Görkəmli kinodramaturq anıldı

Görkəmli kinodramaturq anıldı
23 dekabr 2020
# 13:30

Dekabrın 22-də Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, kinodramaturq, rejissor, yazıçı, Xalq artisti Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci il avqustun 20-də Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncam imzalayıb.

Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin və “Azərbaycanfilm” kinostudiyasının rəhbərliyi, mədəniyyət və kino xadimləri Həsən Seyidbəylinin məzarını ziyarət ediblər. Sənətkarın xatirəsi ehtiramla yad edilib, məzarı üzərinə gül dəstələri qoyulub.

Həsən Mehdi oğlu Seyidbəyli 1920-ci ildə Bakıda anadan olub. Leninqrad Kino Mühəndisləri İnstitutunun səs operatorluğu fakültəsində, Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsində və Ali ssenari kurslarında təhsil alıb.

Sənətkar ssenari müəllifi olduğu və quruluş verdiyi filmlərlə Azərbaycanın kino salnaməsinə yeni səhifələr yazıb. Onun kinomuza bəxş etdiyi “Telefonçu qız”, “Möcüzələr adası”, “Sən niyə susursan?”, “Bizim Cəbiş müəllim”, “O qızı tapın”, “Nəsimi”, “Ömrün səhifələri”, “Xoşbəxtlik qayğıları” və s. bədii filmlər bu gün də tamaşaçılar tərəfindən maraqla izlənilir.

Həsən Seyidbəyli 1963-1980-ci illərdə Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və sədri olub. 1980-ci il iyunun 25-də vəfat edib

Həsən Seyidbəylinin 100 illik yubileyinin qeyd edilməsi haqqında ölkə Prezidentinin Sərəncamına uyğun olaraq, “Azərbaycanfilm” kinostudiyasında görkəmli rejissorun vaxtilə çalışdığı iş otağı təmir edilib. Otaqda onun bəzi şəxsi əşyaları, ekranlaşdırdığı filmlərin foto və afişaları yer alır.

Həmçinin sənətkarın 100 illik yubileyinə həsr edilmiş sənədli film istehsal olunub. “Bizim Həsən müəllim” adlı filmin rejissoru və ssenari müəllifi Yavər Rzayev, prodüseri Fariz Əhmədovdur. Film yerli televiziya kanallarında nümayiş olunacaq.

# 1983 dəfə oxunub

Müəllifin son yazıları

# # #