Afroamerikalıların həyatını ədəbiyyata gətirən yazıçı - Onun Pulitserli romanı niyə "əxlaqsız" adlandırılmışdı?

Afroamerikalıların həyatını ədəbiyyata gətirən yazıçı  - Onun Pulitserli romanı niyə  "əxlaqsız" adlandırılmışdı?
10 avqust 2026
# 12:30

Bu gün amerikalı yazıçı, Pulitser mükafatı laureatı Culiya Peterkinin anım günüdür.

Kulis.az onun həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

Amerika ədəbiyyatının qeyri-adi və cəsarətli simalarından biri olan Culiya Peterkin (Julia Peterkin) özünəməxsus iz qoymuş yazıçılardan biridir.

Culiya Mood Peterkin, 1880-ci ildə Cənubi Karolinanın Lorens qəzasında həkim ailəsində dünyaya gəlmişdir. Anasını gənc yaşda itirən Culiya, nənəsinin və afroamerikalı dayəsinin tərbiyəsi altında böyüyərək ilk gənclik illərindən yerli Qulla mədəniyyəti (ABŞ-ın cənub-şərq sahilsiz zonalarında məskunlaşmış afroamerikalıların özünəməxsus mədəniyyəti, etnik qrupu və dili) ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. 1897-ci ildə, cəmi 16 yaşında olarkən Konvers Kollecini (Convers College) bitirərək ali təhsil almışdır. Bu, dövrün cəmiyyəti üçün kifayət qədər erkən və diqqətçəkən bir nailiyyət idi.

Təhsilini başa vurduqdan sonra müəllimlik edən Culiya, 1903-cü ildə varlı pambıq fermeri Uilyam Corc Peterkin ilə ailə qurmuşdur. Bu nikah onun taleyini köklü şəkildə dəyişmiş, o, Cənubi Karolinada yerləşən nəhəng "Lang Syne" pambıq plantasiyasına köçmüşdür. Culiya burada yalnız bir ev qadını olmaqla kifayətlənməmiş, 450-dən çox afroamerikalı fəhlənin çalışdığı təsərrüfatın gündəlik idarəçiliyini və təchizatını öz üzərinə götürmüşdür. Plantasiyadakı fəhlələrlə gündəlik ünsiyyət ona Qulla dialektini, folklorunu və inanc sistemini dərindən öyrənmək imkanı vermişdir.

Maraqlıdır ki, Culiya Peterkin bədii yaradıcılığa çox gec - təxminən 40 yaşında başlamışdır. O, pambıq sahələrində şahidi olduğu insan talelərini, psixoloji gərginlikləri və kədəri vərəqə köçürməklə daxili rahatlıq tapmağa çalışırdı. Onun ədəbi istedadını kəşf edən və onu yazmağa cəsarətləndirən şəxs məşhur amerikalı şair Karl Sendberq olmuşdur. Plantasiyada qonaq olan Sendberq Culiyanın hekayələrini oxuduqdan sonra onun tamamilə yeni və orijinal bir ədəbi səs olduğunu bildirmişdir.

Culiya Peterkin Cənub ədəbi ənənəsində radikal bir yenilik etdi: O, ağdərili müəlliflər arasında afroamerikalıların həyatını stereotiplərdən, irqçi karikaturadan və nostaljik bəzəklərdən uzaq, dərin humanizmlə təsvir edən ilk yazıçılardan biri oldu.

1924-cü ildə onun ilk hekayələr toplusu olan "Yaşıl cümə axşamı" ("Green thursday") işıq üzü gördü. Kitab tənqidçilər tərəfindən Qulla xalqının məişətini və dilini olduğu kimi əks etdirdiyinə görə yüksək qiymətləndirildi. 1925-ci ildə o, "Maum Lou" hekayəsinə görə nüfuzlu O. Henri adına müfəkatı qazandı.

1927-ci ildə nəşr olunan "Qara Aprel" ("Black April") romanı Amerika ədəbiyyatında bir ilkə imza atdı. Romandakı bütün qəhrəmanlar afroamerikalılar idi və süjetdə tək bir ağdərili obraz belə yox idi. "Qara Aprel" gözlənilmədən ölkə səviyyəsində bestsellerə çevrildi və Culiya Peterkini dövrün aparıcı romançıları sırasına çıxardı.

Yazıçının yaradıcılıq zirvəsi isə 1928-ci ildə qələmə aldığı "Al-qırmızı bacı Meri" ("Scarlet Sister Mary") romanı oldu. Roman ənənəvi əxlaq normalarına sığmayan, müstəqil ruhlu bir afroamerikalı qadının həyat mübarizəsindən bəhs edirdi. Bu əsərinə görə Culiya Peterkin 1929-cu ildə Pulitser Mükafatına layiq görüldü.

Lakin bu mükafat böyük qalmaqalla müşayiət olundu. Pulitser münsiflər heyətinin sədri Riçard Börton başqa bir əsəri seçmək istəsə də, Məşvərət Şurası onun qərarını ləğv edərək mükafatı Peterkinə verdi və bu səbəbdən Börton istefa etdi.

Roman mövzusu və cəsarətli dili ilə böyük mübahisələrə yol açdı. Yepiskop Uilyam Manninq romanı "əxlaqsız və iyrənc" adlandıraraq kəskin tənqid etdi. Hətta yazıçının doğma Cənubi Karolina ştatındakı Ceffni ictimai kitabxanası kitabı qadağan etdi və rəflərdən yığışdırdı.

Bütün qadağalara baxmayaraq, "Al-qırmızı bacı Meri" romanı Brodvey teatral səhnəsinə uyğunlaşdırıldı. Tamaşada baş rolu o dövrün əfsanəvi aktrisası Etel Barrimor ifa etdi.

Culiya Peterkin təkcə yazıçılarla deyil, Harlem İntibahı dövrünün aparıcı ziyalıları ilə də sıx əlaqə saxlayırdı. O, dövrün məşhur tənqidçisi H.L. Menken (H.L. Mencken) və naşir Coel Spinqarn ilə yaxın dostluq edirdi. Menken onu Cənubun "ədəbi səhrasını" dirçəldən nadir qələm sahiblərindən biri hesab edirdi.

1933-cü ildə Peterkin məşhur fotoqraf Doris Ulmann ilə birgə "Dolan, İordan, Dolan" ("Roll, Jordan, roll") adlı sənədli-fotoqrafik kitab nəşr etdirdi. Bu kitab Qulla xalqının dini ayinlərini, mahnılarını və gündəlik həyatını sənədləşdirən mühüm bir etnoqrafik mənbəyə çevrildi.

Peterkinin əsərləri Qulla dialektinin linvistik xüsusiyyətlərini şifahi nitq dəqiqliyi ilə qoruyub saxladığı üçün müasir antropoloqlar və dilçilər tərəfindən dəyərli sosioloji mənbə kimi qəbul edilir.

Maraqlıdır ki, Culiya Peterkinin ədəbi karyerası cəmi 10 il davam etmişdir. 1932-ci ildə nəşr olunan "Açıq dəri" ("Bright skin") romanından və 1933-cü ildəki sənədli layihəsindən sonra o, demək olar ki, bədii yaradıcılığı dayandırdı və həyatının sonuna qədər yenidən pambıq təsərrüfatının idarəolunmasına üstünlük verdi.

Yazıçı yalnız ədəbiyyatla deyil, sosial fəaliyyətlə də məşğul olurdu; o, uzun illər Cənubi Karolina Dövlət Xəstəxanasının Qəyyumlar Şurasının üzvü kimi fəaliyyət göstərmişdir.

Culiya Peterkin 1961-ci ildə 80 yaşında Orangeburq şəhərində vəfat etmişdir.

Onun irsi günümüzdə də mürəkkəb və maraqlı bir müzakirə mövzusudur: O, bir tərəfdən plantasiya sahibi olan ağdərili cənublu, digər tərəfdən isə afroamerikalıların daxili aləmini Amerika ədəbiyyatında ilk dəfə bütün dərinliyi və ləyaqəti ilə işıqlandıran novator yazıçı kimi xatırlanır.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər