“Bir şəhər, iki baxış: Ziddiyyətlər və ahəng” beynəlxalq tələbə fotomüsabiqəsinə başlanıldı

“Bir şəhər, iki baxış: Ziddiyyətlər və ahəng”  beynəlxalq tələbə fotomüsabiqəsinə başlanıldı
10 mart 2026
# 13:00

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi çərçivəsində Azərbaycan və Türkiyə üzrə “Bir şəhər, iki baxış: Ziddiyyətlər və ahəng” beynəlxalq tələbə fotomüsabiqəsi elan olunub.

Kulis.az xəbər verir ki, müsabiqə Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi, Qazi Universiteti Memarlıq fakültəsi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin üçtərəfli layihəsi əsasında keçirilir.

Qeyd edək ki, layihə çərçivəsində Qazi Universiteti Memarlıq fakültəsinin müəllim və tələbə heyəti Bakıya səfər edərək layihənin ilkin hazırlıq mərhələsində iştirak edib, şəhərin tarixi-mədəni mühiti ilə tanış olublar. Azərbaycan Memarlıq və İnşaat Universitetində keçirilən görüşlərdə əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Layihənin məqsədi Azərbaycan ilə Türkiyə arasında mədəni və akademik əlaqələri gücləndirmək, tələbələri ortaq mədəni irsi, şəhər mədəniyyəti, memarlıq mühitini bədii baxımdan şərh etməyə təşviq etməkdir.

Müsabiqə iştirakçıları şəhəri müşahidə etməyə, şəhərin dinamik strukturunu “Təzadlar” və “Harmoniya” mövzuları vasitəsilə vizuallaşdırmağa və bu ziddiyyətlər arasındakı harmoniyanı kəşf etməyə dəvət edir.

Eyni zamanda Azərbaycanın bu il ev sahibliyi edəcəyi Dünya Şəhərsalma Forumu (WUF26) çərçivəsində ön plana çıxan inklüziv şəhərlər, ictimai məkan, dayanıqlılıq və birgəyaşayış prinsipləri də müsabiqənin tematik əsasını təşkil edir. İştirakçılar Bakının şəhər həyatını bu beynəlxalq şəhərsalma fəaliyyətini bədii prizmadan şərh edəcəklər.

Müsabiqədə tələbələrdən müasir şəhər inkişafı ilə tarixi mühitin vəhdətini, insan və məkan münasibətlərini, eləcə də mədəni müxtəlifliyi “ziddiyyətlər” və “ahəng” mövzuları əsasında fotoqrafiya elmi vasitəsilə ifadə etmələri gözlənilir.

Qeyd edək ki, cari ilin may ayında müsabiqəyə təqdim olunmuş əsərlərin sərgisi, habelə qaliblərin mükafatlandırılması nəzərdə tutulur.

# 75 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər