Teymur Kərimli
Akademik
Çaqqal təzəcə küçükləmişdi. Küçüklərinin yeri dar idi. Qonşuluqda Qurdun sahəsi geniş idi. Çaqqal çox düşünmədən hücum edib Qurdun sahəsinin yarısını işğal etdi.
Qurd da qabağından yeyən deyildi, status-kvo ilə barışmayıb etiraz səsini ucaltdı:
“Bu, qanunsuzdur! Haqqınız yoxdur! Beynəlmeşə hüququna ziddir! Mən Şirə, Ayıya, Ata şikayət edəcəm!”
Çaqqal təmkinini pozmadan sakitcə dedi:
“Bilirəm, qanuna ziddir. Ancaq inan ki, ehtiyacım olmasaydı, bu torpağa göz dikməzdim. Başa düşürsən? Mənə lazımdır. Həm də tarix kitablarında oxumuşam ki, bu torpaqlar mənim ulu babam Ala Çaqqalın olub!”
Bu həyasızlığın qabağında nə deyəcəyini bilməyən Qurd qanrılıb geriyə baxsaydı, görərdi ki, Şir, Ayı və At arxada durub Çaqqala göz vururlar.
23 aprel 2020