"Dallas"ın ulduzu vəfat etdi

"Dallas"ın ulduzu vəfat etdi
11 mart 2026
# 13:44

1980-ci illərin moda dünyasında tanınan model, prodüser və aktrisa Annabel Şofild 62 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, o, uzun müddətdir mübarizə apardığı xərçəng xəstəliyi səbəbindən fevralın 28-də Los Anceles şəhərində dünyasını dəyişib.

1963-cü ildə Uelsin Lanelli şəhərində anadan olan Şofild 2023-cü ildə xəstəlik səbəbilə ilk əməliyyatını keçirmişdi. 2025-ci ilin noyabrında isə xərçəngin beyninə yayıldığı məlum olduqdan sonra yenidən kimyaterapiyaya başlamışdı. Son aylarda o, diaqnozu barədə açıq danışır və müalicə xərcləri üçün dəstək istəyirdi.

16 yaşında Londona köçərək model karyerasına başlayan Şofild qısa müddətdə moda sahəsində tanındı və "Versace" və "Yves Saint Laurent" kimi məşhur moda evləri ilə əməkdaşlıq etdi. O, xüsusilə 1980-ci illərin sonlarında çəkildiyi "Bugle Boy" cins reklamı ilə beynəlxalq şöhrət qazandı.

Sonralar "Dallas" serialında rol alan aktrisa burada Lorel Ellis obrazını canlandırmışdı. Daha sonra o, "Solar Crisis" filmində də rol alaraq aktyorluq fəaliyyətini davam etdirdi və ekran işində Çarlton Heston ilə birlikdə çəkildi.

Annabel Şofild həm də kino prodüseri kimi fəaliyyət göstərib. O, 2010-cu ildə Kaliforniyanın Burbank şəhərində "Bella Bene Productions" adlı prodüser şirkətini qurmuşdu. Bundan əlavə, “The Cherry Alignment”da bloq yazırdı və 2013-cü ildə eyniadlı yarı-avtobioqrafik romanını nəşr etdirmişdi.

Qeyd edək ki, o, “As Good as It Gets” və “Jerry Maguire” filmlərinin prodüseri kimi tanınan Con D. Şofildin qızı idi.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər