“Astarada kino günləri” başa çatdı

“Astarada kino günləri”  başa çatdı
6 iyul 2026
# 17:02

Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) dördüncü ilinə qədəm qoyan “Bölgələrdə kino günləri” layihəsinin növbəti dayanacağı Astara rayonu oldu.

Kulis.az xəbər verir ki, Astara rayon Heydər Əliyev Mərkəzində “Astarada kino günləri” başlığı altında keçirilən tədbir çərçivəsində bölgə sakinlərinə “Tağıyev: Neft” (rejissor Zaur Qasımlı), “Nar bağı” (rejissor İlqar Nəcəf) tammetrajlı bədii filmləri, həmçinin “Kinomexanikin qayıdışı” (rejissor Orxan Ağazadə), “Nargin: Sona qədər sirli” (rejissor Elməddin Alıyev, Xəyyam Abdullazadə) tammetrajlı bədii-sənədli filmləri, “Uzaq” (rejissor Daniel Quliyev), “Torpağı sanı yaşayasan” (rejissor Samir Kərimoğlu), “Erkən hisslər” (rejissor Nurlan Həsənli), “Zəfər rəqsi” (rejissor Gəray Həsən) və “Oturacaqlar” (rejissor Orxan Ağazadə) qısametrajlı bədii filmləri təqdim olunub.

Üç gün davam edən “Astarada kino günləri” tamaşaçıların fəallığı ilə seçilib. Xüsusilə, yeniyetmələr və gənclər hər seansdan sonra baş tutan ənənəvi müzakirələrdə kifayət qədər aktiv iştirak edib, baxdıqları filmlər barədə fikirlərini bölüşüblər.

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Bölgələrdə kino günləri” layihəsinin məqsədi və hədəfi paytaxtdan uzaqda yaşayan sakinlərimizi müasir Azərbaycan kinosu ilə tanış etmək və bölgələrdə kinoteatrların, kinozalların bərpasına nail olmaqdır.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər