Sonrakı sətirdə böyük hərflərlə yazdı: "Sirlərin sərgüzəşti"

Sonrakı sətirdə böyük hərflərlə yazdı: "Sirlərin sərgüzəşti"
4 dekabr 2019
# 10:59

Bu gün Xalq yazıçısı Kamal Abdullanın doğum günüdür. Kulis.az bu münasibətlə Kamal müəllimi təbrik edir və oxuculara onun yeni nəşr olunmuş "Sirlərin sərgüzəşti" romanından parça təqdim edir.

"Bir var Sirri - əzəm, sirri - Xuda, sirri - ali.

Bir də var qonşu Həzrətqulunun sirri.

Mənim istədiyim elə bir risalə yazıb ərsəyə gətirməyim idi ki, onun içində hər şəxs öz sirrinə, ən vacibi bu sirrin səbəb və nəticəsinə vaqif olsun.

Bizim bu risalə "sirri - Xuda" deyilən sirr barəsində deyildir. Bizim bu risalə, qonşularımızın, tacirlərimizin, kargərlərimizin, kəndçilərimizin, dərvişlərin, şeyxlərin, vəzir-vükalənin, padşahların, əlqərəz, sevənlərin və sevilənlərin sirridir.

Və bu sirlər donmuş, yatmış halətdə gözümüzə görükmürlər, onlar hərəkətdə, fəaliyyətdədirlər. Onların öz macərası, sərgüzəşti vardır. İlahidən mənə elə bir güc verməsini təvəqqe edirəm ki, mən bu macəranı, sirlərin sərgüzəştini olduğu kimi qələmin ucuna gətirə bilim. Daim uca olan Allahın adı ilə...".

Hacı Mir Həsən ağa Səyyah yenicə yazmağa başladığı risalənin başlanğıcını bu cür yazdı və qələmi qarşısındakı mizin üstündə qələmdana qoydu. Bir xeyli bu yazdığını kənardan seyr eləməklə məşğul oldu. Bir az sağa başını əyib baxdı, bir az sola əyib baxdı. Ona elə gəldi ki, başını sola əyib baxarkən hərflər göz önündəcə hərəkətə gəlib elə bil ki, rəqs eləməyə başladılar, onlardan hansısa yerini dəyişdi, hansısa yox oldu, yerini yenisinə verdi. Bəzi sözlər itdi, əvəzinə yeni sözlər üzə çıxdı. Bir də baxıb gördü ki, yeni mətn bir başqa şəkildə yazılmışdır. Amma Hacı Mir Həsən ağa Səyyahın bununla bağlı heç bir iddiası ola bilməzdi. Bu yeni mətndəki xətt də heç bir başqa şəxsin xətti deyil, onun özünün - Hacı Mir Həsən ağa Səyyahın nəstəliqlə yazdığı xətt idi. Bu dəfə (yəni başını sola əyib baxdığında) risalənin başlanğıcı belə idi:

"Uca olan Allah mənim könlümə ilham verdi və mən bu risaləni yazmağa həvəsləndim. İndiyənə qədər sirlərin sərgüzəşti deyərkən bir şəxsə məxsus sirrin nə cür başlandığını, nə cür var olduğunu düşünüblər. Çünki sirr də adam kimi doğulur, yaşayır və yox olur. Amma belə olarkən adamdakı kimi sirrin ruhu da onun cismilə əlaqəsini ölümdən sonra birdəfəlik kəsməlidir. Halbuki, sirrin ruhu ölümdən sonra da öz yaşamağına davam edir. Bəs əgər belə isə sirrin ruhunun sərgüzəşti sirrin ölümündən sonra nə cür baş verir?!

Bu risalədə ayrıca olaraq bir şəxsin - qonşularımızın, tacirlərimizin, kargərlərimizin, kəndçilərimizin, dərvişlərin, şeyxlərin, alimlərin, vəzir və vəkillərin, padşahların və əmirlərin, sevənlərin və sevilənlərin sirrindən söz açmaq niyyətimiz yoxdur. Daha vacib olan budur ki (elə bizə də calib görünən budur), onların sirrinin bir-birinə qarşı münasibəti vardır və bu münasibət ayrı-ayrı adamlara məxsus olan sirlərin ağlagəlməz sərgüzəşti ilə var olur.

Uca olan Xudavəndi-aləmdən bir təvəqqem budur ki, bu macəralı sərgüzəşti qələmə almaq üçün mənə qüvvət bəxş eləsin. Daim uca olan Allahın adı ilə ...".

Hacı Mir Həsən ağa bir xeyli bu iki müxtəlif başlanğıca baxdıqca baxdı. Gah başını sağa əydi baxdı, gah başını sola əydi baxdı. Hər iki mətn xoşuna gəldi. Hər ikisini risaləsinin başlanğıcı kimi qəbul etdi. "Xudavəndi-aləm mənə elə bir qüvvət və bacarıq versin ki, bu ağır işin öhdəsindən gələ bilim və inşallah, özüm öz qarşımda və ətrafdakılar qarşısında rəncidə qalmayım. İnşallah, Allah bilən məsləhətdir," - deyə düşünüb yazı mizindən bir az aralı, yerdən salınmış qalın döşəyin üstünə uzanıb yorğanı başına çəkdi və gözlərini yumdu. Paltarını soyunmadı, çünki yatmaq fikri yox idi. Hava təzə-təzə qaralmağa başlayırdı. Fəsli payız zamanı gecələr uzun olur. Uzun gecələrə isə o, alışqan idi. Karvanla getdiyi yollara çökən gecə ilə o, yoldaşlıq eləyə bilirdi. Və Hacı Mir Həsən ağa Səyyah gözlərini yumub rahat-rahat düşüncələr aləminə qərq olmağa başladı.

Düşüncələr arasında var-gəl etməyə Hacı Mir Həsən ağa gəncliyində adətkərdə olmuşdu. Amma orası var idi ki, bu şəxs artıq gəncliyini xatırlamırdı, öz gəncliyini o unutmuşdu. Keçmişi onun üçün yox idi. Gələcəkdən isə gözü qarşısında bələd olmadığı cürbəcür qəribə vaqeələr canlanırdı. Qəribəliklər bəzən qorxulu idi, tanımadığı bir dünyaya düşən kimi olurdu. Buna görə də Hacı Mir Həsən ağa Səyyahın gələcəyə baxmağa xüsusi bir həvəsi yox idi. O, keçmişdə olanları diriltmək istəyirdi. Və bu risalə onu keçmişə aparmağın yeganə yolu idi. Gözlərini yumdu və gördüklərini (yuxuda, yoxsa gerçəklikdə?) yadında saxlamağa çalışdı. Amma ən əvvəl ağlına o gəldi ki, yazmağa başladığı bu risalə dörd hissədən (fəsildən) ibarət olmalıdır. Və biriminci fəsil "Payız" adlanmalıdır. Çünki həm küçədə payız fəslidi, həm də bir az əvvəl yazdığı (yazılan) başlanğıclar öz dəruni qatlarında bir payız ruhu saxlayırdı. Onlardan payızın qoxusu gəlirdi: saralmış otların, havada uçuşan solğun yarpaqların, uzun-uzadı yağan yağışların, töylələrdə bir-birinə qısılmağa başlayan düyələrin, mal-qaranın, heç nədən hürməyə başlayan itlərin, səbəbsiz kişnəməyə başlayan atların, daha nələrin, daha nələrin... Bütün bunlar isə, öz növbəsində, böyük bir sirrə bağlı idi.

Və o, bütün bunları düşünüb böyük bir sərvət tapmış adamlar kimi sevincək və qəfildən yerindən dik atıldı, tez yazı mizinin arxasında dizlərini büküb oturdu, bir az əvvəl yazdığı başlanğıclardan sonrakı sətirdə böyük hərflərlə bunu yazdı:

"Sirlərin sərgüzəşti".

# 2063 dəfə oxunub

Müəllifin son yazıları

# # #