Anar: “Bu sözləri ən alçaq adamlar deyirlər” – Müsahibə

<span style="color:red;">Anar:  “Bu sözləri ən alçaq adamlar deyirlər” – <span style="color:red;">Müsahibə
18 mart 2019
# 11:38

Kulis.az Xalq yazıçısı, AYB-nin sədri Anarın müsahibəsini təqdim edir.

– "Adamlar ilk mükafatlarını alana qədər məğrur olurlar. Onlar yüz mükafatdan birincisini alan kimi yerdə qalan doxsan doqquz mükafatın həsrəti ilə yaşayırlar". Bu fikirlər sizin "Gecə düşüncələri" əsərinizdəndir. Bu mənada, Anar hansısa mükafatın həsrətini çəkibmi?

– Səmimi deyim, Fərid?

– Bəli.

– Heç vaxt hansısa mükafatı almaq barədə düşünməmişəm. Mükafat almışamsa sevinirəm, layiq bilənlərə təşəkkür edirəm, ancaq mükafat alıb-almamaq haqda düşünməmişəm, nəinki həsrət çəkmək. Nə indi, nə də cavanlığımda mükafat almağa cəhd göstərməmişəm.

– Sizin uşaqlığınız Stalinizm dövrünə düşüb. Adətən, insanlar düşünürlər ki, o illər sizdən nələr aldı, mənsə sualı əksinə qoyuram, o illər sizə nə verdi?

– O dövr məktəb illərimə təsadüf edib. Stalin dövrü deyə bilmərəm ki, bilavasitə ömrümə ciddi təsir edib, ancaq uşaqlığım və həmin vaxtlar yaxşı xatirimdədir. Stalini heç vaxt sevməmişəm. O öləndə məktəbdə müəllimlər, şagirdlər ağlayırdılar, ancaq mən ağlamırdım və soyuqqanlıydım.

– "Muhakkak görüşürüz – mütləq görüşərik" hekayənizdə Türkiyə həyatını tənqid eləmisiniz, hekayə çap olunandan sonra ordakı dostlarınızın təpkisinə məruz qalmadınız ki?

– Yox, kimsə hər hansı formada mənə narazılıq bildirməyib. Çünki o əsər Türkiyəyə olan sevgimdən yaranıb. Mən Azərbaycanla da bağlı "Molla Nəsrəddin-66" adlı satirik əsər yazmışam, indi də başqa satirik hekayələr yazıram. Bu o demək deyil ki, mən Türkiyəni, yaxud Azərbaycanı sevmirəm. Sadəcə müxtəlif vaxtlarda qəbul etmədiyim, normal saymadığım müəyyən nüansları tənqid etmişəm. O hekayəni daha çox Türkiyədə yaşayan azərbaycanlılar bəyənirlər, çünki eyni problemlərlə onlar da rastlaşırlar.

– "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı o qədər xırda təfərrüatları varırsınız ki, istər-istəməz oxucuda belə bir fikir oyanır: əsər avtobioqrafikdir. Bu romanda avtobioqrafik məqamlar varmı?

– Son illər oxucularla az görüşürəm, ancaq əvvəllər daha sıx-sıx görüşürdüm. Hər görüşdə də soruşurdular ki, Təhminə kimdir? Konkret nə kişi, nə də qadın qəhrəmanlar həyatda gördüyüm insanlar deyil, sadəcə oxuduğum, eşitdiyim hadisələrdən yaranan obrazlardır, əsər yazıçı təxəyyülünün, fantaziyasının məhsuludur. Təxəyyül məhsuludursa, artıq avtobioqrafik məqamlardan söhbət gedə bilməz.

– 1980-ci illərdən sonra yaradıcılığınızda daha çox sənədli memuar janrı üstünlük təşkil etməyə başladı. Sənədli memuar janrına müraciətiniz hansı zərurətdən doğdu?

– Mənə elə gəldi ki, uydurulmuş bir əhvalatı mən də yaza bilərəm, başqa bir yazıçı da. Ancaq elə məsələlər var ki, onları ancaq mən yaza bilərəm, ona görə ki, o hadisələrin şahidi mən olmuşam, həmin insanlarla bir yerdə yaşamışam. Həmin hadisələrin əsaslılığını və lazımlılığını anlayandan sonra düşündüm ki, onlar yazılmalıdır və oxucularla bölüşülməlidir. "Sizsiz" əsərini, daha sonra Nazim Hikmət haqda "Kərəm kimi" kitablarını yazdım, hesab edirəm ki, orda oxuculara çox yaxın olan hisslər var.

– "Yaxşı padşahın nağılı" hekayəsində totalitarizmin absurda gətirib çıxarması ideyasını əks etdirmisiniz. Bəs demokratiyanın absurdunu yazıçı kimi nədə görürsünüz?

– Çörçil deyir ki: "Demokratiyanın qüsurları çoxdur, ancaq bəşəriyyət hələ bundan yaxşı üsuli-idarə icad etməyib". Rusiyada "hansı rəhbəri istərdiniz" deyə sorğu aparılanda birinci yerə Stalin çıxdı. Stalininsə demokratiyadan nə qədər uzaq olduğunu özünüz bilirsiniz. Yəni demokratiyanı xalq tələb etməlidir, xalq həmin rejimi özü seçməlidir. Demokratiya bəzən azğınlığa gətirib çıxarır. Söz azadlığı, fikir azadlığı heç də həmişə müsbət nəticələr vermir. Cəmiyyətin şou əxlaqına kökləndiyini görənlər hərdən bundan bezir və düşünürlər ki, bir möhkəm Stalin əli olsun və bu naqisliklərin kökünü kəssin. Ancaq dərk eləmirlər ki, o cür rejimin repressiyaları olur, ölkəni həbsxanaya çevirirlər və s. Demokratiya çoxluğun istəyi deyilsə, ölkə də demokratik prinsiplərlə idarə olunursa, bəs onda necə olsun? Belə hallar olanda demokratiyanın absurdu meydana çıxır.

– Anna Mariya Matutenin "Biz ona görə yazmağa başladıq ki, narazıydıq..." əsərini tərcümə edəndə, orda faşizmin çöküşünü görəndə, nə vaxtsa Sovet imperiyasının süqut edəcəyiniz düşünərdinizmi?

– Bilirdim ki, Sovet imperiyası dağılacaq, ancaq belə tez olacağını güman etməzdim. Həmin əsəri o vaxt ona görə tərcümə etdim ki, laxlamış rejimdən insanlar xəbərdar olsunlar. Məncə, mesajımı anlayanlar olmuşdu.

– Senzuranın bu əsəri çapına mane olmamağı çox təəccüblü gəlir mənə. Bəs o əsərin çapına necə nail oldunuz?

– Bizdə senzurada oturanlar Moskvadakılar qədər ağıllı deyildilər. Bir az səfehlikləri var idi və onlar həmin mətnin mesajını tam tuta bilməmişdilər.

– Həmişə daha çox qabardırlar ki, Anar Rəsul Rzanın oğlu olduğundan bütün qapılar üzünə açıq idi, maddi təminatı yaxşı olub və çoxlu əsərlər yazıb. Ancaq istərdim biləm, bəs R.Rzanın oğlu olmağın çətinlikləri nəydi?

– Yazıçılar Birliyinin idarə heyətinin 40 üzvü vardı. R.Rzanın ölümünə qədər mən heç idarə heyətinin də üzvü deyildim. R.Rzanın mənə hansı yollar açdığını demək olar? O mənada yol açıb ki, kitablar içində böyümüşəm, maraqlı insanlarla ünsiyyətdə olmuşam. Ancaq bir adam deyə bilməz ki, R.Rza Anarın kitabını çap etdirib. Bu sözləri ən alçaq adamlar deyirlər ki, yazıçı ailəsində böyüyüb ona görə yazıçı olub. Yazıçı ailələrində nə qədər övladlar olub onların hamısı yazıçı olublar?! Mənim əsərlərimi atam, anam yazıb məgər?! Ancaq qaldı ki, R.Rzanın, Nigar Rəfilbəylinin oğlu olmağın çətinliyinə və məsuliyyətinə bu həmişə olub, o mənada ki, mən onların uca adına layiq olmağa çalışmışam. Onlardan xoşu gəlməyənlər irsi olaraq bu münasibətlərini mənə də yönəldiblər və indi də yönəldirlər. Bir də ki ədəbiyyata ata-ananın ağuşundan gəlmək, kimlərinsə qoltuğunda gəlməkdən yaxşıdır.

– Xarici ölkələrdə kitablarınız çap olunur, ancaq heç vaxt bu məsələləri qabartmırsınız, kiçik informasiyaların dərc olunması sizə bəs edir. Buna səbəb nədir?

– Belə şeylərlə məşğul olmuram. Mənə yaraşmaz da. İnsaf da yaxşı şeydir, adi bir hekayənin xaricidə çap olunmasını harayla yazırlar qəzetlər, ancaq böyük işlərin üstündən sükutla keçirlər. Bu günlərdə mən Türk Dünyası Yazıçılar Birliyinin sədri seçildim, sağ olsun Pərvin xanım "525-ci qəzet" də yazdı. Başqa qəzetlərdəsə bu barədə heç məlumat da çıxmadı.

– "Yaxşı Padşahın nağılı"nda bir məqam var, şair bir gün də o qədər şeir eşidir ki, özünü qayadan atır. Eyni tendensiya cəmiyyətdə bu gün də davam edir, hamı şeir yazır. Neyləyək, Anar müəllim, özümüzü "qayadan ataq?"

– Sən deyən problemlər – hamının yazmağa iddialı olması bu gün də var, ancaq bircə özünü qayadan atan yoxdur (gülür). İndi həmin mənzərə daha qabarıq görünür, çünki saytlar və qəzetlər çoxdur, hamı çap oluna bilir. Nəsrə hər adam, xüsusən, onun ağırlığından xəbərdar olanlar girişmir, ancaq şeir elədir ki, biri evdə axşam cızma-qara eləyir səhər oyanıb aləmə çar çəkir ki, şairəm. Təəssüf, bu cür yazıların qarşısını almaq mümkün deyil, ancaq ədəbi tənqid buna fikir vermir, yaxşını pisdən ayırmır. Elə bir dövr gəlib ki, hər şeyi pul həll edir. Pulu varsa, özü də yazmasa başqasına kitab yazdırır, sonra o kitabı pul verib çap etdirir, sonra pulla həmin kitabın tərifini təşkil etdirir. Yazanların bir qismi bilirəm ki, ancaq pul alıb yazırlar. Çünki pulla əsərini təbliğ etdirənlər, "görüm-baxım" eləməsələr onlar haqda bir cümlə də yazmazlar. 1930-cu illərdə "Əmək qabaqcılları ədəbiyyatı" adlı absurd bir ideyanı ortalığa atmışdılar. Yəni sən yaxşı çilingər idinsə, mütləq yazıçı və ya şair də olmalı idin. Bu şüarla ədəbiyyata gələnlər var idi. Qəribədir ki, onların içində istedadlılar da var idi, məsələn, Mirzə İbrahimov. Bir dəfə Heydər Əliyevin yanındakı çıxışlarımda bu misalı çəkib fikrimin davamı kimi dedim ki, indi də 30-cu illərin şüarı başqa şəkil alıb: "Kimin pulu varsa, gərək yaza, yazıçı ola". İndi pulu, bankı, villaları, obyektləri olanlar düşünür ki, niyə də yazıçı olmayım?! Həmin fikrim rəhmətlik Heydər Əliyevin də xoşuna gəlmişdi.

– Tənqidçilərdən söz düşmüşkən sizin bir fikrinizi xatırladım: "Bəzi yazıçılar hesab edirlər ki, onlar hansısa yazıçını tanımırlarsa, bu həmin yazıçının öz günahıdır. Ancaq geoloqların kəşf edib-etməməyindən asılı olmayaraq almaz elə almazdır". Anar müəllim, ədəbi geoloqların – tənqidçilərin fəaliyyətindən razısınızmı, almazlarına – əsərlərinizə qarşı biganəliklər olurmu (gülürük)?

– Təbii ki, almazın almaz olduğunu bilən tənqidçilər var və onlar lazım olanda əsərlərimə qarşı diqqət göstərirlər. Lakin elələri də var ki, almazdan da yazır, ancaq cibinə "almaz" qoyanda kömürdən də yazır (gülür).

– İndi niyə "Asılqanda işləyən qadının söhbəti" kimi hekayələr yazılmır, sevginin daha çox praqmatik tərəfləri qələmə alınır?

– İndi bütün hisslər virtual aləmə köçüb. Gənclər internet vasitəsi ilə tanış olurlar, bir-birlərinə eşq elan edirlər. İnternet vasitəsi ilə məlumat toplayırlar ki, bu adamı sevmək olar, yoxsa yox. Biləndə ki, bütün parametrləri bir-birinə uyğun gəlir onda aşiq olurlar və evlənirlər. Belə bir dövrdə o cür hekayələr, əlbəttə, sentimental görünür. Həmin hekayənin süjeti indiki gerçəklikdən tamamilə uzaq situasiyadır və indi yazsaydım yəqin ki, başqa cür yazardım. Mən öz yaşımı yaxşı hiss edirəm, o mənada yox ki, yorulmuşam, gücüm tükənib, o mənada ki, indiki cavanlar bizdən çox fərqlənir. Hətta deyərdim ki, biz paralel dünyalarda yaşayırıq. Real dünyayla virtual dünyanı bir arada dərk eləmək, hər ikisində paralel yaşamaq həyat tərzimə uyğun gəlmir.

– Müəyyən məqalələrdə yazırlar ki, "Macal" povestində Kamyunun "Yad" əsərinin qəhrəmanının ovqatını, ekzistensiyasını Fuadda görmək olur, Floberin "Madam Bavari"si ilə də "Beş mərtəbəli evin altıncı mərtəbəsi" arasında müəyyən oxşarlıqlar var. İstərdim əsərlərinizdəki təsirlərdən danışaq.

– Mənim bir xoşbəxt cəhətim də odur ki, bədxahlarım səfehdirlər. Yaradıcılığımda bu cür təsirləri guya aşkarlayanların azca savadları olsaydı, başqa təsirləri müşahidə edərdilər. Həmin prinsiplə yanaşsaq "Madam Bavari" ilə "Anna Karenina"da da oxşarlıqlar tapmaq olar. Əksər yazıçılar Tolstoyu, Floberi, Kamyunu oxuyur və təbii ki, nə yazdıqlarından xəbərdar olurlar. Bu mənada əsərlərimdə birbaşa təsirlər yoxdur, ümumi təsirsə, əlbəttə, ola bilər. "Macal"dasa Kamyunun əsərlərindən yox, zenbuddist fəlsəfəsindən təsirlənmələr var. Konkret bir fakt deyə bilərəm: mən həmişə bu fəlsəfəylə yaşamışam ki, balığı at dəryaya balıq bilməsə də, xalıq biləcək. Zenbuddistlər belə düşünürlər ki, sən hətta xaliqin biləcəyinə inanırsansa, yenə də təmənnalısan. Əsl kamillik odur ki, xaliqin də bilməsini düşünməyəsən, yaxşılıq edəndə Allahdan da nəsə ummayasan. "Macal" əsərində bacardığım qədər bu ideyanı əks etdirməyə çalışmışam.

– "Gecə düşüncələri"ndə bəzən axirət dünyaya inam hiss olunur, bəzənsə yox. Bu paradoksa səbəb nədir?

– Axirət dünyasına inanmaq bir təsəllidir. Əgər sən bu qədər yaşamısansa, hisslər keçirmisənsə, insanlar varsa, dünya varsa bunlar hamısı birdən-birə necə yox ola bilər? Belə bir fikir də var ki, insan ölmür, başqa formaya düşür. Məsələn, mən deyək ki, ölmədim, oldum nar ağacı, bunun mənim üçün nə ləzzəti olacaq ki? Yəni yaddaş olmayacaqsa nə mənası var ki, hansısa formada yaşamağın?! Axirət dünyasına inamım bir gün sadə bir fikirdən sonra sarsıldı. Bu fikir də ondan ibarətdir ki, deyirik, bu qədər yaşayırıq, həyat var, dünya var, taleyin var, bunların hamısı birdən necə yox ola bilər, bəs yaxşı, yadına sal, sən dünyaya gəlməmişdən əvvəl onlar necə yox idi, sən öləndən sonra da o cür yox olacaq. Yəni dünyaya gəlməmişdən əvvəl necə yox idinsə, dünyadan gedəndən sonra da o cür yox olacaqsan. Axirət dünyasına qarşı olan bu iki fərqli fikir daim məni düşündürür: özümə təsəlli vermək istəyəndə düşünürəm ki, o dünya var. Ancaq dünyaya daha ayıq gözlə baxanda başa düşürəm ki, dünyanın əvvəli qaranlıq olduğu kimi sonu da qaranlıqdır. Mən Allaha inanıram. Bilirsən paradoks nədir? Allaha inanırsansa gərək o dünyaya da inanasan.

– "Macal" əsərinizdə qəhrəman Fuad rahat düşünmək, özüylə bağlı həqiqətləri çözmək üçün vaxtı yoxdur. Məncə, əsərlərinizin içində gələcəkdə özünün daha çox doğruldan "Macal"ın ideyası oldu. İnsan bəşəri miqyasda lazımlı iş görmür, ancaq onun nəinki başqalarını, heç özünü də anlamağa, düşünməyə vaxtı yoxdur. İnternetin, sosial şəbəkələrin az qala hər kəsi məşğul etdiyi bir vaxtda, müasir insan düşünməyə vaxt tapmır. Siz, bugünkü insanın faciəsini illər əvvəl yazmısınız.

– Tamamilə doğru müşahidədir, Fərid. "Macal" yazılanda hələ bugünkü sən deyən məsələlər yox idi, ancaq o dövrün qayğıları var idi. İndi sən deyən problemlər var və doğru deyirsən ki, müasir insanın düşünməyə vaxtı yoxdur. "Macal"ın qəhrəmanı güman edir ki, nə vaxtsa o, öz-özüylə görüşəcək, ancaq macal tapmır. Bugünkü insanınsa o görüşə də gümanı yoxdur.

– Anar müəllim, "Əlaqə" povestində kosmik, metafizik planda əlaqədən söhbət gedir, siz göylərə, İlahi qüvvəylə əlaqəyə inanırsınız?

– Bəli, inanıram. "Əlaqə" povesti özü elə bir mənə diktə edildi. Bəzi situasiyaları yuxuda görürdüm. Bəzən mənə elə gəlirdi ki, gecə yarısı kimsə mən zəng edir, yaxud yuxuda görürdüm ki, kimsə başımın üstündə dayanıb "1, 2, 3..." sayır.

– Siz bütün yaradıcılığınız boyu həyatın daha çox işıqlı tərəflərini əks etdirmisiniz, 2003-cü ildə yazdığınız "Ağ qoç, qara qoç" romanınızda həm də həyatın qaranlıq üzü təsvir edilmişdi. İstərdim söhbətimizi bu yöndə davam etdirək.

– O əsərdə utopiya var. Yəni Azərbaycanın gələcəyini necə görmək istədiyimi yazmışam. Həm də o əsərdə gələcəyimizin bəzi təhlükələri nişan verilib. Xoşbəxtlikdən həmin bəlalar hələlik üz verməyib, ancaq müəyyən rüşeymləri görünür. Elə etmək lazımdır ki, gözlənilən bəlalar həyata keçməsin.

– İnanırsınız ki, hər kəsin həyatında bir qaçılmaz otel otağı – ölüm otağı var?

– Yəqin ki, var. Allah bizdən uzaq eləsin.

– Gecənin bir aləmində sizi oyadıb Rəsul Rzadan sevdiyiniz şeiri deyin desəydilər, ağlınıza gələn hansı şeir olardı?

– R.Rzanın ən çox sevdiyim şeiri budur, baxmayaraq ki, bədbin şeirdir.

Deyirlər,

axşamlar kədər gətirir.

Deyirlər,

can sıxır qaranlıq gecə.

Deyirlər…

Deyirlər…

Gündüzlər necə?

Gündüzlər

səbirsiz gözləyirik ki,

bir axşam olsun,

bir gəlsin gecə!..

Bir də onun dərc etdirmədiyi başqa bir şeiri var, sonralar həmin şeiri mən çap etdirdim.

Dərdimi kimə deyim?

Dünya dolu adamdır.

– Bəs Nigar Rəfilbəylidən hansı şeiri deyərdiniz?

– Nigar Rəfilbəylinin bir qəzəli var onu çox sevirəm. Dayan görüm, yadıma sala bilirəmmi:

Könlün yenə min dərdinə bir çarə tapılmaz,

Bir dərdimi ərz eyləyən ol yarə tapılmaz.

Axşam qızaran göylərə endikdə qaranlıq,

Könlüm evini yandıran odlarə tapılmaz.

Bir incə gülün, bir çiçəyin aşiqiyəm mən,

Şərh eyləyən ol sirrimi dildarə tapılmaz.

Çıxdım gecələr seyrinə ahəstə o mahin

Gördüm ürəyimtək alışan narə tapılmaz.

Aşiqlərə sordum, dedilər: ey qəmi-pünhan,

Gizlin yaradan ağrısı çox yarə tapılmaz.

Min tən eləyib eşqinə öldürdü Nigarı

Bilməm necə oldu, o gözü qarə, tapılmaz.

Söhbətləşdi: Fərid Hüseyn/artkaspi.az/

# 4923 dəfə oxunub

Müəllifin son yazıları

# # #