keçən ağsaqqalı olmayan bir adamın başına dəymiş ağsaqqal qapazı idi.

Bir dəfə bir qız ona maddi dəstək olan adamlara hörmətsizlik etmişdi. Siz də o qıza təpinmiş və ağzını əyərək “ədıvidibücümücü” eləyib milləti gülüşə boğmuşdunuz. Sizin bu situasiyada da insanpərvər tərəfiniz üzə çıxmışdı. Yenə də sosial şəbəkələrdə, vatsap statuslarında, yazışmalarında siz vardınız.

Siz həm də böyük həqiqətlərin üzə çıxmasında rol oynamısınız. Bilirsiniz? Qarşısına keçəni yıxıb-sürüyən, rəhmətlik Səməd Səmədovun, Cavanşir Məmmədovun yaxasından düşməyən, mənəm-mənəm deyən, sənətdən danışan Əli Mirəliyevin əsl həqiqətini üzə çıxarmısınız. Əli Mirəliyevi sizin qədər danlayan, yeri gəlsə, sındıran ikinci adam olmayıb bu ölkədə. Siz Əli Mirəliyevi hər səhər efirdə oynadan adamsınız. Bu da sizin xalqın “qoçu”luq anlayışına olan hörmətiniz, dəstəyinizdir. Siz xalqın ürəyindən tikan çıxarmısınız.

Sadalamağa davam etmək istəmirəm, xalqımız bunları yaxşı bilir. Sadəcə, xatırlatmaq istədim. Sözümün canı budur ki, Elgiz Əkbər televiziyanın brendidir. Nə qədər ki ömür sizə vəfa edir, televiziyamızda sizi görmək xoşdur. Xalq sizi çox sevir. Buna əyani sübut kimi illərdir efirdə qala bilməyiniz, videolarınıza, çıxışlarınıza gələn baxış saylarıdır. Sizin verilişinizdə bir saniyəyə məşhurlaşmaq olar. Bu da brend olmağınızın bariz nümunəsidir.

İnanın, elə olub ki, mən səhəri sizin gülməli mimikalarınızla açmışam. Dostum sizin gülməli stikerlərinizdən birini göndərib və həmin gün əhvalım xoş olub, işim də yağ kimi gedib. Səhəri sizinlə açmaq da bir ayrı gözəllikdir.

Sizə minnətdaram ki, evimizin sakininə çevrilmisiniz. Siz hər evdə varsınız! Hər evdə beş nəfərdən altıncısı sizsiniz. Üç nəfərdən dördüncüsü sizsiniz. Heç kim evinə yad adamı buraxmaz. Əslində, siz bizə yad olsanız da, o doğmalığı, o etibarı qazana bilmisiniz.

Siz Axundovun, Haqverdiyevin, Cəlilin davamçısısınız. Hətta deyərdim ki, Cəlilin, Axundovun, Haqverdiyevin müasir variantısınız. Danabaş kəndinin sakinlərini də, Novruzəlilər də, Xortdanlar da, Şeyx Nəsrullahlar da – hamısı sizin verilişlərinizdə var. O verilişlər nəinki televiziyamızın arxivi, həm də xalqımızın yüz illər sonra əlçatan kimliyidir. Zaman gələcək, bu xalqı tanımaq üçün Cəlillərin, Axundovların, Haqverdiyevlərin əsərlərinə yox, sizin verilişlərə müraciət edəcəklər.

Mən də bu xalq kimi deputatlığa namizəd olduğunuz halda sizə səs verməyə hazıram. Neçə-neçə xəstələrə şəfa vermiş, neçə-neçə istedadlı insana meydan tanımış, neçə-neçə həqiqətlərin aşkara çıxmasına zəmin yaratmışsınız. İndiyə kimi heç kimə səs verməsəm də, məhz sizin namizəd olduğunuz seçkilərdə səsimi canla-başla sizdən yana istifadə etyməyə amadəyəm!

Allah gecindən versin, bir gün bu həyatda olmasanız, sizə, ən azı, bir büst olsa belə, mütləq ucaldılmalıdır. Bu gün sizə gülənlər, sabah o büstün önündə baş əyəcək!

Sizə işlərinizdə uğurlar arzu edirəm!

Həmişə gümrah olun və layiq olan insanlarla bu cür məzələnməyə davam edin!

# 1208 dəfə oxunub

Oxşar xəbərlər

Xalq artisti xəstəxanaya yerləşdirilib? - Açıqlama

Xalq artisti xəstəxanaya yerləşdirilib? - Açıqlama

18:42 7 aprel 2025
Mübariz Tağıyev:  "Onun oğlunun toyunda oxumağım üçün bir maşınlıq pul təklif etdilər" - Müsahibə

Mübariz Tağıyev: "Onun oğlunun toyunda oxumağım üçün bir maşınlıq pul təklif etdilər" - Müsahibə

18:35 7 aprel 2025
Bütün "xalalar" Veneradan gəlib, bütün fahişələr yadellidir - Cəlil Cavanşir

Bütün "xalalar" Veneradan gəlib, bütün fahişələr yadellidir - Cəlil Cavanşir

18:20 7 aprel 2025
"Molla Nəsrəddin" necə Allahsızlar İttifaqının orqanına çevrildi?

"Molla Nəsrəddin" necə Allahsızlar İttifaqının orqanına çevrildi?

17:50 7 aprel 2025
Mədəniyyət abidələrinə pasport veriləcək

Mədəniyyət abidələrinə pasport veriləcək

17:40 7 aprel 2025
"Konsertinə getmədim, çağırmamışdı" - Elməddin Cəfərov

"Konsertinə getmədim, çağırmamışdı" - Elməddin Cəfərov

17:29 7 aprel 2025
# # #