Türk serialları bu ölkələrdə qadağan olunub - ARAŞDIRMA

Türk serialları bu ölkələrdə qadağan olunub - ARAŞDIRMA
16 mart 2018
# 11:10

Türk tamaşaçısı dramları sevir, odur ki, insanların hər gün televizor qarşısında orta hesabla 4 saat keçirdiyi ölkədə teleserialların böyük bir biznesə çevrilməsi təəccüb doğurmur.

Ölkə hüdudlarında aşırı populyarlıq qazanmış türk teleserialları, demək olar ki, dünyanın hər bir guşəsində də səbirsizliklə gözlənilir.

Dünyanın 140 ölkəsində Türkiyə televiziya dramlarına baxan auditoriya 400 milyon rəqəmini aşır.

Türkiyə hazırda dünyada ABŞ-dan sonra teleserial ixrac edən ikinci ölkədir, bu ixracatın gətirdiyi qazanc isə ildən ilə artır.

Həmin serialların Yaxın Şərqdən tutmuş Balkanlaradək, Şərqi Avropadan Latın Amerikasınadək uğur qazanması bu məkanda Türkiyənin yumşaq gücünün artmasına bir işarə kimi də qəbul olunur.

Suriyaya hərbi müdaxilə etmiş və bir sıra ölkələrlə diplomatik münasibətlərini gərginləşdirmiş Türkiyə hazırda getdikcə daha çox sərt gücdən istifadə edir. Odur ki, əvvəllər yalnız əyləncə kimi görünən teleserialların təbliğat funksiyasını da yerinə yetirə bilməsi indi maraq doğurmaqdadır.

Bu yaxınlarda, Dubayda mənzillənən Yaxın Şərq peyk televiziyası olan Yaxın Şərq Yayım Mərkəzinin (MBC), populyarlığı ilə seçilən türk teleseriallarının nümayişini dayandırmaq qərarı Türkiyə üçün gözlənilməz olmaqla yanaşı həm də burada narazılıqla qarşılanıb.

Türkiyənin Mədəniyyət və Turizm naziri Numan Kurtulmuş həmin qərarı "siyasi motivli" və "gerçək senzura" adlandırıb.

MBC bu qərarın nə səbəbdən verildiyini və onun arxasında kimlərin durduğuna dair heç bir şərh verməyib.

Bəzi qaynaqlar göstərişin Səudiyyə Ərəbistanından və ya daha dəqiq deyilsə, vəliəhd Məhəmməd bin Salmandan gəldiyini deyir.

Səudiyyə Ərəbistanı ilə Türkiyə arasında münasibətlər son aylarda gərginləşib.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Misir Qətərə qarşı blokada elan edərək bu ölkə ilə münasibətləri kəsəndə, Türkiyə Qətərə arxa oldu.

Suriyada da Türkiyənin yürütdüyü siyasi xətt Səudiyyə və onun yaxın müttəfiqlərinin mövqeyilə ziddiyyət təşkil etməkdədir.

Türkiyə rəsmiləri bildirir ki, yüksək reytinqli teleserialları qadağan etmək barədə MBC-nin qərarı əlahiddə atılan bir addımdır və geniş Ərəb dünyasının qalan televiziya şəbəkələrinə heç bir aidiyyatı yoxdur.

Sosial mediada Ərəb ölkələrindən olan bir neçə istifadəçi bu qadağaya etiraz bildirib, lakin digərləri bu addımı alqışlayaraq qeyd ediblər ki, Türkiyə həmin populyar proqramlardan öz imperiya iddialarını və millətçiliyini yaymaq üçün bir vasitə kimi istifadə edir.

İraq Kürdüstanı regionunda da Kürdsat Yayım Şirkəti, Türkiyənin Suriyanın şimalında kürdlərə qarşı hərbi əməliyyat keçirdiyinə görə türk seriallarının yayımlanmasına son verildiyini bəyan edib.

Yaxın Şərqdən başqa, vaxtı ilə Osmanlı İmperiyası tərəfindən idarə olunmuş Balkanlarda da tarixi hadisələrdən bəhs edən türk seriallarının aşıladığı baxışlar birmənalı qarşılanmır.

Yaxın Şərq və keçmişdə Osmanlı İmperiyası tərkibində olmuş ölkələrdə türk teleseriallarının həmin ölkələrin dini, mədəni və tarixi dəyərlərinə nə dərəcədə uyğun gəldiyi mövzusunda debatlar getdiyi bir halda, buradan minlərlə kilometr aralıda, Cənubi Amerika ölkələrində elə həmin türk seriallarının tamaşaçı auditoriyası artmaqda davam edir.

İspan və portuqal dillərində dublyaj olunan türk teleserialları Latın Amerikasında ən çox baxılan proqramlar sırasındadır.

Görünür, müsəlman ölkələrindəki auditoriyadan fərqli olaraq, Cənubi Amerikada tamaşaçılar həmin seriallarda sərgilənən mədəniyyətdə tanış cizgilər sezməklə yanaşı, həm də bu filmlərin böyük ustalıqla çəkilməsinə, xırdalığına qədər düşünülmüş dekorasiyalara, türk televiziya dramlarındakı ifaçı aktyorların yaraşığına da layiqli qiymət verməkdədirlər./bbc.com/

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #