Sənətşünasın iki kitabı çıxdı

Sənətşünasın iki kitabı çıxdı
17 may 2021
# 12:44

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əlisəfdər Hüseynovun iki yeni kitabı işıq üzü görüb.

Fonddan bildirilib ki, “Sevgimizdən usanmayaq” adlı kitabın “ Səslərin hikməti” bölməsində Azərbaycanın musiqi mədəniyyətində dərin, silinməz izlər salmış Niyazi, Q. Qarayev, F. Əmirov, A. Məlikov, Bülbül və digər korifeylərin əbədiyaşar irsini yeni dövrün düşüncə kontekstində dəyərləndirən müəllif “Unudulmayanlar” başlığı altında toplanmış esselərdə kino sənətimizin inkişafına dəyərli töhfələr vermiş Ş. Məmmədova, L. Bədirbəyli, S. İbrahimova, H. Məmmədov, H. Turabov, R. Balayev, Ə. Ağayev və digər qüdrətli aktyorlarımızın yaradıcılığına yenidən nəzər salıb, diqqəti onların sənət yollarının naməlum məqamlarına, yaradıcılıq uğurlarını şərtləndirən mühüm cəhətlərə yönəldib.

“Vaqif Mustafayev: baxın...gülün...və düşünün” adlı kitab ümummilli lider Heydər Əliyev haqqında möhtəşəm sənədli kinoepopeyanın müəllifi, Azərbaycanın kino sənətini dünyada uğurla təmsil edən, ekran sənətimizə yeni üslub, düşüncə tərzi gətirən kinorejissor Vaqif Mustafayevin yaradıcılığına həsr olunub. Kitabda onun müxtəlif janrlarda çəkdiyi filmlərinin təhlili ilə yanaşı, sənət, həyat, mədəniyyət və s. mövzular ətrafında rejissorla müəllifin geniş söhbəti də yer alıb.

Hər iki kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vidadi Qafarovdur.

# 1790 dəfə oxunub

Müəllifin son yazıları

# # #