Yenə Bakıya qar yağır – Günün şeiri

Yenə Bakıya qar yağır – Günün şeiri
11 fevral 2020
# 11:01

Kulis.az “Günün şeiri” layihəsindən Səhər Əhmədin qar haqqında şeirini təqdim edir.

Yenə Bakıya qar yağır,
Yenə soyuqdu, dostum,
Sənsiz belə havaların
Ləzzəti yoxdu, dostum.

İndi bir çay dəmləyəsən,
Gəlim, oturum, içək,
Bu həyatın sağlığına
Hərdən bir qurtum içək.

Yenə qapını mən döyüm,
Yenə qapını sən aç.
Mən marketdən konfet alım,
Sən evdən mürəbbə aç.

Sərxoş olmaq istəyirəm,
Bir tünd çay dəmlə, dostum.
Sənə bir söz deyəcəyəm,
Lap təzə dəmli, dostum.

Bu tindənmi dönməliydim,
Bu yol gedirmi sizə?
Bilirəm, şəhərdə yoxsan,
Axtarıram evinizi.

Neynim, Bakıya qar yağır,
Neynim, soyuqdu, dostum,
Sənin kimi çay dəmləyən
Bir dostum yoxdu, dostum.

# 2588 dəfə oxunub

Müəllifin son yazıları

# # #