Kulis.az Babək Göyüşün “Vaqifin tüstüsü və ortasından qırılan siqareti” yazısını təqdim edir.
O, 2015-ci il yanvarın 28-də Bakıda dünyasını dəyişdi.
Vaqif Səmədoğlu öldü.
Onun çəkdiyi siqaret də, siqaretindən çıxan tüstü də, tüstünün qarışdığı buludlar da ortasından qırıldı. Vaqif siqareti kölgəsində sığınmaq üçün çəkirmiş, bir də bu gününün dərdini çəkmək üçün...
Hər kəsin dərdi bir kölgə ona yaxındır. Vaqifi ən çox düşündürən onun kölgəsi olmayıb, ölkəsi olub: “Hansı rənglə çəkəcəklər, xəritələrdə ölkəmi?”.
O, öləndən sonra şeirləri üçün darıxdığını yazıb və hətta bir azca da qorxuya düşüb: “Şeirlərimi sevəcəklərmi divarlar arxasında?”.
Vaqif son gününün yaxasında nəyin parlayıb sönəcəyini də öncədən bilmək istəyib. Hətta, o gün bazarda ətin qiymətinin düşüb-düşməyəcəyi də onu maraqlandırıb. Qaranlıqda düşüncələrinin öpüşəcəyi və kimisə öldürəcəyi də ona maraqlı gəlib.
Görəsən, bütün bunlar şairlərə nəyə lazımdır? Şairlərin ölüm günündə qatarlarda axşamüstü çay paylayırlar, Andersenin nağıllarını oxuyurlar.
İnsan bir ömrü boyu neçə dəfə ölüb, neçə dəfə onun üçün məzar qazılıb, neçə dəfə məsciddə yuyulub.
Vaqif isə yalnız bir dəfə yuyuldu. Təzəpir məscidində. Daha bulvardakı söyüdləri kimin sulayacağından xəbəri olmayacaq.
Şairlərin hər şeydən xəbəri olur.
Onlar bu dünyada ah çəkmək üçün bir yer axtarırlar həmişə.
Həmin yer Vaqif üçün Təzəpir oldu. Və o Təzəpirin pəncərəsindən “Sovetski”dən ona tərəf boylanan tut ağacı. Yol ayrıcından gəlib-keçənlər isə bu mənzərəni görə bilmədi.
İnsanlar şairləri də rahat ölməyə qoymurlar.
Vaqif o gün öldü.
O gün Vaqifin yazdığı kimi güclü külək əsmədi:
Mən ölən gün bir külək əsəcək küçələrdə.
Və yellədəcək ipdən asılı, quruyan
sarı çiçəkli bir uşaq paltarını.
Matəm bayrağıtək dalğalanacaq
uşaq paltarı mən ölən gün…
Vaqifi küləklər də, ipdən asılan uşaq paltarı da aldatdı…
Aldadılan insanlar yaxşı insanlardı…
Aldadanlar isə aldadanlardı.
Vaqif yaxşı insanları məzara bənzədir.
Yaxşı insanlar ildə bir-iki kərə baş çəkilən məzar kimi az-az görünür.
Vaqifin də məzarı öncə tez-tez yad edildi, gül-çiçək qoyuldu, sonra gül çiçək də, o məzara doğru gələn addımların da sayı da azaldı.
Gələn yalnız Nüşabə xanım oldu.
Onun ömür-gün yoldaşı Nüşabə...
Vaqifin ölümü ən çox onu üzdü, bir də xərçəngdən ölən atasını və xərçəngdən ölən qardaşını...
Xərçənglər bu şair ailəsinin sanki boğazında bardaş qurub.
Vaqif də xərçəngin acığına ölüb getdi, çox sevinməklərinə yol vermədi.
Vaqifə heç kəs yol vermədi.
Yol vermək üçün gərək o yola çıxasan.
Vaqifin isə yola çıxmaq ümidi siqareti kimi ortasından qırıldı...
Qırılan bu yazı kimi…