Milli İncəsənət Muzeyində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin yaranmasının 40 illik yubiley tədbirinin və İtaliyanın Sartirano yarmarkasından satın alınan Azərbaycan xalçalarının təqdimatı keçirilib.
Kulis.az xəbər verir ki, İtaliyanın məşhur Sartirano yarmarkasında satışa çıxarılan XVII-XIX əsrlərə aid elmi, bədii, tarixi, muzey əhəmiyyətli Azərbaycan xalçası Mədəniyyət Nazirliyi tərəfindən satın alınaraq Azərbaycana qaytarılıb.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov ilk olaraq Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı Qələbə münasibətilə hər kəsi təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərə Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.
Tədbirdə muzeyin əməkdaşlarının yorulmaz fəaliyyətini, əldə etdikləri nailiyyətləri, qürbət həyatı yaşamalarına baxmayaraq daima muzeyin kolleksiyalarının zənginləşdirilməsi üçün çalışdıqlarını nəzərə alaraq nazirlik tərəfindən onların hər biri pul mükafatı və fəxri fərman ilə təltif edilib.
Sonda Cəbrayıl rayonu, onun tarixi-memarlıq abidələri və Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyi haqqında məlumatı əks etdirən videoçarx nümayiş olunub.