Bir qucaq qızılgül – Xuraman Hüseynzadə yazır

Bir qucaq qızılgül – Xuraman Hüseynzadə yazır
2 yanvar 2021
# 12:40

Kulis.az Xuraman Hüseynzadənin Samirə Əşrəfin “Mənim üçün qızılgül” hekayəsi haqqında yazdığı “Qızılgül sevgisi” yazısını tədqim edir.


Zahirən arıq, ətiacı, sağlam bir qızdır. Adi qripə belə yoıuxmayıb. Evlərində hamam olmadığı üçün həftənin şənbə günü anası onları hamama aparır. Onun saçları qalın olduğu üçün dibi yaş qalırdı. Saçları qurumamış yatır, oyananda isə xəstələnmədiyi üçün məyus olurdı. Evdə qalmaq, dərsə getməmək üçün xəstələnməyini istəsə də bu arzusu həyata keçmirdi. Amma bir dəfə payızın sonlarında qəfil gələn xəstəlik ona da təsir edir və soyuqlayır. Anası işdən icazə alıb evdə qalır, rayona yaxın kəndlərin birində müəllim işləyən atası isə tezdən dərsə gedirdi. Hər gün dərsdən çıxıb təzə yurdda tikdirdikləri evdə ustalara kömək edən atasının gəlişi gecə saat on ikiyə, birə çəkirdi. Yaşadıqları iki otaqlı, darısqal ev yararsız hala düşdüyü üçün anası atasını təzə yurdda bir otaqlı ev tikib yazda ora yığımaq üçün tələsdirir. O, atası ilə ora gedəndə evlərinin bünövrəsi təzə qazılmış, həyətdə yenicə əkilən ağaclar, qızılgüllər pöhrələnməyə başlamışdı. Atası, qardaşıgilin həyətində əkdiyi qızılgüllərdən öz həyətlərində də əkəcəyinə söz verir. Bir vaxtlar onların olan ev sonradan əmisigilin mülkiyyətinə çevrilmişdi. Aradan xeyli vaxt keçsə də o, həmin qarlı gündə evlərindən çıxmaqlarını unuda bilmirdi.

Ev məhbəsə çevriləndə...

Xeyli vaxtdır onun atası ilə yola getməyən böyük əmisi arvadı rəhmətə gedəndən sonra uşaqları qaynanasının yanında qoyub onlarla birlikdə yaşamağa başlamışdı. Dörd otaqlı evdə onlardan başqa atasının anası və iki subay bibisi yaşayırdı. Əmisi az danışan olduğu üçün onlar da az danışmağa öyrəşməyə başlayırlar. Atasının anası və bacıları onun əmisini atasından üstün tuturlar. Ona ayrı yemək bişirir, paltarlarını ayrı yuyur, heç kimin paltarına qatmırlar. Əmi işdən gələndən sonra on beş dəqiqəlik cizgi filminə baxanda televizorun səsini alırlar. Bir balaca səs olan kimi nənə qapını açıb onları tənbeh edir.

Onun zahirən sakit, daxilən üsyankar adam olan atası bir gün bunlara dözə bilmir və anası ilə mübahisə edir. Səsə əvvəlcə bibiləri, sonra isə əmisi gəlir. Nənəsinin və əmisinin qəlbqırıcı bir neçə sözündən sonra atası pencəyini götürüb anasından uşaqları geyindirməsini istəyir. Onlar başqa evə köçürlər. Sanki hər kəs onların getməyini gözləyirdi, hərə qaçıb bir otağa girir...

Soyuq dekabr günü...

Həmin gün qar yağırdı. Həyətin girişində atasının əkdiyi qızılgül kolları da qarın altında qalır. Küncdəki kolların birində solğun, çəhrayı qızılgül çiçəkləri gözə dəyir. Payızdan qalan bu qızılgül sanki son nəfəsini verir.

Yəqin qardaşının mülkünü alan belə qardaşlar üçün deyilib: “Allah qardaşı qardaş yaradıb, kisələrini ayrı.” Burada oxucu düşünür: Dünya malı niyə belə şirindir görəsən? Torpaq, mülk davası edənlər o dünyaya köçəndə o torpağı, mülkü özləri ilə aparırlarmı görəsən? Qardaşını, onun balalarını soyuq dekabr ayında öz evindən çıxmağa vadar edən bu cür qardaşlar da var və təəssüf ki, elələri az deyil... Ananın, bacıların iki qardaş arasında ayrı-seçkilik etməsinin nəticəsində bir oğul və onun balaları qışın soyuğunda evi tərk edib gedirlər. Budurmu ananın, bacıların sevgisi? Təəssüf ki, belə hallar da az olmur...

Onlar həyətdən çıxıb yol kənarında dayanırlar. O, taksiyə əl edən atasının əynində pencək olduğunu görür. Atası tələskənklikdənmi, ya hirsli olduğindan palto geymir. Soyuq dekabr ayında ordan çıxan ata bir də o evə qayıtmamaq, o insanları görməmək üçün pencəklə çıxır. O, gözlərini yaşardan şaxtanın sanki iliklərinə qədər işləyib ona əzab verməsini istəyir... Altı uşaqdan üçüncüsü olan atanın on altı yaşı olanda onun atası dünyasını dəyişir. O gündən mövhumatçı, yaşlı ananı və iki bacısını dolandıran atasının qardaşları ondan böyük olduğu və başları öz ailələrini dolandırmağa qarışır. Bunun üçün atası, 35 yaşı olanda qəhrəmanın anası ilə ailə qurur. Ata, qohum-əqrəbanın xeyir işində nə köməklik lazımdırsa etsə də sonda bir qədəh arağın badına gedərmiş.

Bir qucaq qızılgül

Evdə ən çox tənqid olunan, döyülən hekayənin qəhrəmanı olsa da atası onu çox istəyir. Atası ona verdiyi sözə əməl edr: əmisigilin həyətində əkdiyi qızılgüllərdən təzə yurddakı evlərinin həyətində də əkir və güllərin artıq həyəti başına götürdüyünü deyir.

Onun qızdırması düşmür, evin ortasında qalanan neft sobası da onu isindirmirdi. Soyuqdan dişləri bir-birinə dəyib şaqqıldayır. Anası sobanın kənarında yer salıb onu ora aparır.O, yatmaq istəsə də yata bilmir. Anasının onun kürəyinə qoyduğu bankaların yeri sızıldayır. Yuxuya gedir. İçdiyi dərmanlar, zoğallı çay xeyir edir: qızdırması düşdü. Anası onun paltarlarını dəyişir. Atası evdə yox idi. Anası atasının bir azdan gələcəyini deyir. O, anasından qorxduğu üçün həmişəki kimi aynabəndin pəncərəsinə dirsəklənib atasının yolunu gözləyəcəkdi. Qaranlıqda o darvaza həvəslə açılacaq və ona elə gələcəkdi ki, atası onun səsinə səs verəcək. Qızdırmadan yeni ayıldığı üçün onun istəyi həyata keçmir. Bayaqkı qızdırmasını evin istisi əvəz edir. Yorğanı kənara itələyib çarpayıdakı yerinə keçir, corablarını da çıxarır. Amma anasının qorxusundan yorğanı yerdən götürüb üstünə örtür. Yalın ayaqlarını bir az da divara tərəf sürüşdürdür. Gözlərini açanda atasının gülümsər, qarabuğdayı üzünü görür.Atası tütün qoxuyan nəfəsini onun üzünə yaxınlaşdırıb bir neçə dəfə öpür. Sonra yerə əyilib nəyisə xışıldadır. Qəddini düzəldb əlində turduğu bir qucaq rənbərəng qızılgülü onun qucağına qoyur. Güllərin ətri və soyuqluğu sinəsinə yayılaraq onu sərinlədir. Bunlar həmin güllər idi-atasının əmisigilin həyətində əkdiyi güllər... Hər dəfə əmisigilin evlərinin yanından keçəndə rəngbərəng qızılgüllərə baxmaq üçün ayaq saxlayır, atasının əkdiyi güllərə kənardan tamaşa edir, onları qoxlamağa, qırıb əlində tutmağa isə ixtiyarı olmır. Atası qabarlı, zəhmətkeş əlləri ilə həmin gözəllikdən yenisini yaradır və ondan bir qucaq yığıb xəstəlikdən yenicə ayılan, ürəyində bir ömür nisgilli xatirələr, uşaqlıq illərinin həsrətini gəzdirən qızına gətirir...

Bir vaxtlar özlərinin olan yurd sonradan qardaşının mülkiyyətinə çevrildiyi üçün ata ailəsini də götürüb başqa evə köçür. Və vaxtilə həmin həyətdə əkdiyi qızılgüllərdən sonra tikdirdiyi evin həyətində də əkir.

Atanın qızına gətirdiyi rəngbərəng qızılgüllər sublimasiyanın nəticəsi idi. Ata o evdə əsəbləşmiş, çıxarkən daxili gərginlik keçirmiş, amma sonda qızına gözəl qızılgüllər gətirmişdi... Spontan gələn qızılgül istəyi elə-belə deyildi. Gülləri, xüsusən qızılgülü hansı xanım sevmir ki? Ata da bu sevgini bildiyi üçün təzə yurdda da qızının sevdiyi qızılgüllərdən əkir...

“Mənim üçün qızılgül”də həm də çox ailədə, nəsillər arasında rast gəlinən mülkiyyət davasından bəhs olunur. Qardaşlar arasındakı mülkiyyət davasında qızılgül rayihəli bu cür sonluğa tez-tez rast gəlinsəydi necə yaxşı olardı?! Hekayənin sonunda qəhrəmanın atasının istəkli qızına gətirdiyi qızılgüllər onun mənən triumfunun səbəbkarları idilər. Qəhrəmanın atası cavanlıqda toylarda bir qədəh içib dava salsa və qardaşı onun mülkünə sahib çıxsa da hekayə onun qızılgüllər əkib becərərək onlardan qızına da hədiyyə etməsi ilə bitdiyi üçün motivasiya xarakteri daşıyır. Bu, həm də insanın mənfi ruhlu, ovqatlı adamlardan qaçaraq müsbətə doğru dəyişməsinin sə bariz göstəricisi idi...

Süni güllərin əhatəsində

Samirə Əşrəfin“Mənim üçün qızılgül” hekayəsi ilə Uilyam Folknerin “Emili üçün qızılgül” hekayəsinin sadəcə adlarında oxşarlıq var. Heç vaxt kimdənsə qızılgül almayan miss Emili Qrirsona yalnız cənazəsi üçün güllər gətirirlər. Onlar da qızılgül yox, süni güllər olur. Yazıçı, hekayənin adını o cür maraqlı ifadə etməklə bədbəxt Emilinin taleyi haqqında oxucuya subliminal mesaj ötürür. Heç vaxt qızılgül alınmayan bədbəxt Emilinin ölümü oxucunu düşüdürür: Demək ki, insanlardan qaçıb mizantrop həyat yaşayanda axırda saçlar da Emilinin saçları kimi balışa yapışaraq kəsif qoxuyur. Emilinin ölümü ilə yazıçı sanki deyir: Ey insanlar, adamlarla ünsiyyətdən qaçmayın, çalışın, özünüzə qapılmayın...

Folknerin bədbəxt bir qadın üçün qızılgül alınacağını fikirləşməsi hekayənin adında uğurla ifadə olunub...

"Ulduz" jurnalı

# 1940 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #