Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri

Bəlkə, biz deyildik o görüşənlər? - Arzu Novruzovanın şeirləri
30 oktyabr 2023
# 17:47

Kulis.az Arzu Növruzovanın şeirlərini təqdim edir.

1

Gəl, dost!
Evimə, yurduma, vətənimə.
Tanış edim səni
Sovet qoxan küçələriylə
Sevdiyim İstiqlaliyyət, Rəsulzadəylə.

Gör məni,
Mühitimi
Gör nə var, nə yox
Anla zəifliyimi,
Səbəbini.
Şair edib bu uzaqlıq məni.

İçimdə oraları böyüdə-böyüdə
Sığmıram artıq bu şəhərə.

Sev məni, dost!
Ehtiyacım olan qüvvəni
Ver mənə.
Çarə tap yalnızlığıma,
Çarə ol.
Uzun uzun danışım sənə
Dərdlərimi,
Hisslərimi,
Düşüncələrimi.

Qoy qəhvələr soyusun,
40 il xətri olsun.
Doya-doya dinləyim səni
Axtardığım səsini.

Anla məni, dost!
Küsmə məndən.
Xudbinlik etsəm,
Səni incitsəm.
Getmə məndən.

Alışmamışam diqqətə
Yetirməyə, görməyə.
Möhtac olduğumu
Göstərməyə.

Alışmamışam,
Gerçək insan sevgisinə.


2.

Dünyanın heç nədən xəbəri yoxdur
Oxu ətrafında fırlanır, süzür.
Başqa bir dünyanı axtarma, yoxdur
Cəhənnəm də odur, cənnət də odur.

Heç nə ala bilməz sənin əlindən
Nə də ki verəcək bir şeyi yoxdur.
Hər bir şey insanın əlindən çıxır
Ədalət də odur, xeyir də odur.

Qorxmasa insanlar biri-birindən,
Hökmranlığıyla əziyyət verməsə,
Bir olduğumuzu anlasaq əgər
Yaşam oyununda çətin rol yoxdur.

Dalğalanıb dursa dəniz həmişə
Sahilində yaşayıb getsək necəsə.
Qarışmasaq həyatlara, sözlərə.
Mənzərəyə uzaqdan baxmaq da xoşdur.

3.

Bəlkə biz deyildik o görüşənlər?
Ağlım, fikrim hələ inana bilmir.
Küçələrə sorsam, bəlkə bilərlər
Yollarımız bir də harda kəsişir?

Keçməz dediyimiz zaman keçərkən
O günlər, saatlar keçmiş olarkən
Səsini qulaqda hey axtararkən
Üzü xəyalımdan silinib gedir.

Bir ömür yanımda qalmayacaqsa
Çağıranda gələ bilməyəcəksə
Yalnızlığa çarə olmayacaqsa
İldə beş gün görmək nəyə bəs edir?

Həyat qəribədir, anlamaq olmur.
İlləri tutaraq saxlamaq olmur
Bugün burda olan, sabahda olmur
Onlu da, onsuz da yaşanıb gedir.

4.

Elə bir an gəlir ki,
“Mən buyammı?” deyirsən
Elə şeylər yaşayır,
Elə şeylər görürsən.
Qurduğun xəyalların,
Etdiyin davranışlar,
Belə deyildi, axı!
Niyə belə görürlər?
Ya da yox, yox, görmürlər.
Məni, beynimi, içimi.

Sahilində böyüyüb
Nəfəs aldığım Xəzər
Buraxmır uzaqlara
Ucsuz, uzaq ümmana.
Qısılıb bir küncünə
Əl-qol aça bilmirəm.
Baxan deyir, “bizdəndi”.
Baxırlar. Görmürlər ki!

5

Yaşayanda anlayırsan
Doğru imiş
Məsəllər, deyilən sözlər.

Bir də görürsən,
Qanadın çatmır uçmağa
Ya da ki
Burnunun ucu da varmış
Həqiqətən
Darıxanda sızlamağa.

Əlin axtarır kağızı
Qələm də dilə gəlir
Yazmağa,
Ürəyini boşaltmağa.


6

Həyat!
Kirlətmə məni
Saf düçüncələrimi.
Çirkabına bulama
Nankor mühitin.
Qoyma onlar kimi olum.
Arxadan vuran,
Kin ilə dolan,
Dəyər verməyən,
Adamlardan olum.
İncitməyim,
Küsdürməyim heç kəsi.
İnsan qəlbi kövrəkdir,
Ağlatmayımheç kəsi.
Öz ağladığım kimi.
Salma qurdlar arasına,
Qoru məni.
Qara qəpiyə dəyməyən,
Xatırlanmayan,
Xatırlamayanlardan
Etmə məni.

# 4792 dəfə oxunub

Müəllifin son yazıları

# # #