12 yaşda qulluqçuluğa verilən, evindəki kitabları satmaqla dolanan Xalq artisti

12 yaşda qulluqçuluğa verilən, evindəki kitabları satmaqla dolanan Xalq artisti
29 fevral 2024
# 13:00

Bu gün Xalq artisti, Azərbaycanda ilk peşəkar teatr təhsili görmüş aktrisa Fatma Qədrinin doğum günüdür. Kulis.az bu münasibətlə aktrisa haqqında maraqlı faktları təqdim edir.

Fatma Qədir qızı Qədri 1907-ci il aprelin 14-də Odessada doğulub. Ondan əvvəl ailədə artıq doqquz qız övladı böyüyürdü. Fatma oğula həsrət bu ailənin 10-cu qız övladı olur. Valideynləri onun adını Artıq qoydular.

Gallery

Fatmanın ailəsi çörəkpulu ardınca Cənubi Azərbaycanın Sərab şəhərindən bu şəhərə gəlmişdilər. Atası Qədir kişi şəkər zavodunda fəhlə işləyirdi. 13 uşaqlı ailəni dolandırmaq isə gün-gündən çətinləşir, bir qarın yemək məşəqqətə çevrilir.

***

Fatmanın on iki yaşı olsa da, o yoxsulluq ucbatından məktəbə gedə bilmir, yaşıdlarından geri qalırdı. Fatma Qədri sonralar həmin günləri belə xatırlayır: “Gecə-gündüz Allaha yalvarırdım ki, ya tezliklə canımı alsın, ya tezliklə bəxtimi açsın!..”

Gallery

Qızının oxumaq arzusunu hiss edən anası günlərin birində Fatmanın əlindən tutub onu tanıdıqları bir evə gətirir. O, on iki yaşlı qızını bu ailəyə qulluqçuluğa verir. Fatma burada ailənin qulluqçuluğunu edir, ona verilən əməkhaqqını isə məktəb pulu kimi yığıb toplayır. Fatma əvvəlcə mollaxana dərslərinə gedir. Lakin sonradan o, buradan bezib şəhərdəki Xalq Məktəbinə getməklə rus dilində təhsilə başlayır. Şəhər mühitində açıq havada göstərilən teatr tamaşalarının birini də ötürmür.

Gallery

Bir gün isə valideynləri onu uşaqsız-soysuz olan varlı Astarxanlı xalasına övladlığa verirlər. Fatma isə ailəsindən ayrılmaq, başqa mühitdə yaşamaq istəmədiyindən yarı yoldan qaçıb öz kasıb daxmalarına qayıdır.

***

Günlərin bir günü Fatma Odessada çekist işləyən Əhəd Axundzadə ilə qarşılaşır. Axundzadə Fatmaya aşiq olur. Və onu özü ilə Bakıya gətirir. Burada o, özünün Artıq adı ilə vidalaşıb Fatma adını götürür, soyadını isə atasının adını yazdırır.

Gallery

Axunzadələrin qohumu məşhur opera sənətkarı Şövkət Məmmədova onların evində tez-tez qonaq olurdu. Çox keçmir ki, o, Fatmaya köməklik etməyi öz boynuna götürür. Fatma Şövkət xanımın təşəbbüsü ilə yenicə yaradılmış Bakı Azərbaycan Pedaqoji institutuna daxil olur. Lakin o ailəsindən gizlin həm də Dövlət Teatr Texnikumuna daxil olur. Burada Aleksandr Tuqanovla, Cəfər Cabbarlı ilə tanış olur.

***

Fatmanın təhsil almasında baldızlarının və qayınlarının rolu çox böyük olur. Ailə və həyat yoldaşı onun təhsil almasını dəstəkləyir, ancaq onun aktrisa olmasını qəti şəkildə istəmirlər. Bir müddət sonra Axundzadə ilə Fatma arasında soyuqluq yaranır. Dörd ildən sonra isə cütlük yollarını ayırır. Fatma ərindən boşanır.

Gallery

1926-cı ildə Teatr texnikumunu müvəffəqiyyətlə bitirib aktyor diplomu ilə Türk İşçi Teatrına işə göndərilir. Səhnə fəaliyyətinə Mirzə Cəlilin “Anamın kitabı” dramında gənc Gülbahar rolunu ifa etməklə başlayır. Hər iki dildə mükəmməl sənət nümunələri yaratmaqla bir sıra bədii xarakterlərin daha da dolğun təcəssümünə nail olur.

***

Fatma Qədri 1932-ci ilədək Türk İşçi Teatrında çalışır, 1933-cü ildən Bakı Rus DramTeatrı, habelə Gəncə Şəhər Teatrı və 1936-cı ildən isə Azərbaycan Dövlət Akademik Dram Teatrı səhnəsində fəaliyyət göstərir. Elə həmin illərdə Xalq Deputatları sovetinə deputat seçilir.

Gallery

O, aktrisalıq fəaliyyəti müddətində “Sevil”, "Şeyx Sənan", "Paris Notrdam kilsəsi", "Anamın kitabı", "Dubrovski", "Vaqif", "Romeo və Cülyetta", "Otello", "Məkr və məhəbbət", "Cehizsiz qız", "Tufan", "Aydın" tamaşalarında aparıcı rollar ifa edib.

Gallery

37-ci ilin repressiyasından Fatma Qədri də öz nəsibini alıb. Aktrisa Barat Şəkinskaya xatirələrində yazır: “Fatma Qədri neçə il idi ərindən boşanmışdı. Onun keçmiş əri Əsəd Axundzadə mənim dayım idi. Təhlükəsizlik komitəsində, yüksək vəzifədə işləyirdi. Yadımdadır, Fatma Qədri hətta iclasda dedi ki, axı, mənim keçmiş ərim indi ailə qurub. Onun qanuni həyat yoldaşı Tamara adlı bir qadındır. Amma kim idi onların bu sözlərinə baxan. Vaxtilə dayımla ailəli olması onu da təhlükə altında qoymuşdu. Biz Şəmsi ilə maddi cəhətdən o qədər əziyyət çəkmirdik. Qohumlarım bizə xəlvəti kömək edirdilər. Fatma Qədrinin vəziyyəti isə daha ağır idi. Yadımdadır, həmin vaxtlar Şəmsi ilə kitab pasajına daxil olmaq istəyirdik. Uzaqdan Fatma Qədrini gördüm. O, Şekspirin əsərini məhəcərə qoyub, müştəri gözləyirdi. Biz tez çevrilib getdik ki, o, bizi görüb utanmasın”.

Gallery

Fatma Qədri öz gündəliklərində yazırdı ki, 37-ci ildə məni işdən çıxardılar, heç kim qorxusundan salamımı almırdı, hansı tanışıma, dostuma rast gəlirdimsə, üzünü yana çevirirdi. Ancaq bir gün küçədə Mirzə İbrahimovla rastlaşdım. O, məni yanına çağırdı, halımı soruşdu, vəziyyəti öyrənəndən sonra kömək əlini uzatdı, beləliklə Dram teatrına qayıtdım... Mirzə İbrahimov öz müsahibəsinin birində bu faktın həqiqiliyini təsdiq edir.

***

Böyük aktrisa 1968-ci ilin fevralında, 60 yaşında vəfat edir. Fəxri Xiyabanda dəfn olur.

# 752 dəfə oxunub

Müəllifin son yazıları

# # #