Kulis.az Pərviz Əzimovun Baloğlan Əşrəfov haqqında yazısını təqdim edir.
Baloğlan Türkiyədə əməliyyat olan ərəfədə bütün kəndimiz səksəkədə idi. Sonra xəbər gəldi ki, əməliyyat uğurlu keçib, donor da salamatdı, Baloğlan da.
10 mindən çox əhalisi olan kəndimizdə bayram idi. O qədər qurban kəsilmişdi ki, yarı zarafat deyirdik kəndimizdə qəssablar 10 gün alversiz qaldı. Günlərlə bütün kəndə qurban əti paylanırdı. Evlərimiz çox yaxındı, qurban gətirən insan selini hər gün görürdük.
Zarafat deyildi, "Tapança Yədulla"dan sonra kəndimizdən çıxan ən məşhur adam idi. Yədulla neqativ obraz idi, Baloğlan isə pozitiv. Qısaca, kəndimizin fəxri idi. (Sovet detektiv ədəbiyyatını oxuyanlar Yədulla obrazını tanıyar).
2009-cu ildə mən universitetdən qovulanda dəfələrlə rektora zəng elədi ki, problemi sülh yolu ilə həll etsin. Təəssüf ki, alınmadı. Bu hadisədən 5-6 il sonra İstanbulda hava limanında qarşılaşmışdıq. Dedi qara ciyər əməliyyatından sonra ildə 2-3 dəfə məcburi müayinəyə gəlirəm. Lissabondan dönürdüm, şort cins geyinmişdim. Dedi, bacıoğlu, sən də uje yevropeyskisən, yəqin mənə də qulaq asmırsan daha. Əslində elə idi, gənclik, fərqli musiqi mədəniyyətləri, musiqi zövqləri. Baloğlana qulaq asan vaxt deyildi. Amma dinləsək də, dinləməsək də, o kəndimizin ən məşhur adamı idi. Hardasa soruşanda hansı kənddənsən, deyirəm Bədəlan. Çox adam deyir "aa, Baloğlanın kəndi..."
O vaxt kənddə necə toy bayram idisə, bu gün də kəndimizdə matəmdir. Çoxumuz yəqin oxuduğu janr baxımından Baloğlanı dinləmir. Amma bu heç nəyi dəyişmir axı, o yenə də kiçik arzuları olan insanlarla dolu bizim kənd üçün vacib insan idi. Allah rəhmət eləsin atamın, anamın gənclik, bizim isə uşaqlıq fenomenimiz.